Qulu Ağsəsin əl çantasından başlayanlar...

 

 

 

 

Qulu Ağsəs iri salonların şairi deyil, "tək"lərin şairidir. Deyək ki, beş-on  nəfər adam.  Bəlkə əsl poeziya bu. O beş-on nəfər adam da Qulunu böyük salonlara daşıyacaq vaxtsa, bəlkə bu gün, bəlkə sabah...

 

Qulu pıçıltı şairidir, hay-küy, pafosdan min ağac uzaqdı. Şeir bir nəfərə deyilir, o bir nəfər on nəfərə, on nəfər yüz nəfərə, yüz minə, milyonlara. Qulu belə oxunur əslində. Oxunmağın ən gözəli belə olur. Onun şair, təfəkkür stixiyası bu.

 

Bunu ancaq sənə danışıram -

Bircə balama

Kasıb evində bağlanmış

Turşu bankasıdı atan.

Ağzı hərdən açılır -

bayramdan bayrama.

 

Qulunun qələminin altından çox kağızlar sürüşüb. Qulu qol qoymayıb. Hər misranın arxasında dayanıb özünü gözləyib. Özünü görən kimi  "salam" yazıb, özünü belə qarşılayıb, şeirlərini belə başlayıb Qulu. Qulu heç vaxt deməz ki, bu gecə təzə şeir yazmışam, deməz ki, romanı sabaha bitirirəm, deməz ki, bir mövzu məni yaman narahat edir. Deməz, deməz, deməz, yenə deməz! Elə onu deyər ki, dədə, dünən axşam Mənsum İbrahimovla, ya da Firuz Səxavətlə bir yerdə idik. Əlavə edər ki, dədə, Firuzun bir dostu var, o qədər danışır. Sonra deyər ki, dədə, jurnalımızın təzə sayı çap olunub, mətbəədədir hələ,  rəngi quruyur.

 

Beləcə danışar Qulu, sanki söhbəti qəsdən yazdığı şeirlərdən yayındırar, hər danışdıqca əl atar balaca çantasına, bir siqaret qoyar damağına, hərdən əyilər adamın qulağına, nəsə deyər, guya sirr  açır. Elə bir sirr açar ki, bütün televiziyalar  üç aydır həmin sirr deyilən şeydən danışır. Nəyə görə belədir? Qulu üçün söz-söhbət köhnəlmir. Həmişə təzə qalır, həmişə sirr qalır. Yazmaq üçün əsas stimuldur bu. Hər şair üçün hər şey təzə-tər qala bilmir. Bu dünya Qulu üçün təptəzə, yepyenidir. Aşağıdakı şeirlərdə gizlənən sirr Qulunu təzə saxlayır. Həm şeirini, həm özünü. Səhərin ertəsində  bu qarşıqlığı yaşamaq elə şair olmaqdır.

 

Bu da axır...

bu da xilas...

Son gecə...

səhər ertə...

Qoşulub göyün quşuna

Üstündən saat ötər...

 

yaxud:

 

De görək, neynəyək,

neynəyək, de görək?! -

ölək, olaq,

olaq, ölək...

 

Qulunun ironiyasının gözlərində yaş var. Zaman qarışığı, fikir xətlərinin bir-birinə keçməsi, paralelikdən yaranan asiossativ məqamlar, şeirin yarandığı vəziyyət - yer Qulunun şair səciyyəsini, daha doğrusu, "kələfin ucunu" açır.

 

Hərdən

anamdan xəlvət

bir xeyir

görmək istəyirəm,

yığıb

bütün dul arvadları

ərə vermək istəyirəm.

Heç olmasa birini...

Özü elə kişiyə ki,

sonra aldığını peşman eləsin,

özünü.

Bəlkə inanmazsız,

bircə onda

xatırlaya bilirəm

rəhmətlik atamın

heç vaxt görmədiyim üzünü...

 

Qulu getdiyi yerdə qəfil dayanar, balaca çantasını açar, bir siqaret qoyar damağına, sonra gedər.  Bir şeyə məəttələm. O çanta elə tez açılır,  siqaret elə tez tapılır, hər şey operativ, cəld, çevik, oğulsan çat, birini sən al qoy damağına. Quludan siqaret alıb çəkmək adama ləzzət eləyir, siqaret çəkən deyiləm, amma həmişə Quludan siqaret istəmək adama sevinc gətirir. Sən demə, Qulunun o böyük Allahdan umduğu böyük bir sevinc varmış.

 

Sağ-salamat ölsəydim-

üst-başını

cığır basmış yol kimi...

Qəfil bir söz eşitsəydim-

dil açan lalın ilk dəfə

dediyi "sakit ol" kimi...

Kefim ala buludda kövrəlsəydim,

şimşək qurutsaydı gözüm suyunu.

Atamdan xeyir-dua almaq üçün

qiyamət gününə salsaydım toyumu...

 

Qulu şeirlərinə məğlub olan şairdir. Mətnin qələbəsi şairin məğlubiyyətindən başlayır. O qədər məğlub olub ki, məclisdə şeir oxumaq sevincindən uzaqdır. Hələ bir dəfə onun öz şeirləri haqqında danışdığını görmədim. Bir görürsən yeni  şeirlər çap olundu. Oxuyursan, oxuduğun anda Qulunu tapmaq istəyirsən. Düşünürəm  ki, bu şeirlər Qulunun niyə dilini açdırmayıb, niyə dilləndirməyib. Daha bilmirik ki, bu şeirlər Qulunu qatlayıb dizinin altına alıb...

 

Mən olsam,  şeirim çap olunmamış isti-isti bir neçə adama oxuyuram. Amma Qulu... Bəlkə Qulunu sakitləşdirən çantasıdır, ağzını açmaq, nəsə axtarmaq, bir siqaret damağına qoymaq,  sonra  səbrlə bağlamaq... Belə şeylər bəzən içindəki gərginliyin ildırımötürəni olur. Əldə çəlik belədir. Damaqda  qəlyan, siqaret  ya   maşın açarını fırlatmaq   insanın  sinir sistemini tənzimləyir.

 

Balamın canına,

Atamın goruna,

İşğal gününə...

- gör, nəyə and içirəm:

- səni çox sevdiyimdən

Şeir yazmadım şəninə...

"Qarabağ şikəstəsi"

 

O günü Qulu deyir, yox, deməmişdən qabaq əlini ağzına tutur, xeyli gülür, bizigüldürür, həmişə sözün gülüş tərəfindən tutur: Dədə, səhərdən  maşını saxlamağa yer tapa bilmirəm... Biri də yapışıb ki, mənim şeirlərim "Ulduz"davaxt çıxır?

 

Mənə elə gəlir ki, Qulunun göylərlə işi yoxdur, o nə deyirsə yerə deyir, yeriyə-yeriyə deyirQulunun göyü də elə yerdir (Sənsən hər yer). Onun indiyə kimi bir dəfə də olsun göyə baxmağını təsəvvür edə bilmirəm. Ona görə də Qulunu gözü həmişə ayağının altını yaxşı seçir. Hələ ayağının altında bir şey qalmayıb. Bir dəfə də olsun büdrəməyib.

 

Qulu şəhərdə elə gəzir, elə bil çöldə gəzir, nə maşın, nə adam, heç nə eyninə deyil, elə gedir, elə gedir elə bil yolu süzür. Kim qarşısına çıxırsa, hökmən salam-kəlamdan sonra dünən başına gələn bir əhvalatı üyüdəcək qulağına. Adam inana bilmir ki, Qulu şeiri uzun yaza bilər. Qısa və konkret. Aforizmli, zərb-məsəlli, bitkin, lakonik şeirlər yazır. Onun obazları şəkil kimidir. Aydın görünür. Mənə elə gəlir ki, obrazları qarabuğdayıdır.

 

Mən

Onun qucağını sevindirə bilmədim

O

Məni ata eləmədi

Tanrı gördü

Dinc bəndələrik

bizə baş "ağrısı" əta eləmədi.

Mən

Onu itiyim kimi sevdim

O

Məni tapdığı qədər.

Arabir fişəng atırıq

Aramızdakı sərhədə.

Mən

Onu atıb gedərəm

Zatım qırıqdı, bilir.

Başını qaldırıb soruşuram:

- Sən necə?

Gözünün yaşıyla

Eynəyimi silir...

 

Qulunun hadisələri nəzərdən keçirib sonra şeirlərində təqdim etdiyi həyat mətn kimi maraqlıdır. Deyim ki, Qulu bunun fərqindədir? Əsla yox. Heç vecinə deyil. Deyək ki, külək əsdiyinin fərqində  olmadığı kimi. Qulu da belə.

 

Balamın canına,

Atamın goruna,

İşğal gününə...

- gör, nəyə and içirəm:

- səni çox sevdiyimdən

Şeir yazmadım şəninə...

"Qarabağ şikəstəsi"

 

Qulunun ədəbiyyata gəldiyi illər elə bir dövr idi ki, hələ bərkiməmiş yaradıcılıq, üslublar plastilin kimi hər tərəfə əyilirdi. Elə şair var ki, indiyə kimi beş-altı üslub dəyişib, yenə axırda gəlib Ramiz Rövşən kimi yazır. Özü elə gözəl yazır ki, Ramiz Rövşən olmasaydı, bu zalım oğlu şair kimi çox sevilərdi. Həyat çoxunu belə bədbəxt elədi. qədər Ramiz Rövşən havasına oynayan şair var. Belələrinin  şeirinin qeydiyyatı yoxdur. Ramiz Rövşən üslubunun bir küncündə hələ ki, kirayə yaşayır.

 

Qulu müdrik adamdı. Əvvəla, təfəkküründən gələn şeir stixiyası, muğam intonasiyası onu büdrəməyə qoymadı.

 

Bir Qulu seçim edə bilən bir adamdı. Günlərin bir günü yolun ortasında dayandı, balaca çantasını açdı, damağına siqaret qoydu, o saat yolu sola buruldu. Qulu yolu sola dönərkən qarşısında bir şeir dayanmışdı. Bəlkə onu düz yoldan bu şeir döndərib xilas eləmişdi.

 

...Bu qədər, balası.

Gecdir, uyu.

Gör göy üzü qədər qayğıkeşdir,

gecənin kürəyinə

ulduzdan piltə qoyur...

 

Çox təəssüflər olsun ki, bu gün ədəbi gündəmdə olanlar, hələ ki, düz gedirlər. Dönmək-zad-filan yoxdur. Dayanmaqları da yoxdur. Ədəbiyyatda dayanmaq, əslində yazmaq deməkdir.  Dönmək, burulmaq axtarış deməkdir. Amma çoxu... Heç bir  yola-izə baxmadan  gedirlər yox, e, qaçırlar. Qarşıda uçurum var amma. Qulu düz xətləri artıq qırmışdır. Hər qırılan xətdə cücərən mətnin işığında Qulu balaca çantasında nəsə axtarır. Qulunu çantasız eynəksiz təsəvvür edə bilmirəm. Özü demiş, bəlkə eynəklə doğulub. Çantanı da mən əlavə edirəm.

 

Qulu mənə "Fillər mənim dostumdur" filmindəki həkimi xatırladır. Qayğılı və eynəkli. Sahibinin uşağı xəstələnir, fil gəlir ki, həkimi aparsın, di gəl həkimi başa sala bilmir. Əlacsız qalan fil həkimin çantasını xortumuna alıb xəstənin yanına qaçır. Həkim də çantanın dalınca yüyürür. İndi Qulunun da balaca çantası var, asta-asta yeriyir, heç hara tələsmir. Hərdən götürüb qaçmaq istəyərəm onun çantasını. Aparıb qoymaq istəyirəm Ağdama.

 

 

Qəşəm NƏCƏFZADƏ

 

525-ci qəzet.- 2017.- 26 sentyabr.- S.7.