Realist hekayəçilikdə fərqli
sima
İsa Həbibbəyli
yazır
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının
yetirdiyi parlaq imzalardan biri olan şair və yazıçı
Əjdər Ol çoxşaxəli yaradıcılıq fəaliyyətinə
malikdir.
O, ən
yeni dövr Azərbaycan ədəbiyyatında özünəməxsus
xüsusiyyətlərə malik olan yeni tipli tənqidi realizmi
ayrı-ayrı ədəbi istiqamətlərdə layiqincə
təmsil edir. Onun şeir və hekayələri,
habelə publisistikası müstəqillik epoxasının tənqidi
realizmi kimi formalaşmış yeni realizmin mükəmməl
örnəkləridir. Yazıçı-şairin
oxuculara təqdim olunan hər yeni kitabı onun
yaradıcılıq təkamülünün fərqli bir
göstəricisi olmaqla bərabər, mahiyyət etibarilə həm
də ədəbiyyatda yeni realizmin daha da dərinləşdirilməsinə
və zənginləşməsinə uğurla xidmət edir.
Bu mənada Əjdər Olun “Gələcəkdə
yaşayıram” (1987), “Alın yazıma düzəliş”
(1991), “İndidən” (1996), “Beş-on şeir” (1998), “Hamı
sənə can deyir” (2000), “Könül vuruşu” (2000),
“Ölümlə zarafat” (2007), “Qrafoman” (2009), “Portret hekayələr”,
“Günəbaxan zəmisi” (2006), “Yaşa” (2010) və sair
kitabları zamanın sözünü ifadə edən, ictimai-siyasi
həyatın hadisələrinə və proseslərinə
vaxtında, həm də vətəndaş mövqeyindən
reaksiya verən, milli-mənəvi gedişatı əks etdirən
ciddi bir imzadan və yeni realizmin inkişaf təzahürlərindən
danışmağa imkan verir.
Ədəbiyyata XX əsrin səksəninci illərində
gələn Əjdər Olun poeziyası ilk növbədə
vətəndaşlıq lirikası ilə səciyyələnir. Vətən
şeirləri şairin bütün
yaradıcılığından qabarıq bir xətlə
keçir. Həm də bu şeirlər
yalnız Vətən torpağının tərənnümü,
sadəcə vətən sevgisinin ifadəsi ilə səciyyələnmir.
Əjdər Olun Vətən şeirlərində mübariz
bir çağırış ruhu, aydın ictimai-siyasi
düşüncə, vətəndaşlıq publisistikası ahəngi
hakimdir. Şairin Vətən lirikası
başdan-başa Azərbaycançılıq qayəsindən
yoğrulmuşdur. Və qətiyyətlə
demək olar ki, Əjdər Ol müstəqillik dövrü
poeziyamızda “Azərbaycan!” nidasını geniş bədii
vüsətdə və kəsərdə ifadə etmək vəzifəsini
uğurla həyata keçirmişdir. Bu mənada Əjdər
Olun vətəndaşlıq lirikası Bəxtiyar Vahabzadə,
Məmməd Araz, Xəlil Rza Ulutürk kimi istiqlal şairlərinin
yaradıcılıq yolunun layiqli davamı kimi səslənir:
Mənim
Azərbaycanım,
Adının
da “can”ı var.
Könlümün
nə qorxusu,
Nə də həyəcanı var.
Yağı
güc gələ bilməz,
Bu Vətən
ölə bilməz,
Niyə?
Nədən? Nə üçün?..
Çünki
tükənməz gücün...
Hamı sənə
“can” deyir,
“Can Azərbaycan!” deyir.
Poeziya ilə yanaşı, 2000-ci illərdən
başlayaraq “525-ci qəzet”də Əjdər Olun hekayələri
də görünməyə başlamışdır. Buna qədər
də şairin publisist üslubda qələmə
aldığı “Səsindən tanınan” (1993), “Müdriklik
anları” (1996), “Əjdər Olun kitabı” (1997) və sair
kimi nəsr kitabları, həmçinin, bir sıra
düşündürücü esseləri məlum idi.
Xüsusən, ulu öndər Heydər Əliyevin mənalı
həyatı və unudulmaz obrazı barədə xalq
arasında yayılmış epizodların ilk dəfə
Əjdər Ol tərəfindən qələmə
alınması və “Müdriklik anları” (1996) kitabında təqdim
olunması ona böyük uğur gətirmişdir. Bununla
yanaşı, Əjdər Olun görkəmli sənətkarların,
ədiblərin, məşhur insanların həyatının
yaddaqalan epizodlarını əks etdirən “Əjdər Olun
kitabı” (1997), “Habil Əliyevin lətifələri” (1998),
“Əjdər Olun kitabı. II kitab” (2000),
“Canlı lətifələr, əhvalatlar, deyimlər” (2004) və
sair yumoristik lətifə kitabları da müəllifə
böyük şöhrət qazandırmışdır.
Əjdər Ol müstəqillik dövrü Azərbaycan
yumoristik nəsrinin əsas yaradıcılarından biridir.
Onun yumoristik nəsri ifşaedici satira ilə
inkarçı tənqid arasında olub,
düşündürücü, islahedici, nikbin
gülüşün orijinal bədii ifadəsindən ibarətdir.
O, yeni tarixi mərhələdə yazılı ədəbiyyatın
lətifəsini yaradan novator nasirdir. Şifahi
xalq ədəbiyyatına aid olan lətifə məhz Əjdər
Olun bu sahədəki ardıcıl fəaliyyəti
yazılı ədəbiyyatın da janrları
sırasında vətəndaşlıq hüququ
yaratmışdır. Bununla belə, Əjdər Olun
nasir qələminin gücü və bir yazıçı
kimi tanınması həm də bir-birinin ardınca
yazdığı hekayələrində və ardıcıl nəşr
olunan “Ölümlə zarafat” (2007), “Qrafoman” (2009), “Portret
hekayələr” (2010), “Tütün limanı” (2012) və sair
kitablarında bir daha təsdiqini tapmışdır.
Poeziyasında
daha çox romantik şeir ənənələrindən gələn
Əjdər Ol hekayələrində sırf realist
yazıçı kimi çıxış edir və Cəlil
Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev,
Yusif Vəzir Çəmənzəminli ənənələrini
müasirlik zəminində yaradıcı şəkildə
davam etdirir. Yazıçının hər bir hekayəsində
mühüm
ictimai-mənəvi problem qaldırılır, real
həyatın mənzərələri təsvir olunur,
dolğun bədii obrazlar və xarakterlər təqdim edilir. Bu mənada Əjdər Olun nəsri müstəqillik
dövrü cəmiyyət həyatının tipik insan
portretlərində təcəssüm olunan
antologiyasıdır. Təsadüfi deyil
ki, Əjdər Olun hekayə kitabları bir-birinin davamı
olaraq, əvvəlki hekayələri də əhatə edir və
daha dolğun şəkildə təkmilləşib inkişaf
edir.
Əjdər Olun “Qəzənfər müəllimgilin
Şuşaya yürüşü” kitabını (2017) onun
hekayə yaradıcılığının ümumiləşmiş
toplusu hesab etmək olar. Kitabdakı “Portret hekayələr” və “Hekayələr”
olmaqla iki bölmədə təqdim olunan nəsr nümunələri
Əjdər Ol hekayəsinin özünəməxsusluqlarını
tam olaraq əks etdirir. Təsadüfi deyildir ki,
müasir ədəbi tənqid Əjdər Olun “portret hekayələr”ini
nəsrimizdə orijinal hadisə kimi qiymətləndirmişdir.
Həqiqətən də, Azərbaycan hekayəçiliyində
portretçiliyin zəngin ənənəsi olsa da, ayrıca
janr kimi silsilə “portret-hekayələr”
yazılmamışdır. Eyni zamanda,
Əjdər Olun “portretlər”i təqdim etdiyi prototiplərin əksəriyyətinin
müəllifin ədəbi-mədəni mühitdən
yaxından tanıdığı yazıçılar,
şairlər və sənətkarlar olması ilə səciyyələnir.
Eyni zamanda, Əjdər Olun portret hekayələrindəki
incə yumor təqdim olunan şəxsiyyətin daxili
dünyasını və “ətraf mühitini” daha koloritli
şəkildə təsvir edilməsinə xidmət edir.
Ümumiyyətlə,
Əjdər Ol “portret hekayələr”ində yalnız bədii
təxəyyülə əsaslanmır, eyni zamanda, real və
canlı müşahidələr əsasında bir çox
müasir yaradıcı insanların dolğun və canlı
obrazını yaratmağa nail olur. Hətta “Qəzənfər
müəllimgilin Şuşaya yürüşü”
kitabındakı portret-hekayələrdən
üçündə tanınmış yazıçılar
birbaşa təqdim olunub: “Yazıçı Namiq Abdullayevin
axırı”, “Rafiq Tağı ki, Rafiq Tağı”, “Kür
Əlisəmid”. Faktlara, olmuş hadisələrə
əsaslanan bu hekayələri sənədli bədii nəsrin
orijinal nümunələri də hesab etmək olar. Bununla belə, müəllif oxucuların, ədəbi
ictimaiyyətin məhz bədii əsərlərindən
tanıdığı bu adları heç də
yazıçı və şair kimi təsvir etmək istəməmişdir.
Həyatda yaxından müşahidə etdiyi qələm
sahiblərinin portret cizgilərini yaratmaqla onları yaddaqalan bir xarakter, fərqli
bir obraz kimi kəşf etmişdir. Fantastik janrda əsərlər
yazan Namiq Abdullayev də, yığcam hekayələrində
neçə-neçə portretlər yaradan Rafiq Tağı
da, dərin lirizmi ilə seçilən şeirlər müəllifi
Əlisəmid Kür də Əjdər Olun hekayələrində fərqli obrazlar kimi
çıxış edir, oxucuya yeni rakursdan təqdim olunurlar.
Bu hekayələr yaradıcı şəxsiyyətlərin
şəxsi həyat hadisələri ilə ədəbi fəaliyyətlərini
tam təsəvvür etməyə imkan yaradan orijinal sənədli
bədii nəsr nümunələridir.
İnsan portretlərini həyati situasiyalarda, obrazın
özünə də bəlli olmayan gizli tərəfləri
ilə, məhz “insaniliyi” ilə müşahidə və təsvir
etmək Əjdər Olun bütün portret-hekayələrində
başlıca xüsusiyyətdir. Bir çox hekayələrinin
mövzusu ədəbi mühitdən alınmışdır.
“Ölümlə zarafat” hekayəsinin məzmunundan
görünür ki,
olmuş əhvalatı nəql edən müəllifin
təsvir etdiyi surətlərin əksəriyyəti ədəbiyyat
aləmindən tanınmış simalardır. Parisdən
gələn, Praqadan Bakıya uçan təyyarədə
şairlər, yazıçılar, müğənnilər və
siyasətçilərdən ibarət nümayəndə heyəti
qorxulu anlar yaşamalı olurlar. Hava gəmisində
yaranmış nasazlıq üzündən yenidən Praqa
aeroportuna qayıtmalı olan sərnişinlərdən həmin
zaman ərzində hər bir personajın ölümlə
üz-üzə gələn portretindən verilmiş cizgilər
həyata münasibətin fəlsəfi mənasını
açmağa imkan verir. Realist qələmin psixoloji
yaşantıları canlı dialoqlarda məharətlə izlənən
hər bir xarakteri yaxından müşahidə etməyə
şərait yaradır .
Əjdər Olun “Qrafoman”, “Börüsoy”, “Eynək” hekayələrinin
qəhrəmanlarının arxasında da real həyatdan
alınmış müəyyən tipajlar durur. Lakin
yazıçı həmin əsərlərdə konkret
insanların obrazını yaratmaq niyyəti güdməmiş,
qəhrəmanlarının simasında həm də müəyyən
ictimai təzahürləri ümumiləşdirməyə
çalışmışdır. Yazıçı
göstərir ki, ədəbiyyat aləmində
yazıları ciddi qarşılanmasa da, “Qrafoman” adlı hekayənin
qəhrəmanı ədəbiyyatı heç də peşəkarlardan
az sevmir. Hər bir yubileyə,
məclisə, tanınmış insanlara həsr etdiyi əsərləri
ilə nə qədər gülünc görünsə də,
qrafoman özlüyündə günahsızdır. Xeyirxah niyyətləri ilə qrafoman yalnız rəğbət
və özünə qarşı inam duyğuları
oyatmağa çalışır. Qəhrəmanı ədəbiyyat adamı olan
“Eynək” hekayəsində öz dünyasına, şeir-sənət
aləminə qapılmış və hətta güzəranından
da ayrılmış qələm əhli də
özlüyündə böyük klassiklərin ruhları ilə
təmas qurduğunu zənn edir. Yazıçı qəhrəmanın
zahiri portretini daxili dünyasının davamı kimi təqdim
etmişdir: “Bir eynək təsəvvür edin. Qara
sağanaqlı, iri, yuxarısı düzbucaqlı,
aşağısı girdə, qalın optik şüşəli
bir eynək. Qoşa lupaya bənzər şüşələrin
arxasından iki diri göz baxır... Adamın nəinki
gözlərini, hətta az qala, bütün sifətini örtən
eynək onun üzündəki gözlərdən də,
qaşlardan da, burundan da, ağızdan da, qulaqlardan da
az-küc baxımlıdır...”
“Eynək” adlandırdığı qəhrəmanına
yazıçının yumorla yanaşması, müəyyən
ironik münasibəti də aydın duyulur. Bununla belə,
hekayənin novellavari sonluğu qəhrəmana olan istehzalı
münasibəti kökündən dəyişir. Şairin tamam köhnəlmiş
üst-başını dəyişməyi özünə borc
bilən müəllif onu geyim dükanına aparıb
paltarını başdan-ayağa dəyişdirir. Amma
iki gün sonra təsadüfən qəhrəmanı ilə
rastlaşan müəllif təzə geyimləri onun deyil, “rəssamlıqda
oxuyan oğlu”nun əynində görüb heyrətlənir:
“İki gün əvvəl Eynəyə 28 may metrosunun
keçidindən aldığımız bütün paltarlar
Səttarın əynindədir. Sonra Eynəyə
diqqətlə baxıram. Eynəyin geydikləri
nimdaş olsa da, hər halda, o gün vidalaşdığı
paltarlarından təmiz və səliqəlidir. Hə, deyəsən, ata-oğul paltarlarını dəyişdiriblər”.
Əjdər Olun əsərlərinin “portret hekayələr”ə
və “hekayələr”ə bölünməsi şərti
xarakter daşıyır. Onun hər bir hekayəsində
oxucunun marağına səbəb olan hadisə ilə
yanaşı, maraqlı xarakterlər və insan portretləri
də vardır. “Börüsoy” hekayəsi
ilə “Qəzənfər müəllimgilin Şuşaya
yürüşü” arasında mövzu etibarilə də, qəhrəmanın
xarakterinə görə də bir yaxınlıq duyulur. Hər iki hekayədə ölkədəki mürəkkəb
ictimai-siyasi duruma mitinq əhval-ruhiyyəsi ilə
yanaşılması gülüş hədəfinə
çevrilmişdir. Təxəllüsündən
də göründüyü kimi, ifrat
türkçülük mərəzinə tutulmuş
Börüsoyün mitinqlərdən birini rövnəqləndirmək
üçün çəkdirdiyi bozqurdun portretinin xəzri
küləyinin əsməsi nəticəsində bərkidildiyi
yerdən qopub düşməsi obrazın mənəvi
iflasının əlaməti kimi təqdim olunmuşdur.
“Qəzənfər
müəllimgilin Şuşaya yürüşü” hekayəsində
isə yazıçı göstərir ki, Qəzənfər
müəllimgilin “Qeyrət” təşkilatı daha irəli
gedib düşmənlə təmas xəttinə yaxın
“hündür təpənin qaşqası”na
dırmanmışdır. Bu yerdə müəllifin
gülüşü də sərtləşir. Müəllif
hekayəni pamfletvari üslubda qələmə
almışdır: “Yarandığı gündən “Qeyrət”in
hirsi-hikkəsi soyumurdu, “qan-qan” deyirdi, coşub-kükrəyirdi,
ağzından od-alov püskürürdü. Təşkilatın
üzvləri Qarabağ məsələsində BMT-nin,
ATƏT-in dediyini nəinki hərləmirdilər, hətta
efirdə, mətbuatda gündəmdən düşməyən
“sülh-mülh” söhbətlərini yerli-yersiz lağa qoyub
döşlərinə döyə-döyə Qarabağı
silah gücünə basmarlayıb geri qaytarmaqdan dəm
vururdular...” Dünya supergüclərinin
qarışdığı Qarabağ məsələsinin bu
cür həlli cəhdlərinə yazıçının
etirazı cərəyan edən hadisələrə kəskin
istehzalı münasibət vasitəsilə mənalandırılmışdır.
Hekayədə Bakıdan yürüşə
şüar, transparant, bayraqlı, meqafonlu,
şeypurlu-şeypurçalanlı, video-kameralı,
jurnalist-müxbirli gələnlərin təfərrüatlı
təsviri verilir. Hətta bura “qonşu kənddən təşkilat
üzvlərindən birinin dədəsi”nin
olan dörd atın qatılması şəbədəni daha
da gücləndirir: “Seçmə ata, yüzdə yüz, təşkilatın
başçısı minəcəkdi. Keçmişdə
şahlar, xanlar, sərkərdələr, özündən
deyən, qabağından yeməyən kişilər belə
qəşəng atları minərmişlər”. Bundan
başqa, Qəzənfər müəllimi heç cür yola
gətirə bilməyən dövlət məmuru Yengibar
müəllimin onu təkbətək danışığa
çağırması konfliktin gərginləşməsinə
xidmət edir: “Belə danışırıq: nə siz dərinə
gedirsiz, nə biz. Qayıdıb
özünüzünküləri yürüşə davam
etməyə çağırırsınız.
Qorxmayın, irəli atılın! Mən də
özümüzünkülərə komanda verəcəyəm
ki, yürüşü dağıtsınlar. Ola bilsin,
görüntü xatirinə sizinkilərdən on-on beş nəfəri tutub basdıq polis
maşınına. Narahat olmayın, şöbədə
bir-iki saat saxlayıb buraxacayıq. Videokamera gətirmirsiniz?...” İddialı Qəzənfər müəllim “oyun
oynamaq”dan imtina etsə də, istər-istəməz hadisələr
Yengibar müəllimin cızdığı ssenari üzrə,
video-kameraların canlı görüntüləri altında
davam edir. Sonda “yürüş” haqqında mətbuatın
yazdığını oxuyan Qəzənfər müəllimə
xəcalətdən özgə bir şey qalmır:
“Günortaya qədər davam edən “Şuşaya
yürüş!” aksiyası rayon polisi tərəfindən
amansızcasına dağıdılmış, “Qeyrət”in sədri
Qəzənfər Qarabağlı və təşkilatın fəal
üzvləri polis şöbəsində altı saat ac-susuz
saxlanıldıqdan sonra buraxılmışdır”.
“Hərbi-səhra komandirinin meymunu”nu Əjdər Olun
müharibə mövzusunda qələmə aldığı
daha bir hekayə-pamflet hesab etmək olar. Hekayədə yaxın
keçmişimizdə Qarabağ münaqişəsinin nəzarətdən
çıxıb, hər iki tərəfdə
“könüllü hərbi-səhra komandirləri”nin idarəsinə keçdiyi dövrdən
söz açılır: “Bu qarşıdurmanın özəl
cəhətləri vardı. Döyüş bitən
kimi tərəflər rabitə vasitəsilə əlaqəyə
girir, əsirləri, meyitləri ya pula, ya benzinə, ya da
başabaş dəyişirdilər. Hər
iki tərəf gülləni, tüfəngi, topu, qumbaranı,
zirehli maşını, hətta tankı rus ordusundan satın
alırdı. Bu hərbi ticarətin başında daha
çox hərbi-səhra komandirləri dururdu...” Hekayə cəsarətlə qələmə
alınmışdır. “Üç il qabağ”a qədər
“kiçik şəhərdə aptekçi” olan, “hərbi təlimi
yalnız əsgərlikdə görmüş” hərbi-səhra
komandiri məhz “mərkəzi hökumətin dişsiz”liyindən
istifadə edib, əsgərlərin başına keçir. Yazıçı hekayədə mövcud durumu
ifşa etmək üçün qroteskdən istifadə
etmişdir. Hərbi-səhra komandiri daim
eyş-işrət qurduğu məclislərində “Atəş”
adlı meymununa külli-ixtiyar verir, onu nəinki içkiyə,
nəşəyə, hətta qadınlara da öyrəşdirir.
İfrat qudurğanlıq onunla nəticələnir
ki, meymununa toy etməyə hazırlaşır. “Toy
günü” meymun təsadüfən komandirə baş
çəkməyə gələn qadınına hücum edərkən,
komandirin öz əli ilə güllələnir. Eyni motivlər qarşı tərəfdə “hərbi-səhra
komandiri Ruben”in ermənicə “atəş” mənasını
verən “Qraq” adlı iti ilə bağlı hadisə vasitəsilə
də təqdim olunur. Yazıçı
alleqoriya vasitəsilə “hərbi ticarətin başında
duran” hərbi-səhra komandirləri dövrünün eybəcərliyini
ifşa etmişdir.
Əjdər Ol hekayələrinin süjetlərini
birbaşa həyatdan almışdır. Yazıçı
müşahidəsindən başqa, dövlət
qulluqçusu kimi çalışdığı bir sıra
vəzifələr onun daim cəmiyyət içində,
insanlarla ünsiyyətdə olmasını təmin edir, insan
taleləri ilə yaxından tanışlığını
şərtləndirir. “Qatillə görüş”,
“Fa...”, “Qəbulda”, “Şər Nizi” kimi hekayələrin
arxasında məhz bu amilin, yəni real həyati
müşahidələrin dayandığı açıq
hiss olunur. Bu baxımdan oxucu yazıçının hekayələrində
qəribə tiplərlə rastlaşdığı kimi,
maraqlı real əhvalatlarla da tanış
olur, daha doğrusu, fərqli insanlar barəsində
düşündürücü hadisələrin şahidi
olmaq imkanı qazanır.
Ümumən Əjdər Ol hekayələrində insana
inam rakursundan yanaşır, hətta mənfi planda, naqis
görünən qəhrəmanlarını da analitik süzgəcdən
keçirir, şərin kökünü üzə
çıxarmağa çalışır. “Şər Nizi” hekayəsinin
qəhrəmanı Niyaz dolanışığını
insanları şərləmək üzərində qurmuş
mənfi tip olsa da, yazıçı qəhrəmanının
uşaqlığına, yetim taleyinin əhvalatlarına endikcə,
bu xasiyyətin formalaşmasında həm də mühitin
rolunu araşdırıb üzə çıxarır və
real çıxış yolunu da cəmiyyətin
özünün islahedici rolunda axtarır.
“Qəbulda”
hekayəsində fərqli bir əhvalat baş verir: Bir
ayağını və bir gözünü Qarabağ
müharibəsində itirmiş “bir əlində
qoltuqağacı olan saqqallı adam” sosial
təminat idarəsində yuxarıdan-aşağı hər
kəsi topa tutur: “Sizin kimilər arxayın-arxayın isti
kresloda xumarlanır. Dünya-aləm veclərinə deyil! Amma
bizlər Qarabağda can qoyduq. Bir
gözümü, bir ayağımı itirmişəm. Kontuziya almışam. Gecələr
ağrıdan yata bilmirəm. Aldığım, dərmanlarıma
çatmır...” Məmurun tam soyuq
reaksiyasını, daha sonra isə gözlərinin
yaşardığını görən şikayətçi
heyrətlənir. Məlum olur ki, üzdən
sakit görünən məmur da qardaşını
Qarabağ müharibəsində itirib, “Murovda qar uçqununa
düşüb, heç meyiti də tapılmayıb”. Bu məqamda yazıçı sosial mövzunun
arxasında daha dərin, mənəviyyat qatlarına diqqət
yetirir. Psixoloji gərginliyə dözməyən
müharibə veteranı nə üçün gəldiyini də
demədən çıxıb gedir.
Əjdər Olun cəmiyyət həyatında
müşahidə olunan sosial çətinlikləri insan mənəviyyatı
və bənzərsiz xarakterlər vasitəsi ilə
sınağa çəkməsi Əbdürrəhim bəy
Haqverdiyevin sadə, həyatsevər qəhrəmanlarının
başına gələn əhvalatları xatırladır. “Usta Yusifin
kamançası” və “Qədirin ikinci əhvalatı” hekayələrinin
qəhrəmanı çəkməçi Qədirlə
“tay-tuşu, uşaqlıqları, cavanlıqları bir yerdə
keçmiş” Fərmanın sərgüzəştləri
yumoristik üslubda təsvir olunmuşdur. Eyni zamanda, iki hekayənin
eyni obrazların: çəkməçi Qədirlə
dükançı Fərmanın üzərində
qurulması Əjdər Olun bir yazıçı kimi orijinal
süjet qurmaq istedadını nəzərə
çarpdırır. Hər hekayəni fərqli
süjetlər əsasında təsvir etsə və hekayələrdən
ayrı-ayrı nəticələr çıxarsa da, obrazların
xarakterini dəyişməməsi Əjdər Olun artıq
yetkin yazıçı kimi yazıçı müşahidəsinin
dərinliyini və sənətkarlıq imkanlarının
genişliyini göstərir.
Əjdər Ol hekayələrində sosial zümrəsi
və vəziyyətindən asılı olmayaraq, hər bir
insanın dəyərinin mənəviyyatla
ölçüldüyünü diqqət mərkəzinə
çəkmişdir. Yazıçının fikrincə, mənəviyyat
sahibi olan insan onu hər bir vəziyyətdə qorumağı
bacarmalıdır. “Üzdəniraq” hekayəsində ən
çətin şəraitdə insanlara dəstək
olmağa çalışmaq, “Cehiz” hekayəsində
etibarlı olmağı meyar hesab etmək, “Zənci qadın
fiquru”nda qarşılıqlı ehtiram kimi mənəvi-əxlaqi
keyfiyyətlərin diqqət mərkəzinə çəkilməsi
Əjdər Olun bir yazıçı kimi təlqin etmək
istədiyi qayəni seçilmiş cəlbedici həyat hadisələri
vasitəsilə çatdırmaq istedadını
nümayiş etdirir. İbrətamiz hadisəni
canlı lövhələr və yaddaqalan obrazlarla təqdim
etməklə nəticə çıxarmağı oxucunun
ixtiyarına buraxması onun fərdi üslubunun orijinal təzahürüdür.
Ümumən Əjdər Olun əksər hekayələrində
təhkiyəçi-müəllif obrazı iştirak edir. Hekayələrin
şahid qismində müəllifin dilindən söylənməsi
həm də yazıçıya hadisələrə
birbaşa münasibət bildirməyə, öz mövqeyini
personajların mövqeyi ilə müqayisə etməyə, fərqləndirməyə
imkan verir. Bu zaman Əjdər Ol həmişə
milli dəyərlər, azərbaycançılıq, dövlətçilik
mövqeyindən çıxış edir. Eyni zamanda, o, dünyada gedən prosesləri, ictimai-mənəvi
durumu müasirlik platformasından qiymətləndirir, hadisələrin
dalınca sürünmür, onları milli şüur
nöqteyi-nəzərindən qavramağa üstünlük
verir. Vəzifə borcu ilə əlaqədar
xarici ölkələrdə də olan Əjdər Olun səfər
təəssüratları əsasında yazdığı
hekayələrdə də həyatilik və ümummilli
mövqe, azərbaycançılıq qayəsi diqqət mərkəzində
saxlanılır. Bu meyarlar, ümumiyyətlə,
Əjdər Olun yaradıcılığının əsas
qayəsini təşkil edir. Onun xarici
ölkələrə səfərləri zamanı
aldığı təəssüratlardan yaranmış hekayələri
də sənədli bədii nəsr təsəvvürü
yaradır. Bütövlükdə həyatiliyə
dərin maraq və obyektiv baxış Əjdər Olun bədii
nəsrinə “sənədlilik” ovqatı gətirir. Əjdər Ol sənədlərə
istinad etmədən həyatı sənədli-sübutlu təsvir
edib ümumiləşdirməyi bacarır. Onun təqdimatında sənədlilik - həyatilik mənasını
və ya həyatilik - sənədlilik anlayışını
ifadə edir. Realizmə sədaqətindən
doğan dərin həyati proseslərin canlı hadisələr
vasitəsilə təsvir olunmasını və obrazları
real cizgiləri ilə əks etdirməsini sənədlilik səviyyəsində
təqdim edə bilməsi təcrübəli və
istedadlı bir yazıçı kimi Əjdər Olun fərqli
ədəbi sima olduğunu göstərir. Xüsusən, “sənədlilik” meylinin bədiilik
meyarları ilə, orijinal təsvir vasitələri ilə,
canlı və koloritli bir üslubda oxucuya
çatdırılması yazıçının fərdi
yaradıcılıq simasını müəyyən edir.
Həyatilik - “sənədlilik” - vətəndaşlıq
Əjdər Olun yazıçı obrazının ana xətləridir.
Əjdər Olun bədii tərcümə sahəsində
də xidmətləri vardır. Onun tərcüməsində
bir çox dünya xalqlarının ədəbi irsi, o
cümlədən, “Latış xalq nağılları”
(1990), “Latış daynları” (1998), “Qumuq atalar sözləri”
(2000), gürcü şairəsi Maqvala Qonavilinin “Məndən
arxayın olun” adlı şeir kitabı (2009) Azərbaycan
dilində çap olunmuşdur. Eyni zamanda,
Əjdər Olun əsərləri də bir çox dillərə
tərcümə edilərək Türkiyədə, Rusiyada,
Almaniyada, Polşada, İranda, Gürcüstanda kitab halında
oxuculara çatdırılmışdır.
Dramaturgiya sahəsində də Əjdər Ol uğurlu addımlar atmışdır. Yazıçının “Molla Nəsrəddin və Əmir Teymurun filləri” pyesi Gənc Tamaşaçılar Teatrında, “Son məktub” dramı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş (rejissor Bəhram Osmanovun quruluşunda), “Usta Yusifin kamançası” hekayəsi əsasında eyniadlı film (2010) çəkilmişdir. Portret hekayələrinə görə Əjdər Ol Milli Kitab Müsabiqəsinin qaliblərindən biri (2010) olmuş, “Yaşa” şeirlər kitabı “Qızıl Kəlmə” Ədəbiyyat Mükafatına (2010), “Hərbi-səhra komandirinin meymunu” hekayəsi İkinci Uluslararası Mahmud Kaşqarlı Hekayə Yarışmasının mükafatına layiq görülmüşdür.
Oxuculara təqdim olunan “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” kitabı Əjdər Olun müstəqillik dövrü Azərbaycan nəsrində vətəndaşlıq pasportudur. Yazıçının seçilmiş hekayələrindən ibarət olan bu orijinal bədii nümunələrdə qabarıq şəkildə müşahidə edilən fərdi sənətkarlıq xüsusiyyətləri Əjdər Olu fərqli bir yazıçı kimi ədəbi ictimaiyyətə və geniş oxucu auditoriyasına təqdim edir.
525-ci qəzet 2017.-
18 noyabr.- S.16-17.