Səsimi unutma  

 

 

 

 

Dünya ilə bağların bir-bir qırılar... Dünən qutsal bildiyin, ilahi saydığın, aşağıdan yuxarı baxdığın yerə enər, qorxa-qorxa yanaşarsan, ürkək-ürkək toxunarsan. “Bu ki adidən adidi” - deyib təəccüblənərsən.

 

Gözünü qamaşdıran sadəcə, gur işıqmış, günəş deyilmiş. Kiminsə bir kəlməsi, kiminsə yersizliyi, başqa birinin qorxaqlığı, onun paxıllığı, bunun hərisliyi soyudar səni dünyadan. “Bura niyə belə soyuqdu?” - deyib ovuşdurarsan əllərini... Sakitlikdən qulağın tutular. Səssizlikdən vahimə alar canını. Zamanla alışarsan buna da... Təkliyi gündəlik halın, yalqızlığı növbətçi ovqatın sayarsan.

 

Bütün miflər bircə-bircə dağılar,

Yenə qallam təkcə özüm özümlə...

 

Kamal Abdulla poeziyasının əsas qayəsi, təməli kədərdi, itirilmişlərə görə hüzündü... Fərqi yoxdu kimi, ya nəyi itirmisən. Sevdiyin adamı, dostunu, əzizini, hətta düşmənini... İnamını, ümidlərini, sevgini! Ya da bütöv dünyanı! Fərqi yoxdu... Həyatın qaçılmaz qaydası var; qazana-qazana itirmək oyunundan heç vaxt qalib çıxa bilməzsən. İtirdiklərini dəqiq dərk edirsən. Amma bəs qazandıqların sənindirmi? Heç kəs bilmir... Tərəddüdlərlə gəmirirsən içini! Dəyərdimi?

 

Kağızdan evcik qurub

Qızıl saray bilmişik

Nahaqdan incitmişik

qüssəli ürəkləri...

 

Kamal Abdulla yaradıcılığından yüzlərlə bu cür sitat gətirmək olar. İnsanın özü ilə baş-başa qalması, suallar içində qovrulması, labirintdə azması, çıxış yolu tapmayanda iztirab çəkməsi. Amma yenə bir işıqdan, bir səsdən, bir hənirdən, bir pıçıltıdan tutub yaşamağa çalışması... Nar çiçəkləri soldu, amma sabah nar yetişəcək axı! Hardansa uzaqdan, lap uşaqlığından belə zorla eşidə biləcəyin səs gəlirsə, o səsdən yapışıb zülmətini işıqlandıra bilirsənsə, YAŞA-ÖL! Çünki “Həyat əslində ölümün içində, həyat ölümün davamıdır”.

 

...Bunu, Kamal Abdullanın “Bir, iki, bizimki” pyesinin qəhrəmanı deyir. YUĞ teatrında adını çəkdiyim pyes əsasında rejissor Gümrah Ömərin quruluş verdiyi “Səsimi unutma” tamaşasına baxdıqca ən fərqli hissləri keçirirdim. Qəribə də burasındadı ki, Kamal Abdulla şeirlərindən müxtəlif misralar beynimdə dolaşırdılar. Tamaşa bitəndə də bunun səbəbini düşündüm. Sonra pyesi bir də oxudum, təəssüratlarımı arıtladım və anladım ki, günah mənim beynimdə deyil. Tamaşanın ideyası şeir kimi duyğular oyadır. Əsərin təməlində poetik ağrı var...

 

Bircə onu bildim

Pıçıltı dinməz-söyləməz

çıxıb gedir,

Mən özüm-özümlə danışıram.

Bircə onu bildim

dumanlara qarışıram

üz tuturam göy üzünə,

Sən də özün özünə

qalırsan

tək!

Ürkək-ürkək...

Kövrək-kövrək...

 

“Pıçıltı” şeirindən gətirdiyim yuxarıdakı misralar tamaşanın kişi qəhrəmanının monoloquna bənzəyir. “Bir, iki, bizimki” iki nəfərin - Kişinin və Qadının oyunudu, dialoqudu; onların mübahisəsi, davası, qısqanclığı, sevgisi haqqındadı... Kişi qəhrəmanı əməkdar artist Məmməd Səfa, Qadını əməkdar artist Gülzar Qurbanova canlandırıb. Aktyorlar Amid Qasımov və Ləman Novruzova isə bu adamların uşaqlığını, daha doğrusu, uzaqda qalmış uşaqlıqlarından gələn səsi ifa edirlər. Və deyəsən, qəhrəmanın həyatında yeganə işıqlı olan da elə bu səsdir:

 

Bir, iki bizimki,

Üç-dörd, qapını ört!!!

 

Rejissor Gümrah Ömərin quruluş verdiyi tamaşaları ümumi səciyyələndirsək, mütləq cəsarətdən danışmalı olarıq. YUĞ teatrının baş rejissoru olan Gümrah bəyi  Naməlum Axundzadə”si ilə kəşf etmişəm. O zaman dahi Mirzə Fətəlinin ölməz əsərləri ilə eksperiment, tamam başqa və yeni yanaşma, YUĞ təbiri ilə desək, yuğlama məni yaxşı mənada təəccübləndirmişdi. Həm də rejissorun cəsarətini bəyənmişdim... Elə o tamaşada Məmməd Səfa - Gülzar Qurbanova duetinin təsirindən uzun müddət çıxa bilməmişdim. “Səsimi unutma” tamaşası isə bu birliyin növbəti uğurudu.

 

Tamaşanın uğurundan danışanda Rəşid Şerifin səhnə tərtibatını da qeyd etmək istərdim. Çünki hələ oyun başlamamış pərdələnmiş səhnə, qəbiristanı xatırladan dekorasiya, iki dünya arasındakı çəkisizliyi simvolizə edən elementlər adamı öz sehrinə salır.

 

Və Məmməd Səfa gəlir! Dünyasını dəyişmiş qadını ilə söhbətə. Birgə qərar verməyə. Hamletin “olum, ya ölüm”ü kimi qəlizdi hər şey... Çətindi, qorxuludu! Geyim üzrə rəssam Leyla Əliyevanın seçimləri xarakterləri tamamlayır. Uşaqların qayğısız qırmızısı (Doqquz-on, qırmızı don!), Qadının qara tüllə, matəmlə  pərdələnmiş qırmızısı, Kişinin isə qaradan çıxmazlığı... Axı qırmızı don sadəcə “doqquz-on”un qafiyəsi deyil. Qırmızı don həm də nikbinliyin, işığın ifadəsidir. O nikbinlik də, işıq da çox uzaq keçmişdə qalıb. İndi isə:

 

Yır-yığış etmək vaxtıdı,

Dur ayağa, getmək vaxtıdı.

Dünyadan itmək vaxtıdı,

Bu vaxt bir də ələ düşməz.

Bir daş altda, bir daş üstdə...

 

Kişi qəhrəman da dünyadan itmək, getmək qərarına gəlib. Həm də tam zamanıdı. Çünki bir vaxt söz veribmiş... Deyibmiş ki - “Sən get, mən də gələcəyəm”. İndi isə təzad, tərəddüd, qorxu içindədi. Hər şey düşüncəsində, xəyalında baş verir. Axı pərdənin o üzündə, dünyanın o üzündə olan qadını ilə ayrı necə danışa, hətta qucaqlaşa bilər? Qadın onu pərdənin o tayına çəkir, “Səni bu dünyada saxlayan heç nə yoxdusa, gedək” - deyir. Yeganə təmas səslədi. Kişi səsdən yapışıb, hənirə uyub getməlidi. Amma istəyirmi getmək? Məncə, tamaşanın əsas uğuru elə budur. Getməklə qalmaq arasında, bir-birini əvəz edən, bəzən də biri o birisinə macal verməyən ziddiyyətli hallar, fikirlər.

 

Məmməd Səfanın oyununu dörd gözlə seyr edirəm. Az qala, hər hərəkəti rəsmdi, fotodu, sənət əsəridi. Həm də bu qədər fərqli vəziyyətləri, sürətlə, anbaan dəyişən durumu necə oynamaq olar axı? Qorxur, ürəklənir, sevir, hirslənir, ehtiraslanır, qısqanır, sonra yenə ürəklənir, sonra yenə vahimələnir, gülür, ağlayır, pıçıldayır, qışqırır və s. Sanki insanın hər üzünü, hər hissini, hər halını göstərməkdi məqsəd. Bu qadın niyə ölüb? Bu kişi niyə qorxur?

 

Əhdinə nə üçün xilaf çıxıb, bilinmir. Çünki mənə görə Kamal Abdullanın niyyəti hadisə danışmaq deyil, hadisənin-həyatın “fəsadlarından” danışmaqdı. Amma bununla belə, Qadın-Kişi arasında ola, yaşana biləcək çox şeyləri tamaşadan almaq, duymaq olur...

 

Gülzar xanımın oyununda da bir neçə qadın var. Biri pərdənin bu üzündə qoyduğu sevgilisini aparmaq istəyir, hər cür şirin dillər töküb, gözəlliyindən, cazibəsindən istifadə edib yoldan çıxarmağa hazırdı. O biri küskündü, nifrət edir bu yalançıya, qorxağa... Üçüncüsü kövrəkdi, ana kimi nəvaziş göstərib qorumaq, ovutmaq istəyir qarşısındakını. Və bütün bu hallar o qədər təbiidir ki... Daha doğrusu, bütün bu qadınları Gülzar xanım öz oyununda elə üzvi, orqanik şəkildə birləşdirib ki...

 

“Sən... sən o qədər soyuqsan ki, o qədər uzaqsan ki... Başdan ayağa qeyri-müəyyənliksən. Həmişə də beləydin. Bax, deyirəm: səndən heç vaxt heç nə gizlətməmişəm. Bilirdim ki, indi də elə belə deyəcəksən.

 

 

 

Getmirsən getmə. Sənin yanında olanda bəyəm sən mənim yanımdaydın?! Onda da tək idim. Bəli, bəli, əzizim.

 

Tək idim. Ömür boyu məndən nəyinsə acığını çıxmısan. Amma nəyin? Nəyə, kimə görəydi bunlar?”

 

Qadının dilindən verilmiş bu sözləri dinləyəndə başa düşdüm ki, bu əsər kişinin yox, qadının faciəsi haqqındadı.

 

Ömrü boyu aldadılmış, incidilmiş, təklənmiş, amma sevən bir qadının... Və ən dəhşətlisi, müəlliflərin əsas göstərmək istədiyi faciə, ağrı məhz budu: Yanında olanın yadlığı, bir addımlığındakının səsini, əzab dolu hıçqırığını eşitməməsi, qorxaqlığı, hələ üstəlik səndən acıq çıxması, özünün bacarmadıqlarına görə qisası!!!

 

Gümrah Ömərin tamaşalarında çox sevdiyim cəhət dinamikadı, plastikadı... Ən monoton hadisəyə, gedişata da o qədər sürət, gərginlik qata bilər ki, nəfəsini çəkmədən baxarsan. Hələ üstəlik uğurla seçilmiş musiqilər də oyunun təsir gücünü yüz qat artırır. Ennio Marrikonedən, Cuzeppe Tornatorenin filmlərindən seçilmiş musiqilər, ələxsus “Ən yaxşı təklif” filminin soundtreki daha da həyəcanlandırır tamaşaçını. Axı necə həyəcanlanmayasan? Bu Kişi çətin seçim qarşısındadı. Getmək, ya qalmaq? Ömrünün tək xoş, qayğısız anı uşaqlığındakı “Bir, iki bizimki”di, yeganə güvəndiyi arabir şikayətlər edib çətinə düşəndə köməyə çağırdığı Sara müəllimədi. Uşaq səslərini ifa edən Ləmanın şıltaqlığı, Amidin dəcəlliyi tamaşaya ayrı bir ovqat gətirir... Amma hər şey şərtidi burda. “Doqquz, on - qırmızı don” - deyib şirin-şirin gülən uşaq birdən birə üz döndərə bilər səndən, əlini-qolunu bağlayıb qəbirə qoyar. Əslində, yazımın əvvəlindən seçimlərdən danışıram, qəhrəmanın tərəddüdlərini vurğulayıram, amma bir yandan da düşünürəm - məgər həyat seçim qoyurmu? Əvvəl-axır getməlisən! Zamanı gələndə heç kəs səndən soruşmayacaq. Nazınla oynayıb başını sığallayan olmayacaq... Sadəcə, özünü aldadırsan bir müddət, elə bilirsən ki, səndən asılı nə isə var. Elə ki sonun qaçılmazlığını anladın, hər şey asanlaşır... Əlin-qolun yanına düşür, Kamal Abdulla dediyi kimi:

 

Yol getməyə taqət qalmadı,

Danışmağa dil qalmadı,

Sevməyə ürək qalmadı,

Ölməyə həvəs qalmadı- necə oldu?

Dəxi mən də durum gedim,

gec oldu...

 

Tamaşada son dərəcə təsirli səhnə Məmməd Səfanın şərti keçidi, qəbirə girməsi, ordan da pərdənin o üzünə addım atmasıdı. Rejissorun uğurlu həlli, aktyorun dəqiq oyunu  nəticəsində az qala yaşayır insan o halı. Məlum olur ki, insanı yaşadan, insan olduğunu anladan yaddaş imiş. Yaddaş isə yalnız bu dünyada mövcuddu. Kişi ilə Qadın pərdənin müxtəlif taylarında belə birgə imişlər. Çünki Kişinin yaddaşı vardı, düşüncələrində ayrılmamışdı, itirməmişdi bu Qadını... O üzə keçincə bütün əlaqələr kəsilir:

 

“Hara, hara itdin sən? Qayıt. Mən tək qalmaq istəmirəm. İstəmirəm. Niyə yox oldun? Sən məni aldatdın. Sən məni aldatdın. Mən səni görmürəm. Sən... sən yoxsan! Bura niyə  belə soyuqdu? Axı biz belə danışmadıq. Mən geri qayıtmaq istəyirəm. Yol, yol, bir yol olmalıdı burda, ya yox? Bu tərəfə gedim? Yox. Bu tərəfə gedim. Yox, o da yol deyil. Yol. Hanı bu yol? Bir əvvəli var, bir də sonu. Bəs bu yolun özü hanı?”

 

Və soruşur: Bu, sənin nəyinə lazım idi? Qadının Kişiyə təmənnasız, dərin, hüdudsuz sevgisi haqqındadı bu əsər. Elə onu, ora, pərdənin o üzünə dartmağında niyyət öz yanına gətirmək yox, sadəcə, iztirablarına son qoymaqdı!

 

PƏRVİN

 

 

525-ci qəzet.- 2017.- 23 sentyabr.- S.14.