Ömrün birinci mərtəbəsi

 

(Xosrov Natilin 60 yaşına)

 

1979-cu ilin dekabrı. O vaxtdan 40 ilə yaxın bir müddət keçir. Onda ağlıma gəldi ki, Azərbaycan Yazıçılar Birliyinin şəbəkəsini rəsmi olaraq genişləndirim. Gəncədə "İlham" adlı ədəbi birliyi qeydiyyatdan keçirdim.

 

Yaradıcı təşkilatın rəhbəri kimi onun möhürü başqa lazımi sənədləri mənə həvalə olundu.

 

Qəzetdə elan verdim. Yer məsələsini həll elədim. İdeyamı səhər Alimlər Ocağında evləşdirdim - reallaşdırdım.

 

İlk yığıncağımız dekabrın 29-da baş tutdu. Üç nəfərin iştirakı ilə yeni yaradılan ədəbi məclis təsis olundu. Bu üç nəfərdən biri indi 60 yaşını qeyd etdiyimiz, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tələbəsi Xosrov Kərimov (o vaxt Natil təxəllüsünü daşımırdı) idi. Zahiri sakitliyi, asta danışığı, yüksək mədəniyyəti ilə seçilən bu qıvrım saçlı gəncin daxilində, sən demə, poeziyaya qarşı sönməz bir həvəs, enerji varmış. Bu enerji onu sənətin çətin, daşlı-kəsəkli yollarından uğurla adladıb bu günə çatdıra bildi.

 

Bu üç nəfərin yandırdığı söz ocağının işığına güclü bir axın başladı. Ağrılı-incikli seçim dövrünə keçdik. Daha istedadlı gənclərin ədəbi-bədii məhsulları qəzet jurnal səhifələrində göründü. Öndə mərkəzi mətbuata xarici aləmə çıxış dururdu.

 

Xosrovla birlikdə fərqlənənlər, ön cərgədə yer alanlar kimlərdi? Gələcəyi bəri başdan bəlli olan bir neçə istedadlı gəncin üzərində dayanacağam. Tanıdıqlarımızla bir tanış olun: Nizami Aydın, Xosrov Natil, Qəşəm Nəcəfzadə, Sərvaz Hüseynoğlu, Musa Urud, Elçin İsgəndərzadə, Eldar İsgəndərzadə, Fərruxə Pərişan, Xəzangül.

 

Təhsildən sonra müxtəlif məkanlı əmək fəaliyyəti başlanır. Bu, labüddür. Seçilən sahələr isə qədər bir-birindən fərqlənirdi. Onlar hansı səmtə, hansı yana getsələr , "İlham" Ədəbi Birliyinin adını özləri ilə daşıyırdılar.

 

Nizami Aydın Qarabağda erməni işğalçıları ilə üz-üzə dayandı. Vətənsevərliyin iki ali məqamından birinə - şəhidliyə qovuşdu. Musa Urud millət vəkili seçilib Milli Məclisə vardı. Qəşəm Nəcəfzadə "Azərbaycan" jurnalında, Sərvaz Hüseynoğlu "Ədəbiyyat qəzeti"ndə, Fərruxə Pərişan "Gəncənin səsi"ndə qərarlaşdılar,  Xəzangül idarəçiliyə üstünlük verdi, Eldar İsgəndərzadənin səsi kinostudiyadan gəldi, Elçin İsgəndərzadə Azərbaycanın Marko Polosu kimi dünyaya səyahətdən doymadı, Xosrov Natil hər saat təlimə yatmayan, ram olunmayan fırtınalı Xəzər dənizini seçdi. Hamısı da neçə-neçə kitabların müəllifi idi. Bu an işığı daha çox Xosrovun üzərinə yönəldirəm. Sanki o, günümüzün yubilyar qəhrəmanıdır.

 

Xosrov Natil özəl xarakterə malik bir qələm sahibidir. Bu xasiyyət ona gah uğur gətirir, gah da "ziyan" vurur. Şöhrətə can atmaq, gözə girmək, zorla özünə birinci sırada yer eləmək onun xasiyyətinə yaddır. O, xeyli arxaya - kölgəyə çəkilməyə üstünlük verir. Halbuki bu hal onun ədəbi istedadı elmi biliyi ilə bir araya sığmır. Xosrov gözəl şair olduğu kimi, gözəl kənd təsərrüfatı mütəxəssisidir. Onun elmi səpkili yazılarını da ləzzətlə oxumuşam. Ona görə ləzzətlə deyirəm ki, alim Xosrov elmi məqalələrini şair Xosrov sözün bədii çalarları ilə süsləyir, zənginləşdirir, əlçəkilməz oxunaqlı hala gətirir. Görünür, müəllif Tanrının ona bəxş elədiyi yaşam tərzinə zorakı yolla düzəliş etmək fikrində deyil.

 

Bu yerdə bir haşiyəyə ehtiyac duydum.

 

Dünənin şagirdi, bu günün müəllimi ona çəkilən ən kiçik zəhməti, qayğını belə unutmur. O, rayona dönəndən sonra uzun illər görüşmədik. Dedim, yəqin isti münasibətlər əriyib, əriyib, yoxa çıxıb. Sən demə, belə deyilmiş. Mənim xəstəliyimlə əlaqədar Bakı tədbirlərinə qatıla bilməzliyim, onun da həyatının keşməkeşli dönəmi münasibətlərə ara verib.

 

Nəhayət, yazıçıların XI qurultayına gələ bildim. Sən demə, yetirməm həmin vaxtlar əmək fəaliyyətini paytaxtla bağlayıbmış. Mənə doğma olan, məni ədəbi müəllimləri sayan, əvvəldən sözləşdiyimiz kimi, dörd nəfər İmişli qələmçisi - Qəşəm, Sərvaz, Valeh Bahaduroğlu Dayandur Sevginlə görüşdük. Onların kiçik fasilələrlə 50 yaşla bağlı tədbirlərində üzrlü səbəbə görə mən iştirak edə bilməmişdim. İndi qurultay bizi bir yerə yığmışdı. Borcu qaytarmağın vədəsi yetişmişdi. Təkid edib onları bu yeyintili-içintili təbrikə razı sala bilmişdim. Elə tərpənmək istəyirdik ki, telefonuma zəng gəldi. Kim olsa yaxşıdır - Xosrov Natil. Sən demə, o, mənim qurultaya gəldiyimi öyrənib, uzun telefon axtarışından sonra müəllimi ilə əlaqə yapa bilib. Harada olduğumu soruşdu. Yerimi dedim. Dedi, "tərpənməyin, bu saat özümü çatdıraram". Onun da dəstəyə qoşulmasına sevindim, iştirakçıların sayı beşə qalxdı.

 

Çox çəkmədən Xosrov özünü yetirdi, görüşüb-öpüşdük. Niyyətimi açdım:

 

- Vaxtında gəlmisən, tələbələrimi razı salmışam ki, onlara yubiley qonaqlığı verim:

 

Xosrov qətiyyətlə dilləndi:

 

- Sizi əbəs yerə aramamışam. Elə şey yoxdur. Gör neçə vaxtdır ki, görüşmürük. Siz mənim qonağımsınız, qonaqlarınız da. Axı, onlar da mənim "sinif" yoldaşlarımdır. Qabaqcadan deyirəm, etiraz qəbul olunmayacaq.

 

Belə qətiyyətli mövqedən sonra etiraza yer qalmamışdı. Üstəlik, bir neçə nəfər dəstəyə qoşuldu.

 

Bundan sonra mütəmadi olaraq Xosrov, istər Bakı olsun, istər Gəncə, ustadı Qərib Mehdinin qulluğunda durdu.

 

Xosrov vətənsevər, haqsevər insandır. Doğruluq, düzgünlük onun həyatının ölçü vahididir. Haqsevərliyə görə qələmi ilə onun arasında heç bir münaqişə olmayıb. O, qələminə yaltaqlıq dadızdırmayıb. Bu səbəbdən də şair sözünün üzünə şax baxa bilir.

 

Yetirməmin həm heca, həm də sərbəst vəzndə xeyli maraqlı şeirlərini oxumuşam. Onun mövzuları həyatın bütün sahələrindən gəlir. Son vaxtlar dəniz mövzulu şeirləri ilə qarşılaşdım. Çox sevindim. Dənizi bizdə az qələm sahibi yazıb.  Zənnimcə, Xosrov borclu olduğumuz bu mövzunu davam etdirməlidir. Yoxsa fırtınalı, təlatümlü və qılıqlı dəniz öz həmkarını bağışlamaz. Keçmiş tələbəm poetik nümunələrinin birində deyir: "Mənə şeir yazmağı Qərib öyrətdi". Narahatlığım da bu inamla bağlıdır. İstər-istəməz onun hər bir qüsurunauğuruna mən də şərik olmalıyam.

 

Mentalitetimizdən qaynaqlanan əxlaqi dəyərlər onun uşaqlara diqqətində, böyüklərə hörmətində, dostlara sədaqətində bütün parlaqlığı ilə təcəssüm olunur. Bax, nümunəni belə adamlardan götürürlər.

 

İndi daha çox çoxmərtəbəli evlər ucaltmağa diqqət yetirirlər. İnsan ömrü də mərtəbəlidir. İxtiyarım olmasa da, gözücü Allahın yazısına nəzər salmışam. 60 il Xosrov Natil ömrünün birinci mərtəbəsidir. Qarşıda onu ömrünün 60 il tutumlu ikinci mərtəbəsi gözləyir.

 

Xosrov, inanıram ki, ömrünün ikinci mərtəbəsi - ikinci mərhələsi də vətənsevərliyinlə, haqsevərliyinlə səciyyələnəcəkdir.

 

26.11.2017-ci il.

 

525-ci qəzet.-2017.-30 noyabr.-S.8.