Yazıçılar Birliyində "Cavid Poeziya Günü"

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Azərbaycan ədəbiyyatına romantizm dalğasını bəxş edən, əbədiyaşar şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyi ilə əlaqədar "Cavid Poeziya Günü" adlı tədbir keçirilib.

 

Tədbirdə tanınmış ziyalılar, ədəbiyyatşünaslar, yazarlar media nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş nitqi ilə AYB-nin katibi, yazıçı İlqar Fəhmi açıb.

 

Daha sonra "Hüseyn Cavid" Ədəbi Məclisinin sədri, şair Kəmaləddin Qədim tədbirin mahiyyəti, eyni zamanda, H.Cavidin həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

 

"Hüseyn Cavid" Ədəbi Məclisinin yaranmasından və fəaliyyətindən söz açan K.Qədim şairin növbəti ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcəyini də qeyd edib: "Hüseyn Cavid Azərbaycan ədəbiyyatının ən görkəmli şəxsiyyətlərindən biridir. Onun yaradıcılığı nəinki Azərbaycan, o cümlədən, Şərq və bütün dünya ədəbiyyatının nadir incilərindəndir. Biz hər zaman ölməz şairimizin xatirəsini yad edirik. Onun 135 illiyi ilə bağlı bir neçə gün öncə "Sumqayıt Poeziya evi"ndə böyük tədbir keçirdik, dünən isə dahi şairimizin doğum gününü onun abidəsi önündə qeyd etdik".

 

İctimai xadim Həmid Cəfərov Cavidin həyatının sürgünlük dövründən, dünyasını dəyişməsi səbəbindən və tarixindən, 35 il öncə şairin nəşinin Uzaq Sibirdən Azərbaycana necə gətirilməsindən ətraflı söz açıb.

 

Şairlərdən Adilə Nəzər, Fərqanə Mehdiyeva, Telli Sənəm Borçalı, Faiq Balabəyli, Nuranə Nur, Kənan Hacı, İlqar Türkoğlu, Əhməd Qəşəmoğlu, Aləmzər Sadiqqızı və başqaları öz şeirləri ilə H.Cavidi anıb, ölməz şairə ehtiram bildiriblər.

 

Qonaqlar Cavid dühasının böyüklüyündən danışıb, onun tək bizə deyil, bütün dünyaya məxsus olduğunu qeyd ediblər.

 

Şahanə MÜŞFİQ

 

 

525-ci qəzet.- 2017.- 26 oktyabr.- S.7.