Bu zülmü mənəm ki çəkirəm, ana!

 

Yoxluğun əriyib gözümdən axdı,

Ölümün öldürdü mən qara baxtı.

Hönkürüb, hönkürüb bu gecə vaxtı

Qəbrini bağrıma bükürəm, ana!

 

Donub ruhum, canım sal buza dönüb,

Taleyim kor olub, ulduzum sönüb,

Üstümə bir dünya ağrılar enib,

Dağ kimi önündə çökürəm, ana!

 

Ağrınam, acınam, sızlar yaranam,

Bağrımın başında bir damla qanam,

Qıymazdın bu sayaq alışıb yanam,

Bu məhşər odudu, çəkirəm, ana!

 

Tanrım bu dərd-qəmi ömrümə yazdı,

Diriykən yanında qəbrimi qazdı,

Bu ağrı, bu acı bəlkə də azdı,

Qan-yaşdı gözümdən tökürəm, ana!

 

Ənvər gecə-gündüz qarğar fələyi,

Dönməz bu ölümə şair ürəyi,

Qəbrinin üstə ki, otu, çiçəyi,

Vallah, göz yaşımla əkirəm, ana!

 

Gəlmişəm

 

Xocalı adlı balamı,

Qana bələyib gəlmişəm.

Uçurub könül qalamı,

Canımı oda sərmişəm.

 

Göz yaşım daş üstə bitib,

Şuşa boyda ömrüm itib.

Yaram məni boyda ötüb,

Dərdi gözümlə dərmişəm.

 

Yazım açmadı bir çiçək,

Dərdim qanımda bitəcək.

Ömrüm canımda itəcək,

Yaram üstə söz sərmişəm.

 

O daş yollar məni yedi,

Fələk səbr et, döz-döz dedi.

Gördüm Vətən can üstədi,

Bir də baxım göyərmişəm!

 

Ağlayır

 

Ötsün asta-ata segah, şikəstə,

Od yağdı Vaqifin qəbrinin üstə,

Dağıldı yurd-yuva, torpağım xəstə

Qan sızır yaramdan gözüm ağlayır.

Yas tutdu Natəvan, hönkürdü Bülbül,

Olub Qaryağdının naləsi dil-dil,

Yoxdur Qarabağım, fəryad et könül

Sönüb od-ocağım, gözüm ağlayır!

 

Gəzdiyim oylaqlar geyindi qara,

Çəkildim Şuşada gözümdən dara

Vuruldu sinəmə əbədi yara,

Bulaqlar üstündə izim ağlayır.

 

Ay Ənvər, fələyin min bir oynu var,

Hanı gurşad səsli, qartallı dağlar,

Elə bil yoxmuş o gözəl çağlar,

Uçdu qəsri qallam, sözüm ağlayır!

 

Bilmirəm

 

Geyib ayağıma bu sərt yolları,

Arzumun səddinə çata bilmirəm.

Bu boyda dünyanın ağırlığını,

Götürüb çiynimdən ata bilmirəm.

 

Öldü bu dünyanın gədası, şahı,

Nəydi dəlilərin günahı, ahı?!

Dünya inqə deyir, anası zahı,

Ləlimi, gümüştək sata bilmirəm!

 

Bir ovuc torpaqda bir dünya dərd var,

Canımın gözündə qan damar-damar.

Fələk ömrümüzlə oynayır qumar,

Başımı heç nəylə qata bilmirəm!

 

Zaman daşa basdı, qəddimi əydi,

Taleyin yumruğu başıma dəydi.

Neynim, aman Allah, axı, bu nəydi,

Yaramın üstündə yata bilmirəm!

 

Ənvər, bu ağrıyla bağrın talandı

Beləmi yazılıb, tanrımın andı?

Canım çırtdaq-çırtdaq od tutub yandı,

Qəvvasam, dərdimdə bata bilmirəm.

 

Sən olum

 

Göy qurşağı üzüyünün qaşıdır,

Buz bulaqlar gözlərinin yaşıdır.

Baxışın könlümün məhək daşıdı...

Ərit məni gözlərinin odunda...

... Ya ömrünü ömrüm ilə başa vur,

Ya ömrümü tufana sal, daşa vur.

Ya bahar ol, gül üstündə şeh olum,

Ya könlünü sərinlədən meh olum.

Ya günəş ol, zərrəciyin olum mən,

Ya payız ol, yanağında solum mən.

Ya səhər ol, qızıl nurtək çilənim,

Ey qədrimi insan kimi bilənim!

Ya nəğmə ol, qəlb oxşayan söz olum,

Ya alov ol, qor altında köz olum.

Ya zirvəm ol, duman olum, çən olum!

Ya dünyam ol, mən sənləşim, sən olum!

 

Çəkinə-çəkinə

 

Bir az çəkinə-çəkinə

Mən səni atdım

Yoxluğun içinə.

Daha dünənki

Gün kimi yoxsan,

Sabaha çatmaz əlin

Əriyər gözündə

Yoxluq heykəlin.

Sındı qanadın,

Gedişin getdi,

Gülüşün itdi.

Üç nöqtə qoyuram,

Bu şeirim bitdi...

 

İtir

 

Ömrüm bu yollarda itir,

Ağla  məni gültək bitir,

Öldür məni yerdən götür,

Sıxma məni qanım çıxır.

 

Özüm özümdən düşmüşəm,

Küləm közümdən düşmüşəm.

Yaman gözümdən düşmüşəm,

Budaqla yarpaq kimiyəm

Bir ovuc torpaq kimiyəm.

 

Əlim çatmaz keçən günə,

Ürəyimdən keçən günə,

Dərd-qəmimi seçən günə,

Allah, bu səs, bu ün mənəm,

Dünənim yox, bu gün mənəm!

 

Üzüm-gözüm qırış-qırış,

Tale deyir: et yır-yığış,

Yaman soyuq gəlir bu qış,

Qaraltma sən gəl qanımı,

Özün oxu Quranımı!

 

Ölüm-olum arası az,

Dünya gödək, qəbir dayaz.

Ənvər şeiri dərdinlə yaz,

Dünya sığmır dünyasına

Dünya ağlar öz dünyasına.

 

Kimi

 

Bu dünyanın üzü qara

Gecə üzündə xal kimi

Ölüm-itim, hamısı var

Bu həyat bir xəyal kimi.

 

Baş kəsilir, qan tökülür

Gedirəm, dizim bükülür.

Tanrının evi sökülür

Keyləşmişəm bir lal kimi.

 

Kim köç edir, kim yurd seçir,

Fələk enib kəfən biçir,

İnsan ağlı qanın içir,

Qalmışam bir sual kimi.

 

Ömrümə

 

Göz yaşımla bitən gülsən,

Dil-dil olub ötən dilsən.

Bəlkə bir bulud gölüsən

Yağış kimi yağ ömrümə.

 

Kipriyimin ucunda qəm,

Gözüm dolu, kədər, ələm.

Doğulmaram hələm-hələm,

Çəkmə, çəkmə dağ ömrümə.

 

Səhər köçdü, axşam düşdü,

Ayaq dünyadan sürüşdü.

Fələklər baxdı, gülüşdü

Mənim üzü ömrümə.

Dərk et, ömür əfsanədir,

Gülləri seç, ara bir-bir.

Dur get Quran xətm elətdir,

Baxa-baxa sağ ömrümə.

 

Şəkərim var...

 

Şəkərim var, şəkərim,

Şəkər mənim şakərim.

Şəkər yeyir canımı,

Çox qaraldır qanımı.

 

Həkimlərin hərəsi,

Bir cür resept yazır.

Bu reseptlər elə bil,

Canıma qəbir qazır.

 

Onları qınamıram,

Hər nə yeyirsən zəhər.

Çoxu deyir ay şair,

Çalış yaşa birtəhər.

 

Əlacım yeriməkdi,

Canımı sürüməkdi.

Həsrətəm ətə-yağa,

Bala, südə-qaymağa.

 

İnsaf yoxdu həkimdə,

Gerilik var çəkimdə...

Tez-tez söyləyir mənə,

Dostum, deyirəm sənə.

Şirin şey qəti olmaz

Pəhriz saxla sən bir az!

Yeyəsən qara çörək,

Əməl edəsən gərək

Həkimin hər sözünə.

Qəsd edirsən özünə...

Böyrəklərin işləməz

Gözlərin yaxşı görməz

Papirosda çəkmə sən

Araq, çaxır içmə sən.

 

Su iç gündə 3-4 litr,

Şəkərini bir az itir.

Dedim pəhriz saxla sən

Az-az yeyə bilərsən

Toyuq əti, dana əti

Göy-göyərti

Həftədə bir yumurta

Ayrı yemək yemə, ta...

 

Gözün tikir gözümə,

Mat-mat, baxır üzümə

Yazım tez iynəyə keç,

Təzə həyat tərzi seç

Əlavə amaril at

Çarəsiz deyil həyat...

 

Barışdı

 

Eh əcəlin gözü kordu,

Kor gözüylə məni yordu.

Hər bir kəsin sonu kordu,

Yaram canıma darışdı.

 

Ha qaçdım mən ora-bura,

Dözdüm bu sərt vurhavura,

Loğmanım yox, ruhum yara,

Ömrüm əzabla barışdı.

 

Dərd-qəmimə bata-bata,

Sarındım ilan həyata,

Vaxt çürütdüm yata-yata.

Qanım dərdimə qarışdı.

 

Kim yoğurdu, kimsə yaptı,

Kimi yağlı kökə tapdı,

Həyat yolu çapa-çapdı,

Ram ol, könül bu yarışdı.

 

Yolçu

 

(Özümə)

 

Yolçu, yolun uzundu,

Çarıq geyin dəmirdən

Bu yolların saçını

Bəyaz qartək ərit sən.

 

Qarşında dağ görünür,

Zirvəsi çox ucadır?

Bəlkə sənin ömrün

O dağlardan qocadır?!

 

Yoluna ilan çıxar,

Yolunda qurd ulayar.

Yolunda mənfur həyat,

İttək quyruq bulayar.

 

Fikir vermə, yeri, get,

Yolunda daşa dönən

Hər kəsə sən nifrət et

O sərt ölüm yoludur,

 

Sınmır, fələk qoludur

O yolun sön nöqtəsin

Ayağın tapa bilməz.

Get, get yolçu yolunla,

Ölümsüz bir dünya gəz.

 

Dedilər ölübdür, üçüdür bu gün

 

Zəng etdim... halını soruşmaq üçün,

Dedilər ölübdür, üçüdür bu gün...

Söz də dəli olar belə xəbərdən

Yığıb bəbəyinə tozlu yollan

Köz də dəli olar belə xəbərdən.

Dünən var, bu gün yox olursa insan

Bir zərif yarpaqtək solursa insan.

Doğulmaq bir azca ar gəlir düzü

Doğulub, yaşayır, ölübdür sözü.

Dəhşətlə səslənir ölüm, qan, qada

Üç gündür o yoxdur, yoxdur dünyada...

... Dərd sənin köksünü eşəsi olsa.

Dərd sənin köksünü deşəsi olsa

Bir azca ağlamaq xoş olar vallah,

Bir azca hönkürmək gərəkdir, Allah!

Dərd duman deyildir külək dağıda

Kədərin dağı da, qəmin dağı da

Birdən çəkiləndə sinənin üstə

Yığılıb diz üstə düşürük xəstə...

Ölübdür sözünün acı zəhəri,

Üçüdür sözünü ahı, qəhəri,

İşləyir iliyə, damara, qana.

Ağır yuxu kimi gəlir insana

İnsanın yoxluğu, əbədi gediş

Amansız bu ağı, dözülməz bir iş,

Varlığın yoxluğu, sənsiz bir həyat

Boğur insanlığı, baxırıq mat-mat

... Zəng etdim... ölü bir ağrı dinlədim.

Ağrıya qoşulub dərdtək inlədim!

Zəng etdim halını soruşmaq üçün

Dedilər ölübdür, üçüdür bu gün!...

 

Bu gecə

 

Bu gecə nə gözəl gecədir, könül,

Bu gecə ay necə bədirlənibdir.

Dünya süd gölündə çimir elə bil,

Elə bil üfüqlər yerə enibdir.

 

Gecə duvaqlı nazlı gəlintək,

Açıb saçlarını yuyur sularda.

Yaylıqtək asılıb ağacdan külək,

Dünya nə gözəlmiş bu ilk baharda...

 

Bəlkə ikimizik dünyada oyaq,

Bəlkə bu gecənin gəlişi haqdır.

Sən mənə səhərin gözləriylə bax,

Bəxtim günəş kimi doğulacaqdır.

 

Ulduzlar torpağa tökülür dən-dən,

Çiçək yağışında yuyulur gecə.

Torpağın əliylə yazıla bilən

Gözəl şeir kimi duyulur gecə.

 

Uzansın bu gecə... Sökülməsin dan,

Bu gecə huşumu başımdan almış,

Utansın bu gecə yanaqlarından,

Bu gecə üzündə bir qara xalmış...

 

Sən ölsən, gözlərində...

 

Gözlərin tabutumdur,

Göz yaşında yu məni

Bəlkə nə vaxtsa doğub,

Gözündəki su məni.

 

Bir damla göz yaşına,

Qərq eləmə özünü.

Ağlama, buludların,

Ahı tutar gözünü!

 

Sənin günəş üzündə,

Zülmət buzum əriyər.

Mənim kür, çılğın könlüm,

Gözlərində kiriyər!

 

Sən ölsən, gözlərində

Şair qəbri qazılmaz.

Sənin cəllad gözünə,

Bir də şeir yazılmaz.

 

Üşüyür

 

Bu bir tanrı qarğışıdı,

Dərdim canımın yaşıdı,

Dondum, ömrümün qışıdı

Əzabım, cəbrim üşüyür.

 

Batmamışam günahıma,

Allahım batar ahıma.

Alov tökün görgahıma,

Yetimdi, qəbrim üşüyür.

 

Boğdu məni bu dərd-ələm,

Nəsə yaman tələsirəm.

Qultək dərdimə əsirəm,

Tələsir, səbrim üşüyür.

 

Ənvər ƏHMƏD

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2017.-  12 yanvar.- S. 7.