“Yazmışam hər şeyi könül
naməmə...”
SƏKSƏN YAŞLI FİLOSOF ƏMRƏLİ İSMAYILOVUN UZUN ÖMRÜNÜN FƏLSƏFİ VƏ QEYRİ-FƏLSƏFİ MƏQAMLARI HAQQINDA QEYDLƏR
Gur ağ
saçları, ləngərli yerişi onun səkkizinci
onilliyi artıq arxada qoyduğunu ehtimal etməyə əsas
vermir. Çünki iri gözlüklü eynəyinin
arxasındakı diri və kəsərli baxışlarına
hopmuş həyat eşqi yaradıcılıq həvəsinin
qətiyyən tükənmədiyini, iti zəkası ilə
dövrün və zamanın fəlsəfəsini həssaslıqla
incələməkdən hələ də böyük
zövq aldığını isbatlayır.
Bu
ağır-sanballı kişi - filosof Əmrəli
İsmayılov ömrünün müdriklik
çağında da, gəncliyində və
cavanlığında olduğu kimi, yorulmadan oxumaq, yazmaq,
yaratmaq vərdişinə sadiqdir.
...Ölkəmizin
nüfuzlu nəşriyyatlarından birində tezliklə
çapdan çıxacaq yeni kitabını onun yubileyi
üçün ən gözəl və münasib hədiyyə
sayması da təbiidir. Çünki kitabın oxunub təmizlənmiş
mətninin bir etibarsızın kompüterində “itkin
düşməsi” onu ikiqat əziyyətə salsa da,
axırda istəyinə nail
olub. Təəssüf ki, ötən əsrin səksəninci
illərində kitab mağazalarından birində əlindən
yerə qoymaqla yoxa çıxmış
çantasının içindəki doktorluq işini sonradan
nə tapa bilib, nə də yenidən yazmaq istəyib.
Əmrəli
müəllim fəlsəfə elmləri namizədidir: amma bu
sahənin doktorları və akademikləri onun təfəkkür
və yaradıcılıq imkanlarının rəsmi elmi dərəcəsinin
fövqündə olduğunu yaxşı bilir, bu
çağdaş ruhlu, mütərəqqi fikirli alimin şəxsiyyətini
də, fəaliyyətini də yüksək qiymətləndirirlər.
Səksən yaşında belə, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzində,
baş mütəxəssis vəzifəsində ştatlı əməkdaş
kimi çalışması bunun bir göstəricisidir. Yeri gəlmişkən qeyd edək
ki, Əmrəli müəllim Heydər Əliyev irsinin,
xüsusən, onun milli ləyaqət, milli mənlik, milli
özünüdərk fəlsəfəsinin tədqiqatçılarındandır,
bu mövzuda çoxsaylı elmi məruzə və məqalələrin
müəllifi, “Heydər Əliyev: milli ləyaqət fəlsəfəsi”
monoqrafiyasının həmmüəllifidir.
Milli mənlik
şüuru və qocaman filosofun bu anlayışa münasibəti
barədə irəlidə yenə danışacağıq.
İndilikdə milli mənliyin məhz milli kimlikdən
qaynaqlandığı barədə müddəaya söykənərək
Əmrəli müəllimin ata-babaları haqında söylədiklərini
dinləyək: “Əslimiz Türkiyənin İqdır
bölgəsindəndir. Mənsub olduğum
Hacıkazımlı tayfası qan davasına görə
doğma yerləri tərk edib, yüz altmış il əvvəl
Qərbi Azərbaycana köçüb. Atam burada Bəyazid
rayonunun Əyrivəng kəndində dünyaya gəlib.
Sonradan Krasnoselsk rayonunda məskunlaşmaq istəyən
tayfamız 1918-ci ildə ermənilərin törətdikləri
soyqırımına məruz qalıb. Qətliamdan sağ
qurtulanlar dağlara qaçaraq, oradan əvvəlcə Gədəbəyin
Şınıx bölgəsinə pənah gətirib,
axırda da rus-duxobor icmasının yaşadığı
Slavyankada oturaq həyata qovuşa biliblər...”
Əmrəli
İsmayılov 1937-ci il yanvarın 5-də bu kənddə
anadan olub, iki bacısı və bir qardaşı ilə burada
böyüyüb. Atasını erkən itirsə də, cəfakeş
anasının səyi nəticəsində təhsilini davam
etdirib, ən bacarıqlı şagirdlərdən olub, fəal
ictimaiyyətçi kimi tanınıb. Rusdilli kənd orta məktəbini
bitirən kimi Azərbaycan Dövlət Universitetinin Tarix
fakültəsinə qəbul edilib və beləliklə,
1956-cı ildən onun Bakıda tələbəlik həyatı
başlayıb.
“...Tələbə
yoldaşlarımın əksəriyyəti şəhər
uşaqları, bir hissəsi vəzifəli adamların övladları idi.
Birinci kursda əsas çətinliyim rus dilində Slavyanka
duxoborlarının ləhcəsində danışmağım
idi. Uşaqlar gülüşürdülər... Amma mənə
yaxşı oxumaq, əlaçı olmaq lazım idi ki,
aldığım təqaüdlə özümü
dolandıra bilim. Bunu bacardım. İkinci kursda məni sinif
nümayəndəsi, üçüncü kursda komsomol katibi
seçdilər. Kommunist Partiyasına qəbul edilən yeganə
tələbə də mən oldum...” Əmrəli müəllimin
tələbəlik illərinin qısa xülasəsi belədir.
1961-ci ildə ali təhsilini başa çatdıranda onu
artıq dövrün nüfuzlu gənclər təşkilatı
olan komsomolun Mərkəzi Komitəsində də
tanıyırdılar. Təhsildəki uğurlarına və ictimai-siyasi
fəallığına görə... Respublikanın komsomol rəhbərlərindən
birinin gənc tarixçiyə Mərkəzi Komitədə
iş təklif etməsi və
bu təklifi rəsmi məktubla təsdiqləməsi ona Maarif
Nazirliyi tərəfindən Şamaxı rayonuna verilmiş təyinatın
ləğvi ilə nəticələndi.
Lakin Əmrəli
müəllim nə o vaxt, nə də sonralar komsomol-partiya
işində çalışa bildi...
Komsomolda
işə başlayacağı ümidi ilə Bakı
bulvarında boş-bekar gəzişdiyi zaman universitet müəllimi
Abuzər Cahangirovla rastlaşması onun fəlsəfəylə
sıx bağlanması üçün ilk təkan oldu. Yeri gəlmişkən,
universitetin rus bölməsinin tələbələrinə Azərbaycan
dili öyrədən bu mehriban və səmimi insanın Əmrəli
müəllimin həyatına daha bir mühüm töhfəsi
olub: “Abuzər müəllimin dərs proqramı ana dilimizi zəif
bilən tələbələr üçün nəzərdə tutulmuşdu və
mənə çox primitiv
görünürdü. Bir neçə dərsdən sonra
fikrimi ona bildirdim, dedim ki, mən ana dilimizi yaxşı bilirəm,
bu dərslər mənə görə deyil. Cavabında mənə
Azərbaycan dilində bədii əsərlər
oxumağı və imtahanda bu əsərlər barədə
danışmağı təklif etdi. Razılaşdım. Bu fənnin
tədrisi başa çatanadək tanınmış
yazıçı və şairlərimizin 7-8 əsərini
oxudum və Azərbaycan dilində söz ehtiyatımı əməlli-başlı
zənginləşdirdim...”
Fəlsəfə
məsələsinə gəldikdə isə, Abuzər müəllim
keçmiş tələbəsindən bu fəndən dərs
deyə biləcəyini soruşub müsbət cavab
aldıqdan sonra onu Azərbaycan Sənaye İnstitutunun fəlsəfə
kafedrasına göndərir. Kafedra müdiri də universiteti əla
qiymətlərlə bitirmiş gənc mütəxəssisi dərhal
rektora təqdim edərək, onun işə götürülməsinə
nail olur. “Universitetdə 360 saat fəlsəfə oxumuşdum, əla
qiymət almışdım və hazırlıqlı idim.
Buna görə də
sentyabrın 7-də ilk dəfə tələbələr
qarşısına çıxanda heç bir çətinlik
çəkmədim,” - Əmrəli müəllim pedaqoji fəaliyyətinin
ilk gününü təbəssümlə xatırlayır.
Sonralar
ona digər ali məktəblərdə - Tibb Universitetində,
İdarəçilik Akademiyasında, Slavyan Universitetində tələbə
auditoriyası qarşısına çıxmaq müyəssər
olacaqdı...
Amma ali məktəblərdə ilyarımlıq müəllimlik fəaliyyətindən sonra tale Əmrəli müəllimi jurnalistika sahəsinə gətirib çıxarır. 1962-ci ilin yanvarında Kommunist Partiyasının üzvü olan gənc tarixçi-filosof partiya tapşırığı ilə “Vışka” qəzetinə ədəbi işçi vəzifəsinə göndərilir. İndi özü də etiraf edir ki, bu sahəyə həvəsinin olmaması jurnalist kimi uğur qazana bilməməsinin əsas səbəbi idi. “Vışka”dan bir unudulmaz xatirəsi isə böyük jurnalist və redaktor Nəsir İmanquliyevlə bağlıdır. “Bir gün redaksiya işi ilə əlaqədar Nəsir müəllimin yanına getməli oldum. “Vışka”dan gəldiyimi və azərbaycanlı olduğumu biləndə xeyli təəccübləndi. “Nə yaxşı, bir azərbaycanlı da buraxıblar ora? Çalış, qaçma ordan, bizimkilər gəlib dözə bilmirlər orda. Nə çətinliyin olsa, mənim yanıma gəl,” - dedi.
Lakin Əmrəli müəllim “Vışka”dan “qaçır”. Çünki aspirantura arzusunda idi. 1963-cü ildə arzusuna çatır, Azərbaycan EA-nın fəlsəfə sektorunun aspirantı olur, buradan isə SSRİ EA-nın aspiranturasında Azərbaycan üçün ayrılmış bir yerə üç namizəddən biri kimi göndərilir, oradakı sınaqdan uğurla çıxaraq, üç il görkəmli rus-Sovet filosoflarından dərs alır, həmin müddətdə namizədlik işini müdafiə edir, hətta Moskva Dövlət Universitetində fəlsəfədən dərs də deyir. Bakıya qayıtdıqdan sonra Akademiyanın Fəlsəfə İnstitutunda baş laborantlıqdan şöbə müdiri vəzifəsinədək yüksəlir, sosial fəlsəfə, maddi və mənəvi istehsalın dialektikası, digər aktual fəlsəfi problemlərin tədqiqi ilə məşğul olur, 10 nəfər elmlər namizədi hazırlayır, 4 monoqrafiyanın müəllifi, 7 kitabın tərtibçisi, 13 monoqrafiyanın həmmüəllifi olur.
...Əmrəli müəllimin Moskva xatirələri da maraqlıdır. Azərbaycanın ucqar bir guşəsindən çıxmış adi kəndli balası nəhəng ittifaq dövlətinin paytaxtına gəlməklə təkcə elmi biliklərə yiyələnmək deyil, həm də dövrün ən mütərəqqi mədəni həyatı ilə təmasda olmaq imkanı qazanmışdı və bu fürsəti də lazımınca dəyərləndirə bilirdi. Aspirant təqaüdü ilə yaşasa da, ayda ən azı iki dəfə “Sovremennik”də, “Taqanka”da, Böyük Teatrda tamaşalara baxırdı... Bundan başqa, 60-cı illər disident ədəbiyyatı ilə maraqlanır, Bulqakovun “Sobaçye serdse”sini, Pasternakın “Doktor Jivaqo”sunu samizdat nüsxələrində oxuyurdu. Təqaüddən qənaət etdiyi pula Moskvadan Bakıya 2 min kitab da alıb gətirmişdi.
Azərbaycan EA-nın Fəlsəfə İnstitutunda 17 il şöbə müdiri, sonralar Akademiyanın Rəyasət Heyətində baş mütəxəssis vəzifəsində işləmiş qocaman alimin bu elm məbədi ilə bağlı çoxlu xatirələri var. Onlardan biri: “Sovet dövründə milli kadr hazırlığı probleminin həlli cəsarət tələb edirdi. Böyük millətsevər alim Həsən Abdullayev Akademiyanın prezidenti olarkən bu məsələyə xüsusi diqqət yetirirdi. Bir gün o, Rəyasət Heyətində yeni qəbul olunmuş aspirantları təsdiq edirmiş. Baxır ki, Kosmik Tədqiqatlar İnstitutunun aspirantlarının əksəriyyəti qeyri-azərbaycanlılardır. Vəziyyətdən narahat olub institutun direktoru Tofiq İsmayılova eyhamla deyir: “Bu aspirantları götürəndə, heç olmasa, bir yaraşığına baxın, görün, bığı-saqqalı varmı?” Bu zaman növbə arıq, çəlimsiz, nimdaş geyimli, qorxacaq hərəkət edən bir azərbaycanlı oğlana çatır. Həsən müəllim amiranə səslə dillənir: “Niyə elə yeriyirsən? Haradansan?” Oğlan: “Ermənistandan,” - deyir. Akademik yenə həmin ötkəmliklə ona səslənir: “Orada qoymurlar səni şax yeriməyə, a kişi, burda ayağını yerə möhkəm bas, bura sənin ana torpağındır”. Belə sözlər demək o vaxt çox qorxulu idi. Amma Həsən Abdullayev milli düşüncəli adam olduğundan çəsarətlə azərbaycanlıları müdafiə edirdi”.
Vaxtilə akademik Firudin Köçərlinin fəlsəfə elminin inkişafı naminə gördüyü işləri böyük ehtiramla xatırlayan Əmrəli müəllimin fikrincə, bu gün Azərbaycanda fəlsəfə elminin vəziyyətini yaxşılaşdırmağa ehtiyac var: “Biz oxuyanda Tarix fakültəsində 360 saat fəlsəfə tədris olunurdu. İndi 30 saata salınıb, üstəlik də deyirlər, ancaq milli fəlsəfəni öyrənin. Ən böyük filosofumuz Bəhmənyardır. Onu öyrənmək üçün metafizikanı, dialektikanı bilmək lazımdır. Bəhmənyar İbn Sinanın şagirdi, silahdaşı, həmfikiri olub. İbn Sina da Aristotelin davamçısıdır. Bəhmənyarı anlamaq üçün gərək Aristotelin nəzəri fikirlərindən xəbərdar olasan. İndi Avropada, Amerikada hətta ibtidai və orta məktəblərdə fəlsəfənin bəzi anlayışlarını keçirlər ki, uşaqlarda düşünmək qabiliyyəti olsun. Çünki fəlsəfi şüuru olmayan xalq zəif xalqdır”.
Fəlsəfədə milli şüur, milli mənlik şüuru, milli qürur, milli ləyaqət hissi, milli özünüdərk, milli özünütəsdiq, milli ruh kimi məsələlərin Sovet dövründə aktual olmadığını, bu məsələlərin millətçiliyə bağlandığını qeyd edən Əmrəli müəllim indi fəlsəfi tədqiqatlarda bu mövzulara diqqət yetirilməsini vacib sayır, “milli ruhu yüksəltmək üçün bu, zəruridir”, - deyir.
Və nəhayət, yubilyar alim öz həyatının fəlsəfəsini Məmməd Arazın misraları ilə ifadə edir:
...Yazmışam hər şeyi könül naməmə,
Bircə bu günahım bağışlanacaq.
Neylədim - Vətəni sevmək naminə,
Ucaltmaq naminə elədim ancaq...
Elşən ƏLİYEV
525-ci qəzet.- 2017.- 7 yanvar.- S.18.