“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
I cild
(noyabr 1918 - aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə sayımızda)
Azərbaycan
Məclisi-Məbusanında 11-ci iclas
(keçən nömrələrin axırı)
Sədr - Daha söz istəyən yoxmu? Məhəmməd
Əmin Rəsulzadə.
Rəsulzadə - Möhtərəm Soltan Məcid əfəndi
söylədilər ki, aşkardır onuncu nömrə
siyahı Mərkəzi Milli Komitə tərəfindən tərtib
edildigindən hamı müsəlmanlar ona səs verəcəkdilər. Amma məsələ
o qədər də aşkar degildir. Əgər
məsələ Soltan Məcid əfəndinin buyurduğu kibi
aşkar olsaydı, meydanə 11, 14 və qeyri nömrəli
müsəlman siyahıları çıxmazdı. Cəmaət
5-7 müsəlman siyahısı üzərində
düşündü və səsini, rəyini müdafiə
etmək istədigi yerə verdi. Bu məsələnin bir cəhəti. Bir də təklif olunur ki, Müsavat öz hissəsinə
düşən namizədini versin, yerdə qalan namizədləri
42 nəfər versin. Biz buna etiraz etməzdik.
Çünki “Müsavat” haman 42
arasında əksəriyyət təşkil etdigindən
mexaniki hərəkət etsəydi, istədigi qədər
adam keçirə bilərdi. Fəqət biz
mexaniki səsə qoymaqla əksəriyyətimizdən istifadə
etmək istəmədik. Lakin milli komitələr
içində bir vəziyyət var ki, onu nəzərə
almalıdır. Çünki siyahı məsələsində
bunu böylə düşünmək olmaz. Hərçənd Milli Komitənin səlahiyyəti
42 nəfərə verilmişdi. Fəqət
böylə düşünmək şəklən düz
olsa da, mənən düz olmaz. Əgər
bu səlahiyyəti parlaman qəbul etsə, yenə Müsavat
bir şey qeyb etməz. Lakin bir tənasüb
əsası var ki, biz onu pozmuş olarız.
Seymdə də olduğu kibi çıxmış
üzvlər yerinə mənsub olduğu firqə namizəd
göstərməlidir. Biz bu əsası pozmaq istəmədik və
10 nömrəli siyahı daxilində qalmış üzvlər,
çıxanların yerinə yeni namizəd qoymaq istədilər.
Buna şəklən irad olsa da, mənən ola
bilməz. Çünki müəyyən bir
qism əhali 10 nömrəli siyahıda olan müəyyən
adamlara səs vermiş, demək o adamlara etibar etmişdir.
Seçiləcək namizədlər də cəmaətin
qismi-müəzzəminin rəğbətini qazanmış
olan adamların fikrinə uyğun və onları təmsil edəcək
adamlar olmaq üçün həmin siyahının üzvləri
tərəfindən intixab olunmalıdırlar. Şimdi o
adamların yarısı yoxsa, onu təmsil edəcək və
yerlərinə nümayəndə verəcək bir mərkəz
varsa, o da haman onuncu nömrəyə səs
verən əhalinin etibarını qazanmış 10 nömrəli
siyahıda olan başqa nümayəndələrdir. Siz bu həqqi onların əlindən almaqla əhalinin
hüququna təcavüz etmiş olursunuz. Biz
də buna mötərizik.
Sədr -
Söz Qənizadənindir.
Qənizadə - Bən genə diyoram o 8 nəfər
parlaman əzalığına keçəcək və biz də
onlara etibar edəcəgiz. Ancaq biz burada əsasdan
danışırdıq. Düzdür 10-cu
nömrə Müsavatdan və Milli Komitədən ibarətdir.
Bu da doğrudur ki, Müsavat var. Amma Milli Komitə
dönüb parlaman olmuşdur. Deməli o
Milli Komitə var, mövcuddur. O vəqt 44 nəfər
idi.
(Səslər - 42 idi). Şimdi həştad
olmuşdur. İmdi o həştad nəfərin
ixtiyaratını Müsavata vermək olmaz.
Sədr - Təklif var ki, müzakirat qət olunsun. Əhməd bəy
təklifinizmi var?
Əhməd Cövdət - Təklif edərdik o 8
adamın siyahısı verilsin 44 nəfərin o səvabdidinə.
Sədr -
10-cu nömrə siyahının barəsində böylə
bir təklif var: parlamandan xaric olan üzvlərin yerinə bu
adamlar namizəd göstəriliyorlar: Mustafa Vəkilov, Ağa Əminov,
Yusifəli Əliyev, Məhəmmədbağır
Şeyxzamanov, Məhəmməd Əli Rəsulzadə, Behbud
Ağa Cavanşir, Bəhram bəy Axundov və Əbdüləli
bəy Əmircanov. Bən bu siyahıyı səsə
qoyuram. Hər kim bu siyahıya
razı isə əlini qaldırsın (19), kim əleyhinə
isə əlini qaldırsın (15), kim səs verməmişsə
əlini qaldırsın (2) deməli məsələ qəbul
olunur.
Cəmo bəy - Kvorum yoxdur.
Səslər
- Var, var!
Sədr - Bən təsdiq ediyorum ki, var və keçirəm
növbədəki məsələyə, oxuyun.
Katib -
Göyçay nümayəndəsi Hacı Hüseyn Əfəndizadənin
5 günlük, Qarabağ vəkili Qara bəy Əliverdibəyovun
bir aylıq, Zaqatala nümayəndəsi Bayram Niyazi
Kiçikxanovun 20 günlük və Cavad bəy Məlikyeqanovun
10 günlük məzuniyyət həqqindəki ərizələrini
oxuyur. Cavad bəy ərizəsini geri
götürüyor. Yerdə qalanların məzuniyyəti
qəbul olunur.
Sədr - Keçiyoram növbədəki məsələyə. Söz Əbuzər
bəy Rzayevindir.
Əbuzər bəy Rzayev - Dağıstan hökuməti
bizdən 10 milyon manat faizsiz borc istiyor. Hökumət
bu borcun verilməsinə razıdır. Əgər
parlaman təsdiq edərsə verəriz. Pul
təcili surətdə istənildigindən parlaman baxıb təsdiq
edənədək hökumət senoren convent rizasilə 3
milyon manat buraxmışdır. Parlaman təsdiq
etdikdən sonra qalanını da verəcəkdir. Dağıstan hökuməti bu borcu iki ilə qaytarmalıdır.
Bundan əlavə Dağıstan hökuməti
bizim hökumətimiz tərəfindən Şimali Qafqasiyada
alınmış olan 90 vaqon buğda və sair ərzaq
şeylərini xərcsiz buraxmağı vəd etmişdir.
Əgər parlaman qəbul edərsə maliyyə
nazirinə tapşırılsın ki, bu xüsusda
Dağıstan hökumətilə müqavilənamə
bağlasın. Büdcə-maliyyə
komissiyası tərəfindən borcun verilməsinə məmaniət
yoxdur və təklif olunur ki, parlaman təsdiq etsin.
Sədr -
Bu barədə kim danışmaq istiyor?
Səslər - Heç kəs, səsə qoyunuz.
Sədr - Danışan yoxdur. Səsə qoyuram.
Hər kəs Cəbəliyun hökuməti-cümhuriyyəsinə
10 milyon manat borc verilməsinə razı isə rica edirəm əlini
qaldırsın. Deməli əksəriyyətlə
qəbul olunur. Növbədəki məsələ
spirtlərə aksiz qoymaq həqqindəki qanun layihəsidir.
Səslər - Qalsın sonraya.
Sədr - Təklif var ki, bu məsələ sonraya
qalsın. Məsələ gələn iclasa qalıyor.
Komisyonlara təklif olunan namizədlər bunlardır: Ləvayihi-qanuniyyə
komissiyasına - Malxazyan (erməni), Məhəmmədbəyov
(İttihad), Qovmin ( ) və Qəbulzadə
(Müsavat) ərzaq və məmləkət məhsulatı
işlərinə hüsni-idarə üçün parlaman
komissiyasına:
Məhəmməd Əmin - (yerindən) Komissiyalar həqqində
bənim bir əsas mülahizəm var.
Sədr -
Buyurun.
M.Ə.Rəsulzadə
- İndiyə qədər parlamanda komisyonlar təşkil
edildikdə fraksiya hesabilə, yəni hər fraksiyadan birər
üzvdən ibarət oluyordu. Halbuki komissiya
parlamanın rəyini təmsil etməlidir. Bu mülahizə ilə paritet əsasilə qurmaq
düz degildir. Zira parlamanda fraksiya qüvvələri
müxtəlifdir: öylə fraksiya var 4 nəfərdən
ibarətdir, öyləsi var 20-dən də ziyadədir. Ona görə bu əsas ədalətsiz oluyor. Doğrudur komisyon özbaşına heç bir məsələyi
həll etmiyib parlamana veriyor, fəqət bununla bərabər
komisyonun rəyinin böyük təsiri oluyor. Bu mülahizə ilə bu fraksiya başı (paritet)
hesabının əleyhindəyiz. Doğrudur,
parlamanın bu xüsusda müəyyən bir qanunu yoxdur və
nizamnamə bu günlərdə müzakirə ediləcəkdir,
nizamnamə bu məsələyi aydınlaşdırar. Lakin o vəqtədək biz təklif edərdik
komissiyaların doğru əsas üzərinə qurulması
üçün indilik hər komissiyaya firqələr öz
üzvlərinin miqdarı nisbətində nümayəndə
versinlər. Ona görə biz təklif
ediyoruz nizamnamə qəbulunadək hələlik hər 10 məbusdan
bir nümayəndə hesabilə təşkil olunsun. Yarıdan ziyadənin də bir nümayəndəyə
etibarı olsun. Bu surətlə 10-24 əzadan
ibarət fraksiya iki nümayəndə, 25-dən otuzadək 3
nümayəndə versin. Bu əsas üzərinə
23 əzadan ibarət olan Müsavat fraksiyasına komissiyada 2
nümayəndə yeri verilsin.
Ağamalı oğlu - (yerindən) Evinizi Allah
yıxsın görəsən bizə də bir şey
düşdümü?
Sədr - Təklif barəsində danışan
varmı?
Səslər
- Kvorum yoxdur!
Sədr - Rica edirəm sakit olasınız, diyorsunuz kvorum
yoxdur. Bir neçə qanun var ki, onlara baxacaq komisyon yoxdur.
Yoldaşlarınızı buraxmayınız
çıxıb getsinlər, papiros çəkmək bəhanəsilə
dışarı çıxıb gediyorlar. İşlər də qalıyor. Heybətqulu əfəndi
danışmaq istiyorsanız buyurun:
Məhəmmədbəyov - Cənab sədr buyurdu ki, bir
neçə komissiya təşkili lazımdır. Bir para layihə
var ki, onlara baxmaq lazım gəlir. Sədrin
buyurduğuna görə komissiyalar təcili olduğundan bən
təklif edərdim bu komissiyalar bu saat köhnə əsas ilə
intixab edilsinlər. Nizamnamə parlamana gəldikdən
sonra tazə əsas ilə intixab edərik.
Sədr -
İclasda 35 adam var. Kvorum
olmadığından iclası qapamağa məcburam. Rica edirəm gələn iclasın vəqtini təyin
edəsiniz.
Səslər - Divani-Rəyasət təyin etsin.
Sədr - İclası qapanmış elan ediyoram.
İclas saat 20:05 dəqiqə qalmış qapanıyor.
Hökumətin
istefası
Məclisi-Məbusanın 25 fevral iclasında Rəisi-Vükəla
Fətəli xan Xoyski həzrətlərinin istefa məktubu
oxunaraq qərar verilmişdir. Bu kabinənin
istefası qəbul edilərək yeni kabinə təşkili
üçün namizəd tapmaq Məclisi-Müəssisan sədrinə
həvalə edilsin. Və yeni kabinə təşkilinədək
məmləkətin idarəsi sabiq kabinəyə
tapşırılsın.
“Azərbaycan”,
26 fevral 1919, ¹123
Səvabdidə
- doğru hesab edilmə
Mötəriz
- etiraz edən
Cəbəliyun
- dağlılar
Senoren-konvent
- parlamentdə ağsaqqallar şurası
Azərbaycan
Məclisi-Məbusanında 12-ci iclas
25 fevral
Bu gün
mühüm məsələlər müzakirəsi gözləndiyi
hiss olunur. Parlaman və Divani-Rəyasət əzası
tam heyətlə, cəmaət hamısından çox ziyadə,
böyük intizar, sükut və diqqət hökmfərmadır.
Sədr -
Həsən bəy Ağayev
Katib - Əhməd
Cövdət Pepinov
İclas
açılır: saat 2-yə 5 dəqiqə işləmiş.
Sədr - Parlamanın iclası açılıyor. Bugünki
iclasın ruznameyi-müzakiratı Divani-Rəyasət tərəfindən
bu qərar ilə tərtib verilmişdir.
1- Varid
olmuş məktublar. O cümlədən istefa həqqində
Rəisi-Vükəlanın göndərmiş olduğu məktub,
Müsavat fraksiyasının komisyonlar intixabı həqqində
təklifi, bəzi üzvlərə məzuniyyət, o
cümlədən Asif
bəy Şıxəlibəyova, Abdulla bəy Əfəndiyevə
və Bəhram bəy Vəzirova.
2-
Keçən səfərdən natamam qalmış iki
komisyona əza intixabı.
3- Bir
neçə qanun layihələri:
a- Hərbiyə
nəzarətinin qanun layihəsi
b-
Bakı bələdiyyə idarəsinə 4 milyon istiqraz həqqindəki
qanun layihəsi
t- Dəmiryol
təarifəsinin təzyidi həqqində qanun layihəsi
s- Alkol
vergisi (aqsiz) layihəsi
c- Tənbəki
və spirt vergisi (patent) layihəsi
4- Məclisi-Məbusan
Nizamnaməsi.
Hərgah bu cür tərtib olunmuş
müzakirati-yövmiyyəyə etiraz yoxsa qəbul olunur.
Məhəmmədbəyov - (yerindən) Müsaidə
veriniz.
Sədr -
Buyrunuz.
Məhəmmədbəyov - (İttihad) Bən təklif
edirəm ki, Məclisi-Məbusan Nizamnaməsi məsələsi
ikinci növbəyə qoyulsun. Qaldı ki,
“Müsavat” fraksiyonunun təklifi üçüncü məsələ
olsun. Əvvəlcə nizamnaməyə
baxılsın, sonra komisyonlar intixabı təklifinə.
Sədr - Söz Cavad bəy Məlikyeqanovundur.
Məlikyeqanov - “Müsavat” fraksiyonu tərəfindən
təklif olunur ruznameyi-müzakirat tərtib olunduğu qərar
ilə qalsın.
Sədr - “İttihad” fraksiyonu növbeyi-müzakiratı
dəgişmək təklif ediyor. Hər kəs
ruznameyi-müzakiratı elan edildigi tərtib ilə qəbul
edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxıyor). Demək
əksəriyyət ilə qəbul olunur.
Katib - (Fətəli Xanın məktubunu oxuyur).
Sədr - Bu məktub bərayi-məlumat oxundu. Bu barədə müzakirə
ola bilməz. Malik olduğum
həqqə istinadən bu barədə parlaman rəisi tərəfindən
tədbirlər olacaqdır. (Dərin
sükut). Müəyyən təklif ola
bilər.
Rəsulzadə - Müsaidə buyurunuz.
Sədr - Söz Rəsulzadə Məhəmməd Əminindir.
Rəsulzadə - Böylə mühüm bir zamanda Rəisi-Vükəla
əsəblərinin yorğun və xəstə olub dövlət
işlərindən ötrü lazımi qərar işləməgə
təhəmmül etmədigindən dolayı istefa veriyor. Bu barədə
yalnız təəssüf etməlidir ki, böylə
mühüm zamanda məmləkətin siyasəti-ümumiyyəsi
pərişan bir halda ikən Rəisi-Vükəla səhhətinin
pozulmasından dolayı istefa veriyor ki, bizcə Məclisi-Məbusan
bu mativi qəbul etməyə bilməz. Adətən
Məclisi-Məbusan bildigi kibi bir namizəd dəvət edib
kabinə təşkilini ona tapşırılmasını kəndi
rəisinə mühəvvəl etməlidir.
Sədr - Hərgah başqa bir təklif yoxsa, “Müsavat”
tərəfindən edilən təklif qəbul olunur. Keçək
növbədəki məsələyə.
Rəsulzadə - (yerindən) Müsaidə veriniz. Əlbəttə yeni
hökumət təşkilinə qədər indiki hökumət
iş başında qalmalıdır.
Sədr - Üzr istiyoram. Ruznameyi-müzakiratı
elan edərkən bir şeyi unutdum. Parlamanda
iştirak edən erməni fraksiyası tərəfindən bəyannamə
(deklarasiya) oxunacaqdır. Ona görə
növbədən xaric olaraq erməni fraksiyonu üzvü
Malxazyana söz veriliyor.
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2017.- 14 yanvar.- S.21.