Əlimərdan bəy Topçubaşovun
İstanbul görüşləri
Azərbaycan Xalq Cümhuriyyəti - 100
1918-ci
ilin payızında İstanbul Osmanlı imperiyasının
paytaxtı olandan bəri bəlkə də özünün ən
kədərli, hətta
deyərdim ki, həqir və məğmun
dövrünü yaşayırdı. Anadolu
türkünün dünyanı qorxuya salan qüdrətli
dövrü arxada qalmışdı.
Get-gedə kiçilən imperiya Birinci Dünya
müharibəsində daha sarsıdıcı məğlubiyyətə
uğramışdı. Türk əsgərinin qanı bahasına
alınan torpaqlar bir-bir əldən
çıxmışdı. Hətta
türk şəhəri, Osmanlı paytaxtı kimi qalmaq
baxımından İstanbulun özü ciddi təhdid və təhlükələrlə
üzləşmişdi.
Amma sevinc
və təsəlli doğuran hadisələr də
vardı...
“Düşmən çəkmələrinin
tapdağı altında qalan İstanbul yeni türk dövlətinin
səfirini həyəcanla bağrına basdı. Azərbaycanın
müstəqilliyi türklüyü bürümüş
qaranlıq içərisində işıq tək
parlamışdı. İstanbulun ziyalı türkləri
matəmlərinin bir təsəllisini də bu yeni dövlətin
bayrağında və onu Türkiyədə təmsil edən
insanın şəxsiyyətində tapmışdılar” - Azərbaycan
əsilli görkəmli türk yazıçısı və
dövlət xadimi Səməd Ağaoğlu bu sətirləri
Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfiri,
görkəmli yazıçı və diplomat Yusif Vəzir
Çəmənzəminli haqqında söyləmişdi.
Amma eyni sözləri tam əsasla, həm də daha
böyük əminliklə diplomatiyamızın
ağsaqqalı Əlimərdan bəy Topçubaşova, onun
Osmanlı paytaxtındakı geniş, hərtərəfli fəaliyyətinə,
az bir müddət ərzində türk cameəsində qazandığı böyük
hörmət və ehtirama şamil etmək
mümkündür.
Əlimərdan bəy yuxarıda da qeyd etdiyim kimi,
Türkiyəyə bu ölkənin ən ağır, çətin
zamanlarında gəlmişdi. Mərkəzə
göndərdiyi məktubların birində də qeyd etdiyi
kimi, “burada ictimai fikir mövcud olsa da, heysiz, süst və
dumanlı şəkildə idi. Bu
dağınıqlıq, qətiyyətsizlik içində
aparıcı əhval-ruhiyyəni seçmək çətin
idi”. Ona görə də artıq laxlamış, hətta
süqutun bir addımlığındakı hakimiyyət
kürsülərində biri-birini əvəz edən
Osmanlı məmurları ilə görüş və
söhbətlərində Əlimərdan bəy yalnız Azərbaycanın
deyil, eyni zamanda, özünü övladı
saydığı Türkiyənin də xilas yolları
haqqında düşünür, ürəkdən gələn
bir səmimiyyətlə bu barədə Vətəninin siyasi
xadimləri ilə həsbi-hal edirdi. Bu hisslər baş nazir Fətəli
xan Xoyskiyə göndərdiyi 15 oktyabr 1918-ci il tarixli məktubdakı
aşağıdakı sətirlərdə ürəyin dərinliklərindən
gələn, dəqiq və təsirli əksini
tapmışdı: “Türk xalqının maraqlarının
müdafiəsi uğrunda həyatını qurban verməyə
hazır olan bir türk
kimi İstanbulda keçirdiyim bir ayın yekununda
varılan son dərəcə kədərli və ürək
ağrıdan nəticələri Sizinlə bölüşmək
mənə olduqca çətindir. Çox istərdim
ki, yanlışlığa yol verim və səhvimi düzəltsinlər.
Lakin eyni zamanda, həqiqətə bütün
çılpaqlığı ilə, qorxmadan, açıq nəzərlərlə
baxmaq istərdim. Burada gördüklərim,
aşkara çıxardıqlarım barədə dəqiq təsəvvür
əldə etmək və Sizə də düzgün məlumat
vermək istərdim”.
Sanki Qurtuluş Savaşının ayaq səslərini
eşidən Əlimərdan bəy vəziyyət nə qədər
çıxılmaz olsa da, Türkiyənin, türk
xalqının yaxın gələcəyini qaramsar
görmürdü, əksinə, türk millətinin
toparlanıb öz sözünü deyəcəyinə,
düşmənlərə layiqli cavab verəcəyinə
inanırdı. Bunu yenə də İstanbuldan yazdığı
aşağıdakı sətirlərdən də görmək
mümkündür: “Cərəyan edən hadisələr
türk xalqının 600 illik əzab və iztirab tarixidir. Bu
xalqda nə qədər yaşarılıq, nə qədər
həyat eşqi var! Fenomenal hadisədir! Gözümüz
önündəkilər bizə də heç vaxt ruhdan
düşməmək, af-uf etməmək, belə bir
xalqın kiçik qardaşı adlanmağa layiq olmaq
üçün güc, qüvvə verməlidir və
düşünürəm ki, verir”.
O,
türk rəsmiləri ilə danışıqlarda tək Azərbaycan
Xalq Cümhuriyyətinin deyil, həm də qüvvə və
imkanları daxilində hər tərəfdən atəş
altında qalan Türkiyənin də maraqlarının
müdafiəsinə hazır olduğunu dəfələrlə
bəyan etmişdi. Əlbəttə, bu konkret
addımlardan daha çox iki xalqın məqsəd və məram
birliyini ifadə edən simvolik jest idi. Çətin
şəraitdə Azərbaycana qardaş əli
uzatdığına görə Türkiyəyə dönə-dönə
minnətdarlıq bildirən Əlimərdan bəy lazımi məqamlarda
prinsipiallıq göstərməyi, ölkəsinin
maraqları keşiyində cəsarətlə dayanmağı
da bacarırdı. O, Azərbaycanın dövlət
müstəqiliyinin atributlarından biri kimi Osmanlı
imperiyasının qonşu Gürcüstan və Ermənistanda
olduğu kimi, Bakıda da diplomatik nümayəndə səviyyəsində
təmsil edilməsi məsələsini dəfələrlə
qaldırmışdı. Yaxud Osmanlı imperiyasının
1918-ci il oktyabrın 30-da Antanta dövlətləri ilə
imzaladığı Mudros barışıq
anlaşmasında Azərbaycanın
daxili işlərinə müdaxilə anlamına gələn maddələrin
özünə yer tapmasına ən müxtəlif səviyyələrdə
kəskin və inandırıcı
etirazını bildirmişdi.
Zənnimcə,
1918-ci ilin oktyabrından 1919-cu ilin mart ayına qədər
Əlimərdan bəy Topçubaşovun Azərbaycan Xalq
Cümhuriyyətinin fövqəladə və səlahiyyətli
naziri kimi İstanbuldan Bakıya göndərdiyi məktub və
məlumatlar, arayış və söhbət yazıları həm
Türkiyə, həm də Azərbaycan diplomatiyasının
XX əsrin əvvəllərindəki tarixini,
qarşılıqlı əlaqələrini öyrənmək
baxımından olduqca mühüm sənədlədir. Digər tərəfdən onlar mürəkkəb
tarixi mərhələdə Azərbaycan-Türkiyə siyasi
münasibətlərinə işıq salır, hadisə və
proseslərə onların fəal
iştirakçısının, mühüm oyunçularından
birinin nəzərləri ilə baxmağa imkan yaradır.
Artıq qeyd edildiyi kimi, sənədlərin
orijinalı rus dilində qələmə alınıb, rusca
“Diplomatiçeskie besedı v Stambule” (Bakı, 1994) və
A.M.Topçibaşev. İzbrannıe soçineniya (4
cilddə, Bakı, 2015-2016) kitablarında çap olunub. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd
etməyə hazırlaşdığımız ərəfədə
həmin sənədlərdən bəzilərini rus dilindən
tərcümədə Azərbaycan (və türk!) oxucularına
çatdırmağı məqsədəuyğun saydım.
Budapeşt,
sentyabr, 2017-ci il
Əlimərdan
bəy Topçubaşovun Türkiyə sədrəzəmi
İzzət paşa ilə söhbətinin yazısı
21 oktyabr
1918-ci il
Saat 14.15
Babi-Ali
binası
Görüşə kapitan Kuquşevin müşayiəti
ilə gedirəm. Babi-Alinin girişində Şərq
şöbəsinin məmuru Sadəddin bəy
qarşılayır. Qəbul
otağına keçirik. Burada sədrəzəmin yavəri
asta səslə soruşur: “Gələn Azərbaycanın
naziri və səfiridir?” Sadəddin bəy təsdiqedici
ahənglə başını tərpədir. Yavər qapının arxasına keçir və dərhal
geri qayıdıb mənə müraciətlə “Buyurun” -
deyir.
Mən. İcazə verin, zati-alinizə özümü
təqdim etmək şərəfinə nail olum. Azərbaycan hökumətinin
üzvü, Dər-Səadətə (Səadət
Qapısı, Şərq ölkələrində İstanbula
verilən ad- V.Q.), Vyana və Berlinə Azərbaycanla
bağlı bütün məsələlər üzrə
danışıqlar aparmaq üçün xüsusi səlahiyyət
verilmiş fövqəladə və səlahiyyətli nazir... Mandatım Xarici işlər nazirliyinə təqdim
olunub, Hərbi nazirliyin Şərq şöbəsində də
surəti var. Artıq üç həftəyə
yaxındır ki, buradayam. Keçmiş sədrəzəm
Tələt paşa, Ənvər paşa və digər nazirlərlə
görüşüb danışmaq şərəfinə
nail olmuşam. İndiyə qədər
özümü sizə də təqdim etmək
üçün fürsət gözləyirdim. İcazə verin, ilk növbədə yüksək
sədrəzəm vəzifəsinə təyin
olunmağınız münasibəti ilə təbriklərimi
çatdırım.
İzzət
paşa: Çox minnətdaram. Burada özünüzü necə
hiss edirsiniz? Əvvəllər heç
İstanbulda olmusunuzmu?
Mən:
Diqqətinizə görə təşəkkür edirəm.
İstanbulda ilk dəfə 18 il əvvəl
olmuşam. Aradan keçən müddət ərzində
bütün sahələrdə böyük dəyişikliklər
baş verdiyini deyə bilərəm.
İzzət
paşa: Bəli, vaxt çox sürətlə keçir, hər
şey dəyişir. İndi isə zamanın
günlərlə deyil, hətta saatlarla dəyişdiyini
görürük. Baxın, dünən vəziyyət
necə idi, bu gün nə baş verir... Dünən
elə vəziyyətdə idik ki, özümüzü qismən
yaxşı hiss edə bilirdik. Bu gün isə...
məğlub durumdayıq. Ümumi
maraqlarımızı qorumaq üçün gərək
birlikdə çalışaq. Heç kəsə
sirr deyil ki, sizin Azərbaycanı sevirik. İndiyə
qədər onun uğrunda bacardığımızı eləmişik.
Mən:
Zati-Aliləri, icazə verin sizi əmin edim ki, bütün azərbaycanlıların
ürəyi ölkəmizə etdiyi yaxşılıqlara
görə türk hökumətinə minnətdarlıq hissləri
ilə doludur. Müstəqilliyimizə və rus
ağalığından nicat tapdığımıza görə
də bir çox cəhətdən böyük
qardaşımıza - Türkiyəyə borclu olduğumuzu əsla
unutmuruq. İndiyə qədər bir dövlət kimi Azərbaycanın
Türkiyədən
gördüyü xeyirxah diqqət mənə rəhbərlik
etdiyiniz yeni hökumət kabinetinin timsalında həmin
münasibətin bundan sonra da dəyişməz
qalacağını düşünmək cəsarəti
verir. Yəqin ki, əvvəllər olduğu
kimi, indi də, gələcəkdə də hökumətimiz
müxtəlif sahələrdə bunca ehtiyac duyduğu
yardım üçün yenə sizlərə arxalana bilər.
İzzət
paşa: Təbii, təbii! Böyük qardaş həmişə
əlindəki bütün imkanlarla kiçik qardaşına
kömək edəcək, kömək etməlidir... Lakin özünüz yaxşı
görürsünüz ki, şərait necə dəyişib.
Bizim müttəfiqlərin də vəziyyəti
kəskin şəkildə pisləşib. Söz sahibi indi biz yox, prezident Vilson və onun tərəfdarlarıdır.
Ona görə də indi bacardığımız
qədər maraqlarımızın qorunmasına
hazırlaşmaq lazımdır. Və bu
işi birlikdə görməliyik. Çox
güman ki, tezliklə vəziyyət aydınlaşacaq.
Siz burada olun, şərait tələb eləyəndə birlikdə hərəkət
edəcəyik.
Mən:
Elə mən də sizi narahat etməyə ona görə cəsarət
göstərdim ki, həmişə xidmətinizə hazır
olduğumu deyim. İmkan yarananda həm Azərbaycan,
həm də Türkiyə üçün
bacardığım qədər faydalı olmaq istədiyimi
diqqətinizə çatdırım. Çünki
Azərbaycanın gələcəyi Türkiyənin rifah və
qüdrətindən asılıdır. Bizim
müstəqil Azərbaycan dövləti Türkiyənin sayəsində
ərsəyə gəlib və yenə onun sayəsində
mövcudluğunu sürdürmək niyyətindədir.
Ona görə də
ürəkdən istəyirik ki, bütün məsələlərdə
ilk növbədə məhz Türkiyənin - bizim
böyük himayədarımızın mənafeyi nəzərə
alınsın. Əlbəttə, özümüzün
köməyə böyük ehtiyacımız olduğu indiki
vaxtda hələlik sizin üçün əhəmiyyətli
bir iş görmək qüdrətində deyilik. Üstəlik də dövlət idarəçiliyi
məsələlərində kifayət qədər təcrübəmiz
yoxdur. Bu baxımdan səhvlərə yol
verməyimiz təbiidir. Eyni zamanda, həmin
səhvlərin bağışlanacağına, islah ediləcəyinə
ümid bəsləyirik. Lakin bizi daim basqı altında
saxladığımız rus hökumətinin
ağalığı altında yaşadığımız
yüz ildə
siyasi məsələlərdə bəzi şeylər
öyrənə bilmişik. Bu isə Azərbaycanı
ayaq üstə qaldıra biləcəyimizlə bağlı
bizə ümid verir. Hər halda,
qonşularımızla müqayisədə
üstünlüklərimiz daha çoxdur.
İzzət
paşa: Sizə deməliyəm ki, nə siyasətçi, nə
də diplomatam. Sadəcə hərbçiyəm.
Əlbəttə, göstərəcəyiniz hər
bir kömək bizə faydalı olacaq. Və
inanıran ki, öz dövlət işlərinizin də
öhdəsindən gələ biləcəksiniz. Çünki qüvvələriniz var. Və bu məsələdə
biz də lazımi yardım göstərəcəyik. Necə ki, indi də
göstəririk. Buna tam əmin ola bilərsiniz.
Mən:
İlk görüşümüzdə çox
vaxtınızı almaq cəsarətində
olmadığımdan sadəcə ifadə etdiyiniz mövqeyi Azərbaycan
hökumətinin diqqətinə çatdırmaq
üçün izninizi istəyəcəyəm. Yəni xəbər verəcəyəm ki, indiki halda
Türkiyənin bizə münasibəti əvvəldəki
kimi tam dəyişilməz qalır və Azərbaycan əvvəllər
olduğu kimi, yenə də Türkiyənin hər cür
yardımına ümid bağlaya bilər.
İzzət
paşa: Böyük məmnuniyyətlə razılıq verirəm
və dediklərimi bir daha təsdiq edirəm. Bu,
bütünlükdə indiki hökumət kabinəmizin
ümumi rəyidir. Əgər siz hələlik
bizim xarici işlər naziliyinin başçısı ilə
görüşə bilməmisinizsə, o zaman xahiş edəcəyəm
ki, dərhal bu işi görəsiniz.
Mən: Təbii
ki, bu, birbaşa vəzifə borcumdur. Lakin ilk
növbədə özümü sizə təqdim etmək
istəyirdim.
İzzət
paşa: Mən indi nazirə zəng edərəm (telefonla zəng
vurur). Təəssüf ki, yerində yoxdur.
Siz onun yanına sabah, ya da istədiyiniz
başqa bir vaxtda gedə bilərsiniz.
Mən:
İcazə verin bir məsələ ilə bağlı da
sizi narah edim: doğrudurmu ki... (əlyazmasında
bu sözlərdən sonra mətn qırılır - V.Q.)
İzzət paşa lütfkar təbəssümlə
qapıya qədər ötürür.
Qəbul otağında məni sədrəzəmin yeni təyin
olunmuş yavəri minbaşı Səfvət bəy
qarşılayır. Səmimi görüşürük.
İnandırır ki, hər bir istəyim Babi-Alidə dərhal
yerinə yetiriləcək: “Siz sadəcə telefonla xəbər
verin. Dərhal olduğunuz yerə gələ
bilərəm”. Faytonun yanına qədər
ötürür.
Əlimərdan
bəy Topçubaşovun Türkiyənin xarici işlər
naziri Nəbi bəylə söhbətinin yazısı
27 oktyabr
1918-ci il
Saat 12:00
Türkiyə
Xarici işlər nazirliyi
Kabinetin ortasında, ayaq üstdə, çox səmimi
qarşılayır.
Mən:
İcazə verin, özümü təqdim etmək şərəfinə
nail olum (filankəs). Xidmətinizə ərz etməyi
özümə borc bilirəm ki, sizinlə bir neçə dəfə
görüşmək istəmişəm, amma həmişə
çox məşğul olduğunuzu deyiblər. Sədrəzəmin yanında olduğum vaxt çox
lütfkar bir tərzdə sizinlə görüşməyimi
məsləhət bildi. Hətta
özü sizə telefon açdı.
Nəbi bəy:
Bəli, sədrəzəm mənə danışıb. Amma bilirsiniz, bu günlər işimiz o qədər
çoxdur, o qədər iclas və müşavirələrimiz
olur ki, nazirliyə çox nadir hallarda baş çəkə
bilirəm. Zəhmət çəkib gəldiyinizə
görə minnətdaram.
Mən:
Artıq bir aya yaxındır ki, buradayam. Gələn
kimi dərhal keçmiş sədrəzəm Tələt
paşa ilə, xarici işlər naziri Əhməd Nəsimi bəylə,
hərbi nazir Ənvər paşa və başqaları ilə
görüşmək şərəfinə nail oldum. Amma ardınca təxminən üç həftə
çəkən nazir böhranı başlandı. Təbii ki, fəaliyyətimi yeni nazirlər
kabinetinin mövqeyi ilə əlaqələndirə bilmək
üçün gözləməli idim. Çünki
bizim Azərbaycan hökumətinin də səmimi arzusudur ki,
atacağım bütün addımlar türk hökuməti
ilə razılaşdırılsın və onun da
maraqlarına uyğun gəlsin. Hər iki
mandatımdan da gördüyünüz kimi (surətləri ilə
birlikdə mandatları nazirə göstərirəm) geniş
hüquqlara malik fövqəladə və səlahiyyətli
nazir kimi Dər-Səadətə, Vyana və Berlinə
göndərilirəm. Buradakı kabinet dəyişikliyinə
və yaranmış vəziyyətə görə hələlik
Avropaya getmək fikrindən daşındım. Və mənə elə gəlir ki, qəbul etdiyim qərar
o qədər də ziyanlı deyil.
Nazir: Məhz
çox yaxşıdır ki, hələlik getməmisiniz. Çünki indi heç kimə bağlı
deyilsiniz. Sərbəst fəaliyyət
göstərə biliərsiniz. Sizə
daha çox qucaq açan dövlətlə yaxınlaşa
bilərsiniz. Bizə gəldikdə isə,
sədrəzəmin də əmin etdiyi kimi, Azərbaycana əvvəlki
məhəbbətlə yanaşacaq və gücümüz
çatan bütün yardımları göstərəcəyik.
Çünki gənc dövlətinizin təşkilatlanmasını,
möhkəmlənməsini və ayaqda durmasını istəyirik.
Əlbəttə, köklü şəkildə
dəyişən mövcud vəziyyətimiz, təəssüflər
olsun ki, əvvəlki qətiyyətliliklə hərəkət
etməyə imkan vermir. Bir də təkrar edirəm:
türk hökumətinin xüsusi münasibətinə əmin
ola bilərsiniz. Lakin
yaranmış şərait özünüzdən də indi
daha qətiyyətli addımlar, daha böyük səylər
tələb edir. Təbii ki, məsələnin
bu tərəfini özünüz bizdən yaxşı
bilirsiniz.
Mən: Bəli,
haqlısınız. Yeni kabinetin heç bir məsələdə
Azərbaycana münasibətinin dəyişməməsinin
özü bizim üçün böyük təsəllidir.
Deməli, yenə
əvvəlki kimi buradan istədiyimiz kömək və
yardımı ala biləcəyik. Bizdən
ötrü ən vacib məsələ hərbi hissələrimizin
zəruri silah və paltar təchizatıdır.
Nazir: Hərbi
məsələ indi ən yaralı yerimizdir. Çünki
heç şübhə yoxdur ki, Müttəfiq dövlətlər
qoşunlarımızı Azərbaycandan çıxarmaq məsələsində
təkid edəcəklər. Bu tələbi
sizə də bəlli olan səbəblərə görə
yerinə yetirməli olacağıq. Lakin
rütbəsindən asılı olmayaraq, hər bir şəxs
istədiyi təqdirdə sizin orduda qalıb xidmətini davam
etdirə bilər. Verdiyimiz hər şey
sizə qalacaq. Digər işlərdə də
lazımi təqdirdə kömək edəcəyik. Necə çətin günlər keçirdiyimizi
siz də yaxşı görürsünüz. Bütün güc və diqqətimiz sülh
müqaviləsinin bağlanması ilə əlaqədar
qarşımızda aydın və qəti şəkildə
qoyulan tələblərə yönəlib. Amma ümid etmək istərdim ki, bu olduqca gərgin
vəziyyət çox sürməyəcək və sizinlə
daha sakit şəraitdə əl-ələ verib işləmək
imkanımız yaranacaq.
Mən:
Öz növbəmdə mən də ümid etmək istərdim
ki, həmin zaman çox da uzaqda deyil. Düzünü
desəm, indi dünyada hər şeydən çox İngiltərə
və Fransa nümayəndələri ilə sülh
danışıqlarının aparıldığı adada
(İstanbul yaxınlığında, Mərmərə dənizindəki
Uzun ada - Prinkipo nəzərdə tutulur - V.Q.) olmaq istərdim.
Vyana və Berlinə deyil, ora getmək istərdim.
Nazir:
Danışıqlar uzun çəkməyəcək, tezliklə
hər şey aydınlaşacaq. O vaxt birlikdə fəaliyyət
göstərməli olacağıq. İndi isə
gözləmək lazımdır.
Mən: Cənab sədrəzəmə də bildirmək şərəfinə nail oldum ki, Azərbaycanın, eləcə də böyük məhəbbətlə sevdiyimiz Türkiyənin ümumi maraqları naminə tərəfimdən hər hansı bir xidmət, yaxud fəaliyyət tələb olunacağı təqdirdə ilk çağırışdan qulluğunuzda hazıram. (Bu zaman növbətçi məmur otağa daxil olur və Avstriya-Macarıstan səfirinin gəldiyini xəbər verir. Nazir: “Qoy gözləsin!”- deyir. Məmur otaqdan çıxır.)
Mən: İcazənizlə, daha bir neçə dəqiqə vaxtınızı alım. Məsələ buradadır ki, türk hökuməti hələ də bizə diplomatik nümayəndə göndərməyib. Belə bir nümayəndənin təyin edilməsi bir çox cəhətlərdən əlamətdar ola bilərdi. Yeri gəlmişkən, dünənki qəzetlərdə artıq Ermənistana diplomatik nümayəndə təyinatı haqda yazılmışdı. Hələ onu demirəm ki, bundan əvvəl Ermənistanda da, Gürcüstanda da hərbi nümayəndələr (Məhəmməd Əli paşa və Əbdül Kərim paşa) vardı. Bu baxımdan bizdə Nuri paşaya gərəkli səlahiyyətlər verilibmi?
Nazir: Biz bu haqda düşünürük. Azərbaycana
da diplomatik nümayəndə təyin olunacaq. Nuri paşaya
isə yalnız şifahi şəkildə bəzi təlimatlar
verilib.
Mən:
İcazənizlə, Qarabağ barəsində də iki
söz. Keçmiş Gəncə (Yelizavetpol) quberniyasının Şuşa, Cavanşir, Cəbrayıl
və Zəngəzur sancaqlarını (qəzalar) ermənilər
Qarabağ adlandırırlar. Bu yerlər hamısı Azərbaycanın
tərkibinə daxildir və hökumətimizin sərhədləri daxilində
qayda-qanun yaratmaq məqsədi ilə həmin ərazilərə
ordu göndərməyə tam haqqı var. Çünki
oradakı sakitlik və dinclik Andranik kimi avantüristlərin
başçılığı altındakı bandalar tərəfindən
pozulur. Amma bu arada sülh konfransına getmək
üçün İstanbula gələn erməni nümayəndələri
həyəcan təbili çalır və köhnə adətləri
üzrə vəziyyəti hər yerdə özlərinə
sərf eləyən şəkildə
işıqlandırırlar. Hələlik hökumətimdən
bu məsələ ilə əlaqədar heç bir məlumat ala
bilməmişəm. Ona görə öz növbəmdə
sizdən də xahiş edərdim ki, Azərbaycan hökumətindən
mövcud şəraitlə bağlı dəqiq məlumat
almayana qədər heç bir addım atmayasınız
Nazir: Biz
məsələ ilə bağlı heç bir addım
atmamışıq. Lakin indiki şəraitin tələblərindən çıxış edərək
məsləhət görərdim ki, əhali üzərinə
ordu göndərmək kimi məsələlərdən uzaq
dayanasınız.
Mən:
Sizə bildirməliyəm ki, erməni nümayəndələrinin
yaydıqları məlumata rəğmən, bu bizim hərbi
hissələrdir və onlar bizə məxsus olan ərazilərə
göndərilib. İstənilən halda,
görüşümüzdən məmnunam. İcazə
verin, təzim edim və ümumi maraqlarımız naminə
türk hökumətinin xidmətində dayanmağa hər an hazır olduğimu bir daha diqqətinizə
çatdırım.
Nazir: Gəldiyinizə
görə minnətdaram. Əlbəttə, biz
hələ dəfələrlə görüşəcəyik.
Lazım gələndə isə sizi də
narahat edəcəyik. Hələlik! (Qapıya
qədər ötürür, ənənəvi vida sözlərini
deyərək qapını da özü açır.)
Əlimərdan
bəy Topçubaşovun Türkiyə xalq təhsili nazirinin
müavini ilə söhbətinin yazısı
28 oktyabr
1918-ci il
Saat
12.15-13.00
Türkiyə
Xalq Təhsili Nazirliyinin binası
Köhnə, tutqun bina. Qapıçı və xidmətçilərin
əyinlərindəki kostyumlar -qara pencək və sürtuklar son dərəcə
köhnəlib. Mənə İran konsulluğu
agentlərinin geyimini xatırladır. Binanın
əsas qapısı birbaşa küçəyə
açılır. Burada türk nazirliklərinin
çoxu üçün ənənəvi olan həyət
gözə dəymir. Pilləkən
meydançaları, koridorlar demək olar ki, bom-boşdur.
Nazir özü yoxdur. Xəstə
olduğundan işə çıxmır. Bunu bizə hansısa xidmətçi deyir. Mustafa bəy Vəkilov ona izah edir ki, Ümuri-Şərqidən
(Şərq məsələləri idarəsi V.Q) cənab
xalq maarifi nazirinin saat 12-də bizi gözləyəcəyini
bildiriblər. “Bəlkə müstəşarı
deyirlər. O, buradadır. Məlumat verim?”
Vizit kartımı uzadıram. Pilləkənlə yuxarı qalxırıq.
Müstəşarın kabinetinin qapısından ağ əntaridə xidmətçi ərəb
qadını bayıra çıxır. Otağa
daxil oluram. Masanın arxasından uca boylu çox gənc
bir adam ayağa qalxır, mənimlə
salamlaşır və divanda əyləşməyimi xahiş
edir.
Müstəşar:
(bir daha salamlaşaraq) Gərək
bağışlayasınız. Siz bir neçə
dəfə xalq maarifi naziri ilə görüşmək
arzusunda olduğunuzu bildirmisiniz. Amma bizim
nazir hələ də xəstədir. Bu gün səhər
xəbər verdi ki, işə gələcək.
Sonra mənzilindən dedilər ki, hələ də
evdən çıxa bilmir, yataqda uzanıb. Bəlkə mən bir işinizə yaraya bilərəm.
Xidmətinizdə hazıram.
Mən: Cənab
nazirin qəbuluna gəlməyi və yüksək vəzifəyə
təyin olunması münasibəti ilə onu təbrik etməyi
özümə borc bildim. Əlbəttə, cənab nazir üçün
münasib bir vaxtda yenə gələrəm. Siyasi vəziyyətin xarakterindən asılı
olmayaraq, zənnimcə, maarif işi öz qaydası ilə
getməlidir. Çünki
bütünlükdə xalqın, daha çox isə onun mədəni
qüvvələrinin inkişafı ilk növbədə
maarifdən, təhsildən asılıdır. Ona
görə yaşadığımız günlərin çətinliyinə,
mühüm əhəmiyyətə malik siyasi məsələləri
bütün kəskinliyi
ilə gündəliyə çıxarmasına baxmayaraq, xalq
təhsili nazirinin diqqətini istisnasız olaraq təhsillə
bağlı məsələlərə yönəltmək
istərdim.
Belə məsələlər sırasında ilk növbədə aşağıdakını xatırlatmağı özümə borc bilirəm: hələ dörd ay bundan əvvəl Azərbaycan hökuməti tərəfindən ünvanınıza bizim məktəblərə müəllim və müəllimələr göndərilməsi ilə əlaqədar xahiş daxil olub. Bu işlə əlaqədar Azərbaycan nümayəndə heyətinin (M.Ə.Rəsulzadənin başçılığı altında İstanbula gələn Heyəti-mürəxxəs nəzərdə tutulur -V.Q.) üzvləri, habelə Əhməd bəy Ağaoğlu keçmiş xalq maarifi naziri ilə görüşüblər. Səhv etmirəmsə, artıq nazirlikdə ölkəmizə gəlməyə razılıq vermiş müəllim və müəllimələrin siyahısının tutulmasına başlanıb. Bundan əlavə son iki həftə ərzində Azərbaycana getmək istəyən belə müəllim və müəllimələrdən bir neçəsi mənim də yanıma gəlib. Onların arasında iki müəllimə də vardı. Həmin xanım pedaqoqlardan biri hətta inspektor dərəcəsinə yüksəlib və İstanbulda özünün müdirəsi olduğu ali-ibtidai məktəbi idarə edir. Bildiyim qədər, 4-5 günə “Rəşid paşa” gəmisi yola düşür. Bizim nümayəndələrdən bir neçə nəfəri də həmin gəmi ilə Batuma, oradan da Azərbaycana gedəcək. Arzu edən müəllimləri də onlarla birlikdə yola sala bilərik. Mən cənab xalq təhsili nazirindən bunu xahiş etməyə gəlmişdim.
Müstəşar: Düz buyurursunuz. Bizdə artıq bir neçə nəfər adını yazdırıb. Amma bu, çox azdır. Hökumətinizin xahişini yaddan çıxarmamışıq. Onu mümkün qədər tez yerinə yetirmək bizim üçün də şərəfdir. İndi siz danışarkən mən burada özüm üçün qeydlər götürdüm və cənab nazirə dərhal məlumat verəcəyəm.
Mən:
Sizə çox minnətdar olaram. Əlbəttə,
arzu edənlərin bəziləri sərbəst şəkildə
də yola çıxa bilərlər. Lakin
yaxşı olardı ki, məsələdən bizim nümayəndəliyin
də xəbəri olsun. Yəni kimlərin
gələcəyinə əvvəlcədən zamin dura bilək.
Müstəşar:
Cənab nazirə elə bu cür də məruzə edərəm.
Güman edirəm ki, qarşımıza
heç bir maneə çıxmayacaq. Müəllimlərin
hər biri haqqında ayrıca məlumat toplayacayıq. Düşünürəm ki, artıq getmək qərarı
verənləri birinci gəmi ilə olmasa da, növbəti gəmi
ilə ən azı bəlli bir hissəsini yola sala bilərik.
Əlbəttə, artıq müəyyən dərəcədə
gecikmişik, dərslər başlanıb. Amma nə edə bilərik? Hər
yerdə olduğu kimi, bizim sahədə də ağır vəziyyət
yaranıb.
Mən:
Müzakirə ediləsi başqa məsələlər də
var: bizim gənclərin təhsil almaq, yaxud təhsillərini
tamamlamaq üçün bura göhdərilmələri, hazırda İstanbulda oxuyan azərbaycanlı təbələrin
vəziyyəti və s. və i.a.
Müstəşar:
Dediyiniz məsələlər barədə yəqin ki, cənab
nazirin özü ilə danışsanız, daha yaxşı
olar...(Söhbət burada bitir. Müstəşar
məni qapıya qədər ötürür və
qapının önündə bir neçə dəfə təzim
edir)
Rus dilindən tərcümə: Vilayət
Quliyev
Vilayət
QULİYEV
525-ci qəzet.- 2017.- 7 oktyabr.- S.18-19.