"Mən sözün, şeirin əsir-yesir elədiyi adamam"  

 

NƏSİB NƏBİOĞLU: "VALİDEYNLƏRİM BİR ÇIRTMA DA VURMADILAR, AMMA HƏR ADDIMDA HƏYAT MƏNİ QAMÇILADI"

 

 

Əziz qohumum Nəsib Nəbioğlunun imzasını, özünü lap çoxdan tanısam da, vətəndən uzaqda yaşadığından tez-tez görüşmək imkanım olmayıb.

 

Moskvaya yolum düşmüşdü, fürsəti əldən vermədim, şairlə görüşüb söhbətləşmək, dərdləşmək imkanım oldu. Onunla görüşüb, gördüyü işlərdən, ədəbiyyatdan, Kəlbəcərdən, dərdlərimizdən söz açdıq.

 

Azərbaycan Yazıçılar Birliyi (AYB) Moskva bölməsinin katibi, Rəsul Rza və Yuri Dolqoruki adına beynəlxalq ədəbi mükafatlar laureatı Nəsib Nəbioğlundan götürdüyüm müsahibəni oxucularımıza təqdim edirəm.

 

- Nəsib müəllim, bilirəm ki, bu sualı sizə çox veriblər. Necə oldu ki, Moskvaya gəldiniz, bu sizin ürəyinizcə idimi? Bu, sizin yaradıcı insan kimi ən böyük arzunuz idimi?

 

- Hə, dəfələrlə mənə belə suallar veriblər: Sənin nə işin var idi buralarda, nə ölüm var bu şəhərdə... Hələ qınayanlar da olub. Bunu bir neçə dəfə demişəm, yenə deyirəm, mən ümumiyyətlə, qürbətdə yaşamağımı düşünməmişəm, fikirləşirdim ki, institutu bitirib Azərbaycana qayıdaram. Amma, bir məsəl var: "Sən saydığını say, gör fələk nə sayır". Heç vaxt ağlıma belə gəlməzdi ki, mən Moskvada qalacağam və ömrümün çoxu burada keçəcək. İnan, bu hiss mənim beynimin ən nazik damarından da keçməyib. Sadəcə, tale, qismət elə gətirdi ki, mən Moskvada qalası, yaşayası oldum. Burada əvvəllər darıxsam da yavaş-yavaş öyrəşdim, taleyimlə barışmalı oldum. Artıq 37 ildir ki, Moskvadayam.A.P. Çexov deyirdi ki, kim Moskvaya öyrəşirsə, aralanmaq çox çətin olur. Moskva çox təlatümlü, cazibədar, qaynar şəhərdir. Dünyanın Rusiya kimi nəhəng bir dövlətinin paytaxtıdır. Hələ erkən yaşlarından, tələbəlik illərindən şeirə, poeziyaya olan həvəs, vurğunluq dediklərimi, yazdıqlarımı oxucularıma çatdırmaq istəyi mənim Moskvaya Ədəbiyyat İnstitutuna gəlməyimin əsas səbəbləridir.

 

- Bir az instutut illərinizdən danışın, sizə belə bir möhtəşəm təhsil ocağında oxumaq çətin deyildimi? Bu institutun yaradıcılığınızda rolu olubmu?

 

- Ədəbiyyat İnstitutu mənim təhsil aldığım ikinci institut idi. Mən 1975-1980-ci illərdə sənin də təhsil aldığın Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda oxumuşam. İnstitutda bir tələbə şair kimi tanınırdım. Tədbirlərimizdə həmişə mənə institutun şairi kimi söz verirdilər. Rəhmətlik Rasim Kərimli məni şair kimi bəyənir, həmişə irəli çəkir, şeirlərimi institut qəzetində çap eləyirdi. Bu institutda da mənim sevimli, heç zaman unutmadığım, qayğıkeş, sanballı müəllimlərim olub. Aqil Ağayev, Qəzənfər Paşayev, Rasim Kərimli, Murtuz Sadıxov, Həbib Bayramov, Məmməd Qocayev, Sücaət Abbasov, Məhəmməd Hüseynov, Mira Kann kimi müəllimlərdən dərs almışam.

 

1980-ci ildə artıq Maksim Qorki adına Ədəbiyyat İnstitutunun tələbəsiydim. Əhalisinin ümumi sayı 290 milyona çatan olan SSRİ adlanan dövlətdə Ədəbiyyat İnstitutuna bir ildə yalnız 50 nəfər tələbə qəbul eləyirdilər. Biz oxuyan vaxtlarda orada böyük ədiblər, yazıçılar, şairlər, ədəbiyyatşünaslar, tənqidçilər dərs keçirdilər, seminar aparırdılar. Bugünki kimi şeiri, sözü, ədəbiyyatı urvatdan salmamışdılar. Mənim adlarını yalnız qəzət və kitablardan oxuduğum şair və yazıçılarla birbaşa təmasda olacağım heç ağlıma da gəlməzdi. Bu adamlar həqiqətən də o zamanlar əlcatmaz idilər. Amma mən Azərbaycanın Kəlbəcər kimi ucqar bir rayonundan gəlib Moskvada onların tələbəsi olmuşdum, dərslərinə, məruzələrinə qulaq asırdım. O vaxt Ədəbiyyat İnstitutunda Viktor Pozov, Lev Ozerov, Lev Oşanin, Yevgeni Dolmatovski, Andrey Dementyev, Stanislav Cimbinov, Lusian Klimoviç, Feliks Kuznetsov, Yuri Kuznesov, Vladmir Qusev, Vladimir Smirnov, Larisa Vasilyeva, Aleksandr Vlasenko, Aza Taxo-Qodi, Xalıq Koroğlu, İqor Peçenev, Yevgeni Sidorov, Aleksandr Baskakov və digərləri dərs deyirdilər.

 

Şübhəsiz, Ədəbiyyat İnstitutunun mənim yaradıcılığımda, dünyagörüşümün inkişafında, bir qələm sahibi kimi yetişməyimdə böyük rolu olub. Rus ədəbi mühitində tanınmağımın, rus şair və yazıçılarla təmasda olmağım, əlaqələrimin, burada rus dilində kitablarımın nəşr edilməsinin bünövrəsində Ədəbiyyat İnstitutu dayanır. Amma bu demək deyil ki, Ədəbiyyat İnstitutu məni şair eləyib. Mən Moskvaya gəlməsəm də, şair olacaqdım.

 

- Hansı çətinliklərlə üzləşirdiniz?

 

- O qədər də çətin deyildi, aldığımız 50 manat bəs eləyirdi. Özüm də tənbəl deyildim, tərcümələr edirdim, az-çox qonorar alırdım, bir dəfə də tələbə inşaat dəstəsində oldum. Yəni özümü dolandıra bilirdim. Oxumaq da çətin olmadı, çünki Bakıda aldığımız təhsil, oxuduğumuz fənlər hardasa üst-üstə düşürdü. Müəlimlər bizə doğma adamları kimi baxırdılar, heç kəs bizə ögey münasibət bəsləmirdi. Həmin illərdə Ədəbiyyat İnstitutunun rektoru dramaturq, teatrşünas Vladimir Fyodroviç Pimenov idi. O, sözün əsl mənasında bir təşkilatçı-pedoqoq, qayğıkeş insan idi. Bir dəfə ikinci kursada oxuyanda xəbər verdilər ki, bəs rektor yataqxanaya gəlib. Ömrünün ixtiyar çağında olan adam tələbələrin şəraitini görmək, problemlərini öyrənmək istəyirdi. Biz, indi tanınmış yazıçı olan Səfər Alışarlıyla bir otaqda qalırdıq. Səfərlə tələm-tələsik otağımızı yığışdırıb, abırlı hala saldıq. Pimenov 5-6 adamla içəri girdi. Mən divardan, kitab rəfimin yanında Səməd Vurğunun böyük şəklini asmışdım. Rektor şəkli gördü, dönüb Səfərlə mənə baxaraq dedi: - Səməd Vurğun mənim yaxın dostum olub, çox məclislərdə bir yerdə olmuşuq. O, hər dəfə Moskvaya gələndə bizi başına toplayardı, görüşərdi...

 

Səməd Vurğundan bir az da həyəcanla, ürəkdolusu danışdı. Vurğunun yerliləriylə tanışlıqdan məmnun qaldığını hiss etdim. Və gözəl bir əhval-ruhiyyə ilə otaqdan çıxdı. Səməd Vurğunun şəkli bizi dostlaşdırdı.

 

- Nəsib müəllim ümumiyyətlə poeziya, şeir sizin üçün nə deməkdir? Sizin fikrinizcə, əsl şair necə olmalıdır?

 

- Poeziyanın nə olduğuyla bağlı çox sayda yazıçıların, şairlərin, filosofların, müdrik insanların fikirləri, mülahizələri var. Bunları sadalasam, çox vaxt aparar. İnsan anadan şair doğulmalıdır, bu, Allah vergisidir, insanın özüylə bərabər həyata gətirdiyi istedaddır, talantdır, hər adama da şeir yazmaq qismət olmur. Mən qulaqlarımda sırğa eləmişəm, anlamışam ki, əgər sən şairsənsə, şeirdə əsas sənin qələmə aldığın mövzu, sözün, misranın mənası, deyə biləcəyin mühüm fikir olmalıdır. Sözün bədii yükü, ifadənin obrazlılığı, sözlərin mənası, həmin sözün təsirində yaşayan, o yükü daşıyan adam olmalısan. Mən şeirin içindən çıxmışam, məni hər şeydə aldatmaq olar, amma şeirdə yox. Mənim həyatım, varlığım sözdən yoğrulub, sözə, onun böyüklüyünə inanmışam, səcdə eləmişəm, sözlə yaşamışam. Bəzən dərdlərimi, ağrı-acılarımı sözə, misraya çevirib ürəyə yatımlı bir şeir ərsəyə gətirəndə təskinlik tapmışam, mən sözün, şeirin əsir-yesir elədiyi bir adamam.

 

- İlk şeirinizi nə vaxt yazmısınız? Buna stimul verən nə idi?

 

- Mən ilk şeirlərimi 11 yaşımda, Çaykənddə 4-cü sinifdə oxuyanda yazmışdım. O şeir dəftərlərimi hələ də saxlayıram. Oxuyanda məni gülmək tutur. İndi Feysbuk səhifələrində bir çoxlarının şeir adıyla yazıb paylaşdıqları, oxuculara sırıdıqları dayaz, cılız söz yığınına bənzəyir. Hardasa oxumuşdum ki, əgər bir uşağın valideynləri görsələr, uşaq şair olmaq istəyir, o uşağı o qədər döyməlidirlər, uşaq qoşub yazdığı şeirlərdən ya əl çəksin, ya da böyük şair olsun. Amma məni döyən olmadı. Atamı dörd yaşımda itirmişdim, anam da mənə ömrü boyu bir çırtma da vurmadı. Bir neçə il əvvəl itirdiyim, amma  tez-tez yuxularda görüşdüyüm, canımdan da çox sevdiyim anam, əksinə, cızma-qaralarımı tərifləyər, məni  ruhlandırırdı. Anam mənə həm də ata əvəzi olduğundan onu daha çox istəmişəm. Atasız olanda yetimçiliyi qəbul eləmirdim. Amma anasız adam həqiqətən yetim olur. Çox zəhmətkeş qadın olub. Kiçik yaşlarımda anamın qabarlı istidən, soyuqdan cadar-cadar olmuş əllərini görürdüm. Anamın xoşbəxtliyi, sevinci də onun zəhmətində, bir parça halal çörək qazanıb körpə-körpə qalmış balalarını böyütməsində idi. Gündüzlər kolxoz işlərinə gedirdi, gecələr cəhrə əyirib, yun darayıb, kiməsə corab, əlcək toxuyub bizi dolandırırdı. Anam şifahi ədəbiyyatımızı az-çox bilirdi, Aşıq Alıdan, Aşıq Əlsgərdən, Tufarqanlı Abbasdan əzbər deyərdi, baxmayaraq ki, məktəbdə cəmi 5 il oxumuşdu. 5-6 yaşlarımdan mənə latın hərflərini öyrətmişdi, mən əsgərlikdə olanda anamla bu əlifbayla məktublaşırdım. Hə, valideynlərim bir çırtma da vurmadılar, amma onların əvəzinə hər addımbaşı həyat məni qamçıladı. Keçdiyim bu yolun ən çətin, daşlı-kəsəkli yerində də qolumdan yapışan olmayıb. Öz kiçik fəlsəfəmə güvəndim, öz təfəkkürünə söykənərək, həyata baxışlarımı, gördüklərimi, duyduqlarımı özünəməxsus tərzdə ifadə eləmişəm. Füsunkar təbiəti ilə hər kəsi valeh edən, neçə illlərdir ki, yolumuzu gözləyən cənnət Kəlbəcərdə doğulan adam şair olmazmı? Elə yerdə şair olmağa nə var. Mən yazılarımda zəngin folklorumuzdan da yararlanmışam, aşıq şeirinin dəlisiyəm. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, Çingiz Hüseynov "Tanrım, gəl təzədən yoğur dünyanı" adlı məqaləsində məni qoşma ustası adlandırıb.

 

- Bir az da Kəlbəcərimizdən danışaq, ona olan həsrətimizdən...

 

- Kəlbəcərin işğalı böyük faciədir. Dağlarımız artıq 25 ildir düşmən tapdağında inləməkdədir. Azərbaycanın bu təbii sərvətlərlə zəngin olan gözəl torpağı erməni qəsbkarları tərəfindən talan olunmaqdadır. Tarixi abidələrimiz, qəbirstanlıqlarımız dağıdılıb xarabalığa çevrilib. Mən 10-15 il bundan əvvəl demişəm, mətbuatda da yazmışam, car çəkib bağırıram Qarabağın, işğal olunmuş torpaqlarımızın azadlığı Kəlbəcərdən başlamalıdır. Kəlbəcərin azad olmağı, bütün Qarabağın azadlığına geniş imkan yaradacaq. Bu günlərdə həmin fikri mətbuatda rusiyalı politoloq Oleq Kuznetsov da deyib.

 

Son illər görün nələr baş verir. Ermənilər nəinki Kəlbəcərdə, hətta Azərbaycanın işğal altındakı digər torpaqlarında da iri infrastruktur layihələri gerçəkləşdirirlər.  Kəlbəcər rayonunu ermənilər canfəşanlıqla məskunlaşdırırlar. Məktəb, xəstəxana, evlərlə yanaşı, Kəlbəcərin İstisu qəsəbəsində su elektrik stansiyası tikirlər. Daha çox mineral suları ilə məşhur olan qəsəbədə ermənilər "Cermacur-1" su elektrik stansiyasını tikirlər. 35 milyon dollar xərc çəkərək Basarkeçərdən Ağdərəyə yeni yol çəkiblər. Bu 116 km-lik asfalt yol Ağdərəylə Ermənistanı birləşdirən ikinci yoldur. Bu yol,  yenidən müharibə başlayacağı halda, Ermənistandan Qarabağa gətiriləcək tanklar, hərbi sursatlar üçündür. Doğma Kəlbəcər əlimizdən gedəndən mən elə hey sızlayıram, çıxış etdiyim tribunlarda, keçirdiyim tədbirlərdə kövrəlmişəm, qəhər məni boğub. Doğmalarını, yurdunu, ata ocağını, ana yurtdunu itirən adam necə kövrəlməsin?!

 

- Azərbaycana qayıtmaq istəmisinizmi?

 

- Bu illər ərzində dəfələrlə Azərbaycana qayıtmaq istəmişəm, amma bəzi səbəblərə görə alınmayıb. Kim istəməz ki, doğma vətənində yaşamasın?! Amma Moskvada yaşasam da, ürəyimi Kəlbəcərdə qoyub gəlmişəm. Azərbaycanda Kəlbəcərdən didərgin düşən 60 min doğmam var, qohumlarım, dostlarım çoxdur, onların içində əzizilərimiz, qardaş-bacılarımız, bir də mənim həyatda ən əzizim olan anamın qəbri var.

 

Çox təəssüf, indi elə dövrdə yaşayırıq ki, özü bilə-bilə yalan danışan, yalanlara həqiqət donu geydirən insanların əhatəsindəyik. Yalan danışmaqsa ən böyük günahdır, Allah qarşısında da, bəşəriyyət qarşısında da. Yeni nəslin təlim-tərbiyəsi məni yaman narahat edir. Onlar xalqımızın tarixinə, adət-ənənələrinə, milli mənəviyyatına sevgi duymalı, bu əsas üzərində yetişməlidirlər. Vətəni sevmək, onu qorumaq ana bətnindən genlə, qanla adamın canına hopur. Sonra isə yaşadığın mühitdə formalaşır, yetkinləşir, əsl vətəndaşa çevrilirsən. Əgər gənclərimiz bunları anasından, doğmalarından, təhsil aldığı müəllimlərindən eşitməsə, görməsə əsl vətəndaş kimi yetişə bilməz. Uzaq qohumlarımın birinin oğlu ilə görüşümüz, söhbətimiz yadıma düşür. 9-cu sinfə gedəcək həmin oğlan, Xəzər dənizini görüb mənə dedi ki, o gün Novxanıya getmişdik, orda da bir dəniz var. Dedim, o hansı dənizdir, qayıtdı ki, deyəsən, Xəzərdir. Soruşdum, bəs bu hansı dənizdir, dedi, yəqin Qara dəniz olar...

 

- Saçınızın dümağ olması sizi xeyli yaşlı göstərir...

 

- Saçım Kəlbəcərin işğalından bir-iki ay sonra sürətlə ağarmağa başladı. Amma deyirlər ki, ağ saç mənə bir az yaraşır və elə həyatda qazancımın biri də bu ağarmış sağlarımdı. Mən nəsildə, evdə ən çox əziyyət çəkən adam olmuşam. Qardaş-bacılarımın qayğısına qalmışam, əlimdən gələn köməyi əsirgəməmişəm. İndi bunları xırdalamaq istəmirəm. Ancaq düşünəndə özümü rahat hiss eləyirəm ki, onların yanında üzüm ağdır, borcumdan çıxa bilmişəm. Fikrimcə, çətin, amma mənalı həyat yaşamışam. 30-dan çox ölkədə olmuşam. Bu, elə-belə məsələ deyil. Həmişə işim-gücüm olub, yaxşı maaş almışam, pul qazanmışam. Məsul vəzifələrdə olmuşam, həyatım boyu bir adamdan bir qəpik rüşvət almamışam, baxmayaraq ki, mənə çox rüşvət təklif eləyiblər. Əynim-başım həmişə səliqəli olub, hələ Moskvada institutda oxuyanda çoxları elə bilirdi ki, hansısa zəngin, pullu adamın oğluyam. Əsas təsəllim, mənəvi rahatlığım bundadır ki, həyatda hər şeyi öz zəhmətimlə qazanmışam. Ömrüm boyu bir kəsə əyilmədim, vüqarım pozulmadı, həyatın hər üzünü görsəm də, özüm kimi qalmağı bacardım. Amma birdən mənə elə gəlir ki, kimsəsiz, yiyəsiz sənət fədailərinə oxşayıram, deyəsən. Mən dəqiq bilirəm ki, əsl şair öz əsərlərində, şeirlərində vətənini, xalqını insanlara sevdirməyi bacarmalıdır. Moskvada tanıdığım insanlara, xalqımı, onun mədəniyyətini, ədəbiyyatını gücüm çatan şəkildə sevdirə bilmişəm. Azərbaycanımız haqq səsini bacardığım qədər ucalda bilmişəm. Mən bir vətənpərvər qələm sahibi kimi, həmişə vətənimi azad, məğrur və xoşbəxt görmək arzusunda olmuşam. Zəmanənin nəbzini tuta bilməsəm də, qürurla, təmiz adla yaşamışam. Uzun zamandan bəri Moskvada yaşasam da, tərənnüm elədiyim bir diyar, bir yurd var ki, o da mənim sevimli Azərbaycanım, həsrətlə yolumu gözləyən Kəlbəcərdir.

 

Cəmilə ÇİÇƏK

Moskva, oktyabr 2017

 

525-ci qəzet.- 2017.- 18 oktyabr.- S.7.