204 nömrəli avtobus

 

 

O zaman Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi indi İqtisad Universitetinin yerləşdiyi binanın sol tərəfində - Baksovetin qəbul otağı ilə üzbəüz olan hissəsində yerləşirdi.

 

Universitetin yataqxanaları isə buradan  xeyli uzaqda - Yasamalda olduğundan tələbələrin əsas çətinliyi yataqxanalardan fakültəyə necə gəlib-getmək idi. İndi bu, çox asandı. Yasamaldan metronun “İçərişəhər” stansiyasına getmək üçün Yasamalın yaxınlığındakı stansiyalardan birində metroya minirsan və bir neçə dəqiqəyə gedib oraya çatırsan.

 

Tələbələr yataqxanalara iki yolla gedə bilirdilər. Bunlardan biri Filarmoniyanın yanından başlayan və 5 nömrəli trolleybusun getdiyi yol idi.  Bu trolleybusa tələbələrin az bir qismi minərdi. Səbəbi də bu idi ki, trolleybus oradan baş götürüb nazlana-nazlana indiki Mətbuat prospektinə doğru hərəkət edərdi və gəlib yataqxanaların aşağısında dayanardı. Buradan da gərək pilləkənlə Yasamalın dikinə qalxaydın. Dərsdən yorğun çıxan tələbələrə bu, sərf eləmirdi. İnsaf naminə demək lazımdır ki, pilləkənlərin də öz azarkeşləri var idi. Bunlar, əsasən, təzə tanış olan tələbə qızlar və oğlanlar idi. Onlar sayı-hesabı bilinməyən pillələri asta-asta qalxar, şirin-şirin söhbət edər, bu pilləkənlərin qurtarmasını istəməzdilər.

 

İkinci yol - Marks bağının (indiki Fəvvarələr meydanının) yanından başlayan 204 nömrəli marşrut üzrə gedən avtobus idi. 204 nömrəli avtobusda 5 nömrəli trolleybusdan fərqli olaraq, həmişə basabas olardı. Buna baxmayaraq, bu marşrutu seçən tələbələrin sayı daha çox idi. Bunun səbəbi avtobusun yataqxanaların üst tərəfində dayanması idi. Bu zaman artıq pilləkənlərin əzabını çəkmək lazım olmurdu. Xatırlayıram ki, 204 nömrəli avtobusun dayanacağının yanındakı pilləkənin böyründə ciyər peraşkisi satırdılar, qiyməti cəmi 5 qəpik idi, amma çox dadlı olardı. Oğlanlar hərdən o isti peraşkilərdən alıb dayanacaqda ləzzətlə yeyərdilər, qızlar isə aldıqları peraşkiləri yataqxanaya aparardılar.

 

Qarlı günlərin birində dərsdən çıxıb əllərimizi ovuşdura-ovuşdura 204 nömrəli avtobusun son dayanacağına gəldik. Bizdən qoçaqlar artıq avtobus üçün növbəyə dayanmışdılar. Gözümün ucuyla peraşki satılan tərəfə baxdım, satıcı arvad qapağı qaldırıb peraşkiləri alıcılara verəndə qazanın içindən buxar qalxırdı. İnanın ki, bu buxar qışın bu qarlı çağında elə bil adamın içini isidirdi. Qəribədir, bu gün heç kəs peraşki satılan tərəfə getmədi. Təqaüdə hələ xeyli vardı.

 

Bir azdan biz də avtobusa minməyə imkan tapdıq. Mən arxa qapıdan içəri keçib adamların arası ilə sürücünün lap yaxınlığına qədər irəliləyə bildim. İçəri dolu olduğundan bir neçə tələbə avtobusun qapısından sallana-sallana qaldı. Sürücü avtobusu sürmədi, sallanan uşaqlara qışqırdı ki, qapını buraxın. Uşaqlardan biri “səhər hamı sallanır, söz demirsən, indi səsin-küyün buranı götürüb”,-cavabını verdi. Bu sözlərin sürücüyə təsiri olmadı, kobud səslə qapının buraxılmasını tələb etdi. Bildirdi ki, qapılar bağlanmayınca avtobus getməyəcək. Avtobusun içindəkilər də qapıdan sallananlara irad tutdular. Hərə bir söz dedi. Kimi sallanan uşaqların üstünə təpinir, kimi sürücünü ittiham edirdi. Heç bir söz demədən sakit dayananlar da var idi. Arxa qapının yanındakı tutacaqdan tutan iki qızdan biri sallananlara dedi ki, icazə verin biz düşək, siz rahat minin, qoy avtobus getsin. Bu sözdən sonra sallananlar sakitcə ayaqlarını yerə qoyub avtobusun qapılarını buraxdılar. Qapılar da sanki buna bənd imiş kimi bir-birinə dəyib bərkdən şaqqıldayaraq örtüldü.

 

Avtobus “Araz” kinoteatrının yanından irəlilədikcə silkələnir, adamlar öz yerlərini rahatlayırdılar. Bu marşrutda digər avtobuslarda, ya Moskva metrosunda olan kimi oturacaqlardan durmamaq, yerini yaşlılara verməmək üçün üzünə qəzet, jurnal  tutub özünü görməməzliyə vuran sərnişin olmazdı. Kiçiklər böyüklərə, oğlanlar qızlara yer verərdilər. Bizdən aşağı kursda oxuyan Polad görmədiyi üçün  oğlanlar, lap elə qızlar da yerlərini ona verərdilər. İndi də belə oldu. Polad dinməz-söyləməz təklif edilən yerdə oturdu. Onu da deyim ki, sözə baxan olduğundan tələbələrin hamısı Poladın xətrini istəyərdi. Poladın məclislərdə Əli Kərimin “İki sevgi  şeirini ürəkdən deməsi uşaqları ona daha çox bağlayardı:

 

...Gözəl qız, sən işıqsan,

Yurduma yaraşıqsan.

Mənsə səni sevirəm

iynənin ucu boyda

İşığa həsrət qalan göz

işıq sevən kimi...

 

Bu minvalla avtobus M.F.Axundov bağına çatdı. Bu bağ məndə xoş təəssürat yaratmışdı, həmişə bura çatanda həmin təəssürat təzələnirdi. Ağlınıza gəlməsin ki, mən bu bağda hansısa bir qızla eşq macərası yaşamışdım, burada onunla tez-tez görüşürdük. Yox, bu təəssürat heykəlin aşağısında - postamentində olan yazı ilə bağlı idi. M.F.Axundovun heykəlinin üzərində yazıçının adı latın əlifbasında yazılmışdı və bu cəhətdən o, Bakıda, bəlkə də, ölkədə yeganə heykəl idi. Mən aşağı kurslarda oxuyanda bir neçə dəfə gəlib heykəlin  postamentində yazılmış o hərflərə  diqqətlə baxmışdım. Ola bilsin ki, bu hərflər indi dayımın əzizləyə-əzizləyə saxladığı babam Əli Tağı oğlunun köhnə pasportunda olan hərflərə oxşadığı üçün mənə doğma gəlirdi.

 

Bakıdakı heykəllərin çoxusu şair və yazıçıların heykəlləri idi. Elə bil onların hərəsi bir tərəfdə dayanıb gecə-gündüz Bakıya keşik çəkirdi. Amma Sankt-Peterburqda, əsasən, çarların heykəlləri var. Danimarkalılar Kopenhagendə onların dilini xilas edən dilçilərə heykəl qoyublar.

 

Avtobus Dadaş Bünyadzadənin indi yerində olmayan heykəlinin yanından keçib sola dönəndə yadıma Məmməd Cəfər müəllim düşdü. Məmməd Cəfər müəllim bu küçədəki “Yazıçıların binası”nda yaşayırdı.  Bir dəfə o, bizi 5 nömrəli trolleybusla Akademiyanın əsas binasına, Mirzə İbrahimovun “Pərvanə” romanının müzakirəsinə aparırdı. Mən Məmməd Cəfər müəllimdən soruşdum ki, müəllim, Bəxtiyar Vahabzadənin maşını da, sürücüsü də var, siz niyə maşın almırsınız? O da gülümsəyə-gülümsəyə dedi ki, hesablamışam, maşına və sürücüyə verdiyim pulu taksiyə versəm, ömrümün sonuna qədər çatar, hələ bir az da artıq qalar.

 

Həmin küçəyə çatanda bizim tələbələrin yadına tamamilə başqa bir hadisə də düşürdü. Bu da ondan ibarət idi ki, bir neçə həftə bundan öncə bu küçə ilə gedən hərbi maşın yolunu azıb universitetimizin professoru İnayət müəllimgilin evinin bir divarını uçurmuş, nəinki uçurmuş, hətta mətbəxə girmişdi. İnayət müəllim sürücü əsgərdən heç bir şikayət etmədən həmin divardakı pəncərələri də ləğv edərək yeni və möhkəm bir divar çəkdirmişdi. Uşaqlar həmin divara zarafatla “İçərişəhərin qala divarı” deyirdilər.

 

Avtobus bir az da irəliləyib Əzim Əzimzadə adına rəssamlıq məktəbinin yanından N.Nərimanovun heykəlinə tərəf döndü. N.Nərimanovun heykəli əzəmətli idi. O, sağ əlini ürəyinin üstünə qoymuşdu. Sizə deyim ki, heykəldə əl məsələsi çətin bir məsələdir. Çox vaxt heykəltaraşlar əlləri ifadə etməyin yolunu tapa bilmirlər və əllər bayağı görünür. Amma N.Nərimanovun əli onun həyatının mənasını ifadə etməyə imkan verirdi. Həmin gün avtobusda gedəndə mən heç bilmirdim ki, professor Abbas Zamanov N.Nərimanovun heykəlinin arxasındakı binada yaşayır, indi o binaya Abbas müəllimin xatirə lövhəsi vurulub.

 

Avtobus N.Nərimanovun heykəlinin başına fırlanıb yuxarıya doğru istiqamət götürdü. Bura yoxuş olduğuna görə qarlı günlərdə maşınlar oranı çətin qalxırdılar. Ona görə də avtobusun nəriltisindən bəlli olurdu ki, sürücü özünü əməlli-başlı toparlayıb. Şükür Allaha, gəlib Əzizbəyovun heykəlinin yanına çatdıq.  Heykəlin yanındakı bağa aid mənim xoş bir xatirəm var, amma onu indi sizə danışa bilməyəcəm, çünki avtobus oradakı dayanacaqda durmadı, sürətlə gəlib C.Cabbarlı kinoteatrının qarşısında dayandı. İndi orada “Space” televiziyası yerləşir.

 

Kinotetrla üzbəüz yolun o biri tərəfindəki Dağüstü bazarın arxasında kiçik bir çayxana yerləşirdi. Biz tez-tez həmin çayxanaya gedərdik. Orada yaxşı və maraqlı ədəbi söhbətlər olardı. Politexnik İnstitutunda işləyən, “Füyuzat”  jurnalının və Əlibəy Hüseynzadənin tədqiqatçısı olan Ofelya xanımın həyat yoldaşı Səlim müəllim həmin çayxananın yanından keçib evlərinə gedəndə həmişə ora girər, bizə salam verər, içdiyimiz çayın, yediyimiz yeməyin pulunu ödəyərdi. Bəzən öz-özümüzə danışardıq ki, daha bura gəlməyək, kişini yaman xərcə salırıq. Deyirdik, amma yenə gəlirdik, yenə intizarla Səlim müəllimi gözləyirdik...

 

Avtobus “Ceyran” restoranının qarşısında dayananda çox adam düşdü. Restoranla üz-üzə yolun o biri tərəfində Politexnik İnstitutu yerləşirdi, onun qarşısında Çingiz İldırımın heykəlinə baxmaq istəyəndə qulağıma doğma bir səs gəldi. Kimsə avtobusdan düşə-düşə ucadan: “Mənim pulumu Məmmədağa verib”,- sözlərini dedi. Məmmədağanın adını çəkdiyinə görə bildim ki, düşən bizim tələbələrdəndir. Onun kim olduğunu görmək istəyirdim, bu, mümkün olmadı, çünki həmin adam avtobusun qarşısından burulub yan tərəfə keçmişdi. Gözlərim avtobusa minmək istəyən Şamamaya sataşdı. Nə xoş təsadüf! Şamama arxa qapıdan avtobusa mindi, məni görmədi.  Mənim avtobusdakı sıxlığı yarıb ona tərəfə getməyim mümkün deyildi. Şamama ilə mən Dağlı məhəlləsində Höcətullanın həyətində kirayənişin qalmışdıq. Hər dəfə Şamamanı görəndə onunla hal-əhval tuturdum, çox biruzə verməsək də, hər ikimiz ürəkdən sevinirdik. Gözləyirdim ki, indi Şamama başını qaldırıb məni görəcək. Elə bu dəm yataqxanadan tanıdığım və şərqşünaslıqda oxuyan bir oğlan da sürücünün yanından astaca keçərək: “Pulumu Məmmədağa verib”,- dedi və avtobusdan düşdü.  Avtobusdakı tələbələrin çoxu bu sözlərə dodaqaltı gülümsündü.

 

Məmmədağa Jurnalistika fakültəsində oxuyurdu. Bu fakültə də Baksovetin yaxınlığında - vaxtilə Nikolayevski, sonra Kommunist, indi İstiqlaliyyət adlanan küçənin o biri tərəfində Yefim Saratov küçəsində yerləşirdi. Məmmədağa nəinki kurslarında, hətta fakültədə yaşca hamıdan böyük idi, çünki əsgərlikdə xidmət eləmiş, hələ üstəlik universitetə də üç-dörd il gec qəbul olunmuşdu. Maraqlı adam idi, öz bildiyini dədəsinə verməzdi. Çəkinmədən fakültənin yerləşdiyi küçəyə “Yetim Saratov” deyərdi.  Həmişə səliqə ilə geyinərdi, əlində qara çanta olardı. Yayın qızmar günlərini çıxsaq, demək olar ki, həmişə kostyum geyinər, qalstuk taxardı. Tələbələrin məzəmmətinə əhəmiyyət verməzdi. Məmmədağanın qalstuku, kostyumu və çantası sonralar onun karına gəldi. Rayonların birində qəzet redaktoru oldu. Daha sonrasını bilmirəm. O vaxtlar qalstuk, kostyum qalsın bir tərəfə, tələbələr çanta da götürməzdilər. Dəftərlərini köynəklərinin altından kəmərlərinə keçirərdilər. Çox adam çanta götürməyi qəbahət bilirdi.

 

Məmmədağanı tələbələr arasında məşhur eyləyən başqa bir cəhət vardı. Bu  da ondan ibarət idi ki, pulu olmayan tələbələr avtobusdan düşəndə pul verməmək üçün həmişə Məmmədağanın adını çəkərdilər. Bunun da öz səbəbi var. Məmmədağa bir dəfə avtobusda gedəndə quruplarındakı xoşu gələn bir qızın pulunu verir. Sürücünün yanında ucadan bildirir ki, düşərsən, düşəndə de ki, Məmmədağa pulumu verib. Ondan sonra bu sözlər tələbələr arasında  zərbi-məsələ çevrildi. Məmmədağa universiteti qurtarandan sonra da pulsuzların “pənahı” Məmmədağa olardı. Bir az bundan qabaq tələbələrin Məmmədağanın adını çəkməsi məhz həmin vərdişin nəticəsi idi. Məmmədağanın xəyalının üstündən dönüb Şamamaya tərəf baxdım, demə Şamama məni görürmüş. Gülümsəyə-gülümsəyə başımızla salamlaşdıq.

 

Avtobus Akademiyanın qarşısındakı bağın başına fırlandı. (İndi bu bağ “Cavid bağı” adlanır və orada Hüseyn Cavidin heykəli ucalır). Bağın ətrafındakı döngələr sərt olduğuna görə avtobus bir tərəfə əyildi. Adamlar bir-birinin üstünə yıxılmamaq üçün birtəhər özlərini saxlaya bildilər. Avtobus metronun indiki “Elmlər Akademiyası” stansiyasının çıxışının qabağında dayananda xeyli adam düşdü. Yenə bir nəfər: “Mənə Məmmədağa bilet götürüb”,-deyərək qabaq qapıdan çıxdı. Onu tanıdım. Jurnalistika fakültəsində oxuyurdu. Xalasıgil dayanacaqdakı kitab mağazasının arxasındakı Xrebtovi küçəsində yaşayırdı. Yəqin yuyulmaq üçün verdiyi pal-paltarlarını götürmək üçün gedirdi.

 

Avtobus universitetin binasının yaxınlığından keçəndə mən başımla Şamamaya işarə elədim ki, növbəti dayanacaqda düşək, o da razılaşdı. Həmin dayanacaq 5 nömrəli trolleybusun dayanacağı idi. Oradan yuxarıya - yataqxanalara aparan hündür pilləkənlər başlayırdı.

 

Avtobus indiki mətbuat prospektinə burulub dayandı. Şamama arxa qapıya doğru getdi, mən isə qabaq qapıya tərəf irəlilədim. Ucadan Şamamaya bildirdim ki, sən düş, biletini alıram. Mən elə səslə deyirdim ki, Şamama da, sürücü də bunu eşitsin və hər ikisi eşitdi. Sürücüyə yaxınlaşıb avtobusun motorunun üstünə sərilmiş dərinin üzərinə 5 qəpik qoydum və “mənim biletimi Məmmədağa alıb”,-dedim. Bunu demişdim ki, sürücü yerindən sıçrayıb mənim nimdaş qəhvəyi rəngli paltomun yaxasından yapışdı. Yaxalığımı bərk-bərk silkələyərək ucadan qışqırdı:

 

-Əşi, nə Məmmədağa, Məmmədağa salmısınız! Elə düşən deyir ki, mənim pulumu Məmmədağa verib.

 

Sürücü paltomun yaxalığını sıxmaqda davam edirdi. Mən yavaşca dedim ki, əlini çək, paltomu cırarsan! O, paltomun yaxalığını buraxmayıb dediyini deyirdi:

 

-Mənə o Məmmədağanı göstər görüm, kimdi o Məmmədağa?

 

Mən yenə yavaşca “Məmmədağa avtobusdan çoxdan düşüb, mən onu sənə necə göstərə bilərəm?”-dedim.

 

-Hansı dayanacaqda düşüb?-sürücü bu sualı verib paltomun yaxasını bir az boşaltdı.

 

-”Ceyran” restoranının yanında.

 

Sürücü paltomun yaxalığını buraxdı, geri çəkilə-çəkilə dedi:

 

-Yaxşı, gələn dəfə hökmən Məmmədağanı mənə göstərməlisən. Göstərməsən mənim avtobusuma minmə!

 

Mən avtobusdan düşdüm. Avtobus gurultu ilə uzaqlaşdı. Şamama məni  elektrik dirəyinin yanında gözləyirdi. O soruşdu ki, nə olmuşdu? Mən də cavab verdim ki, heç, elə-belə. Şamama çox da bənd olmadı. Biz qarın üstü ilə ehtiyatla pilləkənlərə doğru addımladıq. Pilləkənlərə bir az qalmış uşaqların su töküb dondurduğu və gəlib-gedənlər üçün tələ hazırladıqları sürüşkənlik başlayırdı. Həmin yerə çatanda  təklif elədim ki, sürüşməmək üçün ona kömək edim. O razılaşdı, çünki yer çox sürüşkən idi. Hiss elədim ki, çəkmələrinin altı da, deyəsən, çox etibarsızdı, adamı böyrü üstə qoyar. Biz ilkin on pilləni qalxıb nisbətən düz yerə çatdıq. Həm Şamamanın isti təmasından, həm də bu sərt pilləkənləri çıxmaqda ona kömək edə bildiyimdən fərəh hissi keçirirdim. Böyük bir işi yerinə yetirmiş adamlar kimi sevinirdim. Özümü sərbəst aparmağa başladım. Bu sərbəstlik çox çəkmədi, qəfil ayağım sürüşdü və tir-tap yerə sərildim. Şüşə kimi hamar, sürüşkən pilləkənlərlə sürətlə üzüaşağı yumbalandım. Pilləkənlərin axırıncısına çatanda  da özümü saxlaya bilmədim, sürüşkən yeri keçib dayanacağa qədər gedib çıxdım. Bu zaman pilləkənlərin başında: “Narahat olma, get, pulunu Məmmədağa verib”, -deyən Şamamanın gülüşləri ağappaq qar dənələrinə dəyib çiliklənərək ətrafa səpələnirdi.

 

Bakı, dekabr 2015

 

Kamran İMRANOĞLU (ƏLİYEV)

Əməkdar elm xadimi

 

525-ci qəzet.- 2017.- 14 yanvar.- S.22-23