Dünya sözə qalacaq!..

 

Şərqin böyük şairi Nizami Gəncəvi XII əsrdə sözə yüksək qiymət verərək yazırdı:

 

Söz-eşqin lüğətindən öz canımızdır bizim,

Biz sözük, bu bədənsə, eyvanımızdır, bizim!

 

XVI əsrdə Füzuli sözün sirrini araşdıran zaman onu min gövhər adlandırmışdı:

 

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz.

 

Sözün qüdrəti, hikməti, onun bədii siqləti, estetik dəyəri tanınmış publisist, böyük alim professor Cahangir Məmmədlini hər zaman düşündürmüşdür. Məhz bu səbəbdən də gənc şair, fil.f.d. Ələmdar Cabbarlının söz haqqında şeiri onun diqqətini cəlb etmiş və həmin ifadə müəllifin yeni ədəbi-tənqidi məqalələr toplusu olan "Dünya sözə qalacaq..." kitabının isminə çevrilmişdi:

 

... Kiminə doğan dandı,

Kimisinə torandı.

Dünya sözdən yarandı-

Yenə sözə qalacaq.

 

Professor Nəsir Əhmədli "Dünya sözə qalacaq..." kitabının ön sözündə də Professor Cahangir Məmmədlini bədii sözün estetikasına bələd olan alim kimi səciyyələndirir.

 

Kitabda bir-birindən maraqlı elmi və elmi-publisistik məqalələr cəmlənmişdir. Müəllifin elmi publisistik üslubuna bədii ovqat qatan onun səmimi ifadələridir. Professor Cahangir Məmmədlinin "Mir Cəlal: həyatı mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti" adlı kitabı (2014) haqqında yazdığı "Sənətkarın estetik ideallar sistemi" məqaləsi görkəmli yazıçı Mir Cəlal yaradıcılığında böyük bədii-estetik ideallar sistemi olduğunu qeyd etmişdir. Məqalə yüksək səmimi ürək sözləri ilə qələmə alınmışdır. Müəllifin fikrincə Mir Cəlal yaradıcılığı haqqında N.Paşayeva, Anar, B.Xəlilov, Ş.Alışanlı, T. Salamoğlu, H. Qasımov, A. Hacıyev və başqalarının müasir rakursdan yanaşmaları "Mir Cəlal: həyatı mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti" adlı kitabının elmi yeniliyini şərtləndirən amillərdəndir.

 

Professor Cahangir Məmmədli müasirliyi və bəşəriliyin tərəfdarı olan tədqiqatçıdır, ancaq həmin bəşəriliyin fövqündə milli-mənəvi dəyərlərə yüksək qiymət veririr. O, milli köklərinə bağlı, məşhur yazıçı Elçini məhz bu yöndən yüksək qiymətləndirir.

 

Elçinin düşüncəsində yazıçı öz mənsub olduğu xalqın aktual problemlərini qaldırmalı, bəşəriliyi milliliyin fövqündə təsəvvür etməməlidir. Çünki ədəbiyyat öz bəşərilik funksiyasını millilik funksiyasından artıq yerinə yetirəndə o, milli mənsubiyyətindən, xalqın sərvətindən, onun ifadə etdiyi ideallardan uzaq düşür.

 

"525-ci qəzet"də 19 noyabr-20 yanvar 2011-ci il tarixlərində dərc olunan jurnalist Yaşarın yazıçı Elçinlə "Elçinlə ədəbiyyat söhbəti" ətrafında silsilə müsahibəsi ədəbi mühitdə böyük əks-səda doğurur. Professor C.Məmmədli "Elçinlə ədəbiyyat söhbəti ətrafında söhbət" adlı məqaləsində müsahibənin ədəbi mühitdə böyük uğur qazanmasının səbəbini reportyor Yaşarın jurnalistik məharəti, orijinal fikirli yanaşmaları, media janrına bələdliyi, digər tərəfdən respondentin, xalq yazıçısı Elçinin ədəbi mühitə müasir baxışında görür.

 

Müasir internet resurslarının aktivlik göstərdiyi zamanda bədii söz sənətinə qarşı etinasızlıq və cəmiyyətin mənəvi cılızlığa doğru getməsi professor C.Məmmədlini narahat edən problemlərdəndir. O, "Sənətin zaman sınağı" məqaləsində Naxçıvan Dövlət Universitetinin professoru Yavuz Axundlunun "Ədəbi portretlər" kitabını XX əsrin ədəbi mühitinin dolğun mənzərəsini yaratdığından əhəmiyyətli hadisə hesab edir. XX əsrin ədəbi mühitini obyektiv şəkildə araşdıran professor Bədirxan Əhmədovun "XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələləri, istiqamətləri, problemləri" kitabı haqqında yazdığı "XX yüzil Azərbaycan ədəbiyyatı yeni araşdırma işığında" məqaləsi bu baxımdan diqqətəlayiqdir. Professor C.Məmmədli "Ədəbiyyatşünaslığın və ədəbi tənqidin sinxron təzahürü" məqaləsində ədəbiyyatın bütün sahələrinə məsuliyyətlə elmi diqqət yetirən professor Təyyar Salamoğlunun "Azərbaycan ədəbiyyatının müasir problemləri" kitabını tarixi və çağdaş ədəbi prosesin müasir problemlərinə elmi-nəzəri və metodoloji yanaşması istiqamətində tədqiqat hesab edir.

 

Professor C.Məmmədli şairdə yüksək poetik həssaslığa qiymət verən elm xadimidir. Humanist duyğu və düşüncələri ilə poeziyaya yeni nəfəs gətirən filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın poeziya yaradıcılığına "Yollara yağan yağışın poetik ovqatı" məqaləsini həsr edir. Müəllif "İşığa gedən yolun roman taleyi" məqaləsində görkəmli maarifçi H.Zərdabinin həyat və yaradıcılığını diqqətlə təhlil edən S.Vəliyevanın "İşığa gedən yol" romanını yüksək dəyərləndirir. Müəllif romanın mükəməlliyini bir sıra cəhətlər - fəlsəfi mahiyyəti, sənədliliyi, tarixi mənzərə fonunda dövrün siyasi, ictimai, milli koloriti əksetdirməsi ilə müəyyənləşdirir. Professor C.Məmmədli "Şəxsiyyətin və yaradıcılığın uyarlıq məqamı" məqaləsində publisist Sona Vəliyevanın "Zaman xəbərsiz ötdü" kitabında azərbaycançılıq ideologiyası, vətən, vətəndaşlıq duyğularını təqdir edir.

 

Professor C.Məmmədlini ən çox düşündürən məsələ öz aktuallığını bütün mərhələlərdə qoruyub saxlayan klassikadır. S.Vəliyevanın təşəbbüsü ilə "Hüseyn Cavid: Vətənə qayıdış" layihəsi çərçivəsində çap olunan kitabı "Klassikaya yeni qayıdış" məqaləsində Azərbaycan mədəni mühitində yeni hadisə hesab edir.

 

Professor C.Məmmədliyə görə vətən, millət dərdi çəkməyi oxucuya öyrədən klassiklərdən biri də Mirzə Cəlil idi. Mirzə Cəlil yaradıcılığı haqqında Mir Cəlal Paşayev, Firudin Hüseynov, Yaşar Qarayev və b. çoxsaylı dəyərli tədqiqatlar aparmışdılar. Ancaq ilk dəfə nadir və naməlum arxiv materialları əsasında Cəlil Məmmədquluzadə haqqında yazılmış fundamental monoqrafiyanın müəllifi, akademik İsa Həbibbəylidir. Professor C.Məmmədli "Milli ədəbiyyatımızın Azərbaycannaməsi" məqaləsində akademik İsa Həbibbəylinin çoxillik və ardıcıl fəaliyyəti, böyük zəhməti sayəsində Mirzəcəlilşünaslığın yeni mərhələsinin formalaşdığını qeyd edir. Onun gərgin əməyinin bəhrəsi olan "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" adlı fundamental monoqrafiyası, həqiqətən də, Mirzəcəlilşünaslığa misilsiz töhfədir. Professor C.Məmmədli "Akademik İsa Həbibbəylinin yaradıcılıq dünyası" adlı məqaləsində görkəmli akademiki vətən, vətəndaşlıq qayğıları ilə yaşayan alim kimi səciyyələndirir.

 

Məlum olduğu kimi, publisistika zamanın aktual problemlərini qaldıran, ictimai fikrə istiqamət verən söz sənətidir. Publisistikanın klassik epiteti onun aktuallığını yüzillər, hətta müasir dövrdə yaşarlığını müəyyən edir. Professor C.Məmmədlinin "Klassik publisistikamız: dünənin, bu günün, sabahın sənət örnəyi" adlı məqaləsində "qəzet bir gün yaşayır" tezisini bəzən qəbul etmir. Çünki "Füyuzat"dakı türkçülük, "Molla Nəsrəddin"dəki azərbaycançılıq ideyaları uzun illər keçsə də, indi də yaşayır.

 

Müasir dövr Azərbaycan mətbuatında ən fəal mətbu orqanlardan biri də "525-ci qəzet"dir. Professor C.Məmmədli "525-ci qəzet"də çoxsaylı məqalələrin müəllifi deyil, eyni zamanda onun fəal, sadiq oxucularındandır. Professor Nəsir Əhmədlinin qeyd etdiyi kimi "Sovremennik" jurnalı rus filosof-publisisti A.Gertsen üçün nə qədər doğma idisə, Professor C.Məmmədli üçün "525-ci qəzet"in yeri bir o qədər əzizdir.

 

Professor C.Məmmədlinin fikrincə, qəzetin baş redaktoru, peşəkar jurnalist Rəşad Məcidin publisistikasının əsas xüsusiyyətləri sənədlilik, zəngin tematika, duyğulara təsir qüvvəsi, bədiilik qatı, vətən, yurd, türkçülük sevgisidir. Rəşad Məcidin eyni zamanda, istedadlı gənclərə qayğıkeşliklə yanaşması onun şəxsiyyət kimi üstün keyfiyyətlərindəndir ("Dəlicəsinə sevmək ovqat" məqaləsi). Professor C.Məmmədli "Rəşad Məcid yaradıcılığı yeni təhlil işığında, yaxud akademik İsa Həbibbəyliyə açıq məktub"da bədii sözə, ədəbiyyatşünaslığa, klassikaya bağlı alim, akademik İsa Həbibbəylinin onun ədəbi fəaliyyətini diqqətlə təhlil edən "Bütün yönləri ilə yaradıcı" adlı kitabını yüksək qiymətləndirir.

 

Professor C.Məmmədli həmişə oxucu probleminə diqqət yetirir. Görkəmli yazıçı Afaq Məsud nəsrinin fəlsəfəsi və mistikası bir çox oxucular üçün anlaşılmazdır. Professor C.Məmmədlinin fikrincə, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun "Afaq Məsud dünyası" adlı monoqrafiyasında müəllifin elmi-filoloji təhlilləri A.Məsud hekayələrinin, romanlarının fəlsəfi həqiqətlərini axıradək oxucuya aydınlaşdırır ("Afaq Məsud-bütün cizgiləri ilə").

 

Professor C.Məmmədlinin yaxın həmkarı, Azərbaycan mətbuat tarixinin görkəmli tədqiqatçısı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov haqqında "Vətəndaşlığın, şəxsiyyətin yaradıcılığın ziyalı modeli" adlı məqaləsində onun elmi fəaliyyətini, zəhmətini xüsusi vurğulamışdır: "M.F.Axundovdan başlamış M.Ə.Rəsulzadəyə qədər gedən bir yolun ən gizli publisist anları onun qələmində yenidən dirçəlir və müasirlik, aktuallıq keyfiyyətini üzə çıxarır".

 

Qarabağ həsrəti, yurd sevgisi, vətənpərvərlik hissləri Professor C.Məmmədlinin hər zaman şəxsi düşüncələri içərisində yaşayır. Bunu Əli Əmirlinin "Ağdamda nəyim qaldı" avtobioqrafik romanı haqqında "Mikrovətən ətrafında makro düşüncələr", Bəhruz Axundovun poeziyası haqqında yazdığı "Ədəbi-bədii duyğuların Bəhruz dünyası" adlı məqalələrində görmək olar.

 

XXI əsrdə informasiya texnologiyalarının surətli inkişafı medianı özünə çəkdi və min illərdən bəri bəşəriyyəti kamilləşdirən, insanın estetik ideallarını formalaşdıran bədii ədəbiyyatın ikinci plana keçməsi Professor C.Məmmədlini düşündürür. Buna görə də o, ədəbi mühitin müasir problemləri və yeni gənc nəslin yaradıcılığı onun üçün hər zaman maraqlıdır.

 

Kitabda ən çox diqqəti cəlb edən onun sərlövhəsi ilə eynilik təşkil edən gənc şair, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlının poeziya yaradıcılığına həsr etdiyi "Dünya sözə qalacaq" məqaləsidir. Professor C.Məmmədli Ə.Cabbarlı poeziyasındakı kədər, sevinc fəlsəfəsindən ümumi şəkildə bəhs açır, diqqətini cəlb edən məqam şairin böyük vətən sevgisidir: "Ələmdarın Azərbaycan sevgisi heç kimə bənzəməz. Bu sevgi vətən, torpaqlarımızın ağrı-acısından, erməni əsirliyində insanlarımızın dərdindən yoğrulmuş qəribə bir sevgidir".

 

Professor C.Məmmədlinin nəzərində yazıçı Anar yaradıcılığı müasir informasiya texnologiyasının, internet dünyasının bədii sözə yaratdığı etinasızlıq çağında belə aktualdır. Professor C.Məmmədli gənc tədqiqatçı Pərvinin "Anar dünyası" kitabına yazdığı "Anar yaradıcılığı zaman, mühit, talelər kontekstində" məqaləsində böyük sənətkarın ömür və yaradıcılıq yolunu bütöv şəkildə meydana qoya bilməsini yazarın uğuru hesab edir.

 

Professor C.Məmmədli Bakı Dövlət Universitetinin klassik, xeyirxah müəllimlərindəndir. O, tələbələrinə qayğı göstərməklə yanaşı, onların əsərlərini diqqətlə oxuyur, dərin təhlillər apardıqdan sonra müxtəlif səpkili məqalələr yazır. "Natəvan Dəmirçioğlunun nəsr dünyası", Ulusay Akifin poeziya yardıcılığı haqqında "Qadın şeirə sığmaz, qadın şeirin özüdür..." məqalələri xeyirxah müəllimin tələbələrinə həsr etdiyi yazıları silsiləsindəndir.

 

Ümumiyyətlə, "Dünya sözə qalacaq..." kitabı yalnız jurnalistlər üçün deyil, ədəbiyyatşünas alimlər üçün də dəyərli bir kitabdır.

 

 

 

Aynurə PAŞAYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi

aynure8@mail.ru

 

 

525-ci qəzet.- 2017.- 28 sentyabr.- S.7.