"Nənələr ərə gedir" - ədəbi və teatral yaradıcılıq uğuru  

 

 

Mingəçevir Dövlət Dram Teatrının quruluşunda gənc yazıçı-dramaturq Pərvinin F.Bulyakovun eyniadlı pyesindən bəhrələnərək qələmə aldığı "Nənələr ərə gedir" dramatik komediyasını maraqla izlədim.

 

İndiyədək Pərvinin bir neçə pyesinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində quruluş verilib. "Qoğalın sərgüzəştləri", "Dəcəl keçi", "Mauqli" pyesləri bu sıradadır, "Sonuncu" pyesi isə Yuğ Dövlət teatrının səhnəsində oynanılıb. Onun "Nənələr ərə gedir" dramatik komediyası da maraqlı səhnə əsərlərindən biridir. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

 

Pərdə açılar-açılmaz səhnədə böyük bir coşqu, dinamika hiss olunmaqdadır. Hadisələr bir məkan çərçivəsində - müalicə istirahət sanatoriyasının palatasında cərəyan edir. Bu palatada dörd fərqli taleli qadın 21 günlük müalicə istirahətə üçün yerləşib, onlar həyatlarında baş verən hadisələri bir-birilərinə danışmaqla həm özlərinin dünyagörüş maraqlarını nümayiş etdirirlər. Pərvin hadisələri yeni bir baxış bucağından, elə çevik ardıcıl formada təqdim edir ki, bir an da səhnədən gözünü çəkmək istəmirsən. Çünki səhnədə sürətlə baş verən olaylara laqeyd qalmaq olmur hər bir obrazın təqdimatı hədsiz maraq doğurur.

 

Tamaşada Əməkdar artist Ella Yaqubova Məsi obrazını ifa edir.  Obraz 75 yaşında, qulağı ağır eşidən, az danışan, amma hərdən keçmiş eşq macəralarını yada salıb qırıq-kəsik nələrsə deyən bir fərd kimi göstərilsə , aktrisanın səhnədə etdiyi improvizələr obrazın tam şəkildə açılmasına təkan verir.            

 

Aktrisa Afət Əliyevanın yaratdığı Leyla obrazı tamaşanın əsas xəttində aparıcı sima olaraq, baş verən hadisələrin mərkəzində göstərilir. Səhnədə Leyla 60 yaşında bir qadın kimi təqdim edilir, A.Əliyeva çox ustalıqla onu yaşa dolmağı boynuna almayan, özünü bəzən yüngülməcaz bir fərd kimi aparan, gənclik ehtirasıyla yaşayan obraz kimi canlandırır. Hadisələrin gedişi zamanı bəlli olur ki, bu qadın üç dəfə ərə gedib, dördüncünün axtarışındadır. Onun bu namizəd axtarışları çox maraqlı bir detalla qabardılır. Belə ki, aktrisanın Azərbaycan xəritəsi qarşısında bölgələr üzrə var-gəl etməsi bu bölgələri xəritə üzərində ürək şəkilləri ilə bəzəməsi dolğun bir detal kimi diqqəti çəkir.

 

Tamaşadakı maraqlı obrazlardan biri Əməkdar artist Şıxı Yaqubovun yaratmış olduğu Əjdərdir. Əjdər əvvəllər ədəbiyyat müəllimi olub. Sonradan məktəb direktoru ilə dava etdiyindən işdən çıxmaq məcburiyyətində qalıb. İndi isə evlərdə xırda işlər görür, santexnika ilə bağlı problemləri həll edir. Əjdər subaydır heç ailə qurmayıb. Bunu bilən dörd qadın onun, sözün əsl mənasında, başının bəlasına çevrilirlər. Əjdər bu dörd qadınla onların xarakterlərinə uyğun davranmaq məcburiyyətindədir. Məlum olur ki, Əjdər əl çantasının içində bir qadın tuflisi gəzdirir. Onun 30 illik arzusudur ki, bu tufli kimin ayağına olacaqsa, onunla da ailə həyatı qursun. Qadınlar arasındakı çəkişmə sonda tuflinin 75 yaşlı Məsi arvada qismət olması ilə nəticələnir. Ancaq bu da son deyil. Əjdərin axtarışına çıxan Cavan qızın (aktrisa Aytən Allahverdiyeva) sanatoriyaya, bu palataya gəlməsi onun yalanlarının ifşasına şərait yaradır.

 

Aktrisa Ruhəngiz Abdullayevanın oynadığı Məryəm obrazı da diqqəti cəlb edir. Obraz bu aktrisanın təqdimatında hər zaman düzgünlük sevən, sözü üzə deyən, bir az sərt, bir az da kişi xarakterli qadın təsiri bağışlayır. O, qadınlar arasında söhbətlər zamanı, digərlərindən fərqli olaraq, bir dəfə ailə həyatı qurduğunu deyir. Mərhum həyat yoldaşının çox gözəl sənətkar, rəssam olduğunu bildirən qadın, ailədə xoşbəxt taleli birisi olmadığını söyləsə , keçmiş həyat yoldaşının sevgisinə hər zaman sadiq qaldığını bildirir. Əjdərin gəlməsi onun da həyatında bəzi məqamları dəyişir.

 

Tamaşa boyu maraqla izlənilən obrazlardan biri Sərvinazdır (aktrisa Elmira İbrahimova). O, 67 yaşlı bir qadın, heç vaxt ailə qurmayan, ömrünü bacısı uşaqlarına həsr edən, həyatda iddiasız, sakit, təmkinli bir qədər sevgi macəralarından uzaq obraz kimi göstərilir. Sevgi macaralarından söhbət düşərkən xarakterində olan yumor hissi aktrisanın məharətli oyun tərzi ilə səhnədə daha da qabarıq nəzərə çarpır maraqlı detallarla tamaşaçıya təqdim olunur.

 

Quruluşçu rejissor Bəhram Osmanov cərəyan edən hadisələr fonunda xarakterləri açmaq, konkret baş verən hadisələri çözmək üçün mümkün vasitələrdən böyük ustalıqla istifadə edib. O, səhnədə hadisələr inkişaf etdikcə insanları onların baş verənlərlə əlaqəsini aydın göstərmək üçün detalları seçib ümumiləşdirir, səciyyəvi saydığı cəhətlərin daha qabarıq verilməsinə nail olur. Bu da tamaşanın daha da baxımlı olması üçün böyük zəmin yaradır. Rejissor maraqlı səhnə mizanları ilə müəllif fikrinin tam formada açılmasını təmin edir, özünəməxsus gedişlərlə tamaşaçını bir daha "Gülüşə yalnız əyləncə vasitəsi kimi baxmaq olmaz" ideyasına istiqamətləndirir.

 

Quruluşçu rəssam Kəmalə Əsgərovanın maraqlı tərtibatı pyesin rejissor traktovkası ilə mütənasiblik təşkil etməklə, ideya-bədii dəyərinin artırılmasına töhfə verir. Rəssam öz tərtibatında dörd pəncərədən istifadə etmişdir. Bu pəncərələrin ikisi bütöv, ikisi isə sınıqdır rəngə boyanıb. Pəncərələrin rəngə boyanması dörd qadının daxili dünyalarının bəyazlığı qədər həm xəyal qırıqlığını simvollaşdırır. Musiqi tərtibatçısı Elnur Rəsulovun seçimləri tamaşanın uğurlu səhnə həllinə müsbət təsir edib.

 

 

Sonda qeyd edim ki, Mingəçevir Dövlət  Dram Teatrının səhnəsindəki "Nənələr ərə gedir" tamaşası, müəllif quruluşçu rejissor başda olmaqla, bütün yaradıcı heyətin önəmli uğuru kimi diqqət çəkir.

 

Anar BÜRCƏLİYEV

Teatrşünas

 

525-ci qəzet.- 2017.- 31 oktyabr.- S.8.