Mirzə Ələkbər Sabirin virtual muzeyi təqdim edildi

 

 

Oktyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı ilə dahi şairin 155 illiyi münasibətilə "Mirzə Ələkbər Sabir virtual muzeyi" layihəsinin təqdimat mərasimi keçirilib.

 

Təqdimatda ziyalılar, elm incəsənət nümayəndələri, QHT üzvləri, tələbələr media nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş nitqi ilə açan tanınmış jurnalist Vəsilə Vahidqızı belə bir layihənin  həyata keçirilməsinin ictimaiyyət arasında çox müsbət rezonans yaradacağını vurğulayaraq, bunun sabirsevərlər üçün əvəzsiz bir töhfə olduğunu qeyd edib.

 

Layihə rəhbəri Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi bu layihədə Sabirə aid olub müxtəlif mənbələrdə - kitabxanalarda, şəxsi kolleksiyalarda, muzeylərdə, TV radioda, arxivlərdə, internet resurslarında yer alan verbal, audio, video, foto məlumatlar toplanaraq vahid baza yaradıldığını qeyd edib.

 

Şairin ölümündən sonra çap olunmuş 1912, 1914-cü illər nəşrinin nadir nümunələri ilə yanaşı bu günlərimizədək çap olunmuş əksər kitablarının elektron nüsxələri,  şairin ölkə ərazisində olan heykəl büstlərinin görüntüləri, Sabirin 1918-ci ildə vətəndaş qarşıdurması nəticəsində yandırılaraq dağıdılmış evinin ədibin sonbeşik övladı Məmmədsəlimin sağlığındaikən xatirələri əsasında hazırlatdırdığı maketı hazırda Şamaxı şəhərində yendənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzeyin təmirdən öncəki 360 panoramik görüntüsü   muzeyin maketin əsasında tikilməkdə olan yeni görüntüsünün eskizləri, dahi şairə aid unikal faktlar bir çox digər dəyərli məlumatlar da virtual muzeydə yer alıb.

 

S.Tahirli qeyd edib ki, şairə aid bütün məlumatların daxil ola bildiyi vahid baza ilk dəfə olaraq yaradılır.

 

Daha sonra saytı işləyib hazırlayan, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Nurlan Tahirli  "Virtual muzey"in təqdimatını edib. Təqdimatdan sonra  AMEA Mərkəzi Elmi Kitabxananın müdiri Leyla İmanova, Beynəlxalq Avrasiya Mətbuat  fondunun rəhbəri Umud Mirzəyev, əməkdar artist Ağalar Bayramov, sabirşünas professor Alxan  Bayramoğlu, İctimai Televiziyanın əməkdaşı Azər Süleymanlı çıxış ediblər.

 

Sonda şairin ABŞ-da yaşayan nəvəsi  tədbirə SKYPE vasitəsilə qoşulan Gündüz Tahirli hər kəsi  salamlayaraq ədibin Şamaxıda tikilməkdə olan muzeyinin inşası barədə məlumatlar verib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 17 oktyabr.- S.8.