Elmin zirvəsində parlayan imza

 

Zaman nə sürətlə keçdi... Bizim gənclik dostumuz, əzizimiz, dövrümüzün böyük alimi Hatəm Quliyev də 70 yaşına çatdı...

 

Nə gözəl ki, belə çatdı. Maşallah, sağlam, yüksək yaradıcılıq enerjisi,  mühüm yaradıcılıq planları, dünya elmində əks sədası olan elmi uğurları ilə çatdı.  Hər bir insanın ömür yoluna yaraşıq, işıq verən, o insana hörmət qazandıran elə onun özünün fəaliyyəti, əməlləridir. Hər bir insanın yubileyinə ən  mühüm hədiyyə elə özünün ömür yoludur.  Hatəm müəllimin yetmiş illiyinə olan öz hədiyyəsi onu sevən, onun qədrini bilən hər bir insanın qəlbinə qürur verir.

 

Biz Hatəm müəllimi hələ tələbəlik illərindən yaxından tanıyırıq. Sadə bir azərbaycanlı ailəsinin nümayəndəsi olan, tələbəlik illərini BDU-nun yataqxanasında keçirən o gənc hər zaman öz zəkası, sadəliyi, ədalət tərəfdarı olması, təmkinli davranışı ilə seçilirdi. Onu əhatə edən tələbələrin hamısı ona hörmətlə yanaşırdı. Dərsləri sürətlə qavraması,  dərin biliyi ilə universitet müəllimlərinin diqqət mərkəzində idi. Amma o bundan sui-istifadə etməz, özünü başqalarının yanında çəkməzdi. Ətrafındakı gənclərə kömək edən, onlara qaynayıb-qarışan, onlarla birlikdə yataqxana həyatının özəlliklərini yaşayan bir oğlan idi.

 

Çoxlarının da dediyi kimi, onun kimi insanlar təkcə özünün, ailəsinin, qohumlarının, dostlarının deyil. Belə insanlar bütün ölkənin, yer üzünün sərvətidir. Milli, müstəqil dövlətimizin qüdrətlənməsində, beynəlxalq aləmdə  nüfuz qazanmasında bizim indi həm də elm adamlarımızın, ciddi alimlərimizin öhdəsinə böyük vəzifələr düşür. Hatəm müəllim bu vəzifələri ləyaqətlə yerinə yetirən insanlarımızdandır. Onun elmi araşdırmaları təkcə ölkəmizin elminin sanbalını artırmır, eyni zamanda müasir dünya elminin yeni zirvələrini yaradır, müasir elmi sistemin daha da mükəmməlləşməsinə kömək edir. Olduqca sadə, təvazökar, özünü reklam etməkdən uzaq qaçan, amma dünya alimləri arasında böyük nüfuza malik Hatəm müəllim vətənimizin fəxri, onun böyük potensialının layiqli təmsilçilərindən biridir.

 

Qloballaşmanın sürətlə getdiyi, müxtəlif güc mərkəzlərinin öz müxtəlif yönlü siyasətlərini, müxtəlif yollarla həyata keçirdiyi indiki dövrdə Yer üzü  bir mübarizə meydanını xatırladır. Daha güclülər bu qloballaşma dövründə öz maraqlarını daha çox həyata keçirməyə, yenidən nizamlanan yer üzündə öz dəst xətlərini daha çox həyata keçirməyə çan atırlar. İndi müstəqil, milli dövlət quruculuğu sahəsində böyük uğurları olan ölkəmizin qarşısında duran əsas hədəf, hörmətli prezidentimizin də dediyi kimi, dünyanın qabaqcıl ölkələri sırasında olmağımızdır. Şükür ki, bunun üçün ölkəmizin böyük potensialı var. Bu potensialımızın açılmasında Hatəm müəllim kimi insanlarımızın əməyi də mühüm rol oynayır.

 

Yer üzü indi özünün elm erasına daxil olub. Müasir dövrdə hər bir ölkənin ən qiymətli sərvəti, həm də onun elminin məzmunu, tutumu, səviyyəsidir. Elmi güclü olan ölkələr həm özünün  təbii sərvətlərindən daha səmərəli istifadə edir, həm də elm tutumlu texnologiyalar yaradaraq öz ölkələrinə daha çox sərvət gətirirlər. Elmi güclü olan ölkələr yer üzündə öz maraqlarını təmin etmək üçün elmi üsullardan daha əhatəli şəkildə istifadə edirlər. İndi yer üzünün ən güclü ölkələri, öz miqyasından, sərvətindən asılı olmayaraq, elmi daha güclü olan ölkələrdir. Xeyirxah, yer üzünün tərəqqisinə xidmət edən alimləri güclü olan ölkələrin nüfuzu da yüksək olur. Belə alimlərin hər birinin dünya alimləri ilə şəxsi əlaqələri güclü olduğundan ölkənin taleyi üçün mühüm olan məsələlərdə də proseslərə təsir imkanları, potensialları böyükdür. Bu potensialdan səmərəli istifadə etdikdə mühüm uğurlar qazanmaq olar.

 

İndi bizim Hatəm Quliyev kimi alimlərimizə hədsiz dərəcədə böyük ehtiyacımız var.  Ölkəmiz indi yer üzündə öz təbii karbohidrogen ehtiyatları ilə - nefti, qazı ilə tanınır. Bu sərvətimiz ölkəmizin iqtisadiyyatında,  beynəlxalq aləmdə mövqeyimizdə, müdafiə qüdrətimizin artırılmasında  mühüm rol oynayır.   Hatəm müəllim bu sahənin ən ciddi mütəxəssislərindən biridir. Onun kimi alimlərimizin olması, öz sərvətimizdən istifadə zamanı öz milli maraqlarımızı daha çox həyata keçirməyə imkan verir.  İstənilən sahədə belə alimlərimizin olması ölkəmizlə tərəfdaşlıq edənlərdə daha çox məsuliyyət yaradır.

 

Tarixi keçmişimiz də göstərir ki, özünün coğrafi mövqeyi, təbii imkanları,  insanlarının  fəaliyyəti ilə yer üzünün, bəlkə də öz energetik  xüsusiyyətlərinə görə kainatın mühüm bir məkanı olan Azərbaycanın elmi potensialı da olduqca böyükdür. Təəssüf ki, bu potensialı hələ lazımınca hərəkətə gətirə bilməmişik.  Amma bütün tarix boyu bu torpaqda yetişən dahi alimlər o potensialın nə qədər böyük olduğundan xəbər verir. Lap uzaq keçmişdə bu torpaqdakı kahinlər, orta əsrlərdəki, son dövrlərdəki dünya elminə töhfələr verən, dünya elminin yönünü dəyişən alimlərimiz   bu potensialın imkan düşdükdə üzə çıxan nişanələridir. Öz dövrünə qədər elmdə olan bütün nailiyyətləri poetik bir zirvəyə qaldıran, özü də ciddi elmi mühakimələr yürüdən, dünya poeziyasına, elmi fikrinə yön verən dahi Nizami bizim həmvətənimizdir. Dünya fəlsəfəsində vəhylə dünya elmlərini - rasional olanla, rasional olmayan amillərin elmi tədqiqata birgə cəlb olunması fəlsəfəsini inkişaf etdirən, dünya fəlsəfəsini nurlandıran, nurlanma fəlsəfəsini yaradan, fəlsəfə elminə yeni yön verən dahi Sührəverdi bizim həmvətənimizdir. İnsanı, həyatı, dünyanı dərk etmək üçün mövcud olan elm sahələrinin hər birinə dərindən nüfuz edib, onları daha da dərinləşdirən, bir çox yeni elm sahələri yaradan, sosial idarə etmə elminin əsasını qoyan, astronomoya, riyaziyyat, məntiq, fəlsəfə,  sosiologiya, psixologiya, iqtisadiyyat və digər sahələri inkişaf etdirən, bununla dünya elmini yeni zirvələrə qaldıran Nəsrəddin Tusi bizim həmvətənimizdir. İndiki vaxtda,  bütün elm sahələrinin inkişafı üçün ən zəruri elm sahəsi olan riyaziyyat elminin əsas prinsiplərini, sistem nəzəriyyəsini, komputer texnikasını dəyişməklə dünya elminin mükəmməlləşməsi üçün istiqamət göstərən  Ələsgər Lütvizadə bizim həmvətənimizdir. Bu yolda indiyədək çox ciddi işlər görmüş minlərlə alimlərimiz bizim həmvətənlərimizdir. Hatəm Quliyev belə böyük potensiallı bir torpağın indi öndə olan övladlarından biridir.

 

O, 1947 - ci ildə Füzuli rayonunda  anadan olub. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini “mexanika” ixtisası üzrə bitirib. 1972-ci ildə fizika-riyaziyyat üzrə namizədlik, 1981-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilib.

 

Universiteti bitirdikdən sonra, 1969-1973-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda işlədi. Sonra 1973-1979-cu illərdə elmi fəaliyyətini Kiyev şəhərində, Ukrayna Kənd Təssərüfatı Elmləri Akademiyasında  baş elmi işçi kimi davam etdirdi. Bir müddət  AMEA-nın Riyaziyyat və  Mexanika İnstitutunda, sonra isə  AMEA - nın  Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda elmi fəaliyyətini davam etdirdi. 2003-cü ildən AMEA Geologiya və Geofizika İnstitutunun “Tektonofizika və geomexanika” şöbəsinin rəhbəri vəzifəsində işləyir.

 

Elmlə məşğul olanlar - elm adamları iki qrupa bölünür. Birinci qrup alimlər elmi yaradanlar, elmə yeni ideyalar, istiqamət gətirən alimlərdir. İkinci qrup isə həmin ideyalardan istifadə mexanizmlərini, metodlarını yaradan alimlərdir. Birinci qrup, elmi ideyaların törədiciləri, ikinci qrup isə həmin ideyaları ümumiləşdirən, onları genişləndirənlərdir. Hələ SSR dönəmində statistikaya görə birinci qrup alimlər - yeni elmi ideya daşıyıcıları, cəmi iki faiz təşkil edirdi. Akademik Hatəm Quliyev məhz birinci qrupa daxil olan alimlərdəndir. Məlumdur ki, bir vaxtlar SSRİ - nin elm məktəbi dünya elminin flaqmanlarından biri idi. O zamanlar  SSRİ Elmlər Akademiyasının Rəyasət Heyətində dünya elmi qarşısında duran ən vacib problemlər müzakirə olunurdu. O zaman həmin Rəyasət Heyətində yalnız dünya elmi üçün əhəmiyyətli olan ciddi elmi nəticələr müzakirəyə çıxarılırdı. Orada məruzə edən alimlər SSRİ - nin, dünyanın aparıcı alimləri sayılırdı. Hatəm müəllim hələ gənc yaşlarında - 1999-cu ildə o mötəbər məclisdə çıxış etmək zirvəsinə qalxmışdı. “Yerin təkamülünün dayanıqsızlıq konsepsiyası” mövzusunda məruzə etmişdi. Çox böyük maraqla qarşılanan məruzənin mətni Rəyasət Heyətinin qərarı ilə o dövrün ən nüfuzlu elmi nəşri olan “Uspexi sovremennoy nauki” jurnalında nəşr olunmuşdu. Hətta bu gün də, belə müvəffəqiyyət hər elm adamına nəsib olan məsələ deyil. Beləliklə o, hələ gənc alim olduğu zaman tez bir zamanda bütün SSRİ -də, elm aləmində tanınmağa başladı.

 

O, tətbiqi riyaziyyat, geomexanika, geofizika, geologiya, geodinamika, tektonofizika, dağ-mədən mexanikası, deformasiyaya uğrayan bərk cism mexanikası və kosmologiyanın müxtəlif sahələrində ciddi elmi araşdırmalar aparan bir alimdir. Elmi fəaliyyəti ilə bağlı rəsmi  sənədlərə əsasən deyə bilərik ki, Hatəm Hidayət oğlu Quliyev yerin təkamülünün qeyri dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttiləşdirilmiş yanaşmanın işlənib hazırlanması, Yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, Yer təkində qırışların və yarıqların əmələ gəlməsi mexanizmləri və onların üçölçülü qeyri-klassik nəzəriyyəsi, Yer təkində mühitin sıxlığının dərinlik üzrə paylanmasının tam qeyri-xətti məsələsinin dəqiq həlli, bu həllin müxtəlif süxurlar üçün dayanıqsız olduğunun isbatı, sıxlıqdan asılı olaraq deformasiya proseslərinin və faza keçidlərinin baş vermə ardıcıllıqları probleminin həlli, Yerin daxili strukturaları üzrə süxurların elastiki və fiziki parametrlərinin dərinlik üzrə paylanmasının geomexaniki differensial meyarlarının verilməsi, Yerin bərk nüvəsi üzrə bu meyarların tələblərinin ödənilməməsinin isbatı, Yerin daxili strukturaları üzrə süxurların elastiki və fiziki parametrlərinin dərinlik üzrə paylanmasının inteqral kriteriyalarından olan Yerin məxsusi rəqslər məlumatlarının interpretasiya olunması üçün, fiziki-mexaniki xüsusiyyətləri dərinlik üzrə qeyri-bircins olan üçlaylı kompozit kürənin məxsusi rəqslər məsələsinin həlli, çoxkomponentli və üçölçülü seysmik dalğaların qeyri-xətti nəzəriyyəsi, seysmikanın qeyri-klassik nəzəri baza modelinin yaradılması, Yer təkini təşkil edən süxurların dağılmasının dayanıqsızlıq konsepsiyası, quyu ətrafında, geoloji kəsilişin üst qatlarında və daxili strukturasında dayanıqlıq vəziyyətinin itirilməsinin üçölçülü riyazi nəzəriyyəsi, deformasiyaya uğrayan bərk cismlərin dayanıqlığı, möhkəmliyi, dinamikası və dağılması mexanikası üzrə qeyri xətti məsələlərin həlli, kosmologiyada aləmin əbədi dövranı paradiqmasının irəli sürülməsi, aləm, fəza və vaxt məhfumlarının yeni təyini, aləmin azad, informasiya formalarının elmə daxil edilməsi, zamanın bir istiqamətli olmasının mexanizmi müəyyən edilməsi və bir sıra digər elmi istiqamətlər üzrə mühüm elmi uğurlar əldə etmişdir.

 

H.Quliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə dünyanın aparıcı neft şirkətlərinin (AMOKO, BP, SHEVRON) və bir sıra  respublika təşkilatlarının (ARDNŞ, Respublika Seysmoloji Xidmət Mərkəzi, SHIRVAN OIL, ANSHAD PETROL) sifarişi ilə mühüm elmi-texniki layihələr həyata keçirilmişdir. O, Ukrayna Elmi Texniki Mərkəzinin (Avropa İttifaqının maliyyə himayəsi ilə) və ARDNŞ-in Elm Fondunun qrantlarının rəhbəri olmuşdur.

 

Onun rəhbərliyi ilə 5 elmlər doktoru və 21 fəlsəfə doktoru yetişmişdir.

 

Hatəm müəllimin bu günlərdə elm aləminə təqdim etdiyi yeni kəşfi, məruzəsi necə deyərlər, yeri yerindən tərpədib.  Bu məruzədə elm aləminə yeni bir istiqamət verən  yeni bir paradiqma təklif edilir.  Yerin təki, yerin nüvəsi ilə bağlı indiyədək elm aləmində olan təsəvvürlərin heç də dəqiq olmadığı ciddi elmi araşdırmalarla  şərh edilir. Yerin quruluşu ilə bağlı indiyə qədər toplanmış geoloji, geofiziki məlumatlara əsasən gəlinmiş qənatə yeni yanaşma təklif olunur və mexanikanın fundamental prinsiplərinə görə yerin nüvəsi haqqında ortaya yeni mülahizələr qoyulur.  Məhz bu elmi mülahizələr yer elmləri, yerin quruluşu, yerin nüvəsi, yerin maqnit sahəsi ilə bağlı yeni tədqiqat istiqamətlərini müəyyənləşdirir,  konkretləşdirir.

 

İndi yaradıcılığının daha da çiçəkləndiyi dövründə dünya şöhrətli alimimizə möhkəm cansağlığı, böyük yaradıcılıq uğurları arzu edirik.

 

Akif MUSAYEV, AMEA-nın müxbir üzvü

Əhməd QƏŞƏMOĞLU, BEA-nın professoru

 

525-ci qəzet.- 2017.- 7 yanvar.- S.9.