Mikayıl Müşfiq Xızıda yad edilib

 

Yanvarın 6-da Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb.

 

AzərTAc xəbər verir ki, nakam şairin ölümünün 79 illiyinə həsr olunan mərasim Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə keçirilib. Müşfiqin büstü ətrafına toplaşan şair və yazıçılar, elm və incəsənət xadimləri görkəmli poeziya ustasının həyat və yaradıcılığından, onun ədəbiyyatımızda tutduğu mövqedən söhbət açıblar.

 

Anım mərasimində Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin şöbə müdiri Sənan Talıbov, “Şöhrət” ordenli, Əməkdar müəllim, şair Ofeliya Babayeva, yazıçı-publisist Müşfiq Cabiroğlu, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə və başqaları Müşfiq poeziyasının gənc nəslin milli mənlik şüurunun inkişafında, vətənpərvərlik tərbiyəsində əvəzsiz rolundan söhbət açıblar. Qeyd ediblər ki, Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. O, cəmi 30 il ömür sürməsinə baxmayaraq, qiymətli bədii irs yadigar qoyub.

 

Tədbirdə Xızı məktəbliləri nakam şairin şeirlərindən parçalar səsləndiriblər.

 

 

525-ci qəzet.- 2017.- 7 yanvar.- S.13.