2017-ci ilin ilk şeiri...

 

Eh, bu il keçdi aciz, avara,

Yenə qulaq səsdə, gözüm yoldadır.

Bütün təamlarım barıt qoxuyur,

Bütün arzularım Qarabağ dadır...

Açılmır arzumun qartal qanadı,

Qəfəsdə çırpınan ürək usanır.

Bakıda qurduğum şirin xəyallar

Hərlənib-fırlanıb Şuşada sınır...

Qisas qiyamətə qalmaz... Uzanır

Bu qılınc qollarım düşür kəsərdən.

Çərləyir ürəyim köhlən at kimi,

Ümidlərim bir-bir düşür yəhərdən.

Günəş gözümə dik baxa bilmir,

Elə küskün-küskün açır sabahı.

Eh, belə çıxır ki, yerdə qalacaq

Xocalıda ölən körpənin ahı?!

Atılsın mina təkpaslı beyinlər,

Yox! Fənddə-feildə, igidim, ölmə!

Sən mənim yeganə arxalandığım,

Sonda ümid ölür... ümidim, ölmə!

Bütün arzularım Qarabağ dadır,

Qəzəbim od tutub yanır Şuşada.

Bakıda qurduğum bütün xəyallar

Hərlənib-fırlanıb sınır Şuşada.

 

lll

 

Sən bu dünyanın ağ-qara görən

Yem üçün yüyürən fərdisənsə, get...

Qulac qollarını dünya malına

Məzlumu tapdayıb gərdisənsə, get!

Bax ha, xoşun gəlməz savaşlarımdan,

Qəbul etdiyimdən, çıxdaşlarımdan.

Qanlı əllərini göz yaşlarımla

Yuyub arıtmağa gəlmisənsə, get.

Sən mənə baş qoşma ,mən buyam, buyam,

Ürəyi çat-çatam, gözləri suyam.

Məni ovutmağa gəlmisən guya,

Halıma xəlvəti gülmüsənsə, get.

Dərdi qələm yazır, dil deyə bilmir,

Küskün ürəyiməgüldeyə bilmir,

Adımı qəlbindənsildeyə bilmir,

Özün öz xoşunla silmisənsə, get.

Bu Tanrı hökmüdür, sən kim, mən kiməm,

Bu haqq qoymur məni qalxam, silkinəm...

Əliboş, üz qara hikmət mülkünə

sahib olmaq olar”... bilmisənsə, get!!!

 

II

 

Mənə xəbər et hayana getsən,

Yolların çəkilsin gözüm üstdə, get.

Qoyma səksəkədə qalsın ürəyim,

Gedəndə adımı bir yol səslə, get.

Alqışım tökülsün - qırx qoluzorlu,

Duam-sənam gəlsin - qırx incəbelli.

Tək çıxma yollara, obalı-elli

Xəyallarım olsun sənə dəstə,get...

Sözünün üstündə dur ömür boyu,

Qəlbimi qır elə, qır ömür boyu...

Sən ay ayrılığı bir ömür boyu,

Gəlişi, görüşü boyu bəstə, get...

Bilirəm, ta düşməz güzarın mənə,

Qazdırdın bu eşqin məzarın mənə.

Heç vaxt acı çəkmə, azarın mənə,

Onsuz da salmısan canı xəstə, get...

Kim deyir həsrətin yük ürəyimə,

Çək dağı dağ üstdən, çək ürəyimə.

Gözünün qadasın tök ürəyimə,

Ömrümün qalanın xərac istə, get...

 

lll

 

Baxdım...Baxışında adamöldürən

Bir qüssə, bir qübar...Yar, elə baxma!

Bütün ümidləri yaxıb söndürən

Zalım bir acı var...Yar, elə baxma!

Bəxtinə doğma ol, yanaşma ögey,

Mənim xatirimə danış eyy, gül eyyy...

Üzgün ürəyindən qüssə, qəm, giley

Hər var, sil apar, yar, elə baxma!

Ömrümdə xoş var, olsun sənin, yar,

Amma əlin burax bu qüssənin, yar.

Ömrünə gül açsın həmişə bahar,

Düşməsin boran, qar... yar, elə baxma!

Baxdım... Baxışında adamöldürən

Bir qüssə, bir qübar...Yar, elə baxma!

 

lll

 

Səni unuduram... əriyib fikrin

Düşür lələk-lələk zər qanadları...

Səni unuduram... gözümün seli

Yuyur köksümdəki dərin çatları...

Səni unuduram... ölür ovcumda

Sözün alabəzək kəpənəkləri.

Səni unuduram... məzarı olur

Əlvan çiçəklərin çiçək ləkləri...

Səni unuduram... düşüb boşluğa

Səhra küləyitək ulayır ürək.

Bu qədər boşuna acı çəkmişəm,

Səni unudaydım əzəldən gərək.

Səni unuduram... unudam gərək

Yaddaşım da qalsın, bir dənəm, sənsiz.

.........Harda quzu mələsə,

.........Bil ki, o, mənəm sənsiz...

Səni unuduram...

 

lll

 

Gözümü tox etdin dünya malına,

Gizli mətləbləri yönəltdin mənə.

Qadağan eyləyib gözə girməyi,

Gözə görünməyi öyrətdin mənə,

Şükür, Xudaya!

 

Kimin ki bağlıdır bəsirət gözü

Kölgətək keçirəm onun yanından.

Sənin hökmün ilə gözəl duyğular

Sıralanıb keçir şah damarımdan,

Şükür, Xudaya!

İzn verdiyin yer güzarım olur,

Yoxdesən, günlərim sayır yerində.

Sənin iznin ilə məşvərət edir,

Hər gün mələklərin çiyinlərimdə,

Şükür, Xudaya!

Gör heç dəyişirmi sonum, əvvəlim,

Cızdığın çevrədə dövrə vururam.

Hər gün qulluğuna ərzim var mənim,

Hər gün hüzurunda gəlib dururam.

Şükür, Xudaya!

Alıb əllərimdən adilikləri,

Qeyri -adiliklər bəxş etdin mənə.

Zülmə qabarmağı, haqqa enməyi,

Ürəkdən sevməyi öyrətdin mənə,

Şükür, Xudaya!

Təpədən-dırnağa sirrəm, İlahi,

Hərdən ürək dözmür belə şadlığa.

Sənə qulluğumla hürrəm, İlahi,

Şükür bəxş etdiyin bu azadlığa,

Şükür, Xudaya!

 

lll

 

Hər dəfə görürsən gülürəm, amma

Necə güldüyümü hardan biləsən?..

Özüm öz içimdə həbsxanadan

Qaçıb gəldiyimi hardan biləsən?..

Sahibi sən idin bu gülüstanın,

Tikan həsrətinə çox axdı qanım.

Özüm öz qanımı gizlində, canım,

İçib gəldiyimi hardan biləsən?

Etibarı yolub yellərə verdin.

Eşqimi ayaqlar altına sərdin,

Bu fani dünyadan olub didərgin

Köçüb gəldiyimi hardan biləsən?

Ulu eşq yarımaz bircə ömürdə,

Gələcək dünyaya o bir , bir .

Mayamı götürüb o böyük sirdən,

Keçib gəldiyimi hardan biləsən?

 

Bu da bir salam....

 

Asi deyiləm ki bu qəmdən ötrü,

Qəm çəkmə saçımda bu dəndən ötrü.

Qəbulumsan mənim, tək məndən ötrü

Göydən göndərilən kitabım, salam.

Söylədim, çıxdı, çıxdı guya,

Sevdiyimi sənə, dərdimi suya?!

Könlümdə yalvarış, dilimdə dua,

Axşam da, sabah da xitabım, salam.

Səndən aldığım hər xətərə şükür,

Acıya, qüssəyə, kədərə şükür.

Öyrəşdim daha bu qədərə, şükür,

Salam, ay ömürlük əzabım, salam....

 

lll

 

..Ad gününə sürpriz eləmişdim anamın - xəlvət getmişdim... Adamların arxasında məni görəndə içini elə çəkdi ki... Ürəyi qısılacaqdı az qala... Uşaq kimi sevinirdi...

Özümü qınadım, “icazə ala bilmədim” - dediyimə görə, onu nigaran saxladığıma görə...

Ad günündü , ana, mən səni elə gözləyirəm, lap sənin kimi... Sənin məni gözlədiyin kimi...

 

Ah,yenə burnumda tütdü varlığın,

Sənsizlik qoxuyur, anam, hər yan eyyy.

“Ay ana!” çağırdım, xəyallarımdan

Əks-səda gəldi: “Hay can, hay can eyy

Könlümə çəkdiyin dağdı belə,

Aramıza düşən Çin səddidir?

Bütün ayrılıqlar yalanmış, ana,

Mən indi anladım ayrılıq nədir...

Ömrüm ip üstündə keçir elə bil,

Əlimdən tutmasan hər an yıxıllam.

Gözümün qorasın sıxıram hər gün

Hər gün şəkilinə qaçıb sıxıllam.

Sovqatın gələrdi bayramdan qabaq,

Səsinsiz gəlməzdi bayram günləri.

Adi günlər qatır iş-güc başımı,

Sənsiz çəkilməzdi bayram günləri....

Bir bax, kimsə məni ovuda bilmir,

Cırnaq uşaq kimi küsüb qalmışam.

Gözümü yollardan yığa bilmirəm,

Gözümü yollardan asıb qalmışam.

“Ay anadeyirəm hər addımbaşı,

Axı ürəyimi üzür hicran eyyy.

Əks-səda gəlir xəyallarımdan:

“Hay can, anan qurban, hay can, hay can eyyy.

 

Xatirə RƏHİMBƏYLİ

 

525-ci qəzet.- 2017.- 7 yanvar.- S.23.