Bakıda kitab qoxulu üç gün

 

 

 

 

Sentyabrın sonu yaxınlaşsa da, yay çəkilib getmək istəmir, payız isə təzə gəlin kimi özünü göstərməyə utanırdı elə bil. Amma qışda yayı, yayda qışı arzulayan insan oğlu yenə o qədər şikayət etdi ki, yenə günəşə "sabahadək" - deyib yatdığımız gecənin səhərini küləyə, yağışa, soyuğa oyandıq.

 

Bircə gecənin içərisində yay sanki əlləri uzanıqlı payızı görməyib, bizi birbaşa qışın qoynuna atmışdı. Qısaqol köynəkdən birbaşa qalın gödəkçəyə keçməli olmuşduq.

 

Elə soyuqla çaşqınlığın bir-birinə qarışdığı günlərdə dadımıza yenə də öz isti nəfəsi ilə kitab çatdı. Sentyabrın son üç günündə günəş yenidən gülümsədi üzümüzə: bu dəfə kitabların arasından.

 

Sentyabrın 28-dən 30-dək paytaxtımız kitabların nəfəsilə isindi, kitab qoxusuna bələndi. Bu nəfəsin və qoxunun bir araya toplanıb qüvvətləndiyi məkan isə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası, bu möhtəşəm tədbirin keçirildiyi Bakı İdman Sarayı idi.

 

 Üç gün ərzində mətbuatda, sosial mediada ara vermədən bu sərgi yarmarkanın xəbərləri yayıldı. 15-dən çox yerli, 40-dan çox xarici nəşriyyat, çap, poliqrafiya mərkəzlərinin, kitabxanaların qatıldığı sərgi- yarmarka "insanımız kitab oxumur", "cəmiyyətimiz mütaliədən uzaq düşüb" fikirlərini iflasa uğratdı deyə bilərik. Sevindirici haldır ki, Bakı İdman Sarayında keçirilən sərgini üç gün ərzində yüzlərlə, minlərlə paytaxt sakini və xarici qonaqlar ziyarət etdilər.

 

Həm jurnalist, həm gənc yazar, həm də kitabsevər kimi mənim üçün bu sərgi göydəndüşmə idi desəm, yalan olmaz. Üç gün ərzində Bakı İdman Sarayının zallarını bir-birinə vurub tədbirlərə, imza günlərinə, yazarlarla görüşlərə qatılmaq, hər iki tərəfində kitabların sərgiləndiyi dar dəhlizlərdən keçmək, baxdığın hər yerdə sənə gülümsəyən kitablar görmək, saatlarla kitab sevən, mütaliə həvəskarı insanların ətrafında olmaq anladılası deyil, yaşanılası zövqdür.

 

Elə də geniş şəraiti olmayan evin hər görünən, görünməyən künc-bucağına kitablarını dolduran, getdiyi hər yerdən əlində ən az bir-iki kitabla qayıdan, hətta özünə çatacaq balaca bir yerə belə kitablarını yerləşdirən qızınız, ya da ailə üzvünüz olsa, nə edərdiniz? Bu mənada ailəmə böyük səbir yiyəsi deyə bilərəm. İllərlə bircə otaqlı mənzildə mənim mindən çox kitabım dörd nəfərlik ailəmizin beşinci üzvü kimi olub. Onlar oxumadıqları kitablarımı mənimlə birgə qoruyub, saxlayıblar. Ancaq zaman keçdikcə, yaşım və təhsilim artdıqca kitablarımın sayı da artmağa başladı. İndi onları qoymağa yer olmadığından, təbii ki, haqlı etirazları ilə qarşılaşıram. Buna görə də son zamanlar maksimum dərəcədə az kitab almağa çalışıram. Nə qədər müvəffəq olduğum isə bir ayrı söhbətin mövzusudur. Di gəl bu qədər kitabın və kitablara tətbiq olunan endirimlərin qarşısında dinc dayan görüm, necə dayanırsan. Nə zamandır əldə etmək, oxumaq istədiyin kitabların qiymətləri bu qədər ucuzkən, fürsət önünə qədər gəlmişkən bir həmlə ilə geri itələmək olardımı? Olmazdı! Ailəm məni bağışlasın!

 

Endirim demişkən, sərgi-yarmarka, əlbəttə ki, öz endirimli qiymətləri ilə də seçilməli idi. Burada bütün nəşriyyatlar, kitab evləri öz nəşrlərinə 20-70 faiz arasında endirim etmişdilər. Qısacası, sərgi-yarmarkada hər yaş, hər sahə və ən vacibi hər büdcə üçün kitab tapmaq mümkün idi. Yetər ki, marağın və həvəsin olsun.

 

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası bu çərçivədə keçirilən tədbirlərlə, imza günlərilə də yadda qaldı. Üç gün ərzində bir sıra tanınmış şair və nasirlərin, gənc yazarların oxucularla görüşləri soyuq payız günlərində ilıq aura yaratdı. Ən çox xoşuma gələn isə özünün azyaşlı övladları ilə birgə bu sərgiyə qatılan ailələr oldu. O uşaqların kitaba marağı, hər gördükləri ilə bağlı valideynlərinə verdikləri suallar, əllərində sevinclə yellədikləri şəkilli kitablar ölkəmizin sağlam gələcəyinə olan ümidləri bir az da artırırdı. İndi bir şey anlamadan anasının, atasının qucağında hansısa tanınmış yazarla şəkil çəkdirən balaca körpə əminəm ki, bundan beş və ya on il sonra o şəkilə baxanda qürur hissi keçirəcək, həmin yazarın əsərlərini başqa maraq və sevgiylə oxuyacaq.

 

Sərgi-Yarmarka çərçivəsində keçirilən maraqlı tədbirlərdən biri də Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin təşkilatçılığı ilə "Nəşriyyat işi sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı" adlı konfrans oldu. Konfransda hər iki ölkənin tanınmış naşirlərinin iştirakı ilə nəşriyyat işi, kitab çapı, tərcümə ilə bağlı müxtəlif mövzuların müzakirəsi keçirildi, irad və təkliflər səsləndirildi, gələcəkdə birgə əməkdaşlıq sahəsində ilkin addımlar atıldı.

 

Bütün günlərdə oxucu marağı yetəri qədər hiss olunan sərginin son günündə insanların sayı xüsusən çox idi. Sentyabrın 30-da Bakı İdman Sarayında bir başqa canlanma var idi. Həmin gün oraya təkcə gənclər deyil, yaşlı nəslin nümayəndələri, uşaqlar, ziyalılar, tanınmış ədəbiyyat adamları, gənc yazarlar da toplanmışdı. Saat 14:00-da isə həmin izdiham bir nöqtəyə üz tutdu - "Qanun" nəşriyyatının stendinə. Əlbəttə, bu da səbəbsiz deyildi. Həmin saatda şair Ramiz Rövşənin oxucularla görüşü və "Nəfəs" kitabının imza mərasimi keçirilirdi. Artıq bir neçə gündür ölkə mediasına səs salan bu görüş mənim yaddaşımda bir xalqın öz  şairinə böyük məhəbbətinin göstəricisi kimi qaldı.

 

Azərbaycan poeziyasının böyük nümayəndəsi olan şairlə görüş həmişə səs-küylüdür, özü özlüyündə bir hadisədir. Çünki Ramiz Rövşən ruha yaxın misraları ilə el dilində desək, "yeddidən yetmişə" bütün oxucuların sevgisini, məhəbbətini qazanıb. Bunun yalnız sözdə belə olmadığını 30 sentyabr günü Bakı İdman Sarayının böyük zalında Azərbaycan oxucusu bir daha sübut etdi.

 

Ramiz Rövşən elanda göstərilən vaxtda sarayının giriş qapısında gülümsər çöhrəsi ilə göründü. Artıq dəqiqələr, hətta saatlardır əllərində "Nəfəs" sevimli şairlərinin yolunu gözləyən insan ordusu bir andaca stendin qarşısında şairi əhatəyə aldı. Hər kəsdən kənarda, hündür bir yerdə bu mənzərəni seyr edən mən isə Ona yaxınlaşan, sevgisini bildirən hər kəsə böyük təmkin və gülər üzlə qarşılıq verən şairi bir daha kəşf etmək şansı qazandım. Görürdüm ki, satıcıların, nəşriyyat işçilərinin və təyin olunmuş şəxslərin növbəni pozan, şairlə bir neçə saniyə, dəqiqə daha artıq vaxt keçirmək üçün onu söhbətə tutan oxuculara acıqlanması, bir az kobud danışıqları Ustadı narahat edir. Özü tez-tez onlara "eləməyin", "incitməyin", "qarışıqlıq salmayın", "eybi yoxdu" sözləri ilə iradını bildirməyə çalışırdı. Və o sirli-sehrli təbəssüm üzündən heç çəkilmədən....

 

Görüşün mənim üçün ən yaddaqalan məqamı isə qucaqlarında 2-3 yaşlı qızla şairə yaxınlaşan cütlük idi. Onların əllərində bir şəkil diqqətimi çəkdi. Deyəsən, toy şəkli idi. Böyük izdihamı yararaq şairə yaxınlaşan cavan ana həmin şəkili şairə göstərərək dedi:

 

- Ramiz müəllim, dörd il öncə siz bizim toyumuzda qonaq kimi iştirak etmiş, bizə xeyir-dua vermişdiniz. İndi isə biz sizinlə görüşə üç nəfər gəlmişik...

 

Xanım bu sözləri deyərkən yoldaşı qucağında uşaqla onlara yaxınlaşır. Şair gülə-gülə şəkili xanımın əlindən alıb baxır və təbəssümlü siması daha da xoş cizgilər alır. Gənc ailə kitab imzalatdırır, sonra şəkil çəkdirmək istəyirlər. Bu dəfə şair ailənin balaca üzvü olan qızcığazı qucağına alır. Və beləcə daha bir tarixi foto yaranır...

 

Bu gözəl mənzərəni seyrindən məni həyəcanlı bir səs ayırır. Təşkilatçı bir xanım təlaş içində telefonla danışır: "Burada kitablar bitib, camaat çoxdur, tez nəşriyyatdan kitab göndərin". Sonra isə kitab üçün əlini ona uzatmış insanlara: "Kitab bitib, buradakılar imzaladana qədər nəşriyyatdan kitab gətirəcəklər, səbrli olun" - deyirdi. Mən də o səbrli olmalılar sırasındayam... Nəhayət, gözlədiyimiz kitabın yeni nüsxələri gətirildi. Mən də daxil, oradakıların bir qismi öz yeni kitablarına qovuşdular, alıb imzalatdılar, şairlə şəkillər çəkdirdilər. Ancaq bu da kifayət etmədi. Nəşriyyatdan yenə kitab gətirildi və onlar da bitdi. Sonra yenə. Bu proses bir neçə dəfə təkrarlandı.

 

Elə həmin saatlarda Sərgi-Yarmarka çərçivəsində çağdaş ədəbi mühitimizin tanınmış nümayəndələri Pərvin, Şəhriyar del Gerani və Fərid Hüseynlə görüş başlandı. Oxucuları Ramiz Rövşənin ətrafında, şairi isə onların sıx əhatəsində və kitablarını imzaladığı yerdə qoyub qalxdım mətbuat zalına. Burada da hər tərəfdə sözün, ədəbiyyatın, kitabın qoxusu var idi. Hər üç gənc yazar böyük səmimiyyətlə ədəbiyyat barədə, yaradıcılıqları haqqında danışırdılar. Pərvin xanım özünəməxsus yumor və hazırcavablıqla görüşə yön verir, Şəhriyar del Gerani və Fərid Hüseyn seçmə şeirlərini oxuyurdular. Bu görüşün ən yaddaqalan tərəfi isə qonaqlarla yazarlar arasında yaranmış isti münasibət idi. Hər kəs çəkinmədən onu maraqlandıran sualları yazarlara ünvanlayır, onlar da bəzən yumoristik, bəzən ciddi şəkildə sualları cavablandırırdılar.

 

Xeyli çəkən bu görüşün ardından, sərgi-yarmarkanın böyük zalda keçiriləcək bağlanış mərasiminə qatılmaq üçün aşağı düşəndə gözlərimə inanmıram: Ramiz Rövşən, yenə üzündə o möcüzəli təbəssüm, hələ də oxucuları üçün kitab imzalayır, şairlə şəkillər çəkdirilir. Beləcə, Ramiz Rövşənlə iki saatlıq nəzərdə tutulmuş görüş dörd saata yaxın davam edir. Axıra yaxın insanların bir qədər seyrəlməsindən istifadə edib yenidən şairə yaxınlaşdım. Bu dəfə məqsədim kitab imzalatmaq, şəkil çəkdirmək deyil: həm qəzetimiz üçün, həm də öz marağım üzündən şairlə qısaca söhbətləşmək, təəssüratlarını öyrənmək istəyirəm. Şairin simasına, gözlərinə ani baxmaq onun ruh halını, təəssüratlarını öyrənməyimə bəs edir: Şairin üzünə bambaşqa bir nur, gözlərində təsvirəgəlməz parıltı görürəm. Hiss olunur ki, bu qədər böyük sevgi, bu qədər diqqət onu çox sevindirib, həm də deyəsən, azacıq kövrəldib: "Bu izdiham yalnız mənə, mənim yaradıcılığıma deyil, ümumilikdə Azərbaycan ədəbiyyatına diqqətin təzahürüdür" - deyərək, yenə də təvazökarlığından qalmır.

 

Azərbaycan Milli Kitabxanasının stendinə yaxınlaşıram. V Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkasının yekun mərasimi-mükafatlandırma məhz bu stenddə təşkil olunub. Bütün nəşriyyatların nümayəndələri buradadır. Hamısının bir əlində diplom, bir əlində qızılgül, gözlərində isə sevinc işartıları.

 

Bu məqamda, qəzetimizin redaktoru Seyfəddin Hüseynli ilə ayaqüstü bir dialoqumuz olur. Seyfəddin müəllim müşahidələrimi xəbər alır, əhval-ruhiyyəmlə maraqlanır. Mən də həvəsə düşüb danışır, bəlkə də müəllimin özünün görüb-bildiklərini təzədən təkrarlamış oluram. Sonda isə ərkyanalıqla: "Müəllim, tədbirlərdən macal olmayıb, səhərdən ac-susuzam, tamam əldən düşmüşəm" - deyirəm. Seyfəddin müəllim gülümsəyib, nitqinin bəlli ahəngi ilə:

 

- Heç nə olmaz, bu gün də kitabların qoxusu ilə qidalan, - deyir.

 

Bu sözlər mənə sanki diqqətimdən qaçan, vacib bir həqiqəti xatırladır: anlayıram ki, təkcə bu gün yox, son üç gün ərzində, doğrudan da, kitabların qoxusu ilə qidalanmışam. Bu misilsiz, əsrarəngiz qoxu təkcə cismimi deyil, ruhumu da qidalandırıb, mənəvi toxluğum fiziki aclığıma üstün gəlib...

 

Beləcə, üç günlük kitab bayramı bitir və mən yüksək əhvalda, əlimdə iki zənbil kitabla evə qayıdıram. Atam məni görüb dodaqaltı gülür: "Yenə nə kitablardır belə, yığıb gətirmisən?.."

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 5 oktyabr.- S.7.