Türk Dünyasının Düsen bəyi

 

TÜRKSOY-un baş katibi, Türk Dünyasında hər bir ziyalının yaxşı tanıdığı Düsen Kaseinov keçən ilin sonlarında Bakıya gələrkən Atatürk Mərkəzində də oldu. mənə TÜRKSOY-un bəzi yeni nəşrlərini bağışladı.

Onların arasında "TÜRKSOY - 2017" adlı maraqlı bir nəşr vardı ki, burada Türk Dünyasının görkəmli mədəniyyət xadimlərinin yubileylərinin hansı günlərə düşdüyü göstərilirdi.

Düsen bəy özünəməxsus şirin təbəssümlə "təsadüfən 10 mart günü olan səhifəni " dedi. Açıb oxudum: "10 mart 1947. Kazak Keman Sanatçısı, Eski Kazakistan Kültür Bakanı ve TÜRKSOY Genel Sekreteri Düsen Kaseinovun Doğumunun 70. Yıldönümü".

"Düsen bəy" dedim, "Sizin gələn il yetmiş yaşınız olacağını keçən ildən bilirəm... Ancaq onu bilmirəm ki, TÜRKSOY səviyyəsində qeyd olunacaq, yoxsa YUNESKO"... Ləzzətlə gülüb "öz aramızda daha yaxşıdı" dedi.

Mən bu son dərəcə istedadlı, mənən, ruhən kamil şəxsiyyəti neçə illərdir ki, tanıyıram. onunla hər görüşdən, hər söhbətdən sonsuz zövq alıram.

TÜRKSOY-un Ankaradakı qərargahında çoxsaylı toplantılardan biri idi. Düsen bəyin apardığı bütün məclislər kimi o da çox yüksək səviyyədə keçdi. Həmin günün axşamı Baş Katib toplantı iştirakçılarına, Türkiyə türkləri demiş, bir yemək verdi... Məclisdə gənc bir xanım skripka çalırdı. Musiqiçi olmasam da hiss edirdim ki, peşəkar deyil. Bir xeyli sağlıq tostlarından sonra Qırğızıstanın TÜRKSOY- dakı nümayəndəsi mənə dedi ki, Düsen bəydən xahiş eləyin, skripkada bir şey ifa eləsin. Dedim "vallah, mənim ağlıma elə bir fikir gəlib, ancaq birdən xahişimiz yerə düşər"... Dedi "narahat olmayın, Düsen bəyi yaxşı tanıyıram, görürəm, məclis onu tutub, bir himə bənddir".

"Düsen bəy" dedim, "deyəsən bu xanım peşəkar deyil, bəlkə bir masterklas verəsiz..." Ləzzətlə gülümsünüb, "tərəflərdən biri razı" dedi, "qaldı o biri... Skripka da, meydan da o xanıma məxsusdur".

Xanımı razı salmaq üçün xüsusi əziyyət çəkməyə ehtiyac olmadı. Xahiş edən kimi yaxınlaşıb skripkasını məmnuniyyətlə ustada verdi. Düsen bəy aləti bir balaca kökləyib elə bir performans nümayiş etdirdi ki, məclisdəkilərin hamısı heyranlıqla ona diqqət kəsildi. Müxtəlif xalqların musiqiləri ustadın ifasında könülləri dindirir, ruhları bədəndə oynadırdı... Ən çox mütəəssir olansa skripkaçı xanım idi. Ustad təşəkkürlərlə alətini ona qaytaranda gənc xanım Düsen bəyə nəzakətlə təzim edib "xocam, məni bağışlayın" dedi, "bilmədim, Sizin qarşınızda skripka çaldım... Mən hələ konservatoriyanın ilk kursundayam, üzr istəyirəm"... Ustad isə cavabında "yox, yox" dedi, "narahat olmayın, ürəkdən çalışsanız, hər şey yaxşı olacaq..." Gənc xanım məclisin sonuna qədər, Düsen bəyin reaksiyalarına diqqət kəsilə- kəsilə işini davam etdirdi... Həyəcanla, əlləri əsə- əsə... Artıq məclisi görmürdü, bütün gücünü toplayıb, bütün imkanlarını səfərbər edib ustad qarşısında imtahan verirdi.

Həmin məclisdə Düsen bəy başına gələn maraqlı bir əhvalat danışdı... "Mədəniyyət naziri olduğum illərdə xanımımla birlikdə Qərbi Avropaya getmişdik. Şəhərlərdən birinin mərkəzi meydanında gəzirdik. Gördük ki, yaşlı bir kişi skripka çalır. Yanından keçənlər qarşısındakı karton qutuya hərdən xırda pul atırlar. Qazancı elə bir şey deyildi... Yaxınlaşıb mən pul atdım. Sonra xahiş elədim ki, skripkasını versin, bir az çalım. Üzümə şübhə ilə baxıb etiraz elədi, "birdən sındırarsan" dedi. Əl çəkmədim, cibimdən pul çıxardıb ona uzatdım, "bunu al, sındırsam, qayırtdırarsan" dedim. Razılaşdıq... Xanımım kənardan bizə baxır, işin sonunu gözləyirdi.

Necə ifa eləməyə başladımsa, ətrafımız adamla doldu. Cuşa gəlmişdim... İfa bitəndən sonra qarşımızdakı karton qutu pulla doldu. Meydan skripkaçısı bir qutuya, bir mənə baxıb həyəcanla "bölək?" deyə soruşdu. Köhnə skripkasını ona qaytarıb "yox" dedim, "hamısı sənindir"... Çox mütəəssir oldu, bayaq sığorta üçün aldığı pulu zorla cibimə basıb təşəkkür elədi.

Bizi müşahidə edən ( ixtisasca musiqiçi olan) xanımım mənə yaxınlaşıb "Düsen" dedi, "sənin gül kimi sənətin var, Qərbi Avropanın istənilən şəhərində rahat, zəngin yaşaya bilərik..."

Təəssüf ki, Düsen bəy ona gözəl övladlar, nəvələr böyütmüş ( bu yolda öz musiqi istedadını qurban vermiş) xanımını keçən il qəflətən itirdi. Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin "Mədəniyyət" qəzetinə verdiyi olduqca təsirli müsahibəsini oxuduqdan sonra mən Düsen Kaseinovun həm qədər mötəbər ailədə dünyaya gəldiyini, həm qədər mükəmməl bir ailə yaratdığını bütün dərinliyilə anladım... Həmişə çoxlu dostlar əhatəsində olan ailənin geniş ünsiyyət ənənəsini övladlar da ehtiramla davam etdirirlərmiş. Dünyanın müxtəlif ölkələrində məskunlaşmış övladları yaxınlarını, tanış- bilişlərini bir yerə yığaraq mərhum analarının xatirəsini onların iştirakı ilə yad etmişlər. bu, müsahibədən göründüyü kimi, atanı - Düsen bəyi hədsiz mütəəssir eləmiş, övladları ilə bir daha fəxr duymuşdur.

Düsen Kaseinovun görkəmli ictimai xadim olaraq indiyə qədər göstərdiyi unudulmaz xidmətləri ən azı üç yerə bölmək mümkündür ki, onlardan birincisi peşəkar musiqiçi- skripkaçı kimi fəaliyyətidir. Həmin sahədə qazandığı böyük ictimai nüfuz onu Qazaxıstan Respublikasının Mədəniyyət naziri vəzifəsinə qədər yüksəldərək qarşısında ikinci - daha geniş fəaliyyət meydanı açmışdır. mədəniyyət quruculuğu sahəsində əldə etdiyi zəngin təcrübə imkan vermişdir ki, ona daha miqyaslı, daha çox enerji tələb edən müqəddəs ( tarixi!) bir missiya həvalə edilsin ki, bu da hazırda uğurla apardığı TÜRKSOY-un Baş Katibi vəzifəsidir.

Türk dünyasının elə bir mühüm mədəniyyət mərkəzi yoxdur ki, Baş Katib orada olmamış olsun. Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın, Tatarıstanın, Başqırdıstanın... tarixi yerləri, əsrlər boyu yetirdiyi görkəmli mədəniyyət xadimləri, milli bayramları... məhz onun xidmətləri nəticəsində bütün Türk Dünyasının ümumi mənəvi sərvətinə çevrilmişdir. Dövlət başçıları, mədəniyyət nazirləri, yaradıcı qurumların rəhbərləri, hətta regionların icra başçıları ilə görüşləri, bir sıra mübahisəli məsələləri yerindəcə ( özünəməxsus ünsiyyət ustalığı ilə) həll etməsi Düsen Kaseinovun, bir tərəfdən, öz missiyasını məsuliyyətlə, ləyaqətlə, ürəklə həyata keçirməsidirsə, digər tərəfdən, Türk Dünyası miqyasında nəhəng bir idarəçilik ənənəsinin əsaslarını yaratmasıdır.

mən heç şübhə etmirəm ki, Düsen bəy bundan sonra da hələ uzun illər Türk Dünyasında tarix yaradacaq...

 

Nizami CƏFƏROV

 

525-ci qəzet.- 2017.- 12 yanvar.- S. 4.