"Molla Nəsrəddin"
jurnalının səhifələrindəki hikmət xəzinəsi
"Molla Nəsrəddin" jurnalı nəşrə başladığı vaxtdan ictimai-siyasi hadisələri, xalqın həyatını, çətin və ağır yaşam tərzini bir güzgü kimi əks etdirmişdir.
Jurnalın
mütərəqqi cəhətlərindən biri də ilk
nömrələrdən başlayaraq Azərbaycan şifahi
xalq ədəbiyyatına müntəzəm və geniş yer
verməsi, atalar sözü və məsəllər,
tapmacalar, bayatılar, laylalar, el nəğmələri və
s. folklor janrlarından satirik şəkildə istifadədir. Təsadüfi deyildir ki, jurnalın 7 aprel 1906-cı
ildə nəşr olunan birinci nömrəsində 22 atalar
sözü oxuculara təqdim edilmişdir.
C.Məmmədquluzadə
atalar sözünə yazdığı müqəddimədə
deyirdi: "Dünyada hər bir kəs üçün
sözdən böyük yadigar yoxdur, zira ki, mal-mülk tələf
olur gedir, amma söz qalır. Belə ki,
keçmiş hükəmanın, şüəranın
sözləri hala baqidir. Buna görə
türk hükəmalarının təcrübəli və
işə yarar zərb məsəllərindən "Atalar
sözü" namilə bir neçəsini məcmuəmizdə
yazdıq ki, qarelərimiz oxuyub lazımi yerində onları dəstürəməl
etsinlər". ("Molla Nəsrəddin", 1906 ¹1). Doğrudan da, mollanəsrəddinçilərin
yaradıcılığında bu kimi ciddi janrlardan istifadə
ilə uğurlu parodiya və perifrazaların
yaradılması, bu ədəbi priyomla daha dərin
ictimai-siyasi məzmun ifadə edilməsi böyük marağa
səbəb olurdu.
Məsələn,
"Eşşəyə gücü çatmır, müsəlmanı
tapdalayır" atalar sözündə müsəlman-xristian
münasibətləri, islam aləminin hüquqlarının
tapdanması, "Atı atın yanına bağlasan, xan
görüb deyər: birini bağışla mənə"
mülkədar-kəndli münasibətlərini, hakim feodal
quruluşunu ifşa edən əsl satirik parodiyalardır.
"Tısbağa qınından çıxsa, abrozovannı
olar" perifrazında milli adət-ənənələrdən,
soykökündən uzaqlaşan, xaricdə təhsil alaraq əcnəbi
dildə danışmağa üstünlük verən, əslində,
heç bir elmə mükəmməl yiyələnməyən,
xalqına faydası dəyməyən "ziyalı"lar tənqid
obyektinə çevrilirlər. Mollanəsrəddinçilər
ezop manerasından ustalıqla bəhrələnərək
atalar sözlərinə etdikləri parodiyaları jurnalda dərc
olunan mətnə uyğunlaşdırır, yazılı ədəbiyyatla
folklorun üzvi vəhdətini yaradırdılar. Bu cür situasiyalarda müəllif mövqeyi, onun mənfi
personaja, hadisə və əhvalatlara satirik yanaşma tərzi
ön plana keçir. Məs: "Çox yaşayan
çox bilməz, çox yatan çox bilər",
"Yuxulu baş salamat olar", "Müsəlmana gecə-gündüz
birdir" perifrazları ilə müəlliflər müsəlman
şərqində hökm sürən ətaləti, geriliyi,
tənbəlliyi qabarıq şəkildə nəzərə
çatdırır və satirik ittihamı daha da kəskinləşdirərək
sarkazm yaradırdılar.
Jurnalda dərc edilən atalar sözlərinin əksəriyyəti
felyetonların daxilində işlənmiş, onların məzmun
və ideyasının açılmasında əsas vasitəyə
çevrilmişdir. Bu baxımdan "Dədəm mənə kor
deyib..." ("Babilər"), "Gəl əyri oturaq,
düz danışaq" ("Humayun"), "Meşə
çaqqalsız olmaz" ("Çaqqal"), "Öz
gözlərində qılı görmüyüb, bizim
gözümüzdə tiri görürlər"
("Dörd yüz qız"), "Qızım, sənə
deyirəm, gəlinim, sən eşit" ("Qurddan
çoban"), "Qız uşağının canı,
qardaş çomağının qurbanı" (İran
işləri")... kimi bitkin, müdrik atalar sözləri
müəllif məqsədinin oxucuya
çatdırılmasını asanlaşdırır, əsas
tənqid hədəflərinin aşkarlanmasında
mühüm rol oynayır.
"Molla Nəsrəddin"də atalar sözləri
orijinaldan fərqli olaraq yeni məna çaları, üslub rəngarəngliyi
yaradır. Jurnalın bitkin, lakonik və sınanmış el
deyimlərinə müraciəti cəmiyyətdəki ictimai,
siyasi və sosial bəlaların real mənzərəsini
canlandırmaq və onların aradan qaldırılması
yollarını göstərmək məqsədi
daşıyırdı.
Atalar sözlərindən məharətlə istifadə
edən mollanəsrəddinçilər xalq deyimlərinin
bütün üslubi imkanlarından yerli-yerində
yararlanmışlar. Atalar sözü öz poetik strukturunu, məna
çalarını parodiyalar hesabına yeniləşdirə
bilmişdir. "Bala baldan şirindir, qoyma oxuyub gözlərinin
işığı getsin", "Borclu borclunun
sağlığını istər, dəxi borc aldın vermə",
"Lalın dilin molla bilər", "Mollaya plov de,
Marağaya qədər yol de", "Xan arıxlayınca rəiyyətin
canı çıxar" kimi atalar sözlərindəki sətiraltı
eyhamlar parodiyanın satirik gücünü artırmış
və ezop boyalarını tündləşdirmişdir.
Atalar sözləri bəzən müstəqil verilir, bəzən
bir xəbərə, şeirə, felyetona əlavə olunur, bəzən
də müəyyən karikaturanın mənasını
aydınlaşdırırdı. Jurnalda verilmiş bir rəsmdə
çarizmə yaltaqlıq etmiş, sonra da çar
çinovniklərinin şallağı altında əzilən
şəxslərin təsviri verilirdi. Təsvirin
altında: "Hər nə salarsan aşına, o
çıxar qaşığına" sözləri
yazılmışdı.
Atalar sözünün sərlövhə, yaxud sərlövhədən
sonrakı cümlə kimi işlədilməsi əsas məqsədə
keçmək üçün bir vasitə idi. "Bir əldə iki
qarpız tutmaq olmaz" atalar sözünü sərlövhə
seçən mollanəsrəddinçilər bədii mətnin
əsas mahiyyətini onun adında funksionallaşdırır və
bununla da oxucunun diqqətini birbaşa tənqid hədəfinə
yönəltməyə nail olurdular.
"Molla Nəsrəddin"də atalar sözü ilə
yanaşı onun şərhinə də rast gəlirik. "Atalar sözlərimizi
təhlil" başlıqlı yazıda deyilir: "Atalar
sözlərimizdən biri də: "Danışmaq
gümüş olsa, danışmamaq qızıldır". Yəni sənə nə zülm etsələr,
danışma, çünki Allah təala səbirli bəndələrini
çox istəyir. Buna görə xanlar,
şahlar, sultanlar və ağaların zülmlərinə
danışmayıb səbr elə". Atalar
sözlərinə verilmiş şərhlərdə də
lazım gəlməyən yerdə səbirli olmaq, zülmə,
haqsızlığa boyun əymək kimi mənfi hallar satirik
tərzdə oxuculara çatdırılır və onları
süstlükdən, fəaliyyətsizlikdən əl çəkməyə
sövq edirdi.
Jurnalda "Hikmətli sözlər"
başlığı altında silsilə yazılar verilirdi. Bu sözlər
şifahi xalq ədəbiyyatından, Azərbaycan və
dünya xalqlarının tanınmış mütəfəkkirlərinin
müxtəlif mövzuda söylədiyi qiymətli müdrik kəlamlardan
toplanıb jurnalda dərc edilirdi. Bəzən
isə hikmətli sözlər mollanəsrəddinçilərin
özləri tərəfindən yaradılırdı. Bu müdrik deyimlərdə ciddi fikirlərlə
yanaşı, həm də dərin istehza, kinayə də
üstünlük təşkil edirdi.
Jurnalda azərbaycanlıların
dilindən səsləndirilən hikmətli sözlərdə
gerilik, cəhalət, nadanlıq kimi neqativ halların
çoxluğu qabarıq şəkildə nəzərə
çarpır və ifşa üsulunu kəskinləşdirir:
"Özgənin toyunda sazanda haramdır, öz
oğlunun ad qoyulan günü zurna-qaval halal" (Qafqayda Molla
İsmayıl).
"Özün bir iş görmə, görənləri
də bəyənmə" (Bir hacı).
"Düşmən bir tərəfdə
bağrımızı yaranda, sən də o tərəfdən
başını yar" (Köhnə müsəlman).
Belə hikmətli sözlərdə daha çox
fanatizm, cahillik, savadsızlıq kimi cəmiyyətə mənəvi
zərbə vuran mənfi hallar satirik parodiyalarla, ezop dili ilə
gülüş obyektinə çevrilir.
"Hikmətli
sözlər" başlığı altında verilmiş kəlamların
əksəriyyətində dini fanatizmin ifşası, müsəlman
aləmindəki cahilliyə, elmsizliyə, ətalətə
çağırış motivləri və bu kimi mənfi
hallara meyl etmə tendensiyası pislənilirdi: "Hər
oxuyan Molla Pənah olmaz, amma hər minbərə
çıxan molla olar", "İnsanın şərafəti
nə elmlədir, nə ədəblə, məhz pul ilədir".
(Hikmətli sözlər. "Molla Nəsrəddin",
1913, ¹22, səh.7). Qadın azadlığına xüsusi
önəm verən "Molla Nəsrəddin" jurnalı
hikmətli sözlərdə bu problemə də geniş yer
vermişdir: "Arvadı döyəndə gərək elə
döyəsən ki, başmaqlarını qoyub ayaqyalın
qaça küçəyə", "Cahil arvad alanda qoca
arvadını boşama, qoy, cahilə gözətçi olsun",
"Yazı bilən arvaddan qaç", "İstəkli
arvad çox döyülər" (Hikmətli sözlər. "Molla Nəsrəddin", 1914, ¹22, səh.6) kimi
hikmətli sözlərdə qadınlara kölə kimi
baxılması, qadın hüquq və
azadlıqlarının boğulması, onların ağır
işgəncələrə məruz qalması, elmdən, təhsildən
uzaqlaşdırılması halları qəzəblə
qamçılanır.
Mənasız sözlər həcmcə yığcam,
lakonik, bitkin, sadə və mürəkkəb konstruksiyalı
satirik cümlələrdir. Mollanəsrəddinçilərin
özləri tərəfindən yaradılan bu ədəbi
formada dərin satirik ittiham, fikri sərrast hədəfə
vurma və güclü sarkazm vardır. Jurnalda
xeyli yer tutan bu ifadələr mövzuca zəngin, orijinal və
düşündürücüdür. Rubrikaya
qəsdən, bilərəkdən bu adı verən mollanəsrəddinçilər
ilk baxışdan boş, mənasız, cəfəng
görünən bu deyimin arxasında çox ciddi problemlərin
dayandığını oxucuya çatdırmaq istəmişlər.
Bu yığcam satirik deyimlərdə
dövrün spesifikasını əks etdirən
çatışmazlıqlar, ictimai-siyasi, ideoloji, ədəbi-mədəni,
elm, təhsil, mənəvi-əxlaqi problemlər, ailə-məişət
məsələləri öz əksini tapmışdır.
Mənasız sözlər adlandırılan bu rubrikanın hər bir sözündə, cümləsinin alt qatında böyük mətləblər, ibrətamiz fikirlər gizlənir. Məs: "Şair var şeirini öyrənərlər, şair var şeir öyrədərlər", "Təftiş komisyonu bir idarəni yıxa da bilər, düzəldə də bilər" və s.
Hakim ideologiyanın yanlış siyasəti, cəmiyyətdəki sosial ədalətsizliklər, savadsızlıq, dini xurafat, xalqın mənafeyinə zidd qüvvələrin pozuculuq fəaliyyəti və s. mənasız sözlərin ana xəttini təşkil edir.
Mənasız sözlər bitkinliyinə, lakonikliyinə görə atalar sözləri və hikmətli sözlərə oxşardır. Lakin atalar sözlərindəki məna tutumu, əsrlərin sınağından keçərək böyük həyat təcrübəsinə söykənə bilmə xüsusiyyəti və gəlinən nəticə, qənaət tarixlə bağlı olduğu halda, mənasız sözlərdə mövcud quruluşdakı reallıqlar, hal-hazırda davam edən problemlər ön plana çəkilir. Atalar sözlərindən fərqli olaraq, burada satirik gülüş, sətiraltı eyham, hadisə haqqında birbaşa deyil, dolayısı ilə işarə etmə, fikri parodoksallıq, təzadlar aparıcı rol oynayır.
Hikmətli sözlərlə mənasız sözlərin forma oxşarlığı olsa da, məna fərqlərində ikili cəhət özünü göstərir. Çünki hikmətli sözlərin xeyli hissəsi dahi şəxsiyyətlərə məxsus olduğundan onlar müəllifli və müsbət çalarları özündə əks etdirən həqiqi mənalı aforizmlərdir. Lakin mollanəsrəddinçilər tərəfindən parodiyalar şəklində yaradılan hikmətli sözlərin müəyyən bir hissəsi satirik ruhlu olduğu üçün mənasız sözlərə yaxındır.
"Mənasız sözlər" mövzu baxımından rəngarəngdir. Sərrast və yığcam cümlələrdən ibarət olan bu nümunələrdə hər bir sözün öz məna tutumu və çəkisi var. Buna görə də mollanəsrəddinçilər az sözlə böyük mətləbləri açıb göstərə bilmişlər. Problemin çoxluğu ona rəvac verənlərin satirik obrazlarının, tipik xarakterlərinin ortaya çıxmasına bədii zəmin hazırlayır və müxtəlif vəzifə sahiblərinin həm ümumi, həm də fərdi cizgilərini açmağa imkan verir, oxucunun diqqətini həmin səmtə yönəldir. Məs: "Türk dili öyrənmək istəyirsən, nə məktəb lazımdır, nə də müəllim. Ancaq idarələrin qapılarında yazılan elanları oxu" ("Molla Nəsrəddin", 1926, ¹22, səh.5), "Türkcə düz yazmaq və öyrənmək istəsən şəhərimizdəki nəşriyyatların hərəsinin bir kitabını oxu" ("Molla Nəsrəddin", 1926, ¹27, səh.7) kimi mənasız sözlərdə ana dilinə biganə münasibət tənqid hədəfinə çevrilir. "Əsl alim odur ki, heç bir şey bilməsin, hər şeydə də özünü alim hesab eləsin", "Bilmədiyini heç kimdən öyrənmə" ("Molla Nəsrəddin", 1926, ¹22, səh.5) perifrazlarında isə elmsiz, cahil, savadsız insanların ifşası sərtləşərək komizmdən sarkazma istiqamətlənir.
Gülbəniz
BABAYEVA
Filologiya üzrə
fəlsəfə doktoru
525-ci qəzet 2017.- 17 noyabr.- S.4.