Bir gün gedəcəyəm mən bu şəhərdən

 

Bir gün gedəcəyəm mən bu şəhərdən

Göyə sovuracaq izimi yellər.

Köksün boğulacaq  acı qəhərdən,

Qəfil qırılacaq ən kövrək tellər.

 

Xatirəm qalacaq hər addım başı,

Hər külək əsəndə ətrim gələcək.

Yağmura qarışıb gözümün yaşı

Göylərdən başına su ələyəcək.

 

Ruhumu isidən qaynar nəfəsin,

Ciyərini söküb bumbuz donacaq.

Bitib tükənəcək ruhun, həvəsin

Həyat kürəyinə yük tək qonacaq.

 

Yerim boş qalacaq kabusa dönüb

Xatirəmlə yatıb oyanacaqsan.

Birbaxacaqsan ocağın sönüb

Soyuq yatağında tək yanacaqsan.

 

Bir gün gedəcəyəm mən bu şəhərdən

Xəbər tutmayacaq nə şəhər, nə sən!

İçəcəyəm həsrət adlı zəhərdən

Məni diriltməyə gecikəcəksən!

 

Həsrət yükü

 

Zülmət çökür diləyimə,

Gecə düşür  ürəyimə

Daş tək qoydun kürəyimə

Ağır gəldi həsrət yükü.

 

Geri dönüb baxa-baxa,

Bağrımı qəm yaxa-yaxa.

Yanağımdan axa-axa

Ağır gəldi həsrət yükü.

 

Yox taqətim daşımağa

Sola atdım, gah da sağa

Batdım bu yüklə qurşağa

Ağır gəldi həsrət yükü.

 

Göz yaşımı silə-silə,

Yalan, saxta gülə-gülə

Xilas eylə, olmur belə -

Ağır gəldi həsrət yükü.

 

Ovut məni, dadıma çat

Çiynimdəki bu yükü at.

Məni bəri başdan yarat -

Ağır gəldi həsrət yükü.

 

Çətin dözüm bu sınağa,

Alışmır can yad qonağa

Gəl bu yükü at qırağa,

Ağır gəldi həsrət yükü.

 

Aradım

 

Ərşə çəkilmiş yuxumu

Gözlərinin qarasında,

Bihuş eyləyən qoxunu

Çiçəklərin arasında aradım.

Səhər günün doğuşunda,

Axşam həzin batışında,

Ulduzların axışında,

Ayın pünhan parasında aradım.

Narından incə telini

İpəklərin xarasında,

Zəhərdən acı dilini

Ürəyimin yarasında aradım.

Aşkarda, sirdə aradım,

Milyonda birdə aradım.

Səni hər yerdə aradım,

İnan hər kəsdə aradım -

Bəzən səmirsiz sükutda

Bəzən da səsdə aradım,

Həyəcanla, coşğu ilə

Dəli həvəsdə aradım.

Gəzib qürbəti, vətəni

Düyünü, toyu aradım.

Bir anda gözdən itəni

Bir ömür boyu aradım.

 

Sənin yerin görünür

 

Ulduzlar sayrışanda,

Gecə şər qarışanda,

Kölgəmlə danışanda

Sənin yerin görünür.

 

Ömrümün bu yaşında,

Kəsəyində, daşında

Ürəyimin başında

Sənin yerin görünür.

 

Yuxularım qarışıb,

Ürək yanıb alışıb.

Həsrət mənlə barışıb

Sənin yerin görünür.

 

Bilsən hicran neylədi.

Könlüm səni dilədi.

Vallah ki bu, belədi.

Sənin yerin görünür.

 

Baharımda, yazımda,

Mahnımda, avazımda,

Alnımdakı yazımda,

Sənin yerin görünür.

 

Tükəndim, bitdim, yoruldum

 

Güman ilə sənə doğru gedə-gedə,

Dedim bəlkə yalanları o tərgidə,

Ümid adlı imkansızı güdə-güdə,

Tükəndim, bitdim, yoruldum.

 

Tufanların, küləklərin arasında,

İstəklərin, diləklərin arasında.

"Kaş ki"lərin, "gərək"lərin arasında

Tükəndim, bitdim, yoruldum.

 

Baş açmadım bu taleyin kələyindən,

Şeytan adlı cəhənnəmin mələyindən,

Cənnət umdum, inan ki bu diləyimdən

Tükəndim, bitdim, yoruldum.

 

Aygün TOĞRULQIZI

 

525-ci qəzet.- 2017.- 4 oktyabr.- S.7.