“XVI-XVIII əsrlər Azərbaycan naxışları “ sərgidə

 

Oktyabrın 18-də V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində Milli İncəsənət Muzeyində “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan naxışları" adlı xüsusi sərgi açılıb.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan xalçasının dünyada təbliğ edilməsi baxımından sərginin əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, bu sərgi ilə dünyanın tanınmış sənət xəzinələri olan ViktoriyaAlbert Muzeyində (London), Berlin İslam İncəsənəti Muzeyində, bir sıra şəxsi kolleksiyalarda qorunub saxlanılan zəngin və zərif tikmələrimiz, nəhayət ki, özünün həqiqi coğrafi-etnik ünvanını müəyyən edir. Uzun müddətdir ki, dünya alimlərinin nəzərini özünə cəlb edən tikmələrimiz əcdadlarımızın yüksək sənət məharətindən, incə zövqündən, fitri istedadından xəbər verir.

 

Sərgidə xarici eksponatlarla yanaşı, Milli İncəsənət Muzeyində qorunan bir qrup tikmə nümunəsi də yer alıb. Həmin əsərlərin beynəlxalq ekspertlərin səyi əsasında Azərbaycana aid olduğu təsdiqlənib. Sərgi beynəlxalq mədəni və elmi fəaliyyətimizin mühüm, uğurlu nəticəsi və təcəssümüdür.

 

Tədbirdə sərginin kuratorları Alberto Boralevi və Əsli Səmədova bildiriblər ki, nümayiş olunan tikmə nümunələrinin əksəriyyəti nəinki böyük auditoriyaya, hətta bir çox mütəxəssislərə təqdim olunmayıb, çünki onların hamısı xarici muzey fondlarında və şəxsi kolleksiyalarda qorunub saxlanılır.

 

Qeyd edilib ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin belə bir sərgini keçirməsi nəinki ölkəmizdə, eləcə də dünya muzey praktikasında mühüm məqamdır. 1600–1850-ci illərə aid olan bu tikmələr xarici ədəbiyyatda “Erkən Azərbaycan tikmələri” adlandırılır. Məhz bu tikmələr qərb mütəxəssisləri və kolleksiyaçıları tərəfindən yüksək qiymətləndirilir.

 

“Erkən Azərbaycan tikmələri”nin bir çox motivləri XVI-XVIII əsrlərin “Əjdaha” qrupuna daxil olan Azərbaycan xalçalarının naxışları, həmçinin Səfəvi dövrü xalçalarına xas palmetta və mərkəzi medalyon elementi ilə sıx əlaqəlidir. Çox maraqlıdır ki, bu xalçalar Azərbaycanın dekorativ və tətbiqi sənətinin beynəlxalq ədəbiyyatda “azərbaycanlı” kimi tanınan yeganə nümunələridir.

 

Bildirilib ki, belə sərgi layihələri muzey kuratorlarına fondlarla əməkdaşlıq üçün istiqamət verir. Sərgidə Londonun ViktoriyaAlbert Muzeyinin kolleksiyasından 13 ədəd eksponat nümayiş olunur.

 

İki illik tədqiqat çərçivəsində sərginin kuratorları Alberto Boralevi və Əsli Səmədova LondonunHali Publications Ltd” nəşriyyatının dəstəyi ilə dünya muzeyləri və şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan tikmələrinin nadir məlumat bazasını yaradıblar. Bu qəbildən olan 400-ə yaxın tikmə aşkarlanıb və elektron məlumat bazası tərtib edilib.

 

Alberto Boralevi və Əsli Səmədovanın müəllifi olduğu və "Hali Publications Ltd. nəşriyyatında çap olunan “Qafqazın ulduzları. Erkən Azərbaycan tikmələri” kitabının ayrıca bir fəsli Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı tikmələrə həsr edilib.

 

Sonra qonaqlar mərkəzin foyesində xalçaçılıq sənətinə həsr edilmiş sərgi ilə tanış olublar.