Dövlətin əzablı doğuluşu - Azərbaycan Cümhuriyyəti - 100

 

 

 

Qorxulu 1918-ci ildə əvvəlcə mart qırğını zamanı Stepan Şaumyanın daşnakları, sonra isə ermənipərəst Sentrokaspi diktaturası tərəfindən iki dəfə həbsə atılan, aylar boyu həyatı hər an tükdən asılı olan Əlimərdan bəy Topçubaşov yalnız həmin il avqustun əvvəllərində, müstəqillik elanının üçüncü ayında böyük təhlükələri adladaraq Azərbaycan Cümhuriyyətinin müvəqqəti paytaxtı Gəncəyə gələ bilmişdi.

 

Əqidə dostları onun taleyindən tam xəbərsiz qaldıqlarından (hətta sağ olub-olmadığı da bilinmirdi) 1918-ci il iyunun 17-də formalaşdırılan ikinci hökumət kabinəsində Əlimərdan bəyə sadəcə portfelsiz nazir vəzifəsi ayırmışdılar. Lakin mənəvi nüfuzu, biliyi, təcrübəsi, milli ideyaya tükənməz sədaqəti ilə daha yüksəkdə dayanması heç kimə sirr deyildi. Ona görə də baş nazir Fətəli xan Xoyski 1918-ci ildə bir neçə günlüyə Gəncəni tərk  edib cəbhə xəttinə gedəndə baş nazir və xarici işlər nazirinin səlahiyyətlərini həyata keçirmək bir başqasına deyil, məhz Əlimərdan bəy Topçubaşova həvalə edilmişdi.

 

Avqustun 23-də isə Nazirlər Şurasının qərarı ilə Azərbaycan Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli naziri kimi “bütün məsələlər üzrə danışıqlar aparmaq” üçün İstanbula göndərilmişdi. Ona verilən səlahiyyətli nazir statusu və mandatı bir sıra Mərkəzi və Qərbi Avropa dövlətlərində, Osmanlı imperatorluğunda, Gürcüstanda və Ermənistanda Azərbaycan Resublikasını təmsil etməyə tam hüquqi əsas yaradırdı.

 

Puşkin Lomonosov haqqında yazırdı ki, o, təkcə ilk rus universitetini qurmayıb, özü də rus xalqı üçün bütöv bir universitet olub. Əlimərdan bəy də yeni milli dövlətin xarici işlər naziri vəzifəsini cəmisi bir neçə günlüyünə tutsa da, özünün sonrakı fəliyyəti ilə ən müxtəlif istiqamətlərdə bütöv xarici işlər nazirliyinin funksiyalarını bacarıqla yerinə yetirib. 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin xarici siyasəti ilə bağlı bütün məsələlərdə açar-sima kimi çıxış edib, Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı kimi gənc dövlətin de-fakto tanınmasına nail olub. Həyatının sonuna - 1934-cü ilə qədər bütün məhrumiyyətlərə, xəstmühacirət daxili çəkişmələrə baxmayaraq, millətinin sözçüsü  rolunda çıxış edib.

 

Aşağıda təqdim etdiyim sənədlər, təbii ki, Cümhuriyyət dövrünün tədqiqatçılarına yaxşı tanışdır. Azərbaycan diplomatiyasının, xarici siyasətinin tarixinə dair əsərlərdə, Ə.Topçubaşova dair tədqiqatlarda onlara dəfələrlə istinad edilib. Amma ana dilimizə ilk dəfədir ki, tərcümə olunurlar.

 

1918-ci ilin dekabrında baş nazir Fətəli xan Xoyski Azərbaycan Cümhuriyyəti Parlamentinin təntənəli açılış iclasında acı-acı şikayətlənirdi ki, Allah rus dövlətinin evini yıxsın, tifaqını dağıtsın, bizi ana dilimizdə təhsil almağa, ana dilində danışmağa qoymadı. Əlimərdan bəy də gimnaziya və universitet təhsilini rus dilində almışdı, fikirlərini rusca daha səlis və dolğun ifadə edirdi. Ona görə də istər İstanbuldan, istərsə də Parisdən hökumətlə bütün məktub və sənədləri bu dildə göndərmişdi.

 

Fikrimcə, müxtəlif kağız parçalarında, tələsik yazılmış  bu qeydlər təkcə görülən işlər haqqında hesabat, görülməli olanlar barədə xatırlatma deyil, həm də dövlətin və dövlətçiliyin əzablı doğuluş tarixinin bir parçasıdır. Təkcə bayrağı yox, dövlətlə bağlı bütün atributları yoxdan yaratmaq lazım gəlirdi. Heç bir təmənna güdmədən o günlərdə yəqin ki, çoxlarına Sizif əməyi kimi görünən son dərəcə ağır və məsuliyyətli yükün altına girən adamların millət sevgisi, vətən məhəbbəti qarşısında baş əymək lazımdır.

 

Əlimərdan bəy Topçubaşovun baş nazir Fətəli xan Xoyskiyə göndərdiyi məktubları - XX əsr Azərbaycan diplomatiyasının ilk, amma mükəmməl sənədlərin rus dilindən tərcümədə oxuculara təqdim edirəm.

 

Budapeşt, iyul-avqust, 2017

 

Azərbaycan Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli naziri Əlimərdan bəy Topçubaşovun baş nazir Fətəli xan Xoyskiyə məktubları

 

(Əvvəli ötən cümə sayımızda)

 

Ə.Topçubaşovun F.Xoyskiyə məktubu

14 noyabr 1918-ci il

Konstantinopol

 

Çox hörmətli Fətəli xan!

 

Sabah kayutsuz kiçik bir gəmi buradan yola düşür və həmin gəmidə bir neçə gənc azərbaycanlı geri qayıdır. Məktubu onlardan biri ilə göndərirəm. Adı Nadir Absəlimovdur. Mərhum atasını yaxşı tanıyırdım, özünə də burada köməyim dəyib. Onu diqqətinizə təqdim etmək istərdim. Şərt kəsmişik ki, həm bu, həm də ailəmə ünvanlanan məktubu səliqə ilə, salamat çatdırsın.

 

Əvvəlcə giley-güzardan başlayacağam; çünki indiyə qədər Sizdən heç bir xəbər yoxdur. Yenə də təkrar edirəm: son məktubunuzu sentyabrın əvvəllərində, Tiflisdə almışam. Üstündən iki ay keçsə də, vətəndə nə vaş verdiyindən xəbərim yoxdur. Bu müddət ərzində Sizə çoxsaylı təklif və xahişlərlə bir neçə məktub göndərmişəm. Heç birinə cavab verilməyib, xahişlərimin heç biri yerinə yetirilməyib. Belə olan halda gördüyüm iş necə təmsilçilik adlana bilər? Rəsulzadə çox güman, uzun məktubumu çatdırıb. Amma yenə cavab yoxdur. Xəlil bəy yəqin, ondan da uzun məktubumu diqqətinizə təqdim edib. O, buradan noyabrın 1-də çıxmışdı. Yenə cavab almamışam. Heç olmazsa, bir neçə sətirlik depeşa göndərə bilərdiniz. Bir sözlə, hər şeydən xəbərsiz burada oturmuşam.

 

Bu arada isə hadisələr (həm də necə hadisələr!) günbəgün deyil, hətta saatbasaat biri-birini əvəz edir. Hamısı haqda yazmaq mümkün deyil. Onlar kino lenti kimi fasiləsiz adamın gözləri önündən gəlib keçirlər.

 

Mənim burada olduğum iki ay ərzində artıq üçüncü hökumət kabineti dəyişir. Tələt paşadan sonra İzzət paşa kabineti iqtidara gəldi və süqut etdi. Bir neçə gün əvvəl isə köhnə diplomat Tevfiq paşanın rəhbərliyi ilə yeni hökumət quruldu. Orada xarici işlər naziri vəzifəsini Mustafa Rəşid paşa tutur. İqtidardakı kabinetlər hər hansı bir xətti müəyyən etməyə imkan tapmamış yenisi gəlir. Sabah yox, biri gün təzə sədrəzəm və xarici işlər nazirinin yanında olacağam. Baxım, görüm nə deyirlər. O biri tərəfdən türk nazirlərinin indi nə demələrinin ümumən əhəmiyyətsizdir. Çünki məsələləri onlar deyil, əcnəbilər -antantaçılar həll edirlər. Tədricən hər şeyi əllərinə almağa başlayıblar. Yəqin siz artıq bilirsiniz ki, Bolqarıstandan sonra Türkiyə də Müttəfiqlərlə son dərəcə ağır şərtlərlə sülh bağladı. Sülh müqaviləsinin 11 və 15-ci bəndləri ilə Türkiyə aşağıdakı öhdəlikləri üzərinə götürüb: 1. Antanta qoşunları tərəfindən (ingilislər) Bakının tutulmasına mane olmamaq; 2. Zaqafqaziya dəmir yollarından istifadə və nəzarət hüququnu onlara vermək; 3. Antantanın tələb etdiyi təqdirdə qoşunlarını Zaqafqaziya hüdudlarından çıxarmaq. Bu şərtləri Trapezunddan tanıdığınız, İzzət paşa hökumətində dənizçilik  naziri vəzifəsini tutan Rauf bəy imzalayıb. Müqavilənin şərtləri rəsmən noyabrın 3-də elan edilib. Həmin axşam Rauf  bəyin yanında oldum, noyabrın 4-də isə xarici işlər  naziri Nəbi bəyə (indi artıq keçmiş!) nota təqdim etdim. 

 

Notada göstərilirdi ki, biz müqavilənin 11 və 15-ci bəndlərinə etirazımızı bildiririk; çünki türk nümayəndələrinin danışıqlar zamanı Bakı və Zaqafqaziya dəmir yoluna, ümumiyyətlə, Zaqafqaziyaya və Bakıya toxunmağa səlahiyyəti yox idi. Antanta nümayəndələri gələn kimi onlara da eyni məzmunda notalar təqdim edəcəyəm. Bu haqda elə həmin vaxt Sizə teleqram hazırladım. Lakin indiyə qədər göndərmək mümkün olmayıb. Səbəb kimi Zaqafqaziya ilə teleqraf əlaqəsinin kəsilməsini göstərirlər. Amma ən vacib məsələ burada vəziyyətin ümumən radikal şəkildə (xüsusən də bizə münasibətdə!) dəyişməsidir. Keçmiş hakimiyyətin milli siyasəti qətiyyətlə rədd edilib. Ənvər və Tələt paşalar yalnız paytaxtı tərk etməyə məcbur olunmayıblar. İndi hər ikisi artıq Türkiyənin düşməni, ölkəni məhvə sürükləyən siyasətçilər sayılır. Həm də bu iddianı Qafqaz və Türküstana görə irəli sürürlər. İttihad və Tərəqqi partiyası məhv edilir. Liderlərinin bir hissəsi qaçıb, qalanları gizləniblər.

 

Dünənə qədər parlament üzvlərinin çoxunun mənsub olduğu bu güclü partiyanın hətta adı da çəkilmir. Onsuz da heç bir işə yaramayan parlamentin isə artıq buraxıldığını deyirlər. Hakimiyyətdəkilərin hamısı köhnə ənənələrə bağlı adamlardır. Yenilərdən bir nəfər də yoxdur. Hamı başını  itirib, hər şey biri-birinə qarışıb, milli  fəlakətin, dövlətin süqutunun ümidsiz və biabırçı şəraiti içərisində vurnuxurlar. Dünən ingilis, fransız, italyan, hətta yunan gəmiləri Bosfora daxil olub. Hərbi missiyalar gəlib. Bu gün ingilis və fransız hərbi hissələri səfirliklərini qorumaq üçün şəhərə varid olub. Küçələrdə bütün millətlərin bütün rənglərdə bayraqları gözə dəyir. Ən çox isə yunan bayraqları diqqəti çəkir.

 

Ümumiyyətlə, yunanlar arasında böyük canlanma var. Antanta nümayəndələrini böyük sevinclə qarşılayırlar. Açıq şəkildə deyirlər ki, Konstantinopol özlərinin şəhəridir və heç kimə verməyəcəklər. Əzablı günlərdir, əzablı yaşantılardır... Hiss edirsən, görürsən ki, bir zaman qüdrəti ilə dünyanı sarsıdan dövlət necə çökür...Hər şey tənəzzüldədir. Avstriya-Macarıstan süqut edib, Almaniya imperiyası və onun ilhamvericisi Vilheilm yoxdur, hamı kənara çəkilir, hamı taxt-tacdan imtina edir. Bolşevizm isə dərinləşir və genişlənir. Formal inqilabın baş verdiyi Avstriya-Macarıstan və Almaniyanı  bir kənara qoysaq, bolşevizm artıq Hollandiyada, İsveçrədə, İtaliyada özünə yer eləməyə başlayır. Əlbəttə, daha uzaqlara da gedib çıxacaq. Belə bir şəraitdə artıq Əli bəy Hüseynzadənin yollandığı xarici səfərdə nəyə isə nail olmaq çox çətindir. Səlim bəy Behbudov hələlik buradadır. Düzdür, indi səhhəti düzəlib, amma özündən bir xəbər yoxdur. Deyilənə görə, tezliklə yola çıxacaq. Orada, Sizdəki vəziyyətdən xəbərsiz nə etmək olar? Bizim hökumət mövcuddurmu, yeni gələnlər (1918-ci ilin noyabrında general V.Tomsonun komandanlığı ilə Bakıya gələn Britaniya işğal qüvvətləri -V.Q.) qovmayıblar ki? Bu sonuncularla münasibətlər necədir? Əgər  hələlik Bakıda deyillərsə, Rəşt-Ənzəlidə onlarla danışıq aparılırmı? Ermənistan və Gürcüstanla, bolşeviklərlə münasibət necədir? Təsəvvür edin: mən burada bizim Azərbaycanın müstəqilliyinin tanınması üçün çalışıram, siz isə orada ingilislərlə tamamilə fərqli kombinasiyalara girmisiniz...

 

Artıq memorandum hazırlamışam, tezliklə Müttəfiq dövlətlər missiyalarının nümayəndələrinə təqdim edəcəyəm.

 

Deyilənə görə, çox güman yaxın bir ay ərzində, yaxud az sonra diplomatik missiyalar gələcək. Ona görə mən ilk gəmi ilə geri qayıtmaq, orada Sizinlə məsləhətləşib  sonrakı addımlarımızı müzakirə etmək istəyirəm. Sülh müqaviləsinin imzalanmasına  çox qalıb. Üstəlik də indiyə qədər hələ Antanta qüvvələri və lazım gələcəyi təqdirdə digər dövlətlərlə danışıq üçün yeni mandat almamışam. Həmin mandatın xüsusi kuryerlə göndəriləcəyini  gözləyirdim və gözləməkdəyəm. Amma əbəs yerə... Əlində belə mandat olmayanda isə qorxa-qorxa, ehtiyatla hərəkət etməyə məcbursan.

 

Bizim dəyərimiz indi o qədər də yüksək deyil. Bəzi dairələr (mətbuatın bir hissəsi və "Təcəddüd" adlı yeni partiya) Ənvərə və b. görə bizi günahlandırmağa hazırdırlar. Bu gün qəzetlərdə Ənvər paşanın keçmiş sədrəzəm İzzət paşaya məktubu çap olunub. Bildirir ki, yeni şəraitdə (barışıq imzalanandan sonra) o, artıq  vətəninə fayda gətirə bilməz. Odur ki, yeni müstəqil müsəlman dövlətinin qurulacağına ümid etdiyi Qafqaza gedir...  Məktubla bağlı qəzetlərdən biri (ərəb dilində çıxır) "Zavallı Qafqaz müsəlmanları!"- deyə heyrətini ifadə edib!  Həqiqətənmi Qafqaza gedib? Bu, heç kəsə bəlli deyil. Amma hamı belə fikirdədir ki, Ənvər paşanın gəlişi ancaq işə zərər vura bilər. Çünki ingilislər Batumu tutandan sonra Zaqafqaziya dəmir yolu ilə ora qoşun və silah-sursat göndərə bilərlər. Bəs onda necə olacaq? Bir sözlə, qarşıda hələ başımızın çəkəcəyi o qədər bəlalar var ki... Görəcəyimiz o qədər işlər var ki... Lakin təəssüf ki, yerlərdəki işin vəziyyəti ilə bağlı hər hansı məlumat olmadığından  onların miqyas və xarakterini də təsəvvürə gətirmək mümkün deyil.

 

Mövcud şərait ümumi işimizə fayda vermək imkanına yer qoymadığından Sizi hazırkı vəziyyətlə bağlı məlumatlandırmaq, eləcə   işlərin gedişi ilə yerində tanış olmaq   üçün Konstantinopolu buraxıb geri qayıtmağa məcburam. Lakin bir şey dəqiq məlumdur ki, sülh konqresinə indidən hazırlaşmaq lazımdır (materiallar, statistik məlumatlar və s.). Bu baxımdan da geri qayıtmağım faydasız olmayacaq. Çünki belə materiallar məndə az deyil. Amma indi elə bil əlsiz-ayaqsız kimiyəm. Müttəfiq dövlətlərin missiyalarının siyasi nümayəndələri üçün memorandum yazanda bunu daha kəskin hiss etdim. Öz-özümə sual verirəm: buradan nə zaman çıxa bilərəm? Məlum olduğu kimi, Batumla əlaqə yoxdur. Xəlil bəyin getdiyi gəmi hələ qayıtmayıb. Nə zaman qayıdacağı isə bəlli deyil. Başqa gəmilər də yoxdur. Türk tərəfi də növbəti gəminin haçan yola düşəcəyini bilmir. Mövcud  çətinliklər azmış kimi  bu günlərdə hər cür yerdəyişmə də Antanta dövlətlərinin hərbi missiyalarının nəzarəti altına keçəcək. O zaman İstanbulu tərk etmək fikrinə düşənlərin vəziyyəti necə olacaq? Bəlli deyil. Eyni zamanda, indi Avropa ilə də nə quru,   dəniz əlaqəsi mövcuddur. Sadaladıqlarımdan başqa daha bir amil məni geri qayıtmağa məcbur edir. Bu da indiki bahaçılıq şəraitində (xüsusən də Pera Palas Hotel səviyyəsində) özünü daha kəskin büruzə verən maliyyə ilə bağlı vəziyyətimin tam qeyri-müəyyən olmasıdır.

 

Məlumat verirəm ki, noyabrın 1-dən mən də, katibim də artıq türk hökumətinin xidmətlərindən yararlanmırıq və hər şeyin haqqını özümüz ödəyirik. Düzdür, hələlik pul var. Yazdığım kimi, mənə 25 min lirə veriblər. Lakin  oteldə hər şeyin ifrat bahalığı əhvalımı əməlli-başlı pozur. Əgər  uzun müddətə qalası olsam, mütləq buradan çıxacağam. Üstəlik, şəraiti   ürək açan deyil. Bəzən elə hesab gətirirlər ki, dəhşətə gəlirsən, amma heç nə edə bilmirsən. Fövqəladə və səlahiyyətli nazir, noblesse oblige  s.

 

Bütün gözləntilərə rəğmən hər şey öz qiymətində qalır, hələ bəlkə bir az da artır. Çünki yeni heç bir şey gətirilmir. Qaloş 10-12 lirə, çətir 14-18 lirə, qış paltosu 180-220 lirəyədir. Faytonla yalnız bir tərəfə gediş 3-4 lirə tutur.  Mənim belə xərclərim çoxdur və getdikcə də artır. Şəxsi katibdən əlavə indi türk nazirliklərinin daxili qayda-qanunlarını və fransız dilini yaxşı bilən mütəxəssis, habelə türkcəyə yazılı tərcüməçi dəvət etmişəm. Mehmandarım isə artıq yoxdur.

 

Əgər təsəvvür edə bilsəydiniz nə qədər düşünüb-daşınır, nə qədər götür-qoy edirəm, həyatda nə qədər puça çıxmış arzu və ümidlərin ağırlığını çiyinlərimdə daşıyıram. Əgər bütün bunları bir anlıq da olsa təsəvvürünüzə gətirə bilsəydiniz, o zaman nə Siz, nə də başqaları mənim indiki vəziyyətimə əsla həsəd aparmazdınız.

 

Bununla məktubumu bitirirəm. Hamıya salam göndərirəm. Xəlil bəyə və xanımına mənim adımdan təzim edin. Yəqin ki, Siz ondan göndərdiyim məktub və ayrıca zərfdə müxtəlif türk nazirləri ilə söhbətlərimin yazısını almısınız. Bir daha xahiş edirəm, bütün məktublarım kimi bu yazıları da saxlayın və imkan olanda özümə qaytarın. İndi heç nə göndərə bilmirəm, çünki surətlərini çıxarmağa imkan yoxdur.

 

Ən xoş arzularımı çatdırıram. Salamat qalın. Ümidvaram ki, ailəm yaşayış üçün zəruri olan vəsaitlə təmin edilir.

 

Sizə hörmətlə, Ə.Topçubaşov

 

Ə. Topçubaşovun Fətəli xan Xoyskiyə məktubu

18 noyabr 1918-ci il

İstanbul

 

Son günlər baş verən mühüm əhəmiyyətli hadisələr Türkiyənin siyasi vəziyyətini kökündən dəyişdirib. Almaniya istisna olunmaqla, vaxtı ilə birgə döyüşən və sıradan çıxarılan müttəfiqlərin hamısı Antanta dövlətlərinin diqtə etdikləri ağır şərtlərlə razılaşmağa məcbur olub, eyni taleni paylaşıblar.

 

Barışıq müqaviləsinə əsasən, Türkiyə aşağıdakı şərtlərin  yerinə yetirilməsini üzərinə götürüb: 1. Zaqafqaziya dəmir yolunu Antantanın ixtiyarına və nəzarətinə vermək; 3.Antantanın tələbinə əsasən bütün türk qoşunlarını buradan çıxarmaq.

 

Bu iki tələblə bağlı noyabrın 4-də xarici işlər nazirliyinə yazılı etirazımı təqdim etdim. Eyni zamanda, yazılı şəkildə Azərbaycana türk diplomatik nümayəndəsi təyin olunması məsələsini sürətləndirməyi xahiş etdim. Antanta dövlətlərinin təmsilçiləri gələndə onlara da eyni məzmunda etiraz bildiriləcək.

 

Əlaqədar dövlətlərin təmsilçiləri ilə müzakirələrdən ötrü xüsusi kuryer vasitəsi ilə dərhal əvvəlki məzmunda, Azərbaycan Respublikası ilə bağlı bütün məsələlər ətrafında danışıqlar aparmaq üçün təcili mandat göndərin. Noyabrın 12-də Almaniya da Müttəfiq dövlətlərlə barışıq sazişi imzalamışdır.

 

Fövqəladə və səlahiyyətli nazir Ə.Topçubaşov

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2017.- 1 sentyabr.- S.18-19;24