Mingəçevir teatrında yeni tamaşa  

 

 

Oktyabrın 24-də Mingəçevir Dövlət Dram Teatrı yeni səhnə əsərini tamaşaçılarına təqdim edib.

 

PərvininNənələr ərə gedirpyesinə əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov quruluş verib.

 

Tamaşanın quruluşçu rəssamı Kəmalə Əsgərovadır. Musiqi tərtibatı Elnur Rəsulova aiddir. Dramatik komediya janrında olan səhnə əsərində əsas rolları teatrın öncül aktyorları Əməkdar artistlər Ella Yaqubova, Şıxı Yaqubov, artistlər Afət Əliyeva, Ruhəngiz Abdullayeva, Elmira İbrahimova, Aytən Allahverdiyeva canlandırıblar.

 

Nənələr ərə gedirlirik-dramatik komediyası dörd fərqli taleli qadının həyat, insanlıq, sevgi haqqında düşüncələrini əks etdirir. Bu qadınların arasına düşmüş Əjdər isə onlara necəsə hayan, təsəlli olmağa çalışır. Amma Əjdər sonda kimlə qalacaq, kimə qismət olacaq, bu tamaşaçı üçün sualdır. Bütün sualların cavabı sonda açılır.

 

Səhnə əsəri tamaşaçıların böyük marağına səbəb olub. Sonra tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov çıxış edərək tamaşada əməyi keçən hər kəsə təşəkkürlərini çatdırıb: “Əziz tamaşaçılar, mən hamınıza gəldiyinizə görə, bizim işimizə belə qiymət verdiyinə görə təşəkkür edirəm. Həmçinin Mingəçevir Dövlət Dram Teatrının rəhbərliyinə mənə yaratdıqları şəraitə görə minnətdarlığımı bildirirəm.”

 

Sonra Bəhram Osmanov əsərin müəllifi, gənc dramaturq Pərinə söz verib. Pərvin tamaşadan aldığı təəssüratları bölüşüb: “Əziz Mingəçevirlilər! Təxminən 60 ildir ki, bütün ölkəyə işığı siz verirsiniz. Amma bu gün mənim sizlərdən aldığım işığı heç bir Elektrik Stansiya verə bilməz. Bu işığa, coşğuya, sevgiyə görə minnətdaram. Əlbəttə ən böyük təşəkkürlərim Bəhram Osmanova aiddir. Bunu dəfələrlə söyləmişəm Bəhram müəllimin gənclərlə işləməsi, onları teatra cəlb etməsi son dərəcə mühüm hadisədir. Onun mənim mətnimə reaksiya verməsi, fikir bildirməsi artıq əlamətdar idi mənim üçün. Birgə işləməyimiz, mənim pyesim əsasında tamaşa qurması isə fövqəladə işdir, böyük hadisədir məndən ötrü.

 

Teatrın rəhbərliyinə, əməyi keçən hər kəsə, rolları bu cür məharətlə ifa edən aktryorlara minnətdaram. Əlbəttə tamaşa mənim gözlədiyimdən gözəldi, maraqlıdı, təsirlidi. İnanıram ki, teatr bu tamaşa ilə uğur qazanacaq, tamaşaçılar əsərə maraq göstərəcək. Mən sizlərin hər birinizə söz verirəm ki, bu aldığım işığı qənaətlə işlədəcəm, yazılarıma köçürəcəm".

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 26 oktyabr.- S.7.