Novator tarzən

 

ƏMƏKDAR ARTİST HƏMİD VƏKİLOVUN "SƏNƏT TABLOSU"NDAN FRAQMENTLƏR

 

 

... QƏFİLDƏN DİL OLUB DİLLƏNƏN SƏDƏFLİ TARIN MÜXTƏLİF RAKUSLARDAN KONTURLARI

 

"Həmid Vəkilov böyük interpretatordır. O, yüksək texnikaya, geniş musiqi duyumuna malik tarzəndir. Onun ifaçılıq aləminə, səhnə mədəniyyətinə gətirdiyi yeniliklər maraq doğurur. Belə ki, əksər tarzənlərdən fərqli olaraq o, həmişə tarı ayaq üstə çalır".

 

Çingiz Sadıqov

Xalq artisti, pianoçu

 

Anfas. Duyğularım "qəlbi arzularla, gözü günəşlə, sinəsi bu günün sözüylə dolu" çinar ömürlü şair Rəsul Rzanın "Rənglər" silsiləsinə daxil olan, rəsmdən fəlsəfəyə doğru poetik və dialektik bir cığır kimi səciyyələnən şerlərinin rəng çalarlarına bənzəyir: ağ, şirmayı, püstəyi, mavi, tünd qəhvəyi, narıncı, kürən, qızılı, sarı, bənövşəyi, sürməyi, çəhrayı, al qırmızı, firuzəyi, innabı, sumağı...

 

İnsanı fikirləndirən, həyacanlandıran və bilgi məcmusunu zənginləşdirən bu şeir-rənglərin "musiqi kimi ahəngi, üvertürası" Həmid Vəkilovun tarının səsi və virtuoz ifası ilə xəyalımda "əlvan səhifələr açıb" canlandırır. Çalğı nəinki bu şeir-rəngləri mənalandırır, rövnəqləndirir, həm də onlardakı gizli və qeyri-adi cizgiləri - "arzuları, həsrəti, dərdləri" üzə çıxarır, psixoloji məqamları, dərin hissləri qabardır.

 

Düşünürəm ki, tarın da rəssam fırçasına bənzəri var. Birində müxtəlif musiqi çalarları, digərində isə rənglərin duyğulandırıcı əlvanlığı. Hər ikisi insan əlləri ilə nəfəs alır, insan əlləri ilə danışır, sənətin ecazkar qüvvəsini insan əlləri ilə göstərir. Rənglərdə musiqi, melodiyalarda  isə rəng.

 

Yəqin ki, rəssamlıq sənəti haqqında gedən söhbətlərdə, mübahisələrdə, habelə sərgi salonlarında tez-tez işlənən belə ifadələr eşitmisiniz: "oxuyan rənglər", "sakit rənglər", "qışqıran rənglər", "isti rənglər".  Bu deyilənlər hər şeydən əvvəl, təsviri sənətlə musiqi sənətinin bir-birinə nə qədər yaxın və doğma olduğunu göstərir. Sakit və isti rənglər tamaşaçının gözlərini oxşamaqla yanaşı, qulaqlarında həzin və ahəngdar melodiyalar kimi səslənir. Belə rənglər kövrək musiqi parçası kimi əsəbləri sakitləşdirir, insanları harasa uzaqlara,  doğma və əziz, yaxın xatirələrin qoynuna aparır. Həmidin tarının səsi də, çalğısı da belədir.  Onun mizrab fırçası rəngləri bütün çalarları, bütün ahəngdarlığı ilə "səsləndirir".        

 

Mavi... Coşqun şövqlə çalınan "Orta mahur"un bədii sadəliyi, ifa tərzinin aydınlığı, ürəklə texnikanın, hisslə ustalığın harmonik vəhdəti, musiqi cümlələrinin dolğunluğu, xüsusilə barmaqların muğamın "Bərdaşt" hissəsində işlətdiyi mizrabların dinamizmi "musiqini gözlə eşitməyə" şərait yaradır. Bəlkə də bu ondan irəli gəlir ki, ifaçının sağ və sol əl texnikası, çalğı üslubu saysız-hesabsız, zəngin, gözəl və valehedici xallar toplusu ilə son dərəcə yüksək bədii səviyyədə bir-birini tamamlayır.

 

Sürməyi... Tarzənin "Bayatı-Şiraz"dakı gəzişmələrinə, özümlü xallarına, ən münasib, ən müvafiq vasitə və ifadə yollarını seçib işlətmək məharətinə, pərdələrin məlahətli tembrinə heyran qalmamaq mümkün deyil: melodiyanın sintezi, qırılmaz məntiqi əlaqəsi, ifada yaranan vahid ansambl duyğusu.

 

Bənövşəyi... Həmid sanki rəssam sayağı əsrarəngiz mizrab palitrasının əlvan çalarları sayəsində musiqidə işlətdiyi cizgilərlə, yaratdığı bitkin, melodik ifadələrlə - lad-intonasiya boyalarıyla obrazın: muğamın, yaxud da klassik əsərin məna və mətləb zənginliyinin ahəngdarlığını, harmoniyasını yaradır, bu zaman fikrinin pəncərəsi olan göz bəbəklərində nələri canlandırmır?

 

Sumağı... Dəfələrlə müxtəlif üslubu, öz dəst-xətti olan tarzənlərin ifasında "Şahnaz"ı dinləmişik. Lakin Həmid bu muğamı tam müstəqilliklə və təkraredilməz rəngarəngliklə dinləyiciyə çatdırır. Onun tarının incə təranəsi qəlbi riqqətə gətirir. Muğamın özünəməxsus şərhində o öz "simi"ni, öz "barmaqları"nı, öz "mizrabı"nı məharətlə nümayiş etdirir.    

 

Narıncı... Şüura, idraka, məntiqə əsaslanan ifanın özülünü dərin ifadəlilik təşkil etdiyi üçün çoxelementli struktura malik tutumlu və əhatəli çalğıda məntiqi təfəkkür, daxili ahəng, səs rəngarəngliyinin müxtəlifliyi, zənginliyi, əsl dramatizm və parlaq obrazlı qarşılaşdırmalar dinləyicini valeh edir.

 

Çəhrayı...V.Montinin "Çardaş" əsəri, F.Mendelsonun "Skripka ilə orkestr üçün konsert"i,  P.Sarasatenin "Əndəlüs" romansı və "Qaraçı havaları"... Bu əsərləri bütün romantik vüsəti ilə çalmaq şərəfi hər ifaçıya nəsib olmur. Həmidin çalğısında onun yaradıcılıq simasının ən ümdə şərtlərini  - musiqi fakturasında psixoloji xarakteri gözəl əks etdirməsini, emosional xüsusiyyətləri konkret və düzgün formalarda verməsini, parlaq ifadəliliyi, mizrab palitrasının müstəsna zənginliyini, harmonik dilin koloritini, alətin bütün pərdələrinin ifadə imkanlarını nümayiş etdirmək cəhdini görürük.    

 

İnnabı... Bəlkə də bu virtuoz ifaçılıq məziyyətləri, müxtəlif səs bəzəkləri, məna və fərq incəlikləri yaratmaq ustalığı muğamın və klassik əsərlərin məntiqinə son dərəcə uyğun olduğu üçün Həmidi  "xallar müğənnisi" də adlandırmaq olar.

 

Qızılı... Bir dəfə Qurban Primovdan soruşublar ki, onun gözəl ifaçılıq məharətinin sirri nədədir? Qoca tarzən özünə xas bir tərzdə sağ əlilə əvvəlcə başını, sonra da ürəyini göstərərək deyib: bununla bərabər bu da olmalıdır! Bəli, Həmid əsl sənətdə ağılla hissin vəhdətini - bu böyük həqiqəti öz qüdrətli sənəti ilə təsdiq edib. 

 

Firuzəyi... Görkəmli alim Cəfər Cəfərov yazırdı ki, klassik əsərlərin daxilində müasirlik həmişə yaşayır. Onu əsərə biz daxil etmirik, onun öz varlığında bu keyfiyyət var. Elə ifaçının da məharəti ondadır ki, o, muğamatın mayasında və canındakı müasirliyi əla dərk və şərh etməyi bacarır. Eyni zamanda, muğamları müasirliyə yaxınlaşdıran keyfiyyətlər zəminində axtarışlar aparır, tapdıqlarını tamamilə bu zəminə əsaslanmaqla cilalayıb, obrazın obyektiv inkişafını düzgün istiqamətləndirə bilir. 

 

Tünd qəhvəyi... Həmid barədə oçerk yazmağımın başlıca səbəbi də onun məhz belə bir yüksək ifaçlıq bacarığına və səyinə malik olması, tarın daha da təkmilləşdirilməsi yolunda apardığı islahatlardır.

 

Bu söhbətə bir azdan qayıdacağam.  Hələliksə...

 

BAŞLANĞIC. ÖMRÜN O BAŞINDAN BİR NEÇƏ ESKİZ. SƏNƏTDƏ MƏTİNLƏŞMƏ VƏ SINAQ DÖVRÜ. TARIN DİAPAZONUNUN GENİŞLƏNDİRİLMƏSİ YOLUNDA  ATILAN İLK ADDIMLAR

 

"O, gözləyə bilmirdi, onun bütün varlığında nəsə tələsirdi. Onun dühası, tükənməz iradəsi novatorluğa, yaradıcılığa tələsirdi".

 

Çexovun Meyerhold haqqında dediklərindən.

 

Geniş dinləyici kütləsinin zövqünü oxşamaq məqsədinə xidmət edən virtuozluğun yüksək səviyyəsinə çatmaqda heç şübhəsiz ki, Həmidin bir sənətkar olaraq öz "sirri", məhz özünəməxsus müəyyən çalğı metodu (bəlkə də bu metod onun istedadı ilə birləşdiyi üçün bir "sirr"ə çevrilib), novatorluğu var və indi oxuyacağınız yazıda mən həmin novatorluğun görünən əsas cizgilərini çəkməyə çalışacağam. 

 

Eyni zamanda, tarzənin bu aləti kökləmə tərzini, müxtəlif texniki çətinliklərin öhdəsindən gəlmək üçün işlətdiyi üsulları və tətbiq etdiyi metodikanı-yaradıcılığındakı "rəngkarlığın" xüsusiyyətlərini araşdırmaq üçün də səy göstərəcəyəm...

 

...1949-cu ildə Bakının Binəqədi kəndində ziyalı ailəsində (onun atası da, anası da kənd orta məktəbin müəllimi olub) dünyaya göz açmış Həmid 8 yaşında ilk dəfə Pionerlər evində Əlağa Mövsümovun rəhbərlik etdiyi dərnəkdə tarı görüb.

 

Bu görüşün ilk təəssüratı, dərk etdiyi ilk gözəllik, valeh olduğu ilk möcüzə, duyduğu ilk fərəh tarda ifa edilən muğam və onun bağışladığı sevinc olub. Həmin dəqiqədən də bir uşaq marağı ilə, musiqi ətrindən rayihələnmiş bir istəklə ona vurulub, böyük həvəs göstərib.

 

O zaman heç kəsin ağlına gəlməyib ki, illər, uzun-uzun illər keçəcək və Pionerlər evindəki zil qara saçlı balaca oğlan bu gün hamının sevimlisi Həmid Vəkilov olacaq.

 

Sənət gülzarına və sabahkı qələbələrə atılan ilk kövrək qədəmləri buradan başlayıb. Elə o çağdan indinin bu saatına kimi tar onun ömürlük sirdaşına, yol yoldaşına çevrilib.

 

Sonra zil qara saçları həmişə səliqə ilə daranmış, baxışlarında qətiyyətlilik hiss olunan balaca oğlan Uşaq Musiqi Məktəbinin tar sinfində müəllim Azər Rzaquliyevdən tar sənətinin incəliklərini və musiqiyə heyranlığı öyrənib. Birinci kərə tarda "Suliko" mahnısını həvəslə çalıb.

 

Titrək barmaqları simlər üzərində yaxşı gəzməsə də, balaca Həmidin inadkarlığı, çalışqanlığı ümidlərə işıq verib. Daha sonra...

 

Ümid işığının yolu onu 1962-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gətirib. Burada əvvəl Rəhilə Kərimovanın, sonra mahir tarzən Sərvər İbrahimovun və əməkdar artist, ürək çalğıçısı Əhsən Dadaşovun sinfində bir-birini uğurla əvəz edən tədris illərinin şagirdi olub.

 

Rəhilə xanımın not, Sərvər və Əhsən müəllimin muğam dərslərini mükəmməl mənimsəyib, bu adamların qayğısı, zəhməti və böyük tələbkarlığı onun gələcək müvəffəqiyyətlərinin başlıca rəhni olub.

 

Belə istedadlı sənətkarlardan ifaçılığın sirlərini öyrənib muğamların, xalq mahnılarının, görkəmli bəstəkarların əsərlərinin üzərində yorulmadan çalışdığı zamanlarda Həmid hiss edib ki, tarın ifaçılıq imkanları olduqca çox zəngin və sonsuzdur. Lakin instrumental ifaçılar tərəfindən bu imkanlar axıra qədər açılmayıb və onlardan yetərincə istifadə olunmayıb. O, tarda texniki çatışmazlıqları görüb və bunların aradan qaldırılması üçün düşünüb və yollar axtarıb.

 

Həmid son kursda F.Mendelsonun "Skripka ilə orkestr üçün konsert"ini və P.Sarasatenin "Qaraçı havaları" dövlət imtahanında çalmağı qərarlaşdırsa da, çalışma zamanı bu istəyinə nail ola bilməyib. Çalışma əsnasında görüb ki, "Qaraçı havaları" əsərindəki 3-4-cü oktavalıq pasajları orijinalda olduğu kimi tarda çalmaq mümkün deyil. Tarın səs hüdudu (diapazon) 2,5 oktava olduğuna görə passajları 2-3 yerə bölüb çalmağın mənası da yox idi. Bu halda əsərin orijinallığı, virtuozluğu, yəni bədii-estetik dəyərləri itmiş olurdu.

 

Həmid vəziyyətdən çıxış yolunu ilk olaraq tarın ən qalın simi olan "bəm sim"in istifadəsindən başlayıb. Həmin sim tarda yalnız muğamın ifası zamanı əsas tonu daha dolğunlaşdırmaq üçün musiqi cümləsinin sonunda sanki bir nöqtə vəzifəsini görürdü. Not çalğısında isə həmin simdən istifadə olunmurdu.

 

Təsadüfi deyil ki, tar haqqında yazan musiqişünaslar da tarın diapazonundan bəhs edərkən onun kiçik oktavanın "do" səsindən 2-ci oktavanın "lya" səsinə qədər, yəni 2,5 oktavaya qədər malik olduğunu qeyd edirlər. "Bəm sim" isə tarın qolundan aralı keçirdi və digər fəal simlərdən fərqli olaraq onda barmaq qoyub çalmaq mümkün deyildi.

 

Həmid həmin "bəm sim"in istinad etdiyi kiçik xərəyin çıxıntısını (tarzənlər buna "quş" və ya "xoruz" deyirlər) ləğv edib. Bununla da "bəm sim"i digər simlərin səviyyəsinə endirərək onu fəal simə çevirib. Eyni zamanda, tarın qolunun eni 7 sim üçün bir az yetərsiz olduğuna görə onu 2-3 mm genişləndirib və istədiyi nəticəni alıb. Beləliklə, tarın diapazonu aşağı registrə doğru xromatik olaraq xalis kvarta həcmində, yəni 8 tar pərdəsi qədər artıb və 2,5 oktavadan tam 3 oktavaya yüksəlib.

 

Lakin klassik musiqi xəzinəsindən daha səmərəli istifadə etmək üçün 3 oktavalıq diapazon da Həmidə yetərli olmayıb. "Skripka ilə orkestr üçün konsert"in və "Qaraçı havaları"nın yuxarı notlarının (zil yerlərinin) tarda ifası zamanı diapazon yetərsizliyi yenə də onun qarşısına çıxıb. Bu dəfə o, tarın qolunun sonluğunu bir az uzadıb. Tarın diapazonu 3,5 oktavaya çatıb.

 

Həmid 3-cü oktavanın "do", "re", "mi" və sair notlarını çalsa da, ancaq bu səslərin keyfiyyəti onu lazımınca qane etməyib. Çünki uzadılmış kiçik sonluq 3-cü oktavanın "do" səsindən sonra bitdiyinə görə tarzən "re", "mi" və s. bu kimi zil notları kiçik çanağın üz pərdəsi üzərində çalmaq məcburiyyətində qalıb. Bu səbəbdən də həmin səslər qüvvətli və dolğun alınmayıb.

 

Bu çatışmazlığı da gənc tarzən müvəffəqiyyətlə həll edib. Bunun üçün kiçik çanağın yüksəkliyini 1 sm-ə qədər endirib, qol sonluğunu kiçik çanağın üzərindən 2-3 mm-lik məsafə ilə böyük çanağa qədər uzadıb. Rekonstruksiya nəticəsində tarın diapazonu 2,5 oktavadan 4 oktavaya qədər artıb.     

 

Bu yeniliklər Həmidə 1967-ci ilin dövlət buraxılış imtahanlarında "Skripka ilə orkestr üçün konsert"i və "Qaraçı havaları"nı orijinaldakı kimi eynilə çalmağa imkan yaradıb. Bu uğurdan sonra əmin olub ki, tar texnikasında yeni effektlərdən istifadə etmək mümkündür.

 

Həmin il o, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbələri ilə birlikdə neçə-neçə konsert səfərlərinə gedib, yuxarıda bəhs olunan musiqi proqramı və tarın diapazonu ilə bağlı həyata keçirdiyi yenilikləri müvəffəqiyyətlə nümayiş etdirib.

 

Həmid neçə-neçə sənət sınağından çıxıb, səhnəyə, ifaçılıq dünyasına təsadüfən gəlmədiyini tələbkar tamaşaçılar, mütəxəssislər qarşısında sübuta yetirib. Bu çıxışlardakı incəlik, coşqun daxili ehtiras və gözəl ifaçılıq texnikası göstərib ki, o, seçdiyi sənətə ürəklə yanaşır, təcrübəli müəllimlərinin etimadını doğrultmaq üçün səy göstərir.

 

(Ardı var)

 

Rafiq HACIYEV

Yazıçı-publisist, Cəfər Cabbarlı Mükafatı laureatı, Azərbaycan Rəssamlar İttifaqının üzvü

 

525-ci qəzet.- 2017.- 10 oktyabr.- S. 6.