Ədəbi-bədii dünyaya aparan yolda görünənlər

 

YAZIÇI-PUBLİSİST ZEMFİRA MƏHƏRRƏMLİNİN İKİ KİTABI BARƏDƏ DÜŞÜNCƏLƏRİM

 

 

Bədii yaradıcılıq nümunələri müəllifin ədəbi ünvanıdır.

 

Söz qüdrətdən gəlmədir və Tanrının, bəlkə də, çox sevdiyi  bəndələrinə töhfəsidir. Hər əlinə qələm götürən də axı, özünü ifadə edə bilmir, qüdrətdən gəlməzsə, ilahi təb onun düşüncələrini nizama çəkməzsə...

 

Ədəbi aləmdə öz izi olan qələm adamlarından biri haqqında 90-cı illərin sonlarında qısa da olsa, yazmışdım. Açığı, “Döyüşə qızlar gedir” kitabını dönə-dönə oxuyub, müəllifini dövrümüzün Nigarına, Həcərinə,  nəhayət, qələmə sarılıb vətəncanlı xidmət göstərən Əzizə Cəfərzadəyə bənzətmişdim. Həmin kitabı oxumaqla “Bakı” qəzetində çalışan Zemfira xanım Məhərrəmlinin yaradıcılığı ilə o zamanlar tanışlıq imkanı qazanmışdım.

 

Budur, artıq qələminə bələd olduğum müəllifin “RS Poliqraf” nəşriyyatında çapdan çıxmış iki kitabı qarşımdadır.  “Ömür bitər, yol bitməz...”  publisistik janrda qələmə alınıb. Povest və hekayələrinin toplandığı  “Oyuncaq” kitabı  isə Zemfira xanımın öz oxucuları ilə bədii nümunələrlə görüşünün təsdiqidir.

 

Akademik Nizami Cəfərovun redaktorluğu ilə nəşr edilən “Ömür bitər, yol bitməz” kitabı, elə annotasiyasında da qeyd edildiyi kimi, jurnalistin yol qeydləri əsasında qələmə alınıb, müəllifin dünyanın müxtəlif ölkələrinə səfərlərinə həsr edilib. Həmin publisistik yazılarda dünyaya səpələnmiş soydaşlarımızla görüşlərdən, onların tarixi Vətənə - Azərbaycana bağlılığından, bitib-tükənməyən Qarabağ dərdimizdən, ümid və arzularımızdan söz açılır.  Vətənə vətəndaş olmaq üçün əsas şərt o deyil ki, orada yaşayasan, onun havasını udub, təşnə sinəni suyu ilə soyudasan, tufanında, boranında donasan. Bunlar onsuz da hər kəsə həmişə nəsib olmayan bəxtəvərlikdir.

 

Bütövlükdə ədəbi-bədii dünyasından soraq verən kitabları barədə danışmaq istədiyim Zemfira xanım da Söz adamıdır. Həm də şəxsiyyətinə və qələminə görə sayılıb-seçilən, ruhu ilə baş-başa qalanda dalğalanan dənizə, əsən mehə və birdən də  coşqun dağ çayına bənzəyən söz adamı. Bu püxtə qələm sahibi haqqında yazmağın məsuliyyətini hiss edirəm. Azərbaycan milli jurnalistikasının tanınmış siması və ustadı sayılan Nəsir İmanquliyevdən BDU-nun auditoriyasında dərs almış, onun yaratdığı “Bakı” və “Baku” şəhər qəzetlərində 1978-ci ildə əmək fəaliyyətinə başlayan, 1991-ci ildən mətbuatda həm də hərbi mövzuda çıxış edən, dəfələrlə “qaynar nöqtələr”dən döyüşkən ruhlu reportajlar yazan Zemfira Məhərrəmlini sonralar “Döyüşə qızlar gedir”, “Qarabağda savaş var”, “Ötür durna qatarı”, “Qırx qız dastanı”, ingilis dilində nəşr edilən “Garabakh war witnessed by women” (“Qarabağ müharibəsi qadınların şahidliyi ilə”) və Sankt-Peterburqda rus dilində çapdan çıxan “Karabaxskaya voyna: srajalis i jenşinı” (2005-ci il)... kitablarının müəllifi  kimi  tanımışam. O, daim qələminə və duyğulu, həssas qəlbinə sığınaraq, peşəsinə sədaqət göstərir: yazıb-yaradır,  bədii nəsr əsərləri ilə də oxucularını sevindirir.

 

“Ömür bitər, yol bitməz” kitabının “Ön söz”ündə oxuyuruq: “...Deyirlər, qələm adamının hər yeni əsəri onun qanı-canı bahasına, doğma övlad tək doğulur, ərsəyə gəlir. Zemfira xanımın publisistik əsərlərinin, oçerklərinin, bədii və sənədli hekayələrinin dili olduqca rəvandır, axıcıdır. Onun qələm nümunələri təmtəraqdan uzaqdır, səlis, nizamlı üslubu, gözəl, aydın təhkiyəsi ilə yadda qalır, “Ömür bitər, yol bitməz” kitabı kimi”.

 

Açığı, bu kitab haqqında qısa söz demək mümkün deyil. Çünki az qala, bir ömür salnaməsi olan bu kitab yolların bitib-tükənməzliyini göstərir. Okeanın bu tayından o tayına uzanan yol, sadəcə bir yolçunun qət etməsi deyil. Burada bir-birindən fərqli ömür və tale yollarının gah dost kimi yanaşı, gah da kəsişən xətlərlə çarpazlaşmasını hiss edirsən. Zemfira xanımın səfər təəssüratları oxucuya publisistik dillə elə rəvan çatdırılır ki, sanki müəllifin qarşıya qoyduğu məqsəd jurnalistlik peşəsinə necə mükəmməl yiyələnməsi barədə təsəvvür yaratmaqdır. Və bu, çox gözəl alınıb. Okeanın o tayına - ABŞ-a ilk səfərini elə qələmə alıb ki, sanki oxucu da müəllifin yol yoldaşıdır. “Ayazlı-şaxtalı bir qış axşamı” - lap nağıllarda deyildiyi kimi...

 

Səmimi etirafı müəllifi oxucusuna bir qədər də sevdirir. Hələ əski sovetlər dövrünün “son akkordları”nda Bakı-Moskva-Nyu-York marşrutunda bir ailədən iki həmkarın - jurnalistin səfər təəssüratları, doğrudan da, nağılabənzər həyat hekayətləridir. Bu səfərlərin sırasında “İstanbul hekayələri”nə rast gələn oxucu onu, ən azı, bir-iki dəfə oxumasa, digərlərinə nəzər salmaz. Türk dünyasını, az qala, qarış-qarış gəzib bizi tanış edən yolçunun jurnalist olması oxucunun qazancıdır: həsrətini illərlə çəkdiyin Türkiyə doğmalığı ilə gözlərin qarşısında canlanır və səni özünə cəzb edir...

 

Həmin doğmalığı Təbriz səfəri, ustad M.Şəhriyarın məzarının ziyarəti ilə bağlı yazılarda da açıq-aşkar hiss edirsən.

 

Bu kitabı aramla oxumasaydım, bilməzdim ki, “yatmayan şəhər” də varmış. M.Füzulinin doğulduğu və son nəfəsində üz qoyduğu torpaqda - İraqdaymış. Bağdad imiş bu “yuxusuz şəhər”. Bəlkə hələ on dördüncü yüzillikdə Azərbaycanda hökm sürən Teymurilərin hakimiyyəti illərində zülm və əsarətə dözməyən və bu yerlərə “köç edən” bir çox qarabağlı ailəsinin yuxusunun ərşə çəkildiyini demək istəyir müəllif? Nə gözəl eyham, sətiraltı məna. Bax, budur peşəkarlıq. Budur Vətənə bağlılıq.

 

Açığı, bu kitab haqqında demək istədiklərim o qədər çox olmalıydı ki... Amma fikrimi bir məqalədə yığcamlaşdırmaq üçün müəllifin “Ömür bitər, yol bitməz”... fikirlərinə sığınıb, “Oyuncaq”la ilgilənmək həvəsinə düşdüm. Maraqlı ad seçib əsərinə müəllif. Bununla sanki bədii nəsrə bu janrın “əlifba”sından - hekayədən başlamasına işarə edib. Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin Azərbaycan ədəbi tənqidinin tanınmış siması olması burada da öz dəst-xətti ilə seçilib. Vaqif müəllim, haqlı olaraq buradakı bədii nümunələri “Zərif hisslər, lirik duyğular” adlandırıb. Qadın dünyasını, onun incə aləmini bu sözlər olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycan ədəbiyyatı, xüsusilə poeziyası əsrlər boyu o zəriflərin gözəlliyini, onlara pərəstişi, sevgini vəsf etməkdən yorulmayıb”.

 

İstedadlı qələm sahibi adlandırdığı jurnalist və nasir Zemfira xanımı da bu ənənəni yaşadan bir yazar hesab edən V. Yusifli “Döyüşə qızlar gedir” kitabında toplanan publisistik yazılarından tanıdığını, jurnalistin bu gün oxucu görüşünə bədii əsərlə çıxmasını təbii qarşılayaraq yazır: “...Zemfira Məhərrəmli bədii nəsrlə də məşğul olur. Bu yazılar ürək çırpıntılarından, qəlbin qarşısıalınmaz istəyindən yaranıb.Savaş publisistikasından nəsrə keçməklə Zemfira Məhərrəmli Azərbaycan zəriflərinin sevgi dünyasını, ailə-məişət aləmini, ən başlıcası isə hisslər dənizini bədii sözə çevirib”.

 

Tənqidçinin bu fikirləri nasirliyə hələ “savaş jurnalistikası”ndan meyl və maraq göstərən Zemfira Məhərrəmlinin bədii ədəbiyyat nümunələrinin peşəkarcasına qələmə alındığını təsdiqləyir.

 

“Oyuncaq” kitabındakı povest və hekayələrin Azərbaycan və rus dillərində verilməsi müəllifin daha çox oxucusu olan kütləvi auditoriyaya üztutma cəsarətini ortaya qoyub. “Oyuncaq” povestində müəllif Nərgizlə Rəsulun obrazında məhəbbətin əbədiliyini (sevgiləri baş tutmasa da) deyirsə, “Yuxunu suya danış”la bir daha folklorumuzun bilicisi olduğuna işarə edir və oxucusunu kökə bağlılığa səsləyir. “Analıq haqqı” müqəddəs varlığın istəyi və sevgisinin təcəssümüdürsə, “Beş saniyənin hökmü” həyatın hər an olum-ölüm dilemması qarşısında qalmasını anlatmaq, “Qisas qiyamətə qalmaz” hekayəsi isə xeyirlə şər arasında gedən mübarizədə birincinin qələbəsinə inamı əks etdirir.

 

Bu kitabda lirik duyğuların, mənsur şeirlərin də özünə yer alması təsadüfi deyil. Bununla bir daha biz müəllifin könül dünyasının epik-lirik duyğulara bələndiyini hiss edirik. “Durnaların qərib uçuşu” mənsur şeirini oxuyan hər kəsi bürüyən bədbin hisslər yağılar tərəfindən qəddarcasına işğal edilmiş yurd yerlərimizin həsrətinin ifadəsidir.

 

... Həə, bu da “Yollar” və “Beşik nəğməsi”... Bu mənsur şeirlərdə Zemfira xanım sanki öz körpəlik beşiyindən boylanır və tükənməz bir yol başlayır. Ana dilimizə məhəbbəti vallah bundan gözəl ifadə eləmək olmazdı, məncə. Layladan başlayır Vətən sevgisi, bəli. O da bax beləcə deyir: “Doğma dilimizi körpə çağlarımızdan bizə sevdirən ana laylasına borcluyuq, bizi dünyaya gətirən, öz ciyərparasına həyat verən ilahi varlığın laylasına. Qəlboxşayan, kövrək, incə hisslər oyadan beşik nəğməsi anamızın dodaqaltı zümzüməsiylə mənəvi dünyamıza qida verib”.

 

Ömür bir yoldur: bahar-yaz fəslində əriş-arxac olan. Bu, bir karvan yoludur. O karvan yalnız susuz səhralardan deyil, həm də zümrüd ormanlardan, lilparlı bulaqların-çeşmələrin üstündən  keçir. Sarvanı bizlərik o karvanın, yorulub yollarda qalsaq da, mənzil başına zamanında çatsaq da. Zemfira xanımın söz açdığımız yaradıcılığı da yolçusu olduğu daşlı-kəsəkli, enişli-yoxuşlu bir ömür yoluna bənzəyir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

525-ci qəzet.- 2017.- 7 yanvar.- S.12.