"Ömür şərəflə yaşananda"

 

NEFTÇALADA ƏDİB VƏ ZİYALILARI YERLİ İCTİMAİYYƏTLƏ GÖRÜŞDÜRƏN MARAQLI TƏDBİR KEÇİRİLİB

 

Neftçala rayon mərkəzləşdirilmiş kitabxana sistemində tez-tez bir-birindən maraqlı müxtəlif tədbirlər, oxucu konfransları, təzə çap olunmuş kitabların təqdimat mərasimləri keçirilir.

 

Bugünlərdə burada keçirilən növbəti təqdimat mərasimi isə respublikamızın paytaxtından gəlmiş hörmətli alimlərlə, tanınmış şair yazıçılarla oxucularımızın, rayon ziyalılarının maraqlı bir görüşünə çevrildi. Bu, şəhər 4 saylı tam orta məktəbinin müəllimi Ələkbər Zahidovun dünyasını vaxtsız dəyişmiş alim qardaşı, Azərbaycan Memarlıq İnşaat Universitetinin müəllimi, fəlsəfə elmləri namizədi, professor Təvəkkül Babaxan oğlu Zahidovun işıqlı xatirəsinə həsr etdiyi "Ömür şərəflə yaşananda" kitabının təqdimat mərasimi idi.

 

Rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Gülnarə Qasımova mərasimi giriş sözü ilə açaraq, zala toplaşan oxucuları, respublikamızın paytaxtından gəlmiş hörmətli qonaqları ürəkdən salamladı, tədbir iştirakçılarına uğurlar arzuladı.

 

Tədbirin aparıcısı olaraq, mən "Ömür şərəflə yaşananda" kitabı barədə qısa məlumat verdim: "Təqdim olunan kitab  həyat fəaliyyətinin çiçəkləndiyi bir vaxtda ağır xəstəliyə tutularaq dünyasını dəyişmiş Azərbaycan Memarlıq İnşaat Universitetinin professoru, fəlsəfə elmləri namizədi Təvəkkül Zahidovun barəsində qardaşı Ələkbər Zahidovun qələmə aldığı həzin, kövrək, təsirli bir elegiyadır. Burada Təvəkkül müəllimin yaxınlarının, doğmalarının, yoldaşlarının, tələbələrinin, dost tanışlarının xatirələri, təəssüratları, əsərlərindən parçalar təqdim edilir, elmi fəaliyyəti müxtəsər şəkildə nəzərdən keçirilir. Kitabın redaktoru Avrasiya İdarəçilik Elmlər Akademiyasının, Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki, Rusiya Fəlsəfə Cəmiyyətinin həqiqi üzvü, fəlsəfə elmləri doktoru, professor Əziz Məmmədov, elmi məsləhətçisi Heydər Əliyev adına Ali Hərbi Akademiyasının professoru Aydın Abbasov, kompüterdə yazıb tərtib edəni jurnalist Əlövsət Poladdır".

 

Təqdim olunan kitab barədə ətraflı danışmaq üçün söz professor Əziz Məmmədova verildi: "Ələkbər Zahidov zəng edib, amansız ölümün aramızdan vaxtsız apardığı əvvəllər istəkli tələbəm, sonralar həmkarım, yoldaşım, yaxın dostum olmuş qardaşı Təvəkkül Zahidovun barəsində əsər yazmaq istədiyini deyəndə, mənim ona redaktor olmağımı təklif edəndə həm sevindim, həm tərəddüd hissi keçirdim. Sevincimin səbəbi o idi ki, istəkli tələbəmin, yaxın dostumun, həmkarımın xatirəsi əbədiləşdiriləcək, ruhu şad ediləcəkdi. Tərəddüdümün səbəbi isə o idi ki, əyalətdə yaşayan adi bir müəllimin filosof dostum Təvəkkül Zahidovun keçdiyi keşməkeşli həyat yoluna, gəncin elmi fəaliyyətinə, işıqlı xatirəsinə layiqli bir əsər meydana gətirəcəyinə inana bilmirdim. Ancaq Ələkbər müəllim yazdığı əsərin əlyazmasını mənə çatdıranda yanıldığımı başa düşdüm tərəddüd etmədən bu kitaba redaktorluğu boynuma götürdüm. Bu əsər mənə şirin bir dillə qələmə alınmış, qəlbləri riqqətə gətirən həzin, kövrək, bir xatirə, əsil elegiya təsiri bağışladı".

 

Kitabın texniki tərtibatçısı jurnalist Əlövsət Polad dedi ki, bir çoxları  Ələkbər Zahidovun birdən-birə bədii yaradıcılığa keçməsinə, kitab çap etdirməsinə təəccüblənib: "Ancaq burada təəccüblü heç yoxdur. Hər bir insan, canlı varlıq yazılmamış, qələmə alınmamış maraqlı, zəngin bir kitabdır. Kimisi bu kitabı  qələmə almağı, kimisi şirin bir dillə danışmağı, nağıl etməyi bacarır. Ələkbər müəllim bu kitabı "yazmaq"dan daha çox, mənə danışıb, aramla söhbət edib, mən onun dediklərini, danışdıqlarını kompüterin yaddaşına köçürmüşəm".

 

Tanınmış dilçi alim, Bakı Dövlət Universiteti filologiya fakültəsi dekanının 1-ci müavini, professor Tofiq Hacıyev təqdim olunan kitabın diliüslubu barədə danışaraq qeyd etdi ki, "Ömür şərəflə yaşananda" əsəri son dərəcə bədii, lirik bir dillə yazılıb, dərin hissduyğu ilə qələmə alınıb. Bu əsərin diliüslubu, forması və məzmunu bir-birini tamamlayır. Bu da kitabın rahat oxunmasını təmin edir. Bir çox xatirələr, təəssüratlar adama şeir təsiri bağışlayır, insanı düşündürür, duyğulandırır".

 

Kitabın elmi məsləhətçisi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Aydın Abbasov, Bakı Dövlət Universitetinin riyazi kibernetika kafedrasının dosenti Həşim Şəmiyev, vaxtilə Ələkbər Zahidova təhsil aldığı Azərbaycan Pedaqoji Universitetində dərs demiş şair Oqtay Rza, Sayman Aruz, Adilə Nəzər, Nəzakət Məmmədli, Nəbi İbrahimli, Abid Günəşov, Gülqədəm Mirzəzadə, Zabil Pərviz, İmamverdi Zeynalov və başqalarının təqdim olunan kitab barədə dedikləri də maraqla qarşılandı.

 

Görkəmli şair Musa Yaqub zəng vuraraq, "Ömür şərəflə yaşananda" kitabının müəllifi Ələkbər Zahidovu bu dəyərli əsərə görə təbrik etdi.

 

Bədii qiraət ustası Zeynəb Muradovanın ifasında səslənən, Təvəkkül Zahidovun gənc yaşında dünyasını dəyişmiş  qardaşı  Əbülfəz Zahidova həsr etdiyi şeir tədbir iştirakçılarını duyğulandırdı.

 

Təqdimat mərasimində "Ömür şərəflə yaşananda" kitabının həsr olunduğu Təvəkkül Zahidovun elmi fəaliyyətindən geniş bəhs edildi, onun qələmə aldığı kitablarının, elmi məqalələrinin məziyyətlərindən danışıldı.

 

Kitabın müəllifi Ələkbər Zahidov tədbirin təşkilatçılarına, onlara bu şəraiti yaradan rayon rəhbərliyinə, uzaq məsafə qət edərək təqdimat mərasiminə gələnlərə, bütün tədbir iştirakçılarına dərin təşəkkürünü, səmimi minnətdarlığını bildirdi. Tədbir başa çatdıqdan sonra oradakı ziyalılarla Bakıdan gəlmiş qonaqlar arasında fikir mübadiləsi aparıldı, xatirə şəkilləri çəkdirildi. 

 

Ruhəngiz NƏCƏFOVA

Neftçala Heydər Əliyev Mərkəzinin direktoru

525-ci qəzet  2017.- 28 noyabr.- S.8.