Aşıq Ədalətə vidaya Saz əmanəti

 

 

 

 

Ta uşaqlığımdan bu kəlmələr yaddaşıma həkk olunub: Aşıqlar Haqq adamıdırlar, onlara Allah tərəfindən vergi - buta verilib.

 

Yəni aşıqlar yalnız saz çalmaqla yetinmir, həm insanın bilavasitə ruhuna, düşüncəsinə təsir edə, hətta onun gələcəyindən xəbər verə, insanı bütün pisliklərdən, şər qüvvələrdən qoruya bilərlər. Bəlkə bu fikirlərimin ilkin qaynağı da ən qədim ədəbiyyat nümunələrimizdən olanKitabi-Dədə Qorquddastanımızdakı Dədə Qorqud imiş?! Axı, qeybdən xəbər verən, igidlərə ad qoyan, alqışı Oğuz elini firavanlığa çıxarıb, qarğışı yağı düşməni daşa çevirən el ozanı məhz Dədəmiz Qorqud olub!

 

İlk dəfəaşıqsözünü Aşıq Ələsgər adında eşitmişəm mən. Xalqın böyük oğlu, bənzərsiz söz adamı Aşıq Ələsgər mənimçün yalnız şeir yazan, saz çalan insan deyildi, məsələn, mən onun hər cür möcüzəyə qadir olduğunu düşünürdüm.

 

Ruh dediyimiz görünür, əllə toxunulur. Ruh sadəcə hiss edilə bilər. Ancaq məncə, həqiqi aşıqlar o adamlardır ki, onlar bizim görmədiyimiz, beş duyğu üzvümüzün heç biri ilə hiss etmədiyimiz o ruha iki barmaqlarının arasındakı mizrab vasitəsilə toxunurlar, ruhu görə bilirlər. Elə saz çalanda gözlərini bağlamaqları da buna görədir, gözləri bağlı olanda daha yaxşı görürlər onlar...

 

Tarix boyunca, bu ilahi sənət Türk Dünyası mədəniyyətinə bənzərsiz ustadlar, sənətkarlar bəxş edib. Yazının məhdud çərçivəsini nəzərə alıb, hamısının adını çəkməsəm , özümün bütün Türk dünyasının şeirlərini sevərək oxuduğu, ifasını dinlədiyi aşıqlardan bir neçəsini misal göstərə bilərəm: Aşıq Dirili Qurbani, Tufarqanlı Abbas, Qaracaoğlan, Xəstə Qasım, Miskin Abdal, Aşıq Allahverdi ( aşıq), Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı, Azaflı Mikayıl, Aşıq İmran nəhayət Aşıq Ədalət. Mənim üçün hələlik siyahı burda tamamlanır.

 

Elə buna görə böyük ürək ağrısı ilə deyə bilərəm ki, sentyabrın 14-ü bu sirli-sehirli, köklü-köməcli, ulu babalarımızın əmanəti sazın yetim qalan günü idi. Saz özünün zəmanəmizdəki ən böyük sirdaşını, dayağını, ruhdaşını, Dədə Qorqud əmanəti, Aşıq Ələsgər yadigarı, Aşıq Əli şəyirdi Aşıq Ədalət Nəsibovu itirdi.

 

Onun adı qulaqlarımda məhəbbətlə səslənənda lap uşaq idim, onda saz-söz sənətindən xəbərim vardı, aşıq tanıyırdım. Atam sazın, sözün beşiyi Borçalı mahalından olduğundan evimizdə aşıq havaları xüsusi hüsn-rəğbətlə, zövqlə dinlənərdi. Bizsə uşaq olduğumuzdan bəzən dinləmək istəməz, o biri kanaldakı cizgi filminə baxmağı üstün tutardıq. Atam da çox zaman bizim xətrimizə dəyməz, öz istəklərindən vaz keçməli olardı. Ancaq xatırlayıram ki, bir tək Aşıq Ədalətin ifasından keçə bilməzdi. Atam: “Dədə Ədalətdi! Görün yaradır e!..”- deyib mütləq onun ifasını sonacan izləyərdi. O həvəsin, o sevginin sehrinə qapılıb biz gözümüzü zilləyərdik mavi televizor ekranına...

 

Yadımdadı ki, mən ən çox onun barmaqlarına baxardım. Sazın telləri üzərində gəzinən barmaqlar mənə on rəqqasdan ibarət rəqs qrupunu xatırladırdı. Səhnədə yerini gözüyumulu tapan rəqqaslar kimi barmaqlar da saz üzərində öz yerini sahibinin gözləri bağlıykən tapardı. Gözləri bağlı demişkən, Aşıq Ədalət ən çox da gözləri bağlı ifası ilə yaddaşlarda silinməz iz buraxmağı bacarmışdı, özü indi yox, illər-illər bundan öncə...

 

İki gündür sosial şəbəkələr, media elə hey ustad Ədalətdən söz açır. Böyük ustadın ifaları, müsahibələri, çıxışları onu sevənlər, bu ölümə ən içdən duyğularla təəssüflənən şəxslər tərəfindən paylaşılır. Mənimsə beynimdə və qəlbimdə misilsiz bir “Yanıq Kərəmi” havası çalınır. Çoxlarının toylarda, şənliklərində sevərək qol qaldırıb oynadıqları “Yanıq Kərəmi” mənim üçün bir fəryad, bir nalə, bir ağrı təcəssümüdür. Bu ağrını, fəryadı isə ilk və ən mükəmməl şəkildə “Yeddi oğul istərəm” filmində Aşıq rolunu ifa edən Aşıq Ədalətdən dinləmişəm. Filmdə bir həyatı bitirən güllə səsləri bir ruha dirilik verən saz səsi ilə ört-basdır edilir, eşidilməz hala gətirilir. Maraqlı fakt isə odur ki, film ilk dəfə nümayiş etdiriləndə tamaşaçıların ən böyük etirazı da məhz Aşıq Ədalətə olub. Filmin təsirinə qapılan, hadisələrin həqiqiliyinə bütün qəlbi ilə inanan bir neçə nəfər çox sərt şəkildə zavallı ozanı qınayırlar ki, sən necə aşıqsan, gözünün qabağında cavan bir oğlan o qədər böyük zülmlə, ağrı-acı ilə öldürülür, sən isə səsini çıxarmadan, sakitcə saz çalırsan? Bu qınaqlardan təngə gələn aşıq isə deyir ki, vallah çalıb qurtarandan sonra hirsimdən sazı daşa çırpıb çilik-çilik elədim, amma o səhnəni filmdən çıxarıblar. Görün bir insanın saza, sənətinə verdiyi dəyər, bəslədiyi eşq nə qədərdir ki, cavan bir oğlanın ölümü ilə bir sazın sındırılmasını bərabər tutur. İnsan ölürsə, bir həyat bitir, saz sınırsa, ruh acı çəkir.

 

Aşıq Ədalət hələ uşaq yaşlarından çoxlarının diqqətini çəkib, saza, sözə dəyər verən ədiblərin, ziyalıların ümidinə çevrilib. Xalq yazıçısı Mirzə İbrahimov Aşıq Ədalətin sənətkarlığını belə qiymətləndirmişdi: “Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyətinə çıxardıq”.

 

Türk ədibi Əziz Nesin Aşıq Ədalətin çaldığı saz havasını dinlədikdən sonra onun haqqında deyib:  “Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir”.

 

Bu günBaş sarıtel”in fəğan qopardığı, “Yanıq Kərəm”in nalə çəkdiyi, “Ruhaninin ağlar qaldığı, Ulu Sazın öz atasını itirdiyi gündür! Yazımın sonunda mərhum sənətkarın müsahibələrinin birində işlətdiyi sözlərini yada salmaq yerinə düşərdi: “Bəhmən Vətənoğlu deyirdi ki, Koroğlu bir gəlib, qoca cahana. İndi Ədalət də bu dünyaya bir gəldi, birgetdi”.

 

Allah sənə rəhmət eləsin, Dədə Ədalət! Məkanın cənnət olsun!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 16 sentybar.- S.19.