Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi qarşısında
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə
düşünmüş, bizlərə nəyi vəsiyyət
etmişlər - oxuyaq, düşünək, bu
günümüz üçün fəxr edək!
MOSKVA
YOLLARINDA
1920 sənəsinin qış ibtidaları idi. Bizi
Bakıdakı Osobı otdeldən (Ğ.P.U-nun əskəri
qismi) çıxardılar. Moskvaya
götürüyorlardı. Sabiqdə imperator xanədanına
aid olub da şimdi Lenin xanədanına mənsub Stalinə
verilmiş olan “salon vağon”a zəbt edilmiş xüsusi bir
vaqona gətirildik. Bu o zaman Bakıya ziyarətə
gəlmiş olan Stalinin bizə qarşı göstərdigi
bir “iltifat” idi. Bizi, Rəsulzadə Məhəmməd
Emin bəylə bəni Stalin kəndi nəzarəti
altında Moskvaya sürməgi daha müvafiq bulmuşdu.
Nə isə buna da təşəkkür etməliydi.
Başqa türlü də ola bilirdi ya!
Stalinin “salon vağonuna” bir yemək salonu, bir ərzaq
vağonu, bir müafizə qitəsi vağonu, bir mətbəx
bağlanmışdı.
Kanuni-əvvəl (dekabr) ibtidalarında Bakıdan hərəkət
etdik. Yolda mütamadiyən Azərbaycandan Rusiyaya yük
dolusu vağonlar keçiyordu. Bunlar Bakının ticarət
depolarında, anbarlarda, mağaza və ticarətxanələrdə,
gömrük və stansyonlarda, hətta xüsusi evlərdə
olan petrol, qaz, benzin, yun, şəkər, əşya,
buğda, yağ, pirinç, kumaş, hətta
məktəb skamyalarına qədər olan şeylərdi. Həpsi “Leninə qızıl hədiyyə” olaraq
Bakı “proletarı” tərəfindən göndərilməkdə
idi.
Bunlara müqabil Rusiyadan Azərbaycana qatarlar dolusu rus əskəri
gəlib keçiyordu. Hər stasyonda Stalinin salon vağonuna ərzaq
alınmaqda idi.
Məmləkət aclıqdan gəbərməkdə ikən,
Stalinin sayəsində biz nazu-nemət içərisində
Moskvaya doğru yürüyoruz. Anbarımızda hər
növi yeməli olduğu kibi ən əla Qafqasiya şərabları,
konyakları da məbzul idi.
Gürcü olduğu üçün Stalin çox
sevdigi şərabın ən gözəllərini
qullanmaqdadır.
Rostov stansyonunda Stalinə bu qədər əskərin
Qafqasiyaya neçün getdiginin səbəbini sordum.
- Bunlar,
dedi, Gürcüstanı burjuaların pəncəsindən
xilas etmək üçün gediyorlar.
Bən güldüm. Səbəbini sordu.
Ona İran şairi Sədidən şunu anlatdım:
- Bir
çoban bir qoyunu qurdun əlindən qurtarmış, fəqət
evinə götürdükdən sonra başını kəsmiş.
Qoyunun ruhu çobana gözükərək demiş ki:
- Sən
bəni qurdun pəncəsindən qurtardın amma kəndin bənim
qurdum oldun.
Və əlavə
etdim ki:
- Azərbaycan
göz önündə... Bu götürülməkdə
olan mallara müqabil Azərbaycana bir kuruş belə
vermiyorsunuz. Halbuki, Avropa burjuası
aldığı hər şeyə müqabil para veriyor.
Siz Gürcüstanı da boylə mi
qurtaracaqsınız?
Güldü,
dedi ki:
- Batumsuz Bakı heç bir işə yaramaz. Biz Ağ dənizə
yol açmaq üçün mütləqa Qara dənizə
çıxmalıyız.
- Ağ dənizə
çıxmaq üçün daha iləri getmək lazım
gələcək qaliba.
Dedim.
Yenə
güldü:
- Yox,
dedi, o qədər iləri getməyiz.
Bakıdan Moskvaya tam 15 gündə getmişdik.
lll
Moskvada bir ay qaldıqdan sonra yenə Azərbaycana
dönüyordum. Bu dəfə Qafqasiyadakı rus
qızıl orduları baş müfəttişi Serğo
Orcenikidzenin xüsusi vaqonundayız.
Bunun vağonunda Moskvada vuqu bulan bir komunist konqresindən
Bakıya dönməkdə olan Nəriman Nərimanov və
bir çox Azərbaycan komunistləri dəxi vardı. Serğo, bu
1905-1906 sənələrindən tanıdığım,
Bakı ətrafında hətta İranda bərabərcə
ixtilal hərəkatlarında iştirak etdigimiz bu Serğo
şimdi kosmopolit, rus süngüsünə dayanan bir
kommunistdir. Halbuki, o zaman bizi dost və hətta arkadaş
edən rusluğa, rus hakimiyyətinə, rus
süngüsünə və Rusiyaya qarşı olan
müştərək duyğularımız idi. İkimiz də Qafqasiyanın oğlu idik. O
gürcü, bən Azəri. Və biz
Qafqasyayı Rusiyanın əsarətindən qurtarmaq
üçün çarpışıyorduq.
Fəqət, şimdi Stalinin sağ əli olan Serğo,
yalnız çar Nikolay ilə
çarpışıyormuş. Və Nikolay
ordularının çegnədigi Azərbaycanı bu dəfə
çeynəməkdə olan qızıl rusların
başında Serğo duruyor. 1920 sənəsi
Mayıs və Həziran üsyanlarında Gəncəni
qanına qəltan edən bu qızıl ordu eynən 1804 sənəsində
ki, rus məzalimini təkrarlamışdı. Tühəfdir, o zaman dəxi Cavad xanın Gəncəsinə
qarşı hərb edən ruslara Serğo kibi
ruslaşmış bir gürcü, knyaz Sisyanov komanda etməkdə
idi.
Moskvadan Bakıya 12 gündə gəldik və bu 12
gün Serğo ilə münaqişədə keçdi. Bən siyasi
nöqteyi nəzərlərimi şəra və müdafiə
ediyordum.
Bir gün münaqişəmizə Nərimanov dəxi
qarışdı. Bən Azərbaycan sovet hökumətinin
rəisi sifətilə Nərimanın məmləkətimizdə
davam edən qarət, talan və qətliamlara nasıl
müsaidə etdigini sordum.
Nəriman nə cavab versə bəgənirsiniz?
Dedi ki:
- Nə
yapayım, bəni dinləyən yoxdur.
Serğo Orcenikidze buna qızdı.
-
Nasıl dinləməzlər, dedi, bir məmləkətin rəisi
sifətilə bunu açıqcasına tələb edə
bilsin.
Nəriman
cavab olaraq dedi ki:
- Öylə
yaparkən də Azərbaycanda olan bəzi qüvvətlərin
başlarına başqa türlü fikirlər gəliyor... (rus ağalara işarət)
Orcenikidzenin
o zaman Nərimana verdigi cavabı heç unutmam:
-
Hayır, yoldaş Nəriman, bu sözlərlə kəndini məsuliyyətdən
qurtaramazsan. Sözləri dinlənmiyən bir rəisi
hökumət, məmləkətinin fəlakətinə
iştirak etməmək və məsuliyyətdən qurtarmaq
üçün, istefa verir, işdən çəkilir.
Dedi.
Nəriman Azərbaycanın bütün fəlakətlərində
iştirak etdi.
On minlərlə edamlara imza atdı. Azərbaycanın bütün haqq və sərvətini
Moskvaya hədiyyə eylədi. Azərbaycanın
şərəf, namus və heysiyyətini ləkələyən
saysız “müqavilələr” imzaladı.
Və bunları yaparkən həp qəlbdən “müztərib
olduğunu” söylədi. Fəqət istefa vermədi.
Çünkü xəstə idi. Mövqe, sandalya xəstəsi idi.
Dəmirçi
oğlu
“Odlu-Yurd”,
27 nisan 1931, ¹ 2(27)
Məbzul
- bol, bağışlanmış
Tühəf
- misli bərabəri olmayan, heyrət
Şəra
- qayda-qanunla
Müztərib
- iztirab çəkən
Qeyd:
Yazının müəllifi M.Ə.Rəsulzadənin əmisi
oğlu, onunla bərabər Moskvaya aparılan Məmməd
Əli Rəsulzadədir (1882 Novxanı - 1982 İstanbul). Ş.H.
KEÇMİŞ
OLSUN!
Cənubi
İran üsyanının yatışdırılması
münasibətilə
Əfqanıstan irticainin qara müzəffəriyyətindən
sonra Cənubi İranda zühur edən Qaşqai üsyanı
İrandakı Şah Pəhləvi həzrətlərinin təşəbbüs
etdigi islahat hərəkatını səmimi bir təvəccöhlə
təqib edən bütün Şərq hürriyyətpərvərləri
kibi, bizi də əndişəyə
düşürmüşdü.
Cənubi
İranın sadə yeganə türk əşirətini təşkil
edən Qaşqai elini degil, eyni zamanda Lor, Bəxtiyari, Zor, Fars,
Derşuli kibi, Fars və Xuzistan kibi ərəb əşirətlərilə
bərabər, Şirazın bir növü “yarım
Allahı” olub, ötədən bəri Fars vilayətinin
hökumətini kəndi ailələri əlində tutan Qəvamilərin
də bu “suriş”də rolları olduğunu nəzərə
alırsaq, bu hadisədə milli bir hərəkət və ya
əklsüləməl mənası aramaq əsassız olur. Zatən bu dəfə cənubda təsviyə edilən
bu hərəkatın Pəhləvi rejiminin bundan əvvəl
Şimali İranda, Kürdüstanda, Loristanda və Belucistan
hüdudunda təsviyə və tənkil etdigi hərəkatlardan
fərqi yoxdur. Bütün bu hərəkatlar
isə feodalitenin təmərküz etməkdə bulunan
dövlətə qarşı üsyan və müqavimətindən
ibarətdir. Bu müqavimət Türkiyədə
və Əfqanıstanda olduğu kibi, eyni zamanda irtica təmsil
ilə geri fikirlərə istinad və əsgimiş müəssisələri
idealizə edər.
Bu hərəkatın Türkiyədəki müməssili
Şeyx Seid Cümhuriyyətin qahir qüvvətilə təpələndi
və türk radiqalizmi bir həmlədə irticanın 7
başlı əjdahasını öldürmüş oldu. Türkiyədə
məğlub olan bu qara qüvvət Əfqanıstandakı
müsaid şəraitdən bilistifadə mənəvi bir vəhdət
halında olan Şərq radikalizminə böyük bir dərbə
endirmək imkanını buldu. Əfqanıstan
hadisələrindən sonra Cənubi İranda zühur edən
üsyan, ortaya atdığı tələblərilə irticai
bir qüvvət olduğu haqqında şübhə
buraxmıyordu. Hərəkatın
başına keçmiş bulunan Əli xanı
Beççəyi Sakka ilə müqayisə ediyorlardı.
Ümumi əskər tutmanın, Avropa tərzində geyinmənin,
ədliyyə təşkilatındakı islahatın,
xürafata qarşı açılan mücadilənin tətbiqatından
mütəəssir olan mollalarla, feodallar və bunların təsiri
altında qalan bəsirət və ürfandan məhrum mütəəssib
zümrələr Əli xanın şəxsində “İrana
müsəllət olan bidata qarşı cidal
açmış bir qəhrəman” görüyor, 5 vaxt namaz
üstündə onun müzəffəriyyəti
üçün dua ediyorlardı.
Pəhləvi
həzrətlərinin, Əmanüllah xandan fərqli olaraq
şəniyətləri ölçərək, ehtiyatla hərəkət
edən metodu, bu dəfə də kəndisinə yardım
etdi və nisbətən az bir müddətdə
mürtəceləri sevindirən bu üsyan, çox qan
tökməgə fürsət verilmədən, təsviyə
edilmiş oldu. Şu surətlə yapılan təsviyənin
radikal olmadığını söyləyənlər
vardır. Çünki asilər tamamilə
silahdan təcrid edilməmişlərmiş və boylə
qaldıqca günün birində yenə baş qaldıra bilərlərmiş.
Şübhəsiz tərəqqi və əsrilik yolunda
olan bugünkü İranın, İran hürriyyətpərvərlərinin
ötədən bəri bəslədikləri idealı tamamilə
tətbiq etmək daha bir çox zamana və fədakarlıqlara
bağlıdır. İran dövlətçiligi feodalizmi
tamamilə ilğa etmək və orta zaman müəssisələrini
kökündən yıxmaq üçün şübhəsiz
daha çox əmək sərf edəcəkdir. Fəqət son zəfəri təmin
üçün əzimlə yürüyən “pəhləvizm”
kəndi metoduna ki, bir növü ənənəvi İran
metodu deməkdir - sadiq qalaraq ehtiyatlıca hərəkət ilə
bərabər şübhəsiz, müzəffər
olacaqdır.
Onun bu zəfərini təmənni etmək, Şərqdəki
demokrasi və hürriyyət hərəkatının
müştərək mənfəətlərə malik
olduğuna qane olan bizlərə fərzdir.
Qaşqayi
elinin mənşə etibarilə türk olduğunu
görüb də, Cənub üsyanının feodalizm irticai
şüarları ilə hərəkətdə bulunduğunu
ehmal etməgə gəlməz!..
Molla-feodal-köçəbə etilafından mürəkkəb
Qaşqai üsyanının zəfəri yalnız İran
üçün degil, bütün Şərq
üçün bir fəlakət olurdu, netəkim Şeyx Said
hadisəsi də bu mahiyyətdə idi.
Buna
görədir ki, “Cənub üsyanı”nın önünə
keçilməsi münasibətilə yalnız İranlı
hürriyyətçilərə degil, bütün Şərq
liberallarına, kəmali-səmimiyyətlə keçmiş
olsun deriz!..
M.E.Rəsulzadə
“Odlu-Yurd”,
Birinci təşrin (oktyabr) 1929, ¹ 8
Qahir -
üstün gələn, qalib
Şəni
- pis, xəbis
ŞAİR
Ə.CAVAD HAQQINDA
Bolşevik mətbuatı Azərbaycanın milli şairi
Ə.Cavad bəyə qarşı şiddətli bir provakasyon
səfəri açmışlardır. Səfərin
mövzuu “Milli Azərbaycan Nəşriyatı” seriyasından
olub İstanbulda nəşr olunan “İstiqlal uğrunda” nam
şeirlər məcmuəsində Ə.Cavadın dəxi bəzi
şeirlərinin dərc edilmiş olmasıdır.
Sırf çekistcə vuqu bulan təərrüzlərə
qarşı şair “İstiqlal uğrunda” məcmuəsinə
keçən şeirlərin nəşrindən nə nəşr
ediləcəgindən qətiyyən xəbərdar
olmadığını “Komunist” qəzetəsinə verdigi bir
“protesto” ilə izah eyləmişdir.
“İstiqlal uğrunda” nam məcmuədəki Ə.Cavad
bəyə aid şeirlər bolşeviklərin Azərbaycanı
istila etdiklərindən daha əvvəl təb və nəşr
edilmiş əsərlərindən iqtibas edilmiş
parçalardır ki, məzkur məcmuədə məxəz
olaraq bu əsərlər dəxi göstərilmişdir. Nə Sovetlər
İttihadında, nə də Türkiyədə beynəlmiləl
həqqi təlif qanunu tətbiq olunmadığından, bu mətbu
parçaları nəql edərkən “Milli Azərbaycan Nəşriyatı”
bu xüsusda sahibinə sormaya qətiyyən lüzum hiss etməmişdir.
Bolşeviklərin bəzi qanunları məqəblinə
təşmil etdiklərini “adət etməyənlər”ə
aid yenicə nəşr olunan qanun misalında gördiksə də
Orta Zaman vəhşətini xatırladan bu üsulun
bolşeviklərdən əvvəl təşmil ediləcəgini
xatiri-xəyaldan keçirməzdik.
Xatiri-xəyala
gəlmədik daha nə vəhşətlər varmış!...
“Odlu-Yurd”,
birinci qanun 1929, ¹ 10
Təlif
- kitab tərtib etmə
MƏTBUAT
VƏ KİTABİYYAT
“Cümhuriyyət”in
bir məqaləsi
Baş
mühərriri məbus Yunus Nadi bəyin imzasilə 23 eylul
tarixli nüsxəsində nəşr elədigi baş məqaləsini
“Cümhuriyyət” qəzetəsi “Türkiyə xaricindəki
türklər”ə təxsis eyləmişdir.
Məqalənin bəhs etdigi mövzu əsasən
günün aktual məsələsini təşkil edən
Trakya türklərinin Yunan idarəsindən gördükləri
təzyiq və həqarətdir. Bu həqarətdən və
zülmdən bəhs edərkən “Cümhuriyyət”
şayani təqdir və yunan üçün mövcubi-təmənni
əsaslı nöqteyi-nəzər sərd ediyor, diyor ki:
- “Türkiyə xaricindəki türklərin həyatları
ilə yaxından və uzaqdan əlaqədar olmaqdan varəstə
bulunmayacağımız çox açıq bir hesabdır. Bu
açıq hesabın dostluq və düşmənlik tərəzisində
xatiri sayılacaq qədər ağır bir siqlət təşkil
etməkdən xali qalmıyacağını dosta və
düşmənə açıqca elan etməkdə
etiqadımızca Türk əxlaqına çox
yaqışan mərdanə bir hərəkət olur”.
Qəzetə
fransızlarla əqd olunan Suriya sülhündə İskəndərun
və həvalisi türkləri üçün təmininə
əhəmiyyət verilən hüququn bu təbii hissiyyata
mülhəm olduğunu və “Şərqi Trakya türkləri”
üzərinə dəxi qəlblərin bu hissiyyatilə titrədigini
qeydilə hər bir türkün kəndisini hüdud xaricində
qalan türkləri zülümdən qurtarmaq
üçün kəndisini fədaya hazır olduğunu pək
hissi cümlələrlə təsbit ediyor.
Bu
nöqteyi-nəzərini pək haqlı bir taqım müqayisələrlə
təyid etdikdən sonra qəzetə diyor ki:
“Ortada onları (yəni hüdud xaricindəki türkləri)
bihüzur edən münasibətsiz işlər yoxsa bizim
onlarla məşğul olduğumuz belə görülməz. Misal: iştə
Kıprıs idarəsi və Kıprıs türkləri. Kıprıstə ingilis idarəsi hər kəs
haqqında səyyanən cari bir ədalət təsis
etmişdir. Kıprısda kimsənin idarədən
və qanunun tətbiqatından şikayət etdigini
eşitmiyoruz. Bilnəticə ortada
Kıprıs türklərinin vəziyyəti deyə bir məsələdə
də yoxdur”.
Müsbət
Kıprıs misalından sonra qəzetə məqaləsinin
sonunda eyni mövzua təəlluq edən mənfi misal olmaq
üzrə də Rusiyayı alaraq əzcümlə şu
sözləri söylüyor:
“...Pək
dostumuz olan qonşumuz Rusiyada türklərin yer-yer
sıxıntı çəkməkdə olduqlarına dair
eşitdigimiz xəbərlərdən mütəəssir
olduğumuzu da saxlamayacağız. Bu təəssürümüzün
izharı hər hanki bir dövlətin daxili işlərinə
müdaxilə fikrindən tamamən ayrı müstəqil bir
məsələdir. Hər dövlətin
daxili idarəsində hürriyyət və istiqlalına deyəcəgimiz
tək kəlmə dəxi yoxdur. Fəqət
arkadaşlarımızın zülüm və işkəncə
görmələri müvacibəsində hiss etdigimiz təəssürdən
dolayı da bizə etiraz edəcək heç bir dövlət
fərz və qəbul edəməyiz”.
“Cümhuriyyət”in
bu sözləri bir az əvvəl “Komunizm
münaqişəsi” münasibətilə yazdığı
bir məqaləsini təshih etmiş oluyor.
“Odlu-Yurd”,
birinci təşrin 1929, ¹ 8
Bir il dönümü
26 avqustos 1859 Qafqasiya dağlıları
üçün ələmli və qara bir gündür. Çünki
Qafqasiya dağlıları kəndi istiqlalları uğrunda
Rusiya imperializminə qarşı açdıqları cidalə
bu gün xitam vermiş və mücahid İmam Şamildə
mücadilə səhnəsindən çəkilməgə məcbur
olmuşdur.
Slav knyazlarının Şimali Qafqasiyaya yapdıqları
axın IX əsr Svyatoslav zamanından başlar. Bu və bunu
mütaqib axınlara qarşı dağlılar müqavimət
etmiş və slavları Şimala çəkilməgə məcbur
etmişdir. Fəqət zaman keçdikcə
Moskva Qafqasiya ilə bilxassə təqribən 4 əsr əvvəl
çar IV İvan zamanında əlaqədar olmağa
başlamışdır. Çar Feodor
zamanında ruslar Dağıstana hücum yapmış və
bir şəhər almağa müvəffəq olmuşlarsa da
1604-də dağlılar rus ordusuna böyük bir zərbə
endirmiş və rusları Dağıstan və Şimali
Qafqasiyayı tərk etməyə məcbur etmişdir. Bu qəti zərbə nəticəsində
Dağıstan 118 sənə, yəni 1604-dən 1722-yə qədər
rus izi görməmişdir. 1722 sənələrində
çar I Petro artıq Qafqasiyaya və İrana xüsusi diqqət
ətf etməyə başlamışdı. İştə bunun nəticəsində
böyük bir axın yapılaraq Dərbənd, Bakı,
Mazandaran-Astarabad və Gilan ruslar tərəfindən
işğal edildi. Bu sıralarda Qafqasiya təhdid
altında bulunuyordu. Fəqət bu dəfə
də Dağlılar rus ordusuna qarşı qoymuş və
1735-də rus qüvvətini hüduddan ötəyə
atmışlardır.
XVIII əsrin
ortalarında artıq Rusiya, Şimali Qafqasiya üzərinə
müntəzəmən hücuma keçiyor və dövlət
miqyasında olan bu cidal, təqribən 100 sənə davam
etdikdən sonra dağlıların məğlubiyyətilə
26 avğustos 1859-da xitam buluyor. Bu dövrdə
Dağıstan dövlət həyatını idarə və
mücadilə başında bir çox əfsanə və məsalların
vücuduna səbəbiyyət verən İmam Şamil
bulunuyorlardı.
“Qafqasiya dağlıları” məcmuəsi 70-ci ilini tamamlayan bu tarixə təxsis etdigi baş məqaləsində bu günün acı xatirələrini qeyd ediyor və bu gün qızıl Rusiya əsarətində bulunan məmləkətlərinin istixlası və bu yolda yürüdülən istiqlal mücadiləsinə Avropa Əfkari-Ümumiyyəsi və Cəmiyyəti Əqvamın nəzəri-diqqətini cəlblə məqaləyi şu parça ilə bitiriyor. “Dağlılar! Əcdadımızın qəhrəmanca yürütdükləri və bizə miras olaraq buraxdıqları mücadiləyi qalibiyyətlə bitirmək zamanı yaklaşmışdır. Bu mücadilədə “Böyük İmam”ın şu sözünü unutmayalım: “Halımız mazidən, atimiz də haldan parlaq olmalıdır”!
“Odlu-Yurd”, birinci təşrin 1929, ¹ 8
Təxsis - həsr etmə
Varəstə - xilas olmuş, azad
BOLŞEVİK MƏTBUATINDA TÜRKİYƏ
Keçən nüsxələrimizdə dəxi qeyd etdigimiz vəchilə Sovet hökuməti Bakı və Tiflis mətbuatı vasitəsilə müasir Türkiyə haqqında sistematik bir surətdə tənqidi məqalələr yazmaqda və bu günkü rejimin əleyhində bulunmaqdadır. Son gələn Bakı qəzetələri dəxi bu sistematik tənqidi bütün çıplaqlığı ilə göstərməkdədir. “Komunist” qəzetəsinə (28.I ¹ 22.1930) “Bir faciənin il dönümü” ünvanı altında E.E. imzası ilə yazılmış bir məqalədə bolşevik mühərriri bundan 8 sənə əvvəl öldürülmüş Türkiyə komunistlərindən Mustafa Sübhi və Edhəm Nijadın ölümünü xatırladaraq bu qətil tarixinin Türkiyə burjuazisi qudurğanlığını yad etdiginə işarət ediyor və diyor ki: “Mustafa Kamal Paşanın aldadıcı dəvətilə Türkiyəyə çağrılan Mustafa Sübhi və arkadaşlarını Qara dənizdə öldürənlər və Qara dənizin qara dalğalarına atanlar yalnız Trabzon burjuazisi degildi. Kars, Ərzurum, Trabzon və Ankara arasında təşəkkül edən cinayət şəbəkəsi doğurdan doğruya Ankaranın rəhbərliyi ilə işlənməkdə idi. Əmri Ankara vermişdi. Cinayəti Trabzon burjuazisinin qanlı əlləri işləmişdi. Mustafa Sübhi və arkadaşlarının Türkiyədəki fəaliyyətlərindən uzun uzadiyə bəhs etdikdən sonra bolşevik mühərriri Sovet hökumətini kəndisinə dost, Komunist İnternasyonalını düşmən bilən və bu surətlə ancaq kəndi kəndini aldatmaya yaramayacaq bir siyasətlə hərəkət edən Türkiyə burjuazisinin Mustafa Sübhi faciəsindən tamamilə məsul olduğunu qeyd ediyor və “Bu məsuliyyət dolayısilə də Türkiyə burjuazisi Türkiyədə hər türlü inqilabi hərəkatı boğmaqda, inqilabçıları həbs etməkdə və engizsyon işgəncələri tətbiq etməkdə istical göstəriyor. Fəqət şəraitin hazırladığı və verdigi imkanlara mane olmamaq kibi təbii bir vəziyyət Türkiyə əməkçiləri arasında komunizm inkişafına yardım ediyor” kibi səfsətələr və provakasyonlar söyləməkdən çəkinmiyor.
Türkiyəyi dəxi kəndilərinin yuvarlandığı uçurum içərisində görmək hüzur və rifah içərisində yaşayan Türkiyə xalqını dəxi bulunduqları səfil vəziyyətə soxmaq istəyən bolşevik mühərriri Mustafa Sübhi “faciə”sində iştirak edənlərin bilaxirə yekdigərini öldürtdüklərinə işarət ediyor və əlavə ediyor ki: “Bu ölənlərdən sonra sağ qalanların dəxi yıxıldıqlarını və tamamilə iflas edəcəkləri günü də Türkiyə əməkçiləri görəcəklərdir. Buna ən böyük həqiqətlərə inandığımız kibi inanmaqdayız”.
lll
Türkiyə əleyhinə mütəvəcceh bulunan bu hərəkatın ikinci bir həmləsinə eyni “Komunist” qəzetəsinin başqa bir nüsxəsində dəxi təsadüf etməkdəyiz. “Mus-Mus” ünvanı altında və İskəndər imzası ilə yazılmış olan bu uzun məqalədə (“Komunist”, ¹ 47, 27.2.1930) bolşevik mühərriri Türkiyə ilə İtaliya rejimini müqayisə etməkdədir. Bolşevik mühərririnə görə Kamalçılar burjuazisi kəndi inqilabi müvəffəqiyyətlərini yavaş-yavaş Avropa dövlətlərinə təslim etməkdədir. Musulun sülhlə İngiltərəyə verilməsi, Osmanlı borclarının qəbul edilməsi, İtaliyaya bir çox imtiyazların verilməsi haqqındakı müqavilələr, İngiltərə və Fransa ilə yapılan dostluq, İngiltərə hərbi gəmilərinin Türkiyə sularına gəlməsi bolşevik ajanına görə həp Qərbi Avropa ilə uzlaşmaq və iqtisadən Avropa kapitalı əlində siyasi bir əsarətə düşməkmiş.
Türkiyədəki komunizm hərəkatına təmas edən məqalə sahibi diyor ki: “Hakim olan Kamalçı sinifi çoxdan bəri gizli çalışmağa məcbur edilmiş Komunist firqəsini eşidilməmiş bir təzyiq altına almışdır. Fəqət bununla bərabər Komunist firqəsi Türkiyə əməkçiləri gözündə yeganə inqilabi pişdar hesab olunuyor”.
Sözlərini təyid etmək və Türkiyə haqqındakı keyfi və müxasim fikrini təqviyə məqsədilə bolşevik mühərriri peyğəmbəri Stalinin Türkiyə inqilabı haqqında söyləmiş olduğu fikirləri zikr ediyor və diyor ki: “Stalinin dedikləri şimdi həqiqət olmağa başlıyor. Stalin demişdi ki, Kamalçılar inqilabı imperyalistlərlə mücadilə nəticəsində vücuda gələn milli ticarət burjuazisi inqilabıdır. Bu hərəkat istiqbalda mahiyyət etibarilə köylü və əmələlərə qarşı və ən nəhayət ərazi inqilabı yaradılması imkanına qarşı olacaqdır”.
Bütün bu provakasyon mahiyyətindəki fikirlərini bəyan etdikdən sonra mühərrir əsil məsələyə - yəni bir müddət əvvəl Leyipsikdə Dr. Bəsri Gültəkin bəy tərəfindən fransızca olaraq yazılmış “Türkiyə sülhü və onun tarixi rolu” ünvanlı kitabının təhlil və tənqidinə keçiyor. Hər şeydən əvvəl şunu qeyd edəlim ki, bolşevik mühərriri məzkur kitabın Mustafa Kamal Paşa və Benito Musoliniyə ithaf edilməsindən son dərəcə sinirlənmiş və ötkələnmişdir.
Bəsri Gültəkin bəyin sırf bir milli nöqteyi-nəzərlə izah etdigi vaqeələri və Türkiyənin gərək şimdiki vəziyyəti və gərəksə istiqbalı haqqındakı mülahizələrini xoş görməyən və bu milli nöqteyi-nəzərə “imperyalistcə görüş” kibi baxan bolşevik mühərriri ən fəzlə əlyövm bolşevizm əsarəti altında bulunan türk xalqlarının vəziyyəti və Türkiyə-Sovet münasibəti haqqındakı mülahizələrinə qızıyor. Gültəkin bəy Sovet-Türkiyə münasibətinə təmas edərkən şöylə diyormuş: “Sovet-Türkiyə dostluq münasibatının gələcəgi bütün Türkiyə Cümhuriyyətlərinin - Azərbaycandan başlamış Çin Türkistanına qədər - Moskvadan azad edilməsindən asılıdır” (Moskvadan, daha doğrusu bolşevizmdən). Məzkur parçayı vəsilə ittixaz edərək bu gün qiyməti-həyatiyyəsini qeyb etmiş bulunan panturanizm ideyasının və imperyalistcə niyyətlərini daha Türkiyədə mövcud olduğunu iddia edən bolşevik mühərriri son söz olaraq əlavə ediyor ki: “Biz təkrar ediyoruz ki, müasir Mustafa Kamal Türkiyəsi və Mussolini İtaliyası bir-birinin eynidir. Şunu əlavə edəlim ki, dünya kapitalizminin arxasınca gedən Kamalçılar Türkiyəsi başçılarının faşizm üsulu və imperyalizm xülyaları şübhəsizdir. Bu açıq və aydın faktı görmək istəməyən bəzi müdəqqiqlərimizə qarşı mücadilə yapmak sırası gəlmişdir”.
İştə dostluq pərdəsi arxasında min bir provakasyon və intiriqalar yapmaya çalışan bolşeviklərin Türkiyə əleyhinə mütəvəcceh fəaliyyətlərindən bir parça!
A.T.
“Odlu
Yurd”, 27 nisan 1930, ¹14
Qeyd: Məncə
bu, A.T. Abdulla Battal Taymasdır (Tatarstanın Samara şəhərində
anadan olub. Dil, ədəbiyyat və tarix sahəsində
mütəxəssis. “Odlu-Yurd”da “Beynəlmiləl
həyatan” rubrikası ilə xeyli məqaləsi dərc
olunub).
Mütəvəcceh
- istiqamətlənən
Müxasim
- düşmənçilk
QIZIL
İSTİLA
İstiqlal
o sönməyən məhəbbət bir məsələ,
Gönüllərdə
tutuşur, gözlərdə sönsə belə!
Gültəkin
Şimalın
qudurmuş qan və vəhşət dalğası 27 nisanda
Türkün mübarək və məmur yurdlarından
birisini daha istila etmişdi...
Bağrında əsirlərin söndürəmədigi
müqəddəs atəşi saxlayan Odlu Yurdun hərimi ismətinə
də yenidən qaba rus çizməsi soxulmuş və milli
imanla qəlbləri tutuşmuş olan Azəri Türk
övladlarının da köksləri yenidən qanla Moskov
süngüsilə parçalanmışdı.
Əsirlərin
şahid olduğu moskovların Türklügə qarşı
yürümələri artıq yeni bir rəng, yeni bir
üsulla, fəqət daha böyük vəhşətlə
Odlu Yurdun da hüdudlarını yenidən almışdı!..
Kazan,
Astarxan, Krım, Türkistan, Şimali Qafqas kibi, Azərbaycan
da artıq yenidən Moskva boyun əgmişdi. Boyunmu əgmişdiə
Heyhat,
minlərcə heyhat!.. İşdə bu dəfəki
istila ilə digərlərinin fərqi!..
İştə dünkü Türklüklə bu günkinin fərqi!
İştə dünki Şərq məsələsilə bu
gün ortaya atılan yeni Şərq cərəyanının
can nöqtəsi və fərqi!..
Tarixində ən qüvvətli səciyyəsi
düşməninə baş əgməmək olan Türk
artıq hər tərəfdə kəndisini, kəndi milli səciyyəsini
və yolunu bulmuşdu. Hər tərəfdə türk gəncləri,
Türkün sayğılı ağsaqqalları, türk
qadın və çocuqları belə istila qüvvətinə
qarşı düşmən deyə baxmış və onlara
qarşı yalnız qəlblərində kin və nifrət
daşımaqla qalmamış, qurşunlar, bombalar da
sovurmağa, gizli mətləblərdə basılan tarixi bəyannamələrlə
milli vicdanın səhifələrini də yüksəltmişlərdi...
Türk-Moskov cidalının bu yeni faciəsində ən
şərəfli rollardan birisini də Azərbaycan
Türklügü oynamaqdadır. 27 nisan işğalı hər
şeydən ziyadə istiqlal qılıcını yenidən,
atəşdən, qandan keçirərək
hazırlıyor... 27 nisan vəhşəti hər şeydən
ziyadə əgilməyən türk başına,
alçalmayan türk alnına, titrəməyən türk
imanına yalnız daha yüksək şərəf verməklə
qalmıyor, onu tarixə daha layiq bir ruhda, istiqbalına
büsbütün hakim olacaq bir surətdə hazırlıyor
və yüksəltiyor.
Sevgili Azərbaycanın 27 nisan faciəsinə uğramış olmasından şübhəsiz ən acı ələmləri duyarız, fəqət unutmamalıyız ki, böylə milli faciələr qədər heç bir şey millətlər tarixində istiqbalın qurtuluş yolunu açamaz!..
Millət qayğısilə yanan arkadaşlarımızdan bəziləri girişdigimiz bu böyük milli cidalımızda lüzumundan pək fəzlə olaraq, xarici və maddi qüvvətlərə əhəmiyyət verirlər... Düşmənin siyasi müvəffəqiyyətsizlikləri, iqtisadi böhranları, daxili siyasətdəki çaşqınlıqları və sairəsini ölçər, biçər və ondan ümid alır. Bəncə bizim davamızda bunlar ikinci degil, hətta onuncu dərəcədə belə haizi əhəmiyyət məsələlər degildir. Bizim yolumuzdan keçən millətlərin hər birinin tarixlərinin dönüm nöqtələrində bir çox təsəvvürün fövqündə müvəffəqiyyətlərə nail olduqlarını görüyoruz. Bu təsadüf əsəri degildir. Milli davalar hər şeydən əvvəl ancaq və ancaq iman davasıdır. O, qüvvətini maddiyyatı düşünməməkdən, ancaq mənəviyyatdan alır və bu qədər qüvvətli olduğu təqdirdə tarixinə hakim olur.
Bən milli imanımızın qüvvətini hər şeydən və hər yerdən əvvəl Solofqadan, o vicdani millimizin ən şərəfli və ən müqəddəs müdafiləri olan qardaşlarımıza məktəb və məzar olmuş olan Şimalın buzlu, soyuq adasından alıyoram... Milli faciəmiz hər şeydən ziyadə orada canlanıyor. Oraya baxdığım zaman gördügüm solmuş rənglər, ərimiş vücudlar, titrəyən əllər, bükülən dizlər, cansız nəfəslər, dərin əninlər önündə hörmət və təqdislə diz çökərkən, millətin, istiqlalın haqqı və əşqi uğrunda məhv olduqları halda baş əyməyən, ölümlə qarşı-qarşıya, sənələrcə pəncələşdikləri halda geriyə və zillətə bir addım atmayan bu böyük ruhlu və ülvi imanlı gəncləri yaradan millətimizin əsir qalmayacağına olan imanım haqqın qüdrətindən daha böyük bir qüvvətlə canlanıyor...
Əvət istiqlal, o, sönməyən məhəbbət və məşələ!..
Krımlı C. Seyid Əhməd
“Odlu-Yurd”, nisan 1929, ¹3
Hərim - hörmətli yer
Ənin - inilti, zarıltı
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2017.- 16 sentybar.- S.20-21.