Strateji Yol Xəritələrinin yarımillik hesabatı açıqlanıb - I yazı

 

CARİ İLİN ALTI AYI ƏRZİNDƏ GÖRÜLƏN İŞLƏRİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ HƏYATA KEÇİRİLİB

 

Prezident İlham Əliyevin 2016-cı il dekabrın 6-da təsdiq etdiyi Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları açıqlanıb.

 

2017-ci ilin ilk altı ayı ərzində "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş tədbirlərin 32 faizinin icrası tamamlanıb, 59 faizinin icrası üzrə işlərə başlanılıb. Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi məqsədilə büdcə qaydalarının parametrləri beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib və razılaşdırılıb, büdcə qaydaları tətbiq olunacağı təqdirdə dövlət və icmal büdcə göstəricilərinə təsiri və yarana biləcək risklər təhlil edilib, habelə proqnoz göstəriciləri hazırlanıb. Həmçinin, Avropa İttifaqı və Dünya Bankı tərəfindən təqdim olunan hesabatlar nəzərə alınmaqla, Ortamüddətli Xərclər Çərçivəsinin və nəticəəsaslı büdcə mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanıb.

 

Makroiqtisadi koordinasiya təmin edilib, məzənnə rejiminin çevikliyi artırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə "Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı" və "Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin restrukturizasiyası həyata keçirilməklə onların tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı" təsdiq edilib. 2017-ci ilin ilk yarım ili ərzində kiçik dövlət müəssisə və obyektlərinin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış 39 sərəncama əsasən, 442 müəssisə və obyektin özəlləşdirilməsi ilə əlaqədar qərar qəbul edilib. 2017-ci il ərzində hərracı baş tutmuş 395 kiçik dövlət müəssisə və obyektinin 221-i, icarəyə verilən 246 qeyri-yaşayış sahəsinin 89-u, ümumilikdə isə 310 müəssisə və obyekt satılıb. "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası", "Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları" və "Dövlət müəssisələrinin idarəetmə orqanlarının üzvlərinə onların fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi ilə ("Performance Based Remuneration System") bonus ödənişlərinin verilməsi qaydası" barədə qərar layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

 

"Daşkəsən Filizsaflaşdırma" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesinə məsləhətçi şirkət cəlb edilib. Müəssisənin özəlləşdirilməsinə maraq göstərən yerli və xarici şirkətlərlə danışıqlar aparılıb, müəssisə ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb, zəruri məlumatlar verilib.

 

Özəlləşdirmə prosesinə yerli və xarici investorların cəlb edilməsi məqsədilə potensial investorlara dair mövcud məlumat bazası genişləndirilib, bu şirkətlərin fəaliyyət profili, rəhbər şəxsləri, rekvizitləri və bir sıra digər məlumatlar dəqiqləşdirilib, yeni məlumatlar əlavə olunub. Özəlləşdirmə prosesinə investorların daha fəal cəlb edilməsi sahəsində əməkdaşlıqla bağlı Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə əməkdaşlıq haqqında memorandumun imzalanması təmin edilib, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə yaxın əməkdaşlıq qurulub, yerli və xarici biznes forumlarda özəlləşdirmə layihələri təqdim edilib. Ölkədə insan kapitalının inkişafı məqsədilə təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi istiqamətində görülən tədbirlər çərçivəsində məktəbəhazırlıq qrupları təşkil edilib, təhsilalanlar və müəllimlər üçün tədris vəsaitləri hazırlanıb, müəllim və rəhbər heyət üçün ixtisasartırma imkanları təmin edilib.

 

Ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək səriştələrə yiyələnmək imkanı yaratmaq məqsədilə ötən tədris ilində tam orta təhsil səviyyəsində təmayüllər üzrə təhsilin əhatə dairəsi genişləndirilib. Bundan əlavə, təhsil müəssisələrinin fiziki və texnoloji infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülüb. İlk peşə-ixtisas təhsili müəssisələrində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin tabeliyində olan 109 peşə təhsili müəssisəsinin (cəzaçəkmə müəssisələrində yerləşən və fəaliyyəti dayandırılan 14 müəssisəni çıxmaqla) 90 faizinə, yəni 86 müəssisəyə baxış keçirilib, Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin dövlət standartları layihəsi, eləcə də əmək bazarının tələblərinə uyğun orta ixtisas təhsili pilləsinin yeni dövlət standartlarının layihəsi hazırlanıb. 2016-cı il və 2017-ci ilin birinci yarım ili ərzində 158 sahibkarlıq subyektinə (141 hüquqi şəxs, 17 fərdi sahibkar) 169 investisiya təşviqi sənədi təqdim olunub.

 

Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiyanın müvafiq işçi qrupu tərəfindən Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanaraq, Komissiyaya təqdim edilib. Bundan əlavə, Komissiya tərəfindən müəyyən edilmiş iqtisadi və biznes profilli 5 beynəlxalq reytinqdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində yaradılan işçi qruplarla mütəmadi görüşlər keçirilib, təklif və layihələr müəyyənləşdirilərək, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Bununla yanaşı, "Doing Business" hesabatına daxil olan 8 indikator üzrə qanunvericiliyə dəyişikliklər edilib, reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlər görülüb.

 

"Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, dövlət xidmətlərinin "ASAN xidmət indeksi" üzrə qiymətləndirilməsi istiqamətində işlər görülüb. "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı"nın layihəsi, "Standartlaşdırma haqqında" yeni qanun layihəsi, eləcə də istehlak bazarında qeyri-qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda, "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti qurumlara göndərilib.

 

Cari ilin ilk altı ayı ərzində "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə isə müəyyən edilmiş tədbirlərin 11 faizi icra edilib, 40 faizinin icrasına başlanılıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsullarının istehsalı 2,2 faiz, o cümlədən, bitkiçilik məhsullarının istehsalı 1,7 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz artıb. Əkinlərin ümumi sahəsi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 faiz artım qeydə alınıb. Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması ilə əlaqədar təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.

 

Qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. "Qida təhlükəsizliyi haqqında" qanunun layihəsi və "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın layihəsi hazırlanıb. "Azərbaycan Respublikasında maldarlığın intensiv inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın və "Azərbaycan Respublikasında örüş-otlaq sahələrinin və biçənəklərin səmərəli istifadə olunmasına dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın layihəsi hazırlanıb. Toxumçuluq haqqında Azərbaycan Respublikasının yeni qanun layihəsi beynəlxalq ekspertlərlə birgə işlənilib müzakirəyə təqdim edilib. Kənd təsərrüfatı sığortası haqqında yeni Qanun layihəsi hazırlanaraq rəy bildirilməsi üçün müvafiq dövlət orqanlarına təqdim edilib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2017-ci ilin 6 ayı ərzində 2 aqroparka 11,5 milyon manat güzəştli kredit vəsaiti ayrılıb.

 

Kənd təsərrüfatı məhsullarının daxili bazardakı ticarəti üzrə uçot göstəriciləri ilə bağlı tənzimləmə sisteminin hüquqi əsaslarının təkmilləşdirilməsi üçün dünya təcrübəsi araşdırılıb və işçi qrupun iclasında bununla bağlı təkliflər irəli sürülüb. Yerli istehsalın dəstəklənməsi və daxili bazarın qorunması məqsədilə respublikamızla sərbəst ticarət sazişi olmayan ölkələrin üstünlük təşkil etdiyi bir sıra malların (pomidor, xiyar) idxalına tətbiq olunan gömrük rüsumlarının 2 il müddətində artırılmasını nəzərdə tutan qərar layihəsi hazırlanıb və məktubla Nazirlər Kabinetinə təqdim olunub. Kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən ardıcıl olaraq 3 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə, həmin torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi əsasının yaradılması üçün Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əlavə edilməsi barədə qanunun layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.

 

Bu dövr ərzində "Aqrolizinq" ASC tərəfindən 3525 kənd təsərrüfatı texnikası, o cümlədən, 9 taxılyığan kombayn, 9 pambıqyığan kombayn, 681 traktor və 2826 digər texnika 525 hüquqi və fiziki şəxsə lizinqə verilib və ya lizinq yolu ilə satılıb. Sumqayıt şəhərində yerləşən Karbamid zavodunun tikintisi davam etdirilir. Ölkənin aparıcı şirkətlərindən biri ilə Azərbaycan Dövlət Aqrar Universiteti və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, digər şirkətlər ilə əməkdaşlıq sahəsində də Memorandumun imzalanması gözlənilir.

 

"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin fəaliyyətinin səmərəli təşkili üçün yeni regional bölmələr, anbarlar, dayaq məntəqələri və logistika infrastrukturu yaradılıb. Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Portalı (www.aqrarbazar.az) hazırlanıb, eləcə də kənd turizminin inkişaf etdirilməsi və fəaliyyətinin dəstəklənməsi məqsədilə yeni elektron portal (www.ruraltourism.az) yaradılıb.

 

"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə ümumilikdə 79 şirkətin iştirakı ilə 5 ölkəyə ixrac missiyaları həyata keçirilib. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövcud qanunvericilik beynəlxalq ekspertlərin texniki yardımı ilə qiymətləndirilib, qanunvericilikdə dəyişikliklərə dair müvafiq tövsiyə və təkliflər hazırlanıb. Ölkənin 20 rayonunda torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb və ya çöl ölçmə işləri əsasən tamamlanıb. Eyni zamanda, 7 rayonda torpaq uçotu məqsədilə ölçmə işləri davam etdirilir. Kənd təsərrüfatına dövlət dəstəyi sahəsində dünya təcrübəsi araşdırılıb. Şəkər çuğunduru istehsalçılarına əkin sahəsinə görə verilən subsidiyanın ləğv edilərək, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilən şəkər çuğundurunun miqdarına (son məhsula) görə subsidiyanın verilməsi qaydalarının layihəsi hazırlanaraq təsdiq edilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına suvarma suyunun güzəştli satışı ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanıb. Beynəlxalq tərəfdaşlarla birgə regionlarda icma səviyyəli gəlirgətirən layihələr icra olunub. Bundan əlavə, kənd yerlərinin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı layihəsinə təkliflərin verilməsi məqsədilə müvafiq dövlət qurumlarına və yerli icra hakimiyyətlərinə məktublar göndərilib.

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2017.- 4 oktyabr.- S.3.