Bitməyən düşüncələr...

 

NURƏNGİZ GÜN, AD GÜNÜN MÜBARƏK!

 

 

Təsisçisi olduğum, Ağa Musa Nağıyev adına "Milli Dəyərlərin Qorunması" təşkilatının ilk tədbirini kövrək qəlbli Nurəngiz Günə həsr etdiyimdən bu gün qürur duyuram. O zaman onun dərin məna daşıyan gözlərindən nələr oxumadım...

 

Nurəngiz Gün əsli nəcabəti olan bir nəslin ocağında dünyaya göz açıb.

 

Ana babası ziyalı, dövrünün məşhur həkimi, görkəmli dramaturq Hüseyn Cavidin  yaxın dostu Mirzə Ələkbər Əfəndi Hacızadə 1937-ci ildə "pantürkist" damğasının qurbanı olub.  Hələ  biz uşaq ikən bizi "bir çox məqamlar" yaxınlaşdırmış sonradan ayrılmaz rəfiqələrə döndərmişdi...

 

Nurəngiz Gün Azərbaycan Dövlət Televiziyasının diktoru kimi, səsinin məlahətilə dinləyici marağına səbəb oldu. Onu belə sevdi Azərbaycan.

 

Nurəngiz Gün sonra nəğməkar şairə olaraq, fərqli təfəkkürünə görə ədəbiyyat aləmində öz yerini tuta bildi.  Nurlu xanım bu gün obrazları ilə qəlbimizdə yaşayır.

 

Əsrarəngiz qətiyyətli səsi ilahi ona pay vermişdi. Onu tanımayanlara, yerişindən, duruşundan bixəbər olanlara mən yanğı verirdim ki, bəli, mən onun yaxın rəfiqəsiyəm. Mənə Diloş deyə, müraciət edirdi. Biri-birimizin xatirini çox istərdik. Hörmətimiz isə öz yerində. Qohumdan artıq idik münasibətdə. Mən onunla fəxr etdiyim kimi, o da mənim müvəffəqiyyətlərimdən qürurlanırdı.

 

Ağa Musa Nağıyevi həyatda "canlandırdıqca", Nurəngiz xanımın mənə məhəbbəti artırdı. Mənə cəfakeş nəvə deyə, müraciət edirdi. Bu yönümdə uğurlarımı özününkü kimi qəbul edirdi. 3 yaş fərqimiz olsa da, 12-13 yaşından bir yerdə olmuşuq, ələlxüsus 3 ay yayı Bakı bağlarında. Sonralar böyüyəndə "söhbətimiz" çox tuturdu, babalarımızın taleyi həp bərabər olduğundan. Əvvəllər  qəh-qəhələr içində, yaşa dolduqca isə göz yaşları ilə müşahidə olan söhbətlər  bitmək bilmirdi...   

 

2014-cü ildə dekabrın 20-də ədəbiyyatımızın görkəmli xadimi - Nurəngiz xanımın  həyatı gözlənilmədən tərk etməsindən çox təsirləndim. 

 

O gözəl səs birdən batdı, buludlara qoşulub, səmalara qalxdı. Çünki o, səmadan gəlmişdi. Deyirlər ki, belə insanlar doğulmayır, onlar yaranır.

 

Nurəngiz xanıma etiraflarım yarımçıq qaldığından demədiklərimi yazıya çevirdim:

 

Müjgan nəvənin xınasında Jalə xanımı - sənin oğul qızını yenidən sevdim. Xəstəliyin şiddətlənmişdi. Məclisə 3 saat gecikirdin. Həkimlərin köməyilə zala daxil olan zaman Jalə xanım mikrafonu əlinə alıb, belə bir çıxış etdi:

 

"Allah Təala insanı yaradanda onu  qarşılayacaq maneələr hadisələrlə tanış edir. Amma onu qarşılayacaq əsas insanın  təqdimatını tam ayrı cürə verir. O, deyir ki, səni işıqlı dünyaya  bir insan  çıxaracaq o, yuxusuz  gecələr keçirəcək, ağlayanda - sənə can bala, deyəcək, gecələr onu yuxusuz qoyanda - sənə acıqlanmayacaq, öpərək-əzizləyəcək, o sənin həyat yolunu işıqlandıracaq. Bu insanın adı "Anadır!"

 

Jalə xanım belə bir zərb məsəl ilə təqdimatını edərək bildirdi ki, indi məclisi başlamaq olar. Anam məclisə gəldi! Ana, gözlərin aydın olsun! Yeganə nəvənin toyudur, sevin!

 

O səhnə gözümün önündən keçməyir. Ana-bala sevgisi belə olanda, ana dünyaya arxayın göz yuma bilər, deyə bir an düşündüm.

 

Nurəngiz xanımın cümə axşamlarını poeziya gecəsinə çevirdi qızı Jalə. Hərə bir ağız gah Nurəngiz xanımın yazdığı, gah da ona ithaf etdikləri şeirdən parçalar oxuyurdu.

 

Jalə xanım isə anasının şeirlərini o qədər gözəl oxuyurdu ki, rəhmətlik sağ olsaydı həmişəki kimi deyərdi ki, qızım şeirlərimi sanki özününki kimi oxuyur, bir an unudaraq düşünürəm ki, bu, mənəm.   

 

Günümüzün Nuru, Çırağı! Nəğmə kimi oxunub, yadda qalan yazdıqların, səadətə həsrət ürəyinə, titrək dodaqlarının, yorğun ayaqlarının  şərəfinə yenə oxunur! Amma bircə sən yoxsan.

 

Yox, yox, Sən həmişə bizimləsən, bizim çılğın Kozettamız.

 

Bir vaxt sənə demişdim ki, kağız üzərinə səpəcəyin toxumlar hələ çoxdur, ata babalarımızın ruhunu şad edib, onları yaşatmaq dayanır qarşımızda...

 

İndi Jalə qızın, kişi qeyrətli yeganə övladın, ağlı zəkası ilə sənin səpdiyin toxumları becərir.

 

İlk nəticəni - həyata keçirdiklərinin nəticəsini görməsən , sevin ki, bu gün Jalə qızın nənə sevincini yaşayır. Həyat davam edir. Bu bir aksiomadır.

 

Sevin ki, sən doğmalarından əlavə, elin yadından çıxmayırsan. Bundan yüksək qiymət, hörmət, ehtiram ola bilərmi?!

 

Dünyanı dəyişəndən sonra Jalənin sənə yazdığı "məktubları" oxuyub, pərişan oldum. O, yoxluğuna  hələ inanmır. Özü üçün ssenarilər qurur.  Rəsmlərini böyütdürüb, hər otağına qoyub ki, sənsizliyi hiss etməsin. Əvvəllərdə olduğu kimi, hər səhər səninlə salamlaşıb, gün aydın, deyir. Axşamı da ki, yenə səninlə sona çatdırır.

 

Məktubda yazır: "... Ana, gülləri çox sevirdin. Bu səbəbdən sənə təqdim edilən güllərə həyat vermək üçün uclarını kəsib ilıq suya qoyur, dibinə şəkər tozu atırdın.  Ömrünü artırmaq məqsədilə suyunu hər gün dəyişirdin. Gülün ömrünü qırmağa hər zaman üsyan etdiyindən, 8 mart gününü  "güllərin soyqırımı" adlandırmışdın.

 

... Doğmaların sırası azaldıqca, atam, dayılarım, bibim bir-bir bizi tərk etdikcə, gözlərində artan qüssəni bir neçə anlığa da olsa yox etmək məqsədilə nələrə əl atmırdım. Görünür, sənə analıq etmək missiyam da elə o zamandan başlayıb. Bunu hiss edən insanlar məndən sorurdular: "Qızların necədir?"  Sən mənim böyük qızım oldun.

 

Sənə yaxşı "Ana" olmaq üçün kiçik Müjganımın maraqlarını çox vaxt qurban verirdim. Hər kəsdən, hər şeydən əvvəl sən idin mənim üçün. Atdığım bütün addımları sənə hesablayırdım. Səni incidəcək heç bir xəbəri sənə çatdırmayırdım.  Çətinə düşəndə yuxusuz gecələrdə yüz ölçüb, bir biçib vəziyyətdən çıxmağa çalışırdım.  Beləcə "Dar küçələri" tək dolaşırdım içimdə.

 

Üzümdən gülüş təbəssümünü sənə görə əskik etmirdim. Bu, mənim səni qorumağın bir üsulu idi. Düşünürəm ki, bunların müqabilində mən sənin üçün nələr etmişəmsə, azdır. Ana, əgər ikinci ömür yaşasaydın, daha nələr edərdim...

 

Dünyanı dəyişməyinin 3 ilinə az qalıb. Amma mənim üçün bu, 100 ilə bərabərdir. Sənsizlik üzür məni. Nəvələrimə olan məhəbbətimi özümə qısqanıram, axı bu balalar sənin törəmələrindir - nəticələrindir.

 

Sənin mənə dediklərini indi sənə qaytarıram - mənim qu quşum! Bitməyən düşüncəm...  Bu misraları mənə 12 yaşımda həsr etmişdin. Amma ana, düşünürəm ki, biz biri-birimizin bitməyən düşüncəsi olmuşuq. Kiminlə haqda danışıramsa, sənin misralarına istinad etdiyimi hiss edirəm ...             

 

Mən hər bir cəhətdən müstəsna olan poeziya, qələm, məntiq, düşüncə, insan ən əsası ana itirmişəm. Mən belə ana üçün ağlayırdım, üsyan edirdim".

 

Nurəngiz xanım, sən rahat yata bilərsən, çünki yerində oğul əvəzi Jalə qızın var. İndi mən səndən sual edirəm, məyər bunlar:

 

Həyatının nəticəsi olan Jalənin xoşbəxt böyüməyinə, yoxdur sözünə ehtiyac duymadığına çalışıb, ali savad verdiyinə, yaxşı tərbiyə etdiyinə, alimliyin elmi dərəcəsinə çatmasına və ən ümdəsi, dövlətin ən yüksək pilləsinə - Millətin  vəkili olmasına  xəclədiyin ömrünün nəticəsi deyilmi?

 

İndi sənin Jalən, payızda da, qışda da səni düşünərək, təbiətə üz tutub yalvarır ki, küləyini güclü, yağışını leysan tökməsin, qarını soyuq  yağdırmasın. Təki sən narahat olmayasan öz dünyanda.          

 

İndi sən Jalənin bitməyən düşüncəsisən, ömrünün əzəli və sonusan. Etiraf etdiyi kimi, sənin üçün çox-çox darıxdığını bildirir. Ömrünün bitməyən düşüncəsindən sanki hər gün yenidən ayrılır.

 

Jalə xanım, qələm sahibi olaraq, sənin surətində bütün azəri qızlarına ananı belə sevməyi, hörmətini qoruyub saxlamaq bacarığını diləyərək, düşüncələrinin bitməsini arzulayıram.

 

Çünki həyat davam edir. Adətimiz üzrə övlad toyu etdin. Səni qarşıda gözləyən nəvə toyunu - bu səadəti görməyi arzulayan ananın arkadaşı Dilarə Ağamusa olaraq, bu etirafımı Nurəngiz Günün ad gününə - 21 sentyabra həsr edirəm.

 

Ad günün mübarək, Nurəngiz Gün! Yaxşı insanları hər zaman yad etmək, onları yaşatmaq deməkdir. Sən unudulmazlar kateqoriyasındansan. Ruhun şad olsun!

 

Dilarə AĞAMUSA

Yazıçı, publisist, milyonçu-xeyriyyəçi A.M.Nağıyevin nəvəsi

 

 

525-ci qəzet.- 2017.- 21 sentyabr.- S.8.