Günəbaxan ömrü

 

İSTEDADLI YAZIÇI BÖYÜKXAN BAĞIROV ÜÇÜN ELEGİYA

 

 

 

Yoox, vallah, biz dostları itirəndə daha çox tapırıq axı, deyəsən...

 

Ölüm, sanki insanların əsl qiymətini verir, onların kimliyini bir daha yada salır. Bunu heç də mistik qəbul etməyin. Sözsüz, ölüm anlayışında bir mistik ovqat, ha desək də, yenə var. Amma bu mistikada həqiqət payı, mənə görə, kifayət qədərdir. Ölüm, hər halda, insanlara qiymət və dəyər anıdır: yəni, həqiqət anı... Ölüm həm də bir yaddaşdır, yaxud yaddaşın sınaq momentidir. Kim qalır, kim gedir? Qalan daha çox canlıdır, yoxsa gedən? Qalan urvatlıdır, ya da ki, gedən? Dirilər gərəklidir, yoxsa dünyasını dəyişənlər? Dirilərə daha çox güvənmək olar, yoxsa ləyaqətli ad qoymuş ölülərə?.. Çox vaxt diri olanlar tamam-kamal unudulur, görüşəndə, rastlaşanda diksinirsən, axı, sən onu ölmüş bilirdin. Vallah-billah, elə bil bu fani dünyada belə bir adam yoxmuş. Rastlaşmasaydın, heç ağlına da gəlməyəcəkdi, yatıb yuxuna da girməyəcəkdi. Onda belələrinə niyə diri deyirik? Amma bu dünyada ləyaqətlə yaşamış və əbədi dünyaya urvatlı köç etmiş insanlar var ki, öz əbədiyyətiylə bizə kədərdən daha çox nikbin bir ovqat aşılayır. Nə əcəb?.. Bəlkə elə böyük Şeyx Nizaminin anlayışınca: “Ölmək ölmək deyil, yer dəyişməkdir”,- fikri əbədiyyətin simvolu, açarıdır? Yəqin elə buna görə də yaxşı insanlara, ömrü fani yaşamayıb puça verməyənlərə, adətən, “öldü”, demirlər, “dünyasını dəyişdi”, - deyirlər. Mənimçün (və eləcə də çoxları üçün) Böyükxan Bağırov belə insanlardandır.

 

Bəzən ən yaxın adamlardan belə, handan-hana soraq tuturuq. Hər kəs dünyanın bir guşəsində oturub öz işiylə məşğul olur. Sağ-salamatdır, bu, bəsdir, insana bundan artıq nə lazımdır?.. Ən acısı isə odur ki, günlərin bir günü onun ölüm xəbərini alasan. Bax, onda özünü danlayırsan ki, gərək vaxt eləyib ona bir baş çəkəydim. Heyhat... gecdir. Sarsılırsan, titrəyirsən, tufan vurmuş ağac kimi kökündən qopursan, sərsəri bir aləmə düşürsən. Nə olsun... əlin hara çatar? Əziz dostum Böyükxan Bağırovun ölüm xəbəri məndə bu duyğuları oyatdı.

 

Böyükxan Bağırov bir əyalət şəhərində günəşsizlikdən, işıqsızlıqdan (başqa sözlə, mühitsizlikdən) acı çəkə-çəkə sadə, təvazökar bir ömür yaşadı. Bəzən işıqsızlıqdan boynubükük günəbaxan kimi yumağa dönüb içində gizləndi, öz-özünə sığındı, öz dünyasında öz mühitini yaratdı. Bəzən də özü işığa dönüb yazılarında bərq vurdu. İlahi, onun hekayələrində nə qədər işıq var, nə qədər parlaq ümid, yaşıl pöhrəli inam var!.. Bu qədər işıq qıtlığı yaşaya-yaşaya bu qədər işıqlı yazılar, hekayələr yazmaq olarmı?.. Bu qədər işığı və ümidi o, hardan tapıb yazılarına hopdururdu?.. Görünür, içindəki olan-qalan işığı səxavətlə, “uf” demədən əsərlərinə səpələyirdi. Bu əsl fədakarlıqdır. Çətin, əzab-əziyyətli, ziqzaqlı ömrün içində bu qədər işıq bolluğu yaratmaq, bu qədər ümid göyərtmək, sabaha və insanlığın gələcəyinə bu dərəcədə inam bəsləmək, olsa-olsa böyük mətanət, dəyanət və heç şübhəsiz ki, sarsılmaz bir iradənin işidir. Əyalətin boz-bulanıq sosial ab-havasında təmizlik, saflıq, rəngarənglik eşqiylə yaşamaq, müqəddəslik axtarmaq (və onu çox zaman tapmaq), bəzən kəndin ən adi, primitiv, şəxsi mənafe və işgüzarlıq mühitində bu dünyanın gözəl sifətlərini kəşf edib ortaya qoymaq, mürəkkəb “kəndçi bicliyi” fonunda da ali insani dəyərləri göstərmək, bunu bitkin insan modelinə çevirmək... Bütün bunlar yazıçıdan nə qədər güc, enerji, ehtiras, hər şeydən də öncə həyata və insana sonsuz məhəbbət tələb edir. Böyükxan bunları bacarırdı. İşığını və məhəbbətini əsirgəməyərək öz ömrünü əridə-əridə, öz qəlbinin yağında qovrula-qovrula uydurduğu (və yaxud yaratdığı) nağıllara özü də ürəkdən inanırdı. İnanmasaydı, bu qədər aydın, işıqlı, təmiz və saf hekayələr yaza bilməzdi. Böyükxan alaq otunun içindən barlı sünbülləri yaxşı seçirdi, xeyirxahlığı xəsislikdən ustalıqla ayırırdı, düzü dünyanı bürümüş yalanın, riyanın, ikiüzlülüyün, nakəsliyin, xudpəsəndliyin içində yaşaya-yaşaya onları həyatına yaxın buraxmırdı. Yəqin elə buna görə də Böyükxan çirkablardan özünü həm də bu çirkablar içində də saflıq, təmizlik, ilahi bir müqəddəslik tapmaqla qoruya bilirdi. Yazdığı əsərlərində bu duyğular bolluğundan aşıb-daşma səbəblərini, çox güman ki, elə burda axtarmaq lazımdır.

 

“Sovet kəndi” qəzetində işlədiyim dövrdə tez-tez Cəlilabadda ezamiyyətdə olur və təbii ki, hər dəfə də olmasa, əksər vaxtlarda Böyükxanla görüşürdüm. Onun dərrakəsinə, ağlına, erudisiyasına həmişə qibtə edirdim. Aramızda bitib-tükənməyən ədəbiyyat söhbətləri, ədəbi diskusiyalar olurdu. Tez-tez də o günlərə, o əziz və şirin tələbəlik illərinə qayıdırdıq. Böyükxan istəsəydi, Bakıda bir iş tapıb başını girləyərdi (Elə ilk iş yeri də Respublika Teleradio Şirkəti olmuşdu). Amma o, rayonu seçdi. Rayon qəzetində işləyə-işləyə öz sadə, təmənnasız və iddiasız günəbaxan ömrünü yaşadı. Günəşə də zərif-zərif, ehtiyatla boylandı, işığı da zərrə-zərrə uddu, cəmiyyətlə də çox ehtiyatla dolandı, uzaqdan-uzağa, yad və soyuq. Onun öz içində öz aləmi, heç kimə dəxli olmayan öz cəmiyyəti vardı. Amma yazılarında bu günəş işığını bol-bol yaşadı və yaşatdı, öz dünyasında, özünəməxsus cəmiyyətdə, öz ədəbiyyat Vətənində əmin-arxayın ömür sürdü. Bütün əyalət istedadları kimi...

 

Onunla görüşlərimiz uzun çəkirdi, söhbətlərimiz şirin keçirdi. Kimləri, nələri xatırlamırdıq?.. Kimdən danışmırdıq?.. Camal Yusifzadədən, Nüsrət Kəsəmənlidən, Vidadi Məmmədovdan, Səyavuş Sərxanlıdan, Şamxal Rüstəmdən, Rəhim Rəvandan, bir də ki, Qasid Nağıoğlundan...Rəhimlə, Qasidlə Böyükxan bir dövrün adamlarıydı, deyəsən, hələ həmyaşdılar da - bir-iki il aşağı-yuxarı... Malik Fərrux da, hakəza... Onların əksəriyyəti dünyasını dəyişib: Allah haqqa çatdırsın, hər biri öz haqqına qovuşsun, ruhları rahatlıq tapsın, daim xatırlansınlar (Qalanlara cansağlığı, uzun ömür arzulayırıq). Elə Rəhim Rəvan da, Qasid də və adını çəkmədiyimiz onlarla, yüzlərlə başqaları da bu dünyada haqqını almamışlardandır - Böyükxan kimi. Onlar ədəbiyyat adlanan Vətənin uzaq bir küncünə çəkilib vurnuxur, mənəvi buxovları qırıb gözdən-qulaqdan uzaq, ədəbi redaksiya dəhlizlərindən kənar, mədəniyyət saraylarının təmtəraqlı salonlarından fərqli sakit hücrələrdə özlərinin söz dünyalarını yaratmaqla məşğul idilər. Onlar əkinçi səbri və əkinçi inadıyla, bəzən unudulmaq, atılmaq xofu, səksəkəsilə üz-üzə öz mənəvi toxumlarını səpir, onu tənhalığın zərif ürək ağrısı, həssas qəlb çırpıntılarıyla bəsləyib cücərdirdilər. Onlar öz mənəvi balaları olan bu toxumları ədəbiyyat adlı Vətənin quru çöllərinə səpələyir, bitib-bitməyəcəyinin fərqinə varmadan ümid işartısıyla yaşayırdılar. O dövr, beləcə, bizim jurnalistika fakültəsinin dar köynəyini yırtıb çıxan bu oğullar təzə toxum səpə-səpə, şitil əkə-əkə dünyaya yeni məhsul vermək həvəsilə, əslində özlərini, öz qəlblərini, ruhlarını, canlarını, qanlarını göyərdirdilər. Bu məhdud, qısır dünyaya yeni mənəvi övladlar bəxş etmək istəyilə... Heyhat, heç nə alınmadı!.. Belə demək olarmı?.. Yox, alındı. Onlar ömürlərini ərpimiş, kiflənmiş, ideoloji bataqlıqlar içərisində xirtdəyədək çamura batmış rayon qəzetlərinin ucqar bir küncündə zərrə-zərrə əritsələr də, özlərini çarmıxa çəkə-çəkə həyatlarını naxışladılar, öz yığcam dastanlarını, öz səmimi və möhtəşəm əfsanələrini, axır ki, yarada bildilər. Öz ətlərini, qanlarını, ürəklərini, ruhlarını bu ideologiya burulğanında çabalayan ruznamələrə qatmadılar, özləri olaraq qaldılar. Cəmiyyəti, həyatı, soydaşlarını, yoldaşlarını, vətəndaşlarını dəyişə bilməsələr də, özləri özlərini yaratdılar, formalaşdırdılar. O dünyaya da sakit, ləkəsiz vicdanlarıyla, rahat ruhlarıyla baş-başa köç etdilər...

 

Böyükxan həyata incə və zərif tellərlə bağlı idi. Əvvəla, böyük istedad sahibi, coşğun təbli yazıçı-publisist idi. Bütöv şəxsiyyəti, ləkəsiz vicdanı vardı. Mərd idi, məğrur idi, ömrü boyu kiməsə əyildiyini, kiməsə yarındığını bir kimsə görmədi. Hamı ona hörmət edir, ləyaqəti qarşısında müntəzir dayanırdı. Cəmiyyət onu qəbul edirdi, lakin eybəcərliklərlə dolu mühitdə o, ağrısız yaşaya bilmirdi. Partiya-sovet nomenklaturası deyilən bir zümrənin sıxıntılı basqısıyla üz-üzə, üzülə-üzülə yaşayırdı. Cüzi məvacib və qonorar hesabına böyük bir ailənin yükünü öz çiyinlərində daşımaq qayğıları da bu yandan. Sonralar o, Cəlilabadda çıxan “Yeni gün” qəzetinin redaktoru da oldu, rayonun elitar partiya-sovet nomenklaturası deyilən o yüksək təbəqənin sıralarında da yer aldı. Lakin bütün bunları həzm eləyə bilmədi. İstedadı, qəlbi, ürəyi, ədəbiyyat və sənət əqidəsi karyera deyilən və çoxları üçün təbii ki, cazibədar görünən o dünya ilə barışa bilmədi, daim müxalifətdə olaraq qaldı (İçində olsa da belə). O işıqsızlıq, o mühitsizlik, o naçarlıq, o tənhalıq onu heç vaxt tərk eləmədi. Və böyük ədəbiyyat nəhrindən uzaqda, ucqar əyalət qəzeti redaksiyasının bir küncünda öz ömrünün də, istedadının da axırına çıxdı... Bəlkə bir az mübaliğəli oldu?.. Axı, Böyükxan yazdıqlarını yazıb, elədiklərini eləyib. Düzdür, şəhər mühiti, mərkəz, qaynar ədəbi həyat bəlkə də ona müəyyən stimul verə biləcəkdi, beş-üç kitabı da artıq çap olunacaqdı... Amma...Bu da, sözsüz, şərtidir. Bu şəhər axı kimi vərəzan günə çıxardı, kimi xoşbəxt elədi?.. İsi Məlikzadənimi, Camal Yusifzadənimi, Fərman Kərimzadənimi, Vidadi Məmmədovumu, Nüsrət Kəsəmənlinimi, Səyavuş Sərxanlınımı, Malik Fərruxumu, Eldar Baxışımı, Şahmarımı?.. Fərqi yoxdur, ya nəhəng meqapolis olsun, ya kiçik bir əyalət şəhəri, istedad hər yerdə qəribdir, lap doğma evinin içində də. Böyükxan da bu ömrü yaşadı.

 

Dilimizdə belə bir ifadə var: günəbaxan ömrü. Hər kəs belə bir ömrü - təmiz, sadə, təmənnasız həyatı yaşaya bilməz. Belədə, ömrün aydın və duru həqiqətlərinə gərək sığınıb yaşayasan. Təbiətdən, həyatdan aldıqlarını səxavətlə paylaya biləsən. Böyükxan belə bir həyata, belə bir taleyə imza atdı. İçindəki nuru, ziyanı təmənnasız payladı - hamıya, dosta da, düşmənə də, doğmaya da, yada da. O, şərəfli həyatında heç vaxt keçmişindən qırılmayıb və sabahından nigaran olmayıb. Keçmişi olanın mütləq gələcəyi də olmalıdır. Eləcə, tərcümeyi-halı olan əsərləri və təmiz, şərəfli adı onun həm dünənidir, həm də sabahı. Onun ailəsinə, uşaqlarına, nəslinə, nəcabətinə, ən nəhayət, doğma Alar kəndinə qoyduğu müqəddəs miras da elə budur. Günəş, işıq ömrü yaşayan bir insan bundan başqa nə qoyub gedə bilərdi?.. Bəlkə, pul, mal, var-dövlət?.. Yer üzündə pula, mala, dövlətə Böyükxan qədər laqeyd olan ikinci adam təsəvvür eləmək olmaz... O, gözəl bilirdi ki, bunlar ötəridir, necə ki, hiss olunmadan da ötüb keçir. Böyükxan bu dünyada heç nəylə ölçülə bilməyəcək bir ad qoyub getdi, hamımızın fəxarətlə andığı bir ad...

 

P.S. Yaxın dostum Elçin Kərimov söyləyir ki, Böyükxan müəllim xəstə olanda tez-tez ona baş çəkirdim. Hər dəfə səni soruşurdu və həzər-əlbət tapşırırdı ki, xəstə olduğumu ona bildirmə. Gəlib məni belə görməsin.

 

Əziz qardaşım! Ömrüboyu beləcə, həssas, duyğulu, deyim ki, lap emosional səviyyədə ürkək, qədirşünas yaşadın. Heç kimi incitmək, narahat etmək istəmədin. Təbiidir, sənin o çabalarını anlayıram. Sağ olsaydın, özünə deyərdim, amma nə etmək olar, incimə, bu gün ruhunun qulağına pıçıldamaq məcburiyyətindəyəm: sənin işıqlı simanı, aydın, bütöv obrazını mənim nəzərimdə heç nə dəyişə bilməz, nəinki xəstəlik, hətta ölüm belə...

 

 

Loğman RƏŞİDZADƏ

yazıçı-publisist

 

525-ci qəzet.- 2017.- 30 sentyabr.- S.23.