"Bu, KİNOdu..."  

 

AZƏRBAYCAN KİNOSU - 120

 

 

 

Bu gün ölkənin 250-yə yaxın mədəniyyət ocağında - kinoteatrlarda, Heydər Əliyev mərkəzlərində, klublarda kino mövsümü açıq elan olunur.

 

Hər gün bir neçə seans film nümayişi nəzərdə tutulub. Həm bölgələrdə, həm Bakıda. Bu da son illərdə çəkilən filmlərdən xəbərsiz tamaşaçı üçün bir şansdır. Məqsəd elə yeni filmlərə baxmayan, xüsusən son on ildə çəkilən ekran işlərindən bixəbər tamaşaçı ilə kinonu bir az daha yaxınlaşdırmaq, doğmalaşdırmaqdır. Son günlərdə mətbuatdan kinomuzla bağlı yeni işlər, planlar, layihələr haqqında məlumatlar alırıq.

 

Qəzetimizin ötən şənbə sayında Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyevlə söhbətimizdə müsahibim bu məsələlər barədə ətraflı danışdı. Bu həftə ərzində isə nazir müavini həm gənc, yəni bu yola yeni-yeni başlayan, həm qocaman, bu sahədə sözünü demiş peşəkar kino xadimləri, ümumiyyətlə, kinoya aidiyyatı olan adamlarla görüşlər keçirdi. Bu görüşlərdə iştirak edən adam kimi bəzi təəssüratlarımı bölüşmək istərdim.

 

Hər şeydən əvvəl, bir daha əmin oldum ki, Kino xüsusi istedad, intellekt, ayrı bir həyat tərzi, dünyaya fərqli baxış tələb edən sahədir. Şablon qaydalarla, gündəlik məişətlə, maddi dünyayla yaşayan adamın bu sferada nəsə etmək cəhdləri qəribədir. Ona görə Ədalət Vəliyevin gənclərlə görüşündə təəccübləndiyim məqamlar da olurdu.

 

Bəzi gənclərin istedadından, bacarığından artıq iddiası, həm hər şeyi bilirmiş kimi davranışı artıq alışdığımız məsələdir. Amma bununla belə, gənc kino xadimləri arasında işıqlı, seçdiyi peşəyə həvəslə yanaşan, öyrənmək, işləmək enerjisi ilə aşıb-daşanları da var. maraqlıdır ki, belə adamlar nisbətən yaşlı, həyat yaradıcılıq bioqrafiyası zəngin sənətkarların arasında daha çoxdur. Görünür, sənətin cazibəsi, bəxş etdiyi enerji, ruh, həvəs dərinliklərə getdikcə artır. Məsələn, bir müqayisəni aparmaq istərdim. Ədalət Vəliyev ən müxtəlif mədəniyyət ocaqlarında filmlərin tamaşaçıya təqdim olunacağını söyləyəndə gənclər arasından heç kəs repertuarla maraqlanmadı, artıq bir neçə film müəllifi olanlar belə öz kinolarını repertuara salmaq barəsində danışıb buna cəhd etmədilər. Daha təcrübəli yaşlı müəlliflər isə anındaca repertuara salınan kinolar haqqında öyrənməyə, filmlərin seçilmə prinsipiylə maraqlanmağa başladılar.

 

Düşünürəm, görəsən, yeni gələn nəslin öz işini, zəhmətinin nəticəsini təqdim etməyə həvəs göstərməməsi, bəzən heç buna cəhd etməməsi nədəndir? Bir neçə gün öncə III Gənc Ədiblər Məktəbinin üzvləriylə görüşümdə eyni ovqatı müşahidə etdim. Çoxundaonsuz da oxuyan yoxdur”, “onsuz da heç kəs maraqlanmırkimi pessimist, ümidsiz fikirlər var.  Elə isə kiminçün yazılır bütün bu əsərlər, bu filmlər kimin üçün çəkilir, görəsən? Heç şübhəsiz, oxucu üçün, tamaşaçı üçün. Sadəcə, bu camiədə olan, bəlli sayda adamın yeniliklərlə maraqlanması, bundan xəbərdar olması yetərli deyil. Elə Mədəniyyət Turizm Nazirliyinin son günlərdə Kino ilə bağlı başladığı hərəkatın səbəbi geniş auditoriyanı cəlb etməkdir. mənə görə, həm son illərdə ekranlaşdırılan yeni, həm daha öncəki illərdən məşhur olan köhnə filmlərə tamaşaçı diqqətini çəkmək xeyli  faydalıdır. Həm film müəllifləri üçün, həm izləyicilər üçün...

 

Bir axı, tarixən kinonun öz romantikası, maarifləndirmə gücü, insanlara təsir qüvvəsi var. Təsadüfi deyil ki, ən müxtəlif sənətkarların əsərlərində, xatirələrində Kinonun ayrıca yeri olub. Bu günlərdə ardıcıl olaraq Kino haqqında danışdıqca, düşündükcə Fellinidən Vaqif Mustafayevə, Orxan Pamukdan Mövlud Süleymanlıya ən fərqli sənətkarlar yadıma düşür. Orxan PamukunMəsumiyyət muzeyiromanının qəhrəmanı Kamal müasir, dəbdəbəli sinema zallarını əvvəlkilərlə müqayisə edib nostalji hisslər keçirir:  Çox vaxt seyr etməkdə olduğumuz melodramın kədəriylə kreslolarda oturub tum çırtlayan minlərlə insanın xımır-xımır fəaliyyəti, bütün o qələbəlik, ailələrin, başıbağlı anaların, davamlı siqaret çəkən ataların, qazlı su içən uşaqların subay kişilərin insanlığı filmin məzmunu ilə bir-birinə qarışırdı beynimdə... Çox güman ki, Kamalın xatirələri elə Orxan Pamukun öz düşüncələri, yaşantılarıdır. Deməli, Orxan Pamukun dünyaduyumunda kinonun rolu böyükdür. Elə digər romanlarında da bu kino estetikası, kinonun yaxşı mənada təsiri hiss olunur.

 

Ümumiyyətlə, kamil şəxsiyyətin yetişməsində, mənəvi-estetik zövqünün formalaşmasında kinonun əhəmiyyəti çoxdur. Yəqin elə buna görə bir çox memuarlarda kino, kinoteatr mühiti haqqında ayrıca xatirələr yer alır. Əli ƏmirlininAğdamda nəyim qaldıadlı bioqrafik romanından bir parça diqqətimi cəlb etmişdi. Əli müəllim Ağdamda qalanlarından, orda itirdiklərindən daha çox qazandıqlarından danışır bu əsərdə elə bu qazancları siyahısında Kino da var: “Səhər açılandan hamı bilirdi ki, bu axşam Qəzənfər hamınınkı kimi balaca, dardüddək evində kino göstərəcək. Bu, bakılılar demiş, bir özgə məərəkəydi: uşaqlar, arvadlar, kişilər yığışırdı Qəzənfərin evinə. Seans başlayırdı.

 

Təbiidir ki, repertuarda çox vaxt hind filmləri olurdu. O vaxtlarAvara bir qədər sonraCənab 420” filmləri çox populyardı. Mən bu filmlərə Qəzənfərin ev seanslarında dəfələrlə baxmışdım. Daha bir film yadımdadı: “Xleb, lyubov i fantaziya”. Bu, hind filmi olmasa da, Qəzənfərin məzəli sinxron tərcüməsi, çox vaxt qaba, hədd bilməyən, abır-həya gözləməyən şərhləri, duzlu zarafatları bir otaq arvadın ciyərdən gələn şaqraq zəngulə, kişnəmə xarakterli qəhqəhələri ilə böyük uğur qazandı”. Seyran Səxavətin Qaçhaqaçbioqrafik  romanında kənddə kino göstərilməsi, elə Əli Əmirli təsvir etdiyi kimi, camaatın marağı, gülüş səhnələri son dərəcə maraqlıdır. Görəsən, istər xatirə-memuar, istərsə roman yazan sənətkarları bu mövzuya aparan, yaxud bu mövzunu əsərlərinə gətirməyə sövq edən nədir? Görünür, kinonun insan beyninə, düşüncələrinə təsiri ayrıca tədqiqat mövzusudur.

 

Çox sevdiyim italyan rejissoru Cuzeppe TornatoreninYeni kinoteatrParadisofilmində balaca bir kənddə, italyan qəsəbəsində böyümüş oğlana - Salvatoreyə  kinonun təsiri, sadə bir kinomexanik Alfredonun onda kinoya sevgi, həvəs yaratmaqla taleyini dəyişməsi xeyli düşündürücüdür. Oskara layiq görülən, Kann kinofestivalında uğur qazanan bu filmin mənə görə əsas uğuru elə KİNOdur, yəni mövzusudur. Əslində, bu cür əsərlər şəxsiyyətin formalaşma reseptini verir. Maraqlıdır ki, bu reseptdə istər italiyan, istər türk, yaxud elə hər hansı başqa millət üçün əsasinqredientsiyahısında mütləq şəkildə kino var.

 

Əlbəttə, çağdaş zamanda Kinonun da, kinoteatrların da əvvəlki estetikası, sehri yoxdur. İndi hər şey elektronlaşdırılıb, daha bir kino klubdan o birisinə lentlər daşınmır. Evində istədiyi vaxt onlayn qaydada arzuladığı filmi tapıb baxa bilən adam üçün hansısa seansı gözləmək, onun həyəcanını yaşamaq qəribədir yəqin. Amma bununla belə, bu qeyri-adi sənəti, sözün, musiqinin, görüntünün unikal vəhdətini daha yaxşı duymaq, anlamaq üçün, o qaranlıq zalın aurasını hiss etmək üçün kinoteatrların, başqaları ilə birgə film seyr etməyin əhəmiyyəti əvəzedilməzdir.

 

Bu gündən bütün ölkə üzrə filmlərin nümayiş olunacağını düşünəndə, gözümün önünə gətirəndə fantaziyalarım uzaqlara aparır məni... Uzaq gələcəyə. Kim bilir, bəlkə, indi bu filmləri izləyən adamların içərisindən kino aşiqləri, kinomanlar da çıxacaq, bəlkə, kimsə gələcəkdə bugünkü mühiti nostalji ilə təsvir edəcək, qovrulmuş buğdanın, karamelli popkornların film seyrinə necə rəng qatdığını da danışacaq nəvələrinə... Hər halda bütün bunlar baş verməsə belə, eyni gündə, eyni vaxtda ölkənin az qala, hər bölgəsində kinodan danışılması, kinonun gündəmə gətirilməsi, kinoya baxılması hadisədir. Azərbaycan mədəniyyətinin hadisəsi

 

PƏRVİN

 

525-ci qəzet.- 2017.- 16 sentybar.- S.9.