MƏN BELƏ YAŞADIM

 

Mən  hamı  kimi  deyil,

Başqa  donda,

başqa  biçimdə  böyümüşəm.

Mən  əzab-əziyyətin  içində  doğulub,

Ayaqlarımın  ucunda  böyümüşəm.

Heç  vaxt  bəxtim  gətirməyib,

Heç  vaxt  bəxtim  olmayacaq.

Öləndə də  qəflətən  öləcəyəm,

Vəsiyyətə  vaxtım  olmayacaq.

Yarı dərviş, yarı vərdiş ömrü  sürmüşəm,

Cəhənnəmin  özünü  Bakıda -

tələbə  vaxtı  görmüşəm.

Dünyaya  öz  münasibətim,

öz  baxışım  olub.

Tələbə  dostumun  gen pencəyinin  içində

Televiziyada  çıxışım  olub.

Gecə-gündüz  oxumaq-öyrənmək  olub

Məqsədim, peşəm.

Bütün  dərslərdən  beş  almışam - təkcə

İkiüzlülük, yaltaqlıq

"fənni"ndən  kəsilmişəm.

Dostlarım  deyir ki, nə  olsun!

Fərsizəm, avamam, dişsizəm.

İki  ali  təhsil  diplomuyla

Yeddi  ildir  işsizəm.

Həyatın  hər  üzünü  görmüşəm,

Həyat  məni  hərtərəfli 

Çəkib  dişinə...

Mən   Cavid  əfəndi  kimi,

Sonuncu  mənzilə  gedən  qatarda

Biletsiz  sərnişinəm...

 

BƏHMƏNİN NAĞIL PAYI

 

Dərə ilə gedirdim,

Qabağıma dağ çıxdı.

Sıxdım dağın döşünü,

Süd yerinə yağ çıxdı.

 

Göy göydə, yer yerində,

Arzularım dərində,

Oturub bir sərində,

Qarpız kəsdim, çıxdı.

 

Tutdum çayda axarı,

Qalxdım üzüyuxarı,

Gördüm gözüm ağarır,

Kiprik sandım, ox çıxdı.

 

Fikrim eldə, obada,

Gah yerdə, gah havada.

Bir quş tutdum yuvada,

Yumurtası lax çıxdı.

 

Dedim qalxım qayaya,

Fikrim yata, uyuya,

Dərdi atdım quyuya,

Minib qoçu sağ  çıxdı...

 

 

İzmirağa TÖHMƏRLİ

 

525-ci qəzet.- 2017.- 24 oktyabr.- S.7.