Seyyid Nigarinin varlıq və rasional fəlsəfəsinə dair

 

Bu yazıda klassik İslam düşüncəsinin və Azərbaycan ədəbiyyatının sufi şairi Seyyid Nigarinin varlıq və rasionallığa dair düşüncələrini təsvir və təhlil etməyə cəhd edəcəm. Əlbəttə ki, klassik ənənəmizdə şeir üslübunda öz fəlsəfi düşüncələrini izhar edən şair-mütəfəkkirlərimiz bu silsiləni yaratmışlar. Seyyid Nigari də bu ənənənin davamçısı olaraq özünə məxsus orjinallığa malikdir…

İslam sivilizasiyasında Yunus Əmrə, İbn Ərəbi, Niyazi Mısri, Həllac Mənsur, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli, Seyyid Nigari və s. sufi şairlərin əsərlərində “vəhdəti-vücud”(varlığın birliyi) istiqamətində müxtəlif mövzular yer alır. Bu mənada vəhdəti- vücudla bağlı çeşidli nümunələr verilmişdir. Bunlardan ən çox saylarda bir, hərflərdə isə ərəb əlifbasının ilk hərfi olan əlifdir. Bu baxımdan saylarda bir, hərflərdə əlif kimi “Mütləq Varlıq” da varlıq aləminin kateqorial ilkini təşkil edir. Bütün varlıq aləmi Tanrının təcəlli və görünümündən ibarətdir. Sufilər bu məqamı ayna metaforu ilə açıqlayır.

Seyyid Nigari İslam düşüncəsindəki ənənəvi varlıq və onun aləmdəki təzahürü haqqındakı görüşlərinirasional aspektdən şeir dili ilə yüksək səviyyədə ifadə edir. Məhz aşağıda qeyd edəcəyimiz bu şeir Mir Nigarinin özündən əvvəl varlıq mərtəbələri və mahiyyəti haqqında yazılan ciddi fəlsəfi və təsəvvüfi əsərlərdən xəbərdar olduğunu göstərir:

"Mənzur degil vücudi-aləm, varlıq sanadır həmin müsəlləm".

Mövladə olan vücudi-əsli, Aləmdə olan vücudi-zelli

Seyyid Nigari burada varlığın Tanrıya təslim olduğunu,  əsli varlığın Tanrıda olduğunu, gördüyümüz aləmin isə kölgə (zelli) olduğunu şeir diliylə qeyd edir.Haqq mütləq və vacib varlıqdır. Vacibdən başqa nə varsa mümkün varlıq və aləm adlanır. Bu da öz növbəsində Seyyid Nigarinin də işarə etdiyi kimi “vücudi zelli”(kölgə varlıq)dır. Xarici aləmdəki varlıqlar Tanrının adlar və atributlar vasitəsilə təcəllisi sayılır. Panteizmdən fərqli oaraq burada “Xaliq” və “Məxluq” ontolojik olaraq bir birindən ayrı olur. Burada yalnız “əhval”(hallar), yəni sufinin nəfsi ilə mübarizəsi sayəsində psixolojik durumu metafizik səviyyəyə çatır və bu geniş ümmandan bir parça əldə edə bilir.

 Birlik-çoxluq(vəhdət-kəsrət) fərqini izah etmək üçün sufilər analogiya metodundan istifadə edirlər. Vəhdət, bütövlük aləmi, dəryaya işarə edir. Tək-tək damlalar və dalğalar isə çoxluğa işarə edir. Dalğa və damla yalnız dərya vasitəsilə bütövlük məzmun və mahiyyətlərinə çatırlar. Nəticədə damla və dalğa dəryanın təcəllisi və nişanələridir.

Bu məqamda qeyd etməliyəm ki, XVI əsrdə yaşayan məşhur sufi-mütəfəkkirmiz Nemətullah Naxçıvani iki cildlik  "əl-Fəvatihul`İlahiyyə və`l Məfatihu`l-Ğaybiyyə" (İlahi İlhamlar və Metafizik Açarlar) əsərində bu mövzuya toxunaraq "insanların dənizdəki dalğalar kimi axırda Allaha qayıtdığını, bütün varlıqların  kölgə mahiyyətində olduğunu və bu mənada Tanrının, kölgənin sahibinə, dalğaların suya və aynalardakı surətlərin  surət sahibinə olan bərabərliyi mahiyyətində və səviyyəsində” anlaşılmasının vacibliyini vurğulayır.

Nemətullah Naxçıvaninin ifadə etdiyi  nəzəri təsəvvüf fələsəfəsini Seyyid Nigari öz şeiriyyət dünyasında yüksək səviyyədə ifadə edir. Məhz Naxçıvaninin qeyd etdiyi Tanrı və digər məxluqlar mövzusunu sufu şairimiz Nigari vəhdəti-vücud aspektindən belə təsvir edir:

Ah edərəm sübhü məsa, ey sənəm,

Ta deyəsən “Kimdi”?, deyəm “ol mənəm”

Söyləmənəm, qeyr ilə bir dönmənəm,

Aşiqini tanı, mənəm,bil, mənəm.

Aləmi-vəhdətdə mən ancaq sənəm.

Xristianlıqda Allahın İsa peyğəmbərdə təcəssüm etməsi iddiası vardır. Bu qərbdə “inkarnasiya” şərqdə isə “hülul” adlanır. Həllac Mənsuurun “ənə`l haqq” deməsi, “mən Allaham” mənasını daşımır. Nəsirəddin Tusi bunu belə izah edir: ” mənim varlığım Tanrı lütfu və sevgisi ilə o qədər dolub ki, özümü yox sayıram. Məndə nə varsa Haqdandır  Məhz Seyyid Nigari də aşağıda qeyd edəcəyimiz bu beytdə  vəhdət anlayışına işarə edərək mövzunu  belə ifadə edir:

Dilimdə atəşi-firqət, yanar canım, çəkər həsrət,

Məqamım guşeyi-vəhdət, sözümdür dəmbədəm Hu, Hu.

XVIII əsr məşhur Osmanlı mütəfəkkiri Əbu Səid Xadimiyə görə   mümkün varlıqların metafizik (elmi ilahi) baxımdan heç bir həqiqətləri yoxdur. Maddiyyat və mücərrəd olan hər şey, “mümkünlər” kateqoriyasına daxil olur. Bunlar “Mütləq Varlığın” işləridir (şuun). Məhz Allahı daha dərindən dərk etdiyimizdə və sufi metod olan “kəşf”lə ona vardığımızda bütün bu varlıq mərtəblərinin (məratibu`l vücud) xəyal olduqları ortaya çıxır. Xadimi fenomenlər aləminin (mövcudatın) “Mütləq Varlıq”dan ölçülü və müəyyən mərhələlərlə varlıq mərtəbələrinə uyğun olaraq ortaya çıxdığını və yayıldığını (inbisat) ifadə edir. Nəticədə arif (mistik), qərq olma (istiğraq)  mənasında təcəlli (teophany) və kəşf sayəsində sonsuzluğa doğru yolu qət edərsə sonda orada yox (fəna) olur. Yəni, onun nəzərində varlıqda  Mütləq Varlıq”dan başqası yoxdur. Bu səbəblə nəfs, mücərrəd vasitələrlə nəfsə aid olan istək və arzu əngəllərindən özünü xilas etmiş olur.  Seyyid Nigari yuxarıda qeyd etdiyimiz rasional təfəkkür tərzini şeir dili ilə bizlərə varlığın birliyi kontekstində belə çatdırmaqdadır:

Müştaq bilür yarı, bilməz nədir əğyarı

Əfkarı həmin birdir, müstəğrəqi-vəhdətdir.

Məhv eylər ol dəm, tövhidə girən həmdəm,

Bu lütfi-ilahidir, arifliğə ayətdir.

Təsəvvüf fəlsəfəsidndə ətrafımızda gördüyümüz əşyanın Allahın ad və sifətlərinin bir kölgəsi olduğunu, bu kölgənin də gerçək olmayıb xəyali olduğunu beləliklə əsl var olanın yalnız Allah olduğu iddia edilir. “Vəhdəti-vücudçulara” görə yaradılış deyə bir şey yoxdur, varlığın birliyi mövcuddur. Var olan isə daima varlığın aşkar olunmasıdır. “İnsani-kamil” məfhumu da burada əhəmiyyət kəsb edir. Belə ki, Tanrıya gedən yollar müxtəlif olmasına baxmayaraq kamil insan bu yolları qət edərək Tanrıya qovuşur. Bu mənada insan kainatın özüdür, varlıqların ən üstünü və mükəmməlidir.

Rasional olma, rasional davranma, rasional düşüncə və s. rasionallıqla bağlı məfhumlar fəlsəfə tarixində qədim dövrdən etibarən günümüzədək öz funksionallıqlarını fəlsəfəsində “animal rationale” (düşünən və danışan varlıq) adlandırılması da buna işarə edir. Varlıqlar arasında yalnız yüksək səviyyədə məntiq və danışma qabiliyyətinə insanın malik olması onun səciyyəvi mahiyyətindən irəli gəlir. Belə ki, dini ədəbiyyatda da onun yaradılanların ən şərəflisi(əşrəfi-məxluqat) adlandırılması da bu dünya görüşünə istinad edir.

Seyyid Nigarinin intellektual bioqrafiyasına, təhsilinə, tədris üsuluna və nəhayət yaradıcılığına nəzər saldığımızda onun rasional səviyyəni inkar etmədiyini, əksinə bu sahəni çox gözəl bildiyini və şeirlərində bunu qeyd etdiyini görmək mümkündür. Onu sufu şair olaraq rasionallağı aşaraq təsəvvüfi metafizik, yəni Tanrıda fəna(yox) olması isə birbaşa irfani yaradıcılığı ilə bağlıdır. Bu mənada Seyyid Nigari rasional düşüncə tərzi ilə ilahi məqamdan bilik almağı şeir dili ilə belə izah edir:

Almasan Piri-Muğandan bir nəfəs, min bir qiyas,

Şübhədən qurtarmaz, ey tərtibi-bürhan eyləyən.

Seyid Nigari bu beytdə rasional düşüncə ilə təsəvvüfi idrakın fərqini izah edir. Ona görə “Mütləq Varlıq”(Piri-Muğan) tam olaraq bu idrak növü ilə bilinə bilər. Məhz Seyyid Nigari məntiqi qiyas, (sillogizmin) arqument və dəlillərlə “Mütləq Varlığı” anlamağa təşəbbüs etmənin yersiz olduğunu qeyd edir.

Seyyid Nigari rasional bir metod olan qiyasın (sillogizmin) metafizik, yəni ilahi- eşq yaxud vəhdət aləmində heç bir qədir-qiymətinin olmadığını qeyd edir. Bu sahədə ağıl, səbəb nəticə və dəlillərə istinad edilərək özünü göstərir. Ancaq ilahi məqamdan axıb gələn ilham və feyz müqayisə və sillogizmlə açıqlana bilməz. Nigari bu ənənəyə sadiq qalaraq şeir diliylə bunu belə bəyan edir:

Qılmagil inkar, ey əsrari-Həqdən bixəbər,

Çünki sərməstani-həqqin karinə irməz qiyas.

Burada tarixi və fəlsəfi fakt olaraq qeyd etmək yerinə düşər ki, həm Şərqdə, həm də Qərb­də rasional təfəkkür sisteminin böyük filosoflarından olan İbn Rüşdün (Averroes) İbn Ərəbi ilə görüşməsi bu düşüncə sistemlərinin qarşılıqlı mahiyyətini açıqlamaq baxımından diqqətəlayiqdir. Məhz bu görüş nəticəsində rasional təfəkkür ilə kəşfə əsaslanan düşünmə və anlama tərzi bir-biri ilə görüşmüşdür. İbn Rüşdün epistemoloji  metodu tam rasional nəzəriyyəyə əsaslandığı halda  İbn Ərəbinin  fəlsəfəsi bu rasional düşüncəni qəbul etməklə bərabər, bunun fövqündə yerləşən bəzi anlayış və məfhumlara kəşf yolu ilə varıldığını iddia edir. Məhz İbn Rüşd kəşf və“feyzi-ilahidə” mövcud olan elmin məntiq və nəzəri təfəkkürlə əldə edilən elmlə eyni olub olmadığını soruşduqda, İbn Ərəbi “Bəli” və “Xeyir” cavablarını verir. Ona görə:“Bəli ilə xeyir arasında ruhlar maddələrindən, başlar isə bədənlərindən ayrılar”. İbn Ərəbi bu fikirləri eşidəndə İbn Rüşdün rənginin saraldığını və nəyə işarə olunduğunu başa düşdüyünü söyləyir.

Bu qısa yazının əsas nəticələrindən biri olaraq onu qeyd etmək istəyirəm ki, klassik düşüncəmizin şeiriyyət və nəsrini fəhm və izhar etmək üçün mütləq şəkildə islam və təsəvvüf fəlsəfəsi və hətta modern fəlsəfənin bilinməsinə“əşəddu” ehtiyac vardır…Əks təqdirdə bu dəyərli ümmana baş vuraraq “boğulmaq” labüddür…

 

 

Rəşad İLYASOV

 

525-ci qəzet.- 2017.- 7 sentyabr.- S.6.