Elmə həsr olunmuş ömür
TANINMIŞ ŞƏRQŞÜNAS ƏKRƏM BİJENİN 85 İLLİK YUBİLEYİNƏ
Şəxsiyyətin meydana gəlib formalaşmasında
tarixi şərait əsas zəmin rolunu oynayır.
Bu zəmin yarandığı zaman elmi özlərinə
həyat amalı seçənlər, xalqın mənafeyini
şəxsi maraqlarından üstün tutanlar, millətinə,
torpağına qəlbən bağlananlar, onu irəli aparmaq
istəyənlər həyatları bahasına olsa belə,
tarix yazırlar. Bu insanlar hamı tərəfindən
sevilir, böyük hörmət sahibinə çevrilir, əsl
ziyalı vəzifəsini son dərəcə məsuliyyətlə
yerinə yetirirlər. Azərbaycan elminin görkəmli
nümayəndəsi, yüksək intellekt sahibi, təcrübəli
tədqiqatçı, prinsipial mövqeyi, dərin məntiqi və
özünəməxsus dəst-xətti ilə
tanınan əməkdar elm xadimi Əkrəm Rəhim oğlu
Bije məhz belə alimlərimizdəndir. Onun bu
həyatda tutduğu yol xalqa sədaqətlə xidmət etmək,
gənc nəslə elmin sirlərini öyrətmək,
özündən sonra tarixin səhifəsinə çevriləcək
qiymətli əsərlər yazmaq, mənəvi dəyərləri
maddiyyatdan üstün tutmaq yoludur.
Cənubi Azərbaycan bilicisi olan alimimiz Əkrəm Rəhim
oğlu Bije 1932-ci ildə Azərbaycanın dilbər guşələrindən
birində - Qazax şəhərində dünyaya gəlib. Enişli-yoxuşlu
həyat yolu keçmiş alim hələ uşaq ikən
soykökü Cənubi Azərbaycandan olduğuna görə
elə oraya da deportasiya edilib. 1939-1945-ci illərdə Mərənd
şəhərinin Yuxarı Dizə kəndində fars dilində orta məktəbi bitirib. Onun uşaqlıq və gənclik illəri kifayət
qədər çətin tarixi şəraitə təsadüf
edib. Pəhləvilərin hakimiyyəti illərində
(1925-1979) İran dövləti tərkibində yaşayan azərbaycanlılara
bu dövləti məhv edə biləcək qüvvə kimi
baxıldığından hakim dairələr tərəfindən
onlara qarşı amansız assimilyasiya siyasəti həyata
keçirilirdi. Müəllimlər fars
dilində dərs deyir, ibtidai məktəblərdə Azərbaycan
türkcəsində danışanlar cərimə edilirdilər.
Qeyri-fars dilində kitab və qəzet
çapı dövlət tərəfindən rəsmi olaraq
qadağan edilmişdir. Ə.Rəhimli həmin illəri
belə xatırlayır: "1940-cı il idi. Mərəndin
Yuxarı Dizə kəndində ibtidai məktəbdə
oxuyurdum. Sinif yoldaşım Əhməd mənə
və Yunisə Azərbaycan türkcəsində "dərsdən
sonra gedib Ağalar zəmisində futbol oynayarıq" dediyi
üçün hər üçümüzə şallaq cəzası
təyin edilmişdir. Heyva ağacından
olan çubuqla əllərimizin içinə 5-6 dəfə
zərbə vurulmuş, sonra isə boynumuzdan üzərində
"bədəxlaq şagird" yazılmış plakat
asılmışdır. Şagirdə məktəb
miqyasında belə bir adın verilməsi çubuq cəzasından
daha ağır cəza hesab olunurdu. Çünki
bu, uşağın ruhunu, mənliyini və kimliyini təhqir
etmək idi".
Azərbaycan
Demokrat Firqəsinin rəhbərliyi ilə azərbaycanlıların
milli-demokratik mübarizəsi qələbə
çaldıqdan və 1945-ci il dekabr 12-də
Cənubi Azərbaycanda Milli Hökumət təşkil edildikdən
sonra bir il Azərbaycan dili rəsmi dövlət və təhsil
dili elan edildi. Ə.Rəhimliyə bu bir il
içərisində Azərbaycan dilində oxumaq xoşbəxtliyi
nəsib oldu. 1946-cı ilin dekabr ayının
12-də S.C.Pişəvərinin rəhbərlik etdiyi
milli-demokratik hərəkat xarici imperializmin və daxili
irticanın əli ilə məğlubiyyətə
uğradıldıqdan sonra o, ailəsi ilə birlikdə yenidən
Şimali Azərbaycana, Qazaxa qayıdır.
1949-1953-cü
illərdə Gəncə Pedaqoji Texnikumunu, 1953-1957-ci illərdə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini
fərqlənmə diplomu ilə bitirir və bir neçə
il orta məktəbdə müəllimlik edir. 1960-1963-cü
illərdə Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq
İnstitunun aspiranturasında oxuyur və 1963-cü ildə
Moskvada "SSRİ-Türkiyə iqtisadi əlaqələri
(1923-1938)" mövzusunda namizədlik dissertasiyasını
müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi
alır. 1965-ci ildə onun
"SSRİ-Türkiyə iqtisadi əlaqələri
(1923-1938)" adlı monoqrafiyası Bakıda çap edilərək
elmi ictimaiyyətə təqdim olunur. Gənc
alim sonrakı illərdə də Türkiyə
iqtisadiyyatı ilə bağlı tədqiqatlarını davam
etdirir və 1970-ci ildə onun bu mövzuda daha geniş və
dərin araşdırmalara söykənən "Türkiyənin
xarici ticarət siyasəti (1920-1980)" elmi-tədqiqat əsəri
Bakıda çap olunaraq oxuculara təqdim edilir.
1963-cü ildən indiyədək AMEA Şərqşünaslıq
İnstitutunda çalışan Əkrəm Rəhimli (Bije)
hazırda həmin İnstitutda Cənubi Azərbaycan
şöbəsində aparıcı elmi işçi vəzifəsində
çalışır. 2009-2014-cü illərdə o, bu
şöbəyə rəhbərlik etmişdir. Keçən
əsrin 60-70-ci illərində elmi fəaliyyəti ilə
yanaşı, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətini
də davam etdirmiş, bu ali təhsil
ocağının tarix fakültəsində Şərq tarixi
üzrə xüsusi kurs təşkil edərək mühazirələr
oxumuşdur.
O,
Türkiyə, İran, eləcə də Cənubi Azərbaycanın
sosial-siyasi və iqtisadi-mədəni durumuna aid yüzdən
çox publisistik və elmi məqalənin, bir sıra
kitabların müəllifi və tərtibatçısıdır.
1828-ci ildə
Türkmənçay müqaviləsi ilə Azərbaycan ikiyə
bölündükdən sonra ta bu günə kimi Cənubda
baş vermiş tarixi olaylar haqqında oxuculara ətraflı məlumat
verən "Güney Azərbaycan" (Bakı, "Orxan"
nəşriyyat və poliqrafiya evi, 2000) adlı məlumat
kitabında Cənubi Azərbaycanın tarixi, ərazisi, əhalisi,
təsərrüfatı, maarif və mədəniyyəti, ədəbiyyatı
və siyasi şəxsiyyətləri barədə gərəkli
bilgilər toplanmışdır.
"Güney Azərbaycanda milli-demokratik hərəkat
(1941-1946)" (Bakı, "MEQA" nəşriyyatı, 2003)
adlı kitabı Ə.Rəhimlinin elmi
yaradıcılığının zirvəsi hesab etmək
olar. Kitabda
keçən yüzilliyin 40-cı illərində Cənubi Azərbaycandakı
milli-demokratik hərəkatdan bəhs olunur, "21 Azər"ə gedən
mübarizə yolu tədqiq və təhlil edilir, sosial, siyasi,
iqtisadi və mədəni durum, baş vermiş olayların məzmun
və mahiyyəti, qələbədən sonra
yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti
öz əksini tapır. Kitab "21 Azər"
hərəkatının və Azərbaycan Milli Hökumətinin
qurulmasının 70 illiyi ilə əlaqədar 2015-ci ildə
işlənərək "21 Azərə gedən yol"
adı ilə yenidən çap olunmuşdur. Müəllifin
gənc yaşlarında apardığı müşahidələr,
şahidi olduğu hadisələr, uzun müddət etdiyi
mütaliə və apardığı tədqiqatlar əsasında
hazırladığı monoqrafiyada oxucu bir tərəfdən
oyanmış xalqın öz milli haqları uğrunda
mübarizəsi ilə tanış olur, digər tərəfdən
o dövrə məxsus sistem ziddiyyətləri fonunda öz
qardaşlarına kömək əli uzadan Sovet Azərbaycanının,
ilk növbədə onun ziyalılarının keçirdiyi
tarixi və fərəhli yolun şahidinə çevrilir.
Kitab 2005-ci ildə eyni adla, əski əlifba ilə Kanadada və
2006-cı ildə isə fars dilinə tərcümə
ilə İranda çap olunmuşdur.
Ə.Rəhimlinin
böyük zəhməti sayəsində tərtib edilmiş
irihəcmli "Parçalanmış millətin harayı (həsrət
şeirləri və bayatılar)" (Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya
Mərkəzi, 2007) kitabı isə vüsal həsrətilə
dünyamızdan köçmüş
soydaşlarımızın əziz xatirəsinə ithaf
olunmuşdur. "Parçalanmış millətin
harayı" adlı bu toplu 190 ilə yaxın müddət ərzində
zorla ikiyə parçalanmış Azərbaycan
xalqının şeir və bayatılar dili ilə bu
haqsızlığa və ədalətsizliyə qarşı
çıxış və etiraz səsidir. Kitabda o taylı-bu taylı 100-dən çox
şairlərimizin həsrət, hicran, nisgili və vüsal
arzusu ilə bağlı şeirlərindən və bu
mövzuda deyilmiş bayatılardan nümunələr oxuculara
təqdim olunur.
Ə.Rəhimlinin "Mübarizə burulğanında
keçən ömür. Seyid Cəfər Pişəvəri"
(Bakı, "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi,
2009) adlı kitabıdır. Bəşarət xanım
İsmayıl və Elmira Fikrətqızının tərcüməsində
Türkiyə türkcəsində Trabzon şəhərində
və 2013-cü ildə fars dilində
İran İslam Respublikasının Məşhəd şəhərinin
"Samen" nəşriyyatında "Əbədi məşəl.
Seyid Cəfər Pişəvəri (həyatı,
siyasi və ictimai fəaliyyəti)" adı ilə çap
olunmuşdur. Kitabda İranın və Cənubi
Azərbaycanın tanınmış mütəfəkkir-ziyalısı,
inqilabçı-demokrat Seyid Cəfər Pişəvərinin
həyatından və mübarizəsindən bəhs olunur.
Çoxsaylı mənbə və sənədlər əsasında
S.C.Pişəvərinin 55 illik həyatının müxtəlif
dövrlərinin çalarları, 1945-1946-cı illərdə
Cənubi Azərbaycandakı milli-demokratik hərəkatda onun
xidmətləri və rolu, hərəkatın süqutundan
sonra isə həyatının axır günləri və
ölüm səbəbləri tədqiq və təhlil olunur.
Ə.Rəhimlinin tərtibatı və redaktorluğu ilə
2008-ci ildə Doktor Salamullah Cavidin "O günün həsrətilə..."
başlığı altındakı xatirələri çap
olunmuşdur.
Kitabda həyatının 50 ildən çoxunu
Cənubi Azərbaycanın milli azadlıq və demokratik hərəkatına
həsr etmiş bir insanın - Salamullah Cavidin keçdiyi həyat
və mübarizə yolundan bəhs edilir. Kitabın əsasını
dr. S.Cavidin yazdığı xatirələr təşkil etsə
də, onu yaxından tanıyanların, oğlu Azad Cavidin qeydləri,
həmçinin kitab tərtibçisi Ə.Rəhimlinin
(Mişovdağlının) qeydləri də xatirələrin
əlavəsində verilmişdir.
Əkrəm
müəllimin tərtibatında və elmi redaktorluğu ilə
2014-cü ildə
işıq üzü görmüş "Zindan
xatirələri" (Bakı) toplusu da S.C.Pişəvərinin
1930-1941-ci illərdə İranın Tehran şəhərindəki
"Qəsri-Qacar" zindanında həbsdə olduğu illərdəki
müşahidə və qeydlərindən ibarətdir. Xatirələrdə Rza şah zindanındakı
ağır və dözülməz həyat, məmur
özbaşınalıqları, günahsız insanlara verilən
əzab və işgəncələr oxucuya
çatdırılır. Bu xatirələr
XX əsrin 30-cu illərində İranda mövcud olan siyasi
mühiti, Rza şah diktaturasının törətdiyi saysız-hesabsız
cinayətləri öyrənmək və məlumat əldə
etmək baxımından çox önəmlidir.
"Güney
və Quzey Azərbaycan: ensiklopedik təqvim (başlıca
tarixi olaylar, siyasi və ədəbi şəxsiyyətlər)"
(Bakı, "Apostroff”, 2014) adlı kitab Əkrəm Rəhimli
və Səməd Bayramzadənin tərtibatında
hazırlanmış və çap olunmuşdur. Oxuculara təqdim olunan bu kitab müəlliflərin
çox gərgin axtarış və zəhmətləri nəticəsində
ortaya qoyulmuşdur. Belə ki, adıgedən ensiklopedik təqvimin
tərtib olunmasında Azərbaycan tarixi, mədəniyyəti
və ədəbiyyatına aid çoxlu sayda Azərbaycan,
rus, fars və ingilis dillərində qaynaqlar, arxiv
materialları, elmi monoqrafiya və toplular dövrəyə cəlb
edilmiş, hətta müvafiq dövrlərdə
yaşamış tarixi-ədəbi simaların,
günümüzdə yaşayan insanların xatirələrindən
istifadə edilmişdir. Bu ensiklopedik təqvimin
tərtibindən müəlliflərin əsas məqsədi
güneyli-quzeyli Azərbaycanın keçmişi, ən qədim
dövrdən çağdaş günümüzədək
baş vermiş tarixi olayları, bir sıra siyasi və ədəbi
şəxsiyyətləri barədə məlumatları
oxuculara yığcam şəkildə məlumat verməklə
tariximizə münasibətdə bəzən göstərilən
biganəlik və unutqanlığı aradan götürmək
olmuşdur.
2016-cı ildə Bakının "Nurlar" Nəşriyyatı-Poliqrafiya Mərkəzində çap olunmuş "Seyid Cəfər Pişəvəri. Məqalə və çıxışlarından seçmələr (1945-1946-cı illər)" kitabı da Əkrəm Rəhimli tərəfindən nəşrə hazırlanmışdır. Kitaba yazılmış ön söz və şərhlərin müəllifi də o özüdür. Adıgedən topluya S.C.Pişəvərinin Cənubi Azərbaycan mətbuatında 1945-1946-cı illərdə çap olunmuş məqalə, çıxış və bəyanatlarından seçmələr daxil edilmişdir.
Ə.Rəhimlinin "Cənubi Azərbaycan: düşüncələr, problemlər" (Bakı, "Nurlar", 2017) adlı son əsəri, 2017-ci ilin yayında işıq üzü görmüşdür. Müəllifin bu kitabında isə onun son 17 ildə yazdığı məqalə, müsahibə və rəylərindən seçmələr verilmişdir. Məqalələrdə Cənubi Azərbaycanda baş vermiş olayların elmi-siyasi və tarixi-ədəbi səpgidə şərhi verilir.
Əkrəm müəllim yuxarıda adları çəkilən qiymətli elmi və tarixi əsərləri ərsəyə gətirməklə yanaşı, eyni zamanda da əməkdar incəsənət xadimi, kinorejissor Ənvər Əblucun Məhəmməd Hüseyn Şəhriyar, Məhəmməd Biriya, Cavad Heyət və Söhrab Tahir haqda çəkdiyi filmlərin elmi məsləhətçisi olmuşdur. Üstəlik, güneyşünas kadrların yetişdirilməsində də Əkrəm müəllimin zəhmət və qayğısı böyükdür.
Ə.Rəhimli həm də gözəl, sədaqətli və qayğıkeş bir ailə başçısıdır. O, uzun illər orta məktəbdə müəllimlik etmiş ömür-gün yoldaşı Fatma xanımla birlikdə Vətənə layiqli üç övlad böyütmüşdür. O, bu gün öz isti ocağında doğmalarının, nəvə-nəticələrinin yanında həyatının ən gözəl çağlarını yaşamaqdadır.
Biz də öz növbəmizdə redaksiyanın heyəti adından 85 illik yubileyi münasibətilə Əkrəm müəllimi təbrik edir, ona möhkəm cansağlığı və bol yaradıcılıq uğurları arzulayırıq. "21 Azər" hərəkatı yadigarlarından olan bu fədakar və zəhmətkeş alimin elmi fəaliyyətinin onun 85 illik yubileyi ərəfəsində elm ictimaiyyəti və aidiyyəti qurumlar tərəfindən layiqincə qiymətləndiriləcəyinə ümid edirik.
Səməd BAYRAMZADƏ
Tarix üzrə fəlsəfə doktoru, AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri
525-ci qəzet.- 2017.- 9 sentybar.- S.6.