Yaradıcılıq milli mədəni irsə söykənəndə...

 

TƏNHALIĞIN YORDUĞU İNSAN - ƏMİNƏ TUNCAY

 

Şəfəq NASİR

 

 

İnsan yaxınlarının, doğmalarının itkisinə, qəfləti yoxluğuna uzun müddət inanmır, inanmaq istəmir. Əminə Tuncay da bizim hamımızdan ötrü doğmadan-doğma, yaxın bir insan idi.

 

Tez-tez, bəzən də bir müddət hər gün redaksiyamıza gələr, hər kəslə ayrıca salamlaşar, hal-əhval tutar, aramızda özünü arxalı bilər, bizimlə dərdləşər, yaradıcı söhbətlərlə könlümüzü şad edərdi. Daim axtarışda olan qəlbi də sanki bununla dinclik tapardı. Sözünün-söhbətinin əzəli də, axırı da dahi sənətkarlar, onların əsərləri, fitri istedada malik xüsusiyyətləri, vətənə, xalqa xidmət edən böyük şəxsiyyətlərin mənəvi dünyası olardı. Yaradıcı insan sənət ocağını öz evi bildiyi kimi, o da özünü aramızda rahat hiss edirdi. "Respublika" qəzeti onun ikinci evi, əməkdaşları da doğmaları, əzizləri idi...

 

Əminə Tuncay bütün ruhu, ürəyinin incə telləri, hissi, duyğuları, poetik ruhu, fəlsəfi düşüncəsi ilə muğamlarımıza, Füzuli poeziyasının ecazına, Üzeyir musiqisinin möhtəşəmliyinə bağlı bir sənətkar idi. Yaradıcılığının ilham mənbəyi bu şəxsiyyətlərin ədəbi-mədəni irsi idi. Öz sənət inciləri ilə dağlar qədər əzəmətli, qürurlu və qüdrətli olan bir çox görkəmli şəxsiyyətlərlə, onların yaradıcılığı, elmi-tədqiqat əsərləri ilə yaxından tanışlığı, hər zaman onların mənəvi dünyasından bəhrələnməsi Əminə xanımı bu sənətkarlar haqqında maraqlı, dəyərli əsərlər yazmağa ruhlandırmışdır. Bu mənada akademiklər - Ziya Bünyadov, Vasim Məmmədəliyev, Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr etdiyi, məzmun və ideyaca sanballı yazılarını, aşıq sənətimizin Sarı Aşıq, Aşıq Alı, Aşıq Şakir kimi unudulmaz nümayəndələri haqqında qələmə aldığı məqalələrini, "Koroğlu" dastanı ətrafında özəlliklə müşahidə olunan tədqiqatlarını, ümumən fəlsəfi düşüncə tarixində böyük əhəmiyyət kəsb edən araşdırma-təhlillərini tədqiqatçılar üçün səhih, mötəbər mənbələr hesab etmək olar.

 

Əminə Tuncay (Abbasova Əminə Abbas qızı) 1943-cü il iyunun 14-də Bakı şəhərinin Nardaran kəndində anadan olmuşdu. Bakıda 134 saylı orta məktəbi bitirdikdən sonra 1963-1969-cu illərdə M.A.Əliyev adına Teatr İnstitutunda (indiki Azərbaycan Dövlət İncəsənət Universiteti) təhsil almışdı. 1965-ci ildən 1972-ci ilə qədər M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsertin aparıcısı kimi fəaliyyət göstərmişdi. 1992-ci ildə Ziya Bünyadovun elmi rəhbərliyi ilə "Muğamlarımızın fəlsəfi dünyası və tariximizdə musiqinin əhəmiyyəti" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi adını almışdı. O, 40 ilə yaxın pedaqoji sahədə fəaliyyət göstərib, Estetika fənnindən dərs deyib. 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 10-a yaxın kitabın, o cümlədən, son illərdə nəşr etdirdiyi "Dağılan dünyam" (2011), "Musiqi töhfələri" (2013) "Rəylər... Məqalələr..." (2017) kitablarının müəllifi, Prezident təqaüdçüsü...

 

Əminə Tuncay özünəməxsus üslubda çoxlu sayda qəzəl, rübai, şeir, hekayə və 300-dən çox elmi-tədqiqat xarakterli məqalənin, bir neçə dram əsərinin müəllifidir. Xalqın üzləşdiyi milli faciələrdən, 20 yanvar, Xocalı faciəsindən bəhs edən olduqca ağrılı, kəskin yazılarla da mətbuatda, radio-televiziyada çıxışları olub.

 

Üzünə gülməyən taleyi onu həyatda dörd divar arasında tənha ömür sürməyə məhkum etmişdi. 14 yaşından ata-anasını itirən qızcığazın bir həyanı olmamış, varlığını təhsilə, elmə, təzəcə pöhrə tutan yaradıcılığa bağlamışdı. Təkliyin, tənhalığın qəlbinə sel təki axıtdığı soyuqluq onu ömür boyu üşütsə də, sənət eşqiylə daim alışan könlünün istəyi ilə yazıb-yaratması, mənəvi övladları bildiyi əsərlərini işıq üzünə çıxarması, onu hələ yeniyetmə çağlarından başının üstünü almış yetimliyin, kimsəsizliyin iti caynaqlarından qoparıb ala bilmişdi. Taleyini yaradıcılıq dünyasının möhtəşəm qəsrində yaşayaraq, bir çox görkəmli şəxsiyyətlərin irsini, külliyyatını böyük sevgi, qədirdanlıqla araşdırmaq, yazıb-yaratmaqla ömür əridən Əminə Tuncay heç kimə bənzəməyən bir bəhrəli ömür yaşadı...

 

Son vaxtlar qəlbində bir yeni yaradıcılıq eşqi çağlayırdı: "Muğamlarımızın fəlsəfi dünyasını açacağam", - deyirdi. Onun bu fikrindən xəbərdar olan mahir muğam ifaçıları böyük intizarla belə bir sənət incisinin meydana çıxmasını gözləyirdilər. Səd heyif, ömür vəfa etmədi... Amma mərhum filosof yazıçının "Leyli və Məcnun" operasında Füzuli və Üzeyir zirvəsinin fəlsəfi dünyası" məqaləsinin və digər əsərlərində bununla bağlı dəyərli fikirlərinin onun geniş aspektdə işləyəcəyi mövzunun girişi, məğzi kimi, gələcəkdə bu istiqamətdə aparılacaq araşdırma işlərində tədqiqatçılar üçün bir açar-mənbə yerində olacağı şübhəsizdir.

 

Bir-iki ay əvvəl Əminə xanım mənə sonuncu, 2017-ci ilin nəşri olan "Rəylər... Məqalələr..." toplusunu bağışlamışdı. Vaxtaşırı bu kitabı vərəqləmiş, onun istedadı, işıqlı təxəyyül və təfəkkürünün yetirdiyi olduqca dərin, rəngarəng mövzularda yazdığı əsərləri ilə tanış olmuş, yazıçının dilinə, üslubuna, mövzularına bunca dərin yanaşmasına heyrətlənmişdim. Və haqqında bir təəssürat-təhlil xarakterli məqalə yazmağı düşünsəm də, dərhal söz demək məqamına fürsət tapmadığıma indi təəssüflənirəm.Və cismani yoxluğundan sonra onunla bağlı ilk sözümdə masamın üstündə nəşrin üz qabığından gülümsər çöhrəsi ilə mənə sarı boylanan şəklinə baxır, sözümün-söhbətimin arasında həmin kitaba da münasibətimi bildirmək fikrindəyəm...

 

"Rəylər... Məqalələr..." kitabında toplanmış əsərlər - həm görkəmli şəxsiyyətlərin Əminə Tuncayın yaradıcılıq dünyasını, insani keyfiyyətlərini açan və dəyərləndirən fikirlərinin məcmusu olan rəyləri, həm də filosof yazıçının hər biri böyük zəhmətin, ciddi araşdırmaların məhsulu olan öz məqalələridir. Kimlər Əminə Tuncayın yaradıcılığından, mənəvi keyfiyyətlərindən söz açmayıb! Xalq yazıçısı Anar ("Sənət yolunda fədailik"), akademik Vasim Məmmədəliyev ("Musiqi töhfələri" bir ərməğandır"), akademik İsa Həbibbəyli ("Böyük mədəniyyətin əsasnaməsi"), Əməkdar elm xadimi Yaqub Mahmudov ("Milli-mənəvi dəyərlər dünyamızın Əminə xanım Tuncay ünvanı"), Xalq artisti Fərhad Bədəlbəyli ("Əminə Tuncay Üzeyir bəy musiqisinin hikmət, müdriklik, kamillik nümunəsindən zövq alır"), professor Qəzənfər Paşayev ("Keşməkeşli dünyanın xoşbəxtinin şah əsəri") və başqaları filosof yazıçının mənəvi irsindən, yaradıcılıq meridianından, əsərlərinin ideya-bədii siqlətindən böyük həvəslə, şövqlə söz açmışlar. Anar onun yaradıcı xarakterini, böyük şəxsiyyətlərə bəslədiyi hörməti, doğmalıq hissini olduqca doğru mövqedən açaraq yazır: "Repressiya dövrünün qurbanlarının, eləcə də böyük ziyalıların yaradıcılıq irsinə biganə qalmayan Əminə xanımda onların hər birinə qarşı doğma bir hiss var. Abbas Mirzə Şərifzadə, Salman Mümtaz, Hüseyn Cavid, Heydər Hüseynov, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə kimi ziyalıların şəkillərini böyüdərək lazımi yerlərə hədiyyə etməsi qəlbinin böyüklüyünün, sənətə, sənətkara sevgisinin ifadəsidir... Əminə xanım mərd, təvazökar, incə duyğulu bir insandır. Öz məqsədinə çatmaq üçün daxili dünyasında döyüşkən ruhu var. Haqq, ədalət tərəfdarıdır. Tanınmış filosoflardan biri deyib ki, düzgünlük sonsuzluğun günəşidir, necə olsa, doğular. Bəli, Əminə Tuncayda bu keyfiyyət o dərəcədə yüksəkdir ki, məqamında özünü göstərir".

 

Burda görkəmli filosof alimlərin, ədəbi şəxsiyyətlərin yaradıcılıq dünyasından ərsəyə gətirdiyi fəlsəfi görüşlərindən, qəhrəmanların fərdi keyfiyyətlərinin zərif duyğularla süslənmiş təsvirindən zövq almamaq, həm də yeni bilgilərə malik olmamaq mümkün deyil. 1941-1945-ci illər müharibəsində döyüşən ədəbiyyat adamlarının taleyi onu həmişə maraqlandırmış və bu maraq yazıçını həmin nakamların haqqında söz deməyə vadar etmişdi. Bunun üçün o dövrün mətbuatını səylə araşdırmış, onların cəbhədən göndərdikləri məktublara həssaslıqla yanaşmış, həyatlarının ən ülvi məqamlarını, yaradıcılıqlarını diqqətlə nəzərdən keçirmiş, fərdiliklər, özəlliklərlə zəngin olan talelərdən fərqli bir üslubda məqalələr yazmışdır.

 

"Azərbaycan fəlsəfi fikir tarixində görkəmli nümayəndələr" məqaləsində XI əsrdə Azərbaycanda fəlsəfənin təşəkkülü və inkişafının filosof İbn Sinanın tələbəsi, həm də davamçısı olan Əbülhəsən Bəhmənyar Mərzubanın adı ilə bağlı olduğu fikrini isbata yetirən Əminə xanım, bunun ardınca XII əsr fəlsəfi fikrin nümayəndələrindən birinin də Nizami Gəncəvi olduğunu qeyd edərək onun idealist xarakterli olub, varlığın 4 ünsürdən ibarət olması fikrini araşdırma-təhlilə cəlb etmişdir. Müəllif özünün bədii axtarışlarının nəticəsi olan "Bəxtiyar Vahabzadənin "Muğam" poemasının fəlsəfi izahı"nı bir filosof alim olaraq şairin yaradıcılığının fonunda tədqiq edir. Əminə Tuncay yazır: "Bu poemada o, muğamın qavranılmasını, onun insan ruhuna psixoloji təsir cəhətlərini yüksək bədii şəkildə təsvir etmişdir. O, muğamların musiqimizin, incəsənətimizin digər janrlarına da təsirini xüsusi qeyd edir. B.Vahabzadə qeyri-adi təxəyyül gücünə malik mücərrəd anlayışları konkret obrazlı şəkildə təcəssüm etdirən filosof şair idi. Onun romantik möcüzəli aləmində hünər üçün zəmin, düşüncə və əməllər üçün vüsət, poeziya aləmini fəth etmək üçün zəngin bir aləm vardı".

 

İki böyük şəxsiyyəti ideya və mənəvi ucalıq baxımından birləşdirən cəhətləri xarakterizə edən "İki dərd vulkanı - Ziya, Bəxtiyar" mövzusunda yazdığı məqaləyə ideyaca yeni olan istiqamətdən yanaşması, Azərbaycanın ən yeni tarixi ilə bağlı düşüncələri, "Mənəvi atam Rəsul Rza, mənəvi anam isə Nigardır", - məhrəmanə etirafı, etibarı, sədaqəti onun yaradıcılıqda da hər zaman gerçəkliyi, həqiqəti ifadəyə, təsvirə üstünlük verdiyini göstərir. Onun "müsəlmanların bəşəriyyətə verdikləri"ni arayıb-axtarıb üzə çıxarması, Üzeyir Hacıbəyli haqqında silsilə yazıları Əminə Tuncayın biri digərindən fərqli olan mövzularda yazıb-yaratdığı, oxuculara təqdim etdiyi mənəvi varidatıdır. Yəni yaradıcılıq eşqinin cuşə gəldiyi məqamlarda könlünün istəyi onu hansı gülüstana çəkibsə, sözünü-söhbətini həmin mövzularda qurub...

 

Son vaxtlar tükənməyən enerjiyə, güclü fəhmə və müşahidəyə malik olan yazıçının içində daim bir qüssənin olduğunu duymuşdum. Tez-tez dilinə gətirirdi: "Fikrimdə çox mövzularım var, qorxuram, onları işləməyə, işıq üzünə çıxarmağa ömrüm çatmasın". Ürəyinə damdığı həqiqət oldu. Ömür vəfa etsəydi...

 

O, öz faciəsini də, xoşbəxtliyini də ürəyinin fərəhi, qəlbinin sızıltısı ilə bu dünyada yaşadı. Ömür boyu bir gözündən güldü, o birindən ağladı. Onu bu dünyada yaşadan sənəti - filosof alim kimi elmi araşdırmaları, şair, yazıçı, publisist kimi şeirləri, nəsr əsərləri, məqalələri oldu. Bir də insanlara bəslədiyi ürəkdolusu sevgisi, ehtiramı...

 

Gələn qalmaz, gedən dönməz... Bu, Uca Yaradanın işıqlı dünyada bəndələri üçün qoyduğu həyat qanunudur. Dünya bina olandan hər açılan sabahlar, qovuşan qaranlıqlar təki bu da bəşər övladının gəlimli-gedimli dünyada keçib getdiyi bir yoldur. İnanırıq ki, Azərbaycan ədəbi mühiti, haqqında heyranlıqla yazan görkəmli elm, mədəniyyət xadimləri, Söz xiridarları onu həmişə xatırlayacaqlar. Əminə Tuncay bizə çox qiymətli bir ədəbi irs qoyub getdi. Ruhu şad olsun...

 

525-ci qəzet  2017.- 15 noyabr.- S.6.