"Yaddaşa qayıdış", yaxud
dünəndən sabaha boylanan sətirlər
Hikmət
Əbdülhəlimovun sayca on yeddinci kitabı olan, həyat
hadisələri ilə zəngin "Yaddaşa
qayıdış" əsərini oxuduqdan sonra filosof Səlahəddin
Xəlilovun bir fikrini beynimdə çək-çevir etməyə
başladım.
"Həyat kənardan baxanlaramı daha gözəl
görünür, yoxsa içərisində
itib-batanlaramı?! Nabələd bir həyatmı, yoxsa bəlli
bir həyatmı daha gözəldir?" İş
burasındadır ki, yenicə oxuyub tamamladığım
"Yaddaşa qayıdış" kitabının müəllifi
Hikmət Əbdülhəlimovun həyat yolunu izləyəndə
filosofun əks arqument kimi gətirdiyi cümlələr
bir-birini tamamlayan keyfiyyət kimi görünür. Uzun
müddət partiya-dövlət işində
çalışan və müəyyən mövqe tutaraq
orada möhkəm dayanmağı bacaran, həyatın içərisində
"itib-batmayan" bu insan müstəqillik illərində
"bəlli bir həyata" qədəm qoymuş,
ömür yolunun kredosunu müəyyənləşdirmişdir.
"Həyatın içində itib batmayan",
xatırlayıb nəyin pis, nəyin yaxşı olduğunu
müəyyənləşdirən Hikmət müəllim
gördüyü, bildiyi hadisələri, qiymətli etnoqrafik
məlumatları, folklor nümunələrini toplamağa
başlayıb, onları məqsədli şəkildə
oxucuya təqdim etdiyi gündən bəlli bir həyata qədəm
qoyub. Bu kitab göstərir ki, o, çoxlu
insanlarla ünsiyyətdə olmuş, çox şey
görüb-götürmüş, yaddaş xəzinəsindən
məharətlə istifadə etmişdir. Yenə
də filosofun dediyi kimi, "Bəsirət gözü ariflərlə
ünsiyyətdə açılır". Bəlkə də həmin ünsiyyətin nəticəsi
kimi yaranan bu kitab ona görə qiymətlidir.
Mütaliə etdiyim bu kitab müxtəlif çiçəklərdən
və güllərdən düzəlmiş çələngi
xatırladır. Burada müəllifin bədii təfəkkürünün
məhsulu olan hekayələr, elmi düşüncəsinin bəhrəsi
olan məqalələr, esselər, hikmətli kəlamlar
toplanmışdır.
Bu kitabın gücü onun həyat həqiqətləri
ilə zəngin olmasındadır. Müəllif
yaşadığı illərin arxasında qalan hər dəqiqəni,
hər saatı olduğu kimi xatırlayır və onu vərəqlərə
köçürür. Bu xatirələrin
isə hər biri ibrətamiz əhvalatlarla zəngindir. Dünən bu gün üçün örnəkdir.
Dünənin, keçmişin xatirələri
bugünkü qələbəmizin təminatçısıdır.
Ona görə də dünənki xatirələrə
qayıdış həm bugünkü inkişaf, həm də
gələcək üçündür.
Uzun illər
dövlətişində çalışmış,
ömrünün son 30 ilini ədəbiyyata həsr edən
Hikmət Əbdülhəlimovun "Yaddaşa
qayıdış" kitabını əvvəlcə vərəqlədim,
sonra əsər məni ruhən həm də elə cəlb
etdi ki, onun haqqında yazmağa qərar verdim. Bədiiliyə
daha çox əsaslanan "Bir cüt papış",
"Əşrəfi şillə" hekayələri... Bu hekayələr bir yazıçı uydurması
deyil. Ondan daha yüksək, daha əzəmətlidir.
Çünki burada hələ
yazıçı sığalına tuş gəlməyən
həyat həqiqətləri mövcuddur. Artıq
epizodları yontalıyan zaman həyatın verdiyi şəhidi
bir kənara tullayan yazıçı qələmi ona
toxunmayıb, bu əsərlərdə həyat necə varsa eləcə
qalıb. Onun əzəməti də
bundadır. Hər hansı bir qələm
sahibi "Əşrəfi şıllə" xatirəsindəki
bir-biri ilə əlaqəsi olmayan iki epizodu - Afərin ona
söz atan N adlı oğlana şillə vurması ilə həmin
oğlanın qayalara dırmaşaraq ölüm təhlükəsi
ilə üz-üzə gələn hərəkətini birləşdirib
bir hekayə yarada bilərdi. Əlbəttə,
bu, heyrətamiz bir hekayə olardı. Amma
"Əşrəfi şillə" qədər təsirli
olmazdı. Hikmət müəllim həyat
hadisələrini necə görübsə, elə də qələmə
alıb. Hətta həyatında yalnız
bir oğlana əşrəfi şillə vuran Afərin
sonralar vəfat etdiyini oxuyanda da insan kövrəlir. Əşrəfi şillə zirvəsində
yaşayan insanın bir gün qara torpaqlara getdiyini eşıdəndə
ömrün nə qədər vəfasız olduğunu da nəzərdən
qaçırmır. Kitaba müəllifin
topladığı hikmətli sözlər də daxil
edilmişdir. Məhəmməd peyğəmbərdən
başlamış Mövlana Cəlaləddin Rumi, Lev Tolstoy,
Fyodor Dostoyevski kimi yazıçıların, dünyanın nəhəng
filosoflarından qiymətli fikirlər seçilmişdir.
Bu fikirlər göstərir ki, Hikmət müəllim
elmi mülahizəyə, həyat hadisələrinə empirik
baxışa xüsusi əhəmiyyət verir. Bu da kitabın keyfiyyətini, ona oxucu
marağını artırır.
"Bir cüt papış" da belədir. Bər-bəzəksiz
həyat hadisələri ilə zəngin və ibrətamiz...Müəllif
yaddaşında qalan həyat hadisələrini kağız
üzərinə köçürmüşdür. Ona esse də, hekayə də demək olar. Əhvalatlar isə o qədər zəngindir ki, o
hadisələrdən bir roman da yazmaq olar.
Müəllif olmuş əhvalataları
danışır. Bu əhvalatlar 70 il hökmranlıq
etmiş bir rejimin əsassız, sərt və qeyri-hümanist
qanunlarını ifşa edir. Təsəvvür
edin, müəllif qonşu rayondan bir cüt papış
alır. Sonra məlum olur ki, bu
papış evdə artıq əşyadır. Onu satdırmaq qərarına gəlirlər. Elə faciə də buradan başlayır. Sən demə, bazara satışa
çıxarılan bir cüt uşaq ayaqqabısı sovet
quruluşunun qayda-qanunlarını pozmaq imiş. Onu satan Təmraz adlı gəncin başına
müsibətlər gəlir. Həbsxanaya
düşür. Bu, onun bütün həyatını
ləkələyən bir hadisəyə çevrilir.
Maraqlı
burasıdır ki, papış sahibi (müəllif)
qapısını döydüyü şəxslərin pis
adam olmadıqlarını da xüsusi vurğulayır. Lakin bu yaxşı adamlar cəsarət edib cəmiyyətə
tük qədər zərər gətirə bilməyən bu
hadisənin törətdiyi müsibətlərdən həmin
gənci xilas edə bilmirlər. Bu gəncə
"alverçi" damğası
yapışdırılır. Milis Mabud dayı, Muxtar əmi,
milis rəisi Ərzuman Zülfüqarov kimi insanları müəllif
yaxşı adam kimi səciyyələndirir.
Amma onlar bu gün gülünc görünən
o hadisəyə müdaxilə edə bilmir. Hər kəs öz münasibətini cəmiyyətin
əxlaq normaları ilə uyğunlaşdırır,
özünə haqq qazandırır. Bir
cüt papış bir gəncin həyatını heç
edir. Sual olunur: Təqsirkar kimdir?
Müəllif hekayədə belə sual vermir. Onu və həmin
sualın cavabını bizim öhdəmizə buraxır.
Ən maraqlısı isə budur ki, həmin rejimin naqis
tərəflərini ifşa edən müəllifin
özü - Hikmət Əbdülhəlimov uzun illər
partiya-dövlət işində ləyaqətlə
çalışmışdır. Demək, həmin cəmiyyətin
özündə də ləyaqətli insanlar
çalışırmış və imkan daxilində
naqisliklərin qarşısını almağa cəhd
göstərmişlər. Lakin siyasi
quruluşun xarakteri həmişə belə adamları
kölgədə qoymuşdur.
Bu hekayətləri, pritçaları, xatirələri
ötən günün ibrətamiz hadisələrini yazmaq
Hikmət müəllimin özünü dərindən dərk
etdiyini nümayiş etdirsə də, həm də oxucunu
özünüdərkə çağırır. Ətrafında
baş verən hadisələrə o, gözüaçıq
baxır. Dünyanı həmişə rəngarəng
gözəlliyi ilə görmək olmur. Əslində,
ona xatırlayıb müxtəlif hadisələri xəyalında
yenidən canlandıranda - keçmişə
qayıdış edəndə onun dünya və cəmiyyət
haqqında bilikləri durulur, nəyin pis, nəyin
yaxşı olduğu günəş işığında
olduğu kimi görünür. Bu kitab kamillik
zirvəsini fəth etmiş ömrünün nuranilik
dövrünü yaşayan bir qələm sahibinin
yaradıcılığı haqqında bütöv təsəvvür
vermir. Oxucu onu da bilsə
yaxşıdır ki, müəllif ömrünün bir hissəsini
Şəki folklorunu toplamağa, onları elmi struktura uyğun
şəkildə tərtib edib nəşr etdirməyə həsr
eləmişdir. O, dövlət qulluqçusu kimi
mövqe də tutmuş, vəzifə funksiyasını
nümunəvi yerinə yetirdiyinə görə
keçmiş SSRİ-nin və müstəqil Azərbaycanın
yüksək dövlət təltiflərinə layiq
görülmüşdür. Lakin onun bağlı olduğu,
özünün dediyi kimi, ömrünün son 30 ilini həsr
etdiyi Şəki folklorunun toplanması, tədqiqi, nəşri
və təbliği, həmçinin müxtəlif ədəbi
janrlarda ortaya qoyduğu yazılardır. "Yaddaşa
qayıdış" kitabında müəllif folklorla
bağlı fəaliyyətinə də xeyli yer vermişdir.
1987-ci ildən bu günədək 237 min nüsxə tirajla nəşr
edilmiş 17 kitabın, o cümlədən, Azərbaycan
Folkloru Antologiyası
(AFA) I kitab ( Şəki folklor I cild) müəlliflərindən
biri, həmin seriyadan VI, XVIII (Şəki folkloru II, III cildlər)
kitabların, Şəki folklor örnəkləri I
kitabın, 5 Şəki folkloru toplusunun müəllifi,
Respublika mətbuatında Şəki folkloru ilə
bağlı dərc edilmiş onlarla məqalələri
yuxarıda yazılanlara sübut ola bilər.
Folklorşünasın fəaliyyətini dəyərləndirən
müqtədir alim, professor Yaşar Qarayev
yazırdı: "Son illərdə Sabir Əfəndiyevin
("Şəki lətifələri", B., 1987/ 1991) və
xüsusən Hikmət Əbdülhəlimovun ("Şəkinin
gülüş çələngi." B.,1987/1988,
"Saa quzu kəsərəm".B., 1992, "Şəki lətifələri".
B., 1994, "Şəki gülməcələri".
B., 1998) bu sahədə fəaliyyəti
ayrıca qeyd olunmalıdır. Ümumiyyətlə,
bu toplularda üç yüz əllidən artıq lətifə
cəm edilmişdir. Həmin lətifələr
də öz şərhini və təhlilini elmi fikirdə
geniş şəkildə tapmaqdadır.
H. Əbdülhəlimovun 1987-ci ildə
"İşıq" nəşriyyatında nəşr
etdirdiyi "Şəkinin gülüş çələngi"
kitabı ilk Şəki folkloru toplusu idi. Bu, ictimai-ədəbi
mühitdə Şəki folkloru ilə bağlı
boşluğu doldurmaq istiqamətində ilk və uğurlu
addım sayılırdı. Kitaba "Son söz yerinə"
yazısında Xalq şairi Bəxtiyar Vahabzadə yazır:
"...kitabın üstün cəhəti ondadır ki, bu,
yalnız lətifə toplusu deyil, Şəkidəki məhəllə
adları, ləqəblər və onun xəritəsi elm
üçün böyük əhəmiyyəti olan tarixi
materiallardır... Lətifələrin təmiz
Şəki ləhcəsində verilməsini də
alqışlayıram. Bu məsələdə də tərtibçi
doğru yolla getmişdir..."
H. Əbdülhəlimovun qeyd olunan kitablarında milli
folklorumuza gətirdiyi yeniliklər, verdiyi töhfələr
çoxdur.
Folklorşünas alim, professor Faiq Çələbi
yazır: "Məşhur folklorşünas Hikmət
Əbdülhəlimovun kitabları yalnız Azərbaycanda yox,
həm də türk dilinin işlək olduğu Yaxın
Şərq ölkələrində həvəslə oxunur və
əldən-ələ gəzir.
Azərbaycan folkloru antologiyasının Şəki
folkloruna həsr olunmuş II və III cildlərində bu
şəhərin folklor xəritəsi verilmişdir. Həmin xəritədə
ağız ədəbiyyatı nümunələrinin
toplandığı coğrafi yerlər göstərilməklə
yanaşı, həm də hansı janrın Şəkinin
hansı konkret qəsəbə və kəndində daha
geniş yayıldığı da göstərilir və beləliklə
Şəki folklor coğrafiyası müəyyənləşir.
Onun çap etdirdiyi materiallar içərisində hələlik heç bir janr təsnifatına cəlb edilməmiş çoxlu kiçik formalı nümunələr vardır. Kiçik janrlar bəzən iri epik janrlardan daha çevik olur, daha geniş yayılaraq variantlaşırlar. H.Əbdülhəlimovun bu nümunələrə xüsusi diqqət yetirməsi onun kitablarının elmi gərəkliyini qat-qat artırır. Folklorçunun Şəki dialektində işlənən sözləri, burada olan xarakterik şəxs adlarını toplayıb çap etdirməsi də çox əhəmiyyətlidir. "Şəkinin gülüş çələngi" kitabında o vaxta qədərki folklor məcmuələrində təsadüf olunmayan, lakin həm folklorşünaslıq, həm də etnoqrafiya və etnologiya baxımından qiymətli olan yeni bölmələr var: "Kişi ləqəbləri", "Ailə və nəsil ləqəbləri", "Bulaq adları" və sairə.
Onun kitablarındakı "Alqı- satqı ifadələri", "Qadın ləqəbləri", "Yalvarışlar", "Hal - əhval tutmalar", "Heyrət və razılıq ifadələri", "Ədəb - ərkan ifadələri" (öyüd-nəsihətlər), "Danlaqlar" da yeni bölmələrdir və güman ki, onlar başqa folklor toplayıcılarının da diqqətini gələcəkdə cəlb edəcək.
"Az təsadüf olunan adlar" bölməsini də folklor məcmuələrinə ilk dəfə daxil edən H. Əbdülhəlimov olmuşdur. Folklorçunun topladığı materiallarda Şəki şivəsinin qorunub saxlanması da milli folklorşünaslığımızda bir yenilikdir.
Prof. F. Çələbi yazır: Hələ Şəki folklorunun ikinci cildinin ( AFA VI, 2002) "Lətifələr" bölməsində qışlaqlı qəbirqazan Gülünün və digər zarafatcıl qışlaqlıların (Qışlaq Şəki şəhərinin aşağı hissəsinə deyilir - F.Ş.) lətifələrini verməklə Hikmət Əbdülhəlimov bir sıra qara yumor nümunələrini ilk dəfə olaraq elmi dövriyyəyə daxil etmiş oldu".
"Yaddaşa
qayıdış" ömrünü mənalı
yaşamağa çalışan, folklor toplayan, xatirə
janrında əsərlər yazan, digərlərinin ədəbi
fəaliyyətinə qayğı və diqqətlə
yanaşaraq ədalətli, obyektiv qiymət verən bir
ziyalının kitabıdır. Ömrünün ahıl
çağlarında belə o, dünya hadisələrinə,
oxuduğu kitablara, görüşdüyü insanlara
qarşı qətiyyən laqeyd deyil. Onun gördükləri,
müşahidə etdikləri hadisələrə dair şəxsi
mülahizələri var və bu mülahizələr insani
keyfiyyətlərlə zəngindir. Hikmət müəllim
yaradıcılığında heç nəyi bəzəmir,
hadisə və situasiyalarda özünü qəhrəman kimi
qələmə vermir, reallığı və ədaləti
başlıca şərt kimi qoruyur. Kitabın bəlkə də
ən mühüm keyfiyyəti budur.
Zahid XƏLİL
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2017.- 27 sentyabr.-
S.6.