Cildlərə sığmayan ömürlər  

 

"Səhər-səhər" rubrikası

 

 

İş elə gətirdi ki, bu yay iki sanballı əsəri ard-arda oxumağa imkan tapdım.

 

İki əsər deyəndə altı kitabı nəzərdə tuturam: türk yazıçısı, tarixçi Şevkət Süreyya Aydəmirin Mustafa Kamal Atatürkə həsr olunmuş “Tək adam” üçcildliyini və Azərbaycan yazıçısı, publisist Elmira Axundovanın Moskvada nəşr edilmiş  Qeydar Aliev. Liçnost i epoxa” (Heydər Əliyev. Şəxsiyyət və dövr) üçcildliyini...

 

Hər iki dəyərli tədqiqatda - onları sənədli roman da adlandırmaq olar - XX əsrin iki böyük dövlət xadiminin, xalqlarının taleyində müstəsna rol oynamış siyasətçilərin ömür yolu ilbəil izlənməklə bərabər, eyni zamanda, dövrün  geniş mənzərəsi əks etdirdilər. Çünki hər iki şəxsiyyəti yaşadığı illərdən kənarda təsəvvür etmək mümkün deyil. Hər iki şəxsiyyət Zamanın özünü müəyyənləşdirən, yönəldən, dəyişən dahi insanlardır.

 

Ş.S.Aydəmirin və Elmira xanımın kitablarını əlimdə qələmlə mütaliə edərkən düşünürdüm ki, məsafələr və illər Atatürklə Heydər Əliyevi ayırsalar da, onların ömür yolu, taleləri, məmləkətlərinin tarixində yerləri bir-birinə çox bənzəyir.

 

Atatürkə şamil edilən “tək adam” ifadəsi Heydər Əliyevi də səciyyələndirə bilər. Heydər Əliyev də çağdaş tariximizdə  zirvə kimi ucalan TƏK ADAM idi. Böyüklüyü, bənzərsizliyi, etibarıyla da, hakimiyyət Olimpində tənhalığı ilə də...

 

Hər ikisi zəngin və gərgin, çətinliklərlə, təhlükələrlə, risklərlə, eniş-yoxuşlarla  dolu, amma  sonucda zəfərlə nəticələnən, cildlərə sığmayan  bir  ömür yaşamışlar...

 

Hər ikisi fəaliyyətlərini bir siyasi  rejimdə başlamış, tamamilə başqa, fərqli  siyasi quruluşda davam etdirmişlər.

 

Mustafa Kamal Osmanlı səltənətinin, Xəlifətin əsgəri, zabiti, paşası-generalı olmuş, bu quruluş devriləndən sonra cümhuriyyət Türkiyəsini dağılmaq, parçalanmaq təhlükəsindən xilas etmiş, yeni bir dövlətin əsasını qoymuşdur. Heydər Əliyev sovet sisteminin generalı, Sovet Azərbaycanının, sonra da SSRİ-nin ən yüksək siyasi mərtəbəsinə yüksəlmiş siyasətçi, daha sonralar müstəqil Azərbaycanın ölkəni bəlalardan qurtaran  rəhbəri və qurucusu olmuşdur.

 

Atatürk dövlətin  möhkəmliyinin, təhlükəsizliyinin, asayişinin qarantı olan ordunun əhəmiyyətini yetərincə dəyərləndirirdi. Heydər Əliyev hələ sovet dövründə Azərbaycanda Hərbi məktəblər açmaqla, gəncləri hərbi məktəblərə göndərməklə gələcək müstəqil Azərbaycanın güclü orduya ehtiyacını öncədən görürdü.

 

Mustafa Kamal vətən şairi Namik Kamalın poeziyasından təsirləndiyi, məclislərində  şairlərlə, yazıçılarla durub oturmağı xoşladığı kimi, Heydər Əliyev də ədəbiyyatımızın klassiklərinə dərin hörmətlə yanaşır, ədəbiyyat və sənət adamlarıyla ünsiyyətdən zövq alırdı.

 

lll  

 

Nazım Hikmətin gənclik arkadaşı (sonralar yolları ayrılsa da), 20-ci illərdə Azərbaycanda da yaşamış və bu barədə “Suyu arayan adam” adlı kitab yazmış Şevkət Süreyyanın “Tək adam” üçcildliyini neçə il qabaq  Türkiyədə almışdım, amma oxumağa macal tapmamışdım. Elmira isə Moskvada yenicə çıxmış kitabını mənə bu yay hədiyyə etmişdi.  

 

Şevkət Süreyya Aydəmir kitabının hər cildində Qazi ömrünün üç mərhələsini  əks etdirir: Birinci cild doğum günündən Türkiyənin xilası yolunda mücadilənin başlandığı zamana - Mustafa Kamalın Samsuna çıxışına qədər olan dövrü əhatə edir (1881-1919). İkinci cild Qazinin rəhbərliyiylə Qüvveyi milliyənin Samsundan İzmirə qədəri keçən zəfər yolunu canlandırır (1919-1922). Və nəhayət üçüncü cild Cümhüriyyət elan olunmasından Atatürkün vəfatına qədər keçən dövrdən bəhs edir (1923-1937).

 

Mustafa Kamalın  tarixdə rolunu tam dərk etməkçün Osmanlı dövlətinin XIX əsr və  XX əsrin əvvəllərində nə vəziyyətə düşdüyünü dəqiq təsəvvür etmək gərəkdir. 1825-1855-ci illərdə hakimiyyətdə olan rus çarı Birinci Nikolay  Peterburq sarayında bir bal zamanı ingilis səfiri ser Hamilton Seymurla söhbətində Türkiyəni “Avropanın xəstə adamı” adlandırır və bu təbir Türkiyənin durumunu səciyyələndirmək üçün uzun sürə Avropa şüuruna hakim kəsilir. Türkiyəyə qarşı əsrlər boyu davam edən bu siyasətin son məqsədi Türkiyəni parçalamaq, bölməkdir. Bu məqsədlə gah Balkan hadisələrindən, gah yunanların Bizansı bərpa etmək  xəyallarından, gah erməni xəyanətindən istifadə olunurdu. Çar Rusiyasının gözü də həmişə İstanbul-Konstantinopolda idi, ən böyük istəyi Boğazları ələ keçirmək idi. Boğazlara tək Rusiya yox, İngiltərə, başqa Avropa dövlətləri də tamah salırdı. “Tək adam” kitabında bu siyasi məqsədlərlə bağlı konkret faktlar gətirilir. XIX əsrin siyasi ərazi iddiaları XX əsrdə də davam etdirilir. 1918-ci ildə İngiltərənin məşhur siyasi xadimi Lord Kerzon bəyan edirdi: “Türkiyənin Avropada yerləri Türkiyədən alınmalı, İstanbul və Boğazların idarəsi başqalarına verilməlidir”.

 

Bu məşum niyyət həyata keçirilməyə başlamışdı - İstanbul, Nazım Hikmətin ifadəsiylə desək, “qırx həraminin” ingilislərin, fransızların, italyanların, yunanların əsiri idi.

 

Mustafa Kamal: “Bir millət əsirliyə düşürsə, o millətdən olan hər kəs heç olur. Mən bir yabançının  evindən çıxarkən arxamdan güldüklərini duyar kimi olurdum” - deyirdi.

 

Türk xalqı kimi məğrur xalq milli heysiyyətinin alçaldılmısına dözə bilməzdi.

 

İstanbulun bu zülmət gecəsində milli mücadiləyə həsr edilmiş “Atəşdən göynək” romanının müəllifi Xalidə Ədib işğal olunmuş şəhərin balkonundan xalqa səslənirdi:

 

“Gecənin ən qaranlıq və əbədi kimi göründüyü zaman, gün işığının ən yaxın olduğu andır. Qardaşlarım, mən görünməyən, fəqət yenilməz ruhlara xitab edirəm. Qardaşlar, evladlar, sizə  dünyanın verdiyi hökmü dinləyiniz: Avropa dövlətlərinin işğalçı siyasəti, xəyanətlə və haqsız olaraq Türkiyəyə qarşı çevrilmişdir. Əgər ayda və ulduzlarda da türk və müsəlman olduğunu bilsələr, istila ordularını oralara da göndərərlər”.

 

Yazıçı sözünə dəstək əsgər silahı oldu. Kiçik bir dəstəylə Samsuna çıxan Mustafa Kamal bütün Anadolunu bürüyücək zəfər yürüşünə başladı və bu yürüş İzmirdə qəsbkar  yunan ordularının dənizə tökülməsiylə  tamamlandı.

 

Mustafa Kamalın böyüklüyü tək sərkərdə istedadında deyildi. O, həm də dünyaya, o cümlədən, öz mənəvi dəyərləriylə öyünən Avropaya  yalnız  döyüşmək dərsi yox, həm də əxlaq dərsi  verirdi. İşğaldan azad olunmuş İzmirdə Kamal paşanın ayaqları altına yunan bayrağını atırlar. Paşa sərt baxışlarla: -bu nədir?* - deyə soruşur.

 

- Yunan bayrağıdır, paşam - deyirlər. - Bu evdə yerləşən yunan kralı Konstantin buraya gələrkən ayağının altına türk bayrağı səribmişlər, o da bayrağı tapdalayaraq keçmişdir.

 

Mustafa Kamal: - Kral  xəta etmiş -deyir - Mən bu xətanı təkrar edəmmərəm. Bayraq millətin şərəfidir, nə olur olsun, yerlərə sərilməz və tapdanmaz. Qaldırın!

 

Paşa yunanlara başqa bir dərs də verir. Məğlub olub əsir düşmüş yunan generalı Trikopislə son dərəcədə nəzakətli və nəcibliklə davranır. Şahidlərin etirafına görə, Trikopis  Kamal paşaya   açıq bir heyranlıqla baxırdı: - Mən sizin bu qədər gənc olduğunuzu bilmirdim - deyir.

 

Mustafa Kamal isə ona hətta  təsəlli verirmiş kimi: hər komandan yenilə bilər - deyir. Bundan çox illər sonra general Trikopis Türkiyənin Cümhuriyyət bayramının hər ildönümündə Afinada Türk səfirliyinə gəlir, Atatürkün  şəkli qarşısında baş əyir  və onu düşmən deyil, dünyanın ən fəzilətli, həm də ən qəhrəman insanı kimi dəyərləndirirmiş. 1937-ci ildə, ölümünə az qalan zaman Atatürkün dediyi sözlər də bu geniş qəlbli insanı səciyyələndirir:

 

“İnsan mənsub olduğu millətin varlığını və səadətini düşündüyü qədər, bütün cahan millətlərinin hüzur və rifahını düşünməli və kəndi millətinin səadətinə nə qədər qiymət verirsə, bütün dünya millətlərinin səadətinə xidmət etməyi  əlindən gəldiyi qədər çalışmalıdır”.

 

Atatürk rejimi müəyyən dərəcədə avtoritar sistem idi. Tək adam təbiri də elə bu statusu təsdiq edir. Amma Müstafa Kamalı öz çağının başqa siyasi rəhbərlərindən fərqləndirən cəhət məhz dar çərçivədə deyil, dünya miqyasında düşünmək və hərəkət etmək fəziləti idi.

 

Türk tarixinin ən şərəfli səhifələrindən biri Çanaqqala döyüşləridir. Çanaqqala döyüşlərindən qabaq Mustafa Kamalın əsgərlərə dediyi məşhur sözlərini bilirdim: - Sizə mən təəərüz (hücüm etmək) əmr etmirəm,  ölməyi əmr edirəm. Biz ölüncəyə qədər keçəcək zaman içində, yerimizi başqa qüvvələr və başqa komandanlar ala bilir.

 

İngiltərənin baş naziri Uinston Çörçillin sözlərini isə Aydəmirin kitabından  öyrəndim. Çörçil: - Türklər elə döyüşürdülər ki, canlarını verir, amma vətən torpaqlarından bir qarış belə vermirdilər.

 

Çörçil Çanaqqala döyüşündə həlak olan işğalçıların 200 min nəfər olduğunu bildirir, Türklərdən isə 186869 şəhid, yaralı və itkin düşən olub.

 

Bir neçə il qabaq Çanaqqalanı ziyarət edərkən Atatürkün burda həkk olunmuş sözlərindən çox təsirləndim. Vətən yolunda şəhid düşmüş türk “məhmədciklərinin” məzarlarıyla yanaşı, işğalçı ingilis, ANZAQ (Avstraliya, Yeni Zelandiya) ordularının həlak olmuş əsgərləri də səliqəli qəbirlərdə yatırlar.  Onların barəsində Atatürkün dediyi sözlər bəlkə də tarixin ən şərəfli kəlamlarındandır. Qazi  türk torpağına tapşırılmış yadellilələri hərbçi kimi dəyərləndirir:

 

“Bu məmləkətin torpaqları üstündə qanlarını tökən qəhrəmanlar! Burada dost bir vətənin torpağındasınız. Hüzur və sükut içində uyuyunuz. Sizlər məhmədciklərlə yan-yana, qucaq qucağasınız. Uzaq diyarlardan övladlarını müharibəyə göndərən analar! Göz yaşlarınızı ovudun. Övladlarınız bizim bağrımızdadır, hüzur içindədirlər və hüzur içində rahat-rahat uyuyacaqlar. Onlar bu torpağa canlarını verdikdən sonra artıq bizim övladlarımız olmuşlar”.

 

Bu sözlər tarixə düşmüş “Kim bizim üstümüzə qılıncla gəlsə, qılıncla da məhv olacaq” sözləriylə  necə böyük təzad təşkil edir. Bir yandan məğlub edilmiş düşmənə mərhəmət, alicənablıq, bir yandan lovğa qürrələnmə!

 

Atatürk həyatda daşıyacağı  missiyanı çox gənc yaşlarından bilirdi və çox gənc yaşlarından dərk etmişdi ki, ancaq hürr fikirli insanlar vətənləri üçün faydalı işlər  görməyə qadirdilər. O, özü də azad düşüncəli insan idi. Ordudan icazəsiz çıxıb anasının yanına gələn  Mustafadan anası Zübeydə xanım: Nə cəsarətlə buraya gələ bildin, oğlum? - deyə, həyəcanla soruşur - sakın, dövlətin və padişahımız əfəndimizin arzusuna müğayir bir şey  yapmış olmayasan?

 

Anasının bu təlaşına gənc Mustafanın cavabı çox ilgincdir:

 

- Padişah əfəndimizin nə olduğunu indi deyil, fəqət yaxın zamanda sənə göstərəcəm - deyir.

 

Türkiyənin başqa bir çox dəyərli  siyasi və hərbi xadimi Ənvər paşa  Mustafa Kamala müəyyən qısqanclıqla yanaşırdı. Müdafiə naziri olarkən  Mustafa Kamal haqqında növbəti rütbə təqdimatına Ənvər paşa belə münasibət bildirib:

 

- O, heç bir şeylə məmnun olmaz. General olar, korgenerallıq (korpus generallığı) istər, Korgeneral olur, orgenerallıq (ordu generalı) istər. Orgeneral olur, müşirlik (marşallıq) istər. Müşir yaparsınız bununla da yetinməz. Padişahlıq istər.

 

Ənvər paşanın sözlərini Mustafa Kamala çatdıranda belə qarşılıq verib: Mən Enverin bu qədər zəki və irəli görüşlü olduğunu bilməzdim.

 

Ənvər paşa yanılmayıbmış. Mustafa Kamal istəsə də, istəməsə də, Padişah yox, amma Türkiyə Cümhuriyyətinin ilk Prezidenti oldu.

 

lll  

 

Elmira Axundovanın Heydər Əliyevə həsr olunmuş kitabı da xronoloji ardıcıllıqla üç bölümə ayrılır. 1923-1982-ci illəri əhatə edən Birinci cilddə doğumundan Moskvaya, yüksək vəzifəyə getdiyi ilə qədəri keçən dövrdən söz açılır. İkinci cild Moskvada keçən illəri (1983-1989), SSRİ Nazirlər Sovetinin Birinci müavini vəzifəsində çalışdığı məsuliyyətli və çətin dövrü  əhatə edir. Üçüncü cilddə Bakıya risklərlə dolu qayıdışı, ömrünün Naxçıvan dövrü,  yenidən Bakıya dönüşünün önəmi, müstəqil Azərbaycanın Prezidenti kimi  tarixi fəaliyyəti qələmə alınıb. Ta ömrünün son günlərinə qədər.

 

Əgər Atatürkün həyatı və mübarizəsi haqqında bilgilərimizi kitablardan alırıqsa, Heydər Əliyev  müasirimiz idi, fəaliyyətinin mühüm bir hissəsi  gözlərimiz önündə keçmişdi və şəxsən mənə dəfələrlə onunla ünsiyyətdə olmaq, ətraflı söhbətlər etmək şərəfi qismət olmuşdu.

 

Bir neçə il bundan qabaq Ulu Öndərlə bağlı xatirələrim, düşüncələrim haqqında, təmaslarımız barəsində  Unudulmaz görüşlər” adlı kitabım çıxdı. Bu böyük insanın həyatı və fəaliyyəti haqqına məlumatım az deyil. Amma bununla belə, Elmira xanımın sənədli romanı   gözlərim qarşısında tamamilə yeni, daha dolğun, daha əhatəli və əzəmətli bir İnsan, Şəxsiyyət, Rəhbər obrazı yaratdı. Düşündüm ki, Heydər Əliyev haqqında nə qədər  yazılıbsa, deyilibsə də, onun varlığını bütövlüklə əks etdirə biləcək əsərlərə hələ çox ehtiyac duyacağıq. Elmira Axundovanın publisist-yazıçı istedadını  yetərincə qiymətləndirməklə bərabər onun ən böyük xidmətini onda görürəm ki, vaxtı-vaxtında  H. Əliyevi az, ya çox, yaxından, ya uzaqdan tanıyan ən müxtəlif adamlarla  görüşmüş, onların təəsüratlarını, xatirələrini  qələmə almışdır.

 

Bunun  prinsipal əhəmiyyəti də var. Elmira xanım cildləri üzərində işləyərkən inanılmaz dərəcədə çox  məxəzlərlə -  siyasi kitablarla, sənədlərlə, memuar ədəbiyyatıyla tanış olub, Heydər Əiyevlə bir vaxtda Siyasi büro üzvləri  olmuş həmkarlarının çapdan çıxmış xatirələrini oxuyub və qeyd edir ki,  bu kitablarda müəlliflərin  çoxundan daha yüksək və məsul vəzifədə çalışan Heydər Əliyevdən ya ötəri bir-iki cümləylə  danışılır ya heç danışılmır.

 

Mənimçün bunun səbəbi aydındır - qısqanclıq. Ən yüksək vəzifələr tutan, ya haçansa tutmuş adamlar da bu qısqanclıq mərəzinə mübtəladırlar. Heydər Əliyevlə eyni vaxtda Siyasi büro üzvləri olmuş adamlar indi hardadırlar? Ölən ölüb və unudulub, qalan qalıb və unudulub, heç kəsin diqqətini çəkməyən təqaüdçü həyatı sürürlər. Heydər Əliyev isə müstəqil  dövlətin Prezidentidir və dünyanın ən böyük siyasi liderləriylə görüşür, ən yüksək beynəlxalq kürsülərdən çıxış edir, əsrin ən tanınmış adamlarıyla dostluq münasibətləri var... Qısqanmasınlar neyləsinlər?

 

Siyasi büroda hökm sürən ab-hava haqqında kitabda Heydər Əliyevin bu sözləri gətirilir:

 

“Deməliyəm ki, Siyasi büroda heç kəs heç kimlə səmimi deyildi, Mən 5 il Moskvada işlədim, Nazirlər Sovetinin Birinci müavini, Siyasi büro üzvü kimi,  amma heç kimlə açıq söhbət edə bilmirdim. Görürdüm ki, başqaları da elə. Siyasi büroda yığışırdıq, hansısa nöqsanlar barədə nə isə deyirdik, amma öz fikirlərini səmimi sürətdə bəyan etmək qeyri-mümkün idi”.

 

Elmira Axundova böyük əzm və inad  göstərərək, Moskvada bu “unudulmuş adamların” əksəriyyətiylə görüşmüş,  onların Heydər Əliyev haqqında fikirlərini almışdır. Hamısı, o cümlədən, Azərbaycan rəhbərinə o qədər də xoş münasibət bəsləməyən Yakovlev kimi adamlar da Heydər Əliyevə yüksək qiymət  verirlər. Qədim bir kəlam var: “Əflatun dostumdur, amma həqiqət daha üstündür”. Bunu tərsinə çevirsək, bəzi həmkarları “Heydər Əliyevlə aram yox idi, amma həqiqət daha üstündü” deyə bilərlər. Yenə də sağ olsunlar ki, obyektivlik hissini tamam itirməyiblər və bu böyük siyasi xadimə layiq olduğu qiyməti boğazdan yuxarı olsa da, verə biliblər. Bu sözləri onlardan tarix üçün qopartdığına görə Elmira da sağ olsun.

 

Elmira Axundovanın kitabını oxuyarkən və Heydər Əliyevin davranışları haqqında öz təəssüratlarımı xatırlayarkən onu düşünürəm ki, bu böyük insan heç vaxt və heç yerdə, o cümlədən, Moskvada, superdövlətin ən yüksək məqamında olanda belə, azərbaycanlılığını unutmur və unutdurmurdu. Axı nə gizlədək, bizim millətin bəzi nümayəndələri istər Rusiyada, istər İranda, istər Qərb ölkələrində olsun, sənət, siyasət, ya biznes sahəsində uğur qazanan kimi hansı xalqa mənsub olduqlarını ört- basdır etmək, ya ən azı nümayiş etdirməməyə çalışırlar. Heydər Əliyev tam bunun əksinə hərəkət edirdi, hər yerdə, hər vaxt azərbaycanlı olmasıyla  fəxr etdiyini deyirdi. Bəlkə şovinist ruhlu sovet rəhbərlərinin ona müəyyən şübhəylə yanaşmalarının bir səbəbi də elə bu idi. Heydər Əliyevin bir söhbətini də xatırlayıram. Deyirdi ki, Siyasi büro üzvü olarkən sovet rəhbərlərinin SSRİ-nin müsəlman respublikalarına  başqa gözlə baxmasının şahidi olmuşam. İndi də dünyanın aparıcı dövlətləri Şərq ölkələrinə münasibətlərində ikili standarlarla hərəkət edirlər.

 

Mənimçün o da aydındır ki, Heydər Əliyev nəinki Moskvada yüksək vəzifədə qalsaydı, hətta Azərbaycanın rəhbəri kimi fəaliyyət göstərsəydi belə, erməni separatçıları heç vaxt açıq şəkildə Qarabağ məsələsini qaldırmağa cürət etməzdilər. Və mənə elə gəlir ki  Heydər Əliyev sovet rəhbərliyindən uzaqlaşdırılmasaydı, SSRİ də bu şəkildə dağılmazdı. SSR-nin süqutu labüd idi və Heydər Əliyev də bunu hamıdan yaxşı bilirdi, amma bu,  boşanma” prosesi daha sivil yolla, respublikaların bir-birinə ərazi iddiaları olmadan, qan tökülmədən, ölüm-itimsiz, qonşu torpağına təcavüzsüz  baş verə bilərdi. 

 

Əlbəttə, məni Heydər Əliyevin Azərbaycanda Partiya rəhbəri və Prezident kimi Birinci və ikinci dövrdə  ziyalılarımızla münasibəti daha çox maraqlandırırdı. Bu baxımdan kitabda bəhs olunan hadisələrdən çoxunun canlı şahidi olsam da, onlar barədə bir daha oxumaq məndə qəribə nostalji hissləri oyadırdı. Axı birinci katib olanda da, Prezident kimi fəaliyyət göstərəndə də Heydər Əliyev  klassik yazıçılarımızın və bir çox çağdaşlarımızın yubileylərində mütləq iştirak edərdi, teatr və film tamaşalarına, konsert və sərgilərə gələrdi. Bu, əlbəttə, çox əhəmiyyətli idi, amma bəlkə bundan da əhəmiyyətli o idi ki, hamımızı, xüsusiylə də ədəbiyyata, sənətə təzə gəlmiş cavanları qoruyurdu.

 

Bir dəfə - Sizin ölkənizdə dissidentlər yoxmuydu? - sualına Heydər Əliyev: - Biz onları axtarmırdıq, axtarsaydıq, tapmaq olardı - cavabını vermişdi, Doğrudan da o vaxt Azərbaycan ədəbiyyatında, teatrında, kinosunda yaranan əsərlərə hansısa müttəfiq respublikada demirəm, Leninqrad, ya hətta Moskvada belə asanlıqla dissetentlik damğası vurula bilərdi. Axı “Papadan çox katolik”, yaxud “kraldan çox kralçı” olan məmurlardan betər ədəbi darğalar da var. O əsəri, bu əsəri iyləyib lazımi yerlərə danos verənlərin də kökü  kəsilməyib. Hər yerindən  kal duran, ədəbiyyata heç oxucu kimi də dəxli olmayan adamlar yazıçılara Jdanov - Suslov sayağı nədən yazmağı və necə yazmağı  tövsiyyə edir.

 

Yazıçılar Birliyi Aqanbekyanlara, Sero Xanzadyanlara, Perç Zeytunsyanlara, Zori Balayanlara, Suren Ayvazyanlara cavablar verəndə bəzi tarixçilərimiz əcdadlarımızı - Dədə Qorqud oğuzlarını basqınçılar kimi qələmə verir, Bakı kommunasının “şərəfli” fəaliyyətindən dissertasiyalar müdafiə  edib alim olurdular.

 

Heydər Əliyev  hər kəsin yerini və kim olduğunu yaxşı bilirdi və onu da bilirdi ki, sovet vaxtı Moskvanın hər növ təzyiqlərinə rəğmən Azərbaycan ziyalılarını bada vermək olmaz. Mən bu sözləri havadan demirəm. Elə Elmira Axundovanın kitabıyla tanış olmaq kifayətdir ki, Heydər Əliyevin Azərbaycan ziyalılarına - yaşlısına da, cavanına da necə qayğı və diqqətlə yanaşmasının şahidi olasan. Həm də bu diqqət, bu qayğı sovet dönəmindən başlanmışdı. Yəni o illərdən ki, Mərkəzin bütün təhriklərinə və təzyiqlərinə  baxmayaraq,  millətçi kimi damğalanan ziyalılarımızı Mərkəzin  ayağına verməməklə MK-nın Birinci katibi özünü də riskə atırdı.

 

Qədirbilən  yazıçılarımız bu böyük insanın xeyirxahlığını unutmur, ən çətin anlarında ona hörmət və rəğbətlərini gizlətmirdilər. Heydər Əliyev ədalətsizcəsinə vəzifələrindən uzaqlaşdırılıb, haqqında mətbuatla böhtanlar yazılan zamanlar,  doğma Naxçıvana sığındığı günlərdə onun jurnalist Elmira Əhmədovaya verdiyi  ilk müsahibəsi Yazıçılar Birliyinin “Ulduz” jurnalında çap olunmuşdu. Elmira Axundova mərhum Elmira Əhmədovaya istinad edərək yazır ki, “Ulduz” jurnalının bu nömrəsini Heydər Əliyevə   təqdim edəndə: Mən ki bu  Abbas Abdullaya  (o vaxt jurnalın redaktoru) bir yaxşılıq eləməmişəm, - deyib - bu müsahibəni çap etməyə necə cəsarəti çatıb”.

 

O uğursuz günlərdə,  çoxları Heydər Əliyevdən üz  döndərəndə  onu Yazıçıların Qurultayına dəvət etməyimiz, Qurultayda hörmətlə qarşılanması, sonra Prezident olduğu vaxt növbəti qurultayımızda iştirakı və o  hadisəni minnətdarlıqla xatırlaması haqqında dəfələrlə deyilib, yazılıb. Mən də yazmışam, Elmira xanım da kitabında yazır. Təkrara ehtiyac yoxdur.

 

Elmira Axundovanın kitabının məziyyətlərindən biri də müəllifin tarixilik  hissidir. O, heç yerdə tarixi hadisələri, tarixdə öz yeri olan şəxsiyyətləri günün  konyukturu mövqeyindən çıxdaş eləmir. Tarix saxtakarlığı sevmir və hansısa  hadisələrin, adların üstündən keçmək bir vaxt bu hadisələrin, adların başqa cür ifratla şişirdilməsinə səbəb ola bilər. Hər kəsin tarixdə öz yeri var. Heydər Əliyevə gəldikdə isə  həm tarixin çıxardığı nəticə, həm də bu nəticənin Elmira xanımın kitabında real faktlara əsaslanan təsdiqi ondan ibarətdir ki, Heydər Əliyev Azərbaycan  taleyinin ən çətin dövrlərində  xalqımızın bəxtinə düşmüş nadir şəxsiyyət, siyasi dahi idi. Həmişə də tarixdə belə qalacaq.

 

Bu yazımda bəhs etdiyim böyük  şəxsiyyətlərdən  birini kitablardan öyrəndim, biriylə şəxsən tanış idim. İndi cildliklər vasitəsiylə - Şevkət Süreyya Aydəmirin “Tək adam” və Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və dövr” tədqiqatlarıyla - türk dünyasının və XX əsrin iki nəhəng siyasətçisiylə  təmasda olmağım  mənə gələcəyə böyük ümidlər bəxş etdi.

 

Bu yazımı üç alıntıyla bitirmək istəyirəm.

 

Şövkət Süreyya Aydəmir Atatürk haqqında yazır:

 

Xalqdan biri olaraq doğuldu... Amma öldüyü gün ona: - Millətin ən böyük evladı - dedilər.

 

Elmira Axundova   Heydər Əliyev haqqında  yazır:

 

Bəzən məndən soruşurlar: Heydər Əliyev haqqında hələ  nə qədər yazacaqsınız? Açıq deyirəm: Yəqin ki, ömrüm boyu. O, elə bil unikal şəxsiyyət idi və elə bir unikal taleyi vardı ki, bunların  publisistikada əks olunmasına  son dərəcə böyük məsuliyyətlə yanaşmaq lazımdır. Həm də böyük məhəbbətlə.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

 

Bu gün Heydər Əliyev bizimlə deyil, amma biz ruhdan düşməməliyik. Onun ideyaları yaşayır, fəlsəfəsi, azərbaycançılıq fəlsəfəsi, ideologiyası yaşayır, onun yaratdığı və qurduğu Azərbaycan yaşayır və inkişaf edir. Biz hamımız Vətənimizi onun göstərdiyi yolla irəli aparmalıyıq.

 

23-26 oktaybr 2017

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

525-ci qəzet.- 2017.- 28 oktyabr.- S.10-11.