Qafqaz respublikaları
97 il bundan
əvvəl, 1920-ci il
yanvarın 11-də Versal
Sülh Konfransının
Ali Şurası Azərbaycan
Cümhuriyyətini de-fakto
tanıdı.
Ölkə sanki müstəqilliyin bir addımlığında
idi. “Yoxdan müqəddəs
ideal rəmzi - üçrəngli
bayraq” yaradan və
xalqı bu ideal ətrafında birləşdirməyi
bacaran milli liderlər qısa müddət ərzində
həqiqətən də
böyük iş görmüşdülər. Lakin təəssüf
ki, hər şey Azərbaycan xalqının istəyindən,
iradəsindən asılı
deyildi. Dünyada cərəyan edən
proseslərin, böyük
dövlətlərin mövqeyinin,
imperiya əsarətindən
xilas olmuş xalqların müstəqillik
arzusuna yanaşma tərzi və münasibətinin böyük
əhəmiyyəti vardı.
Amma istənilən
halda artıq Azərbaycan beynəlxalq hüququn subyektinə çevrilmişdi. Bir əsrlik Rusiya əsarətindən xilas olan gənc milli dövlətin müəyyən şərtlər
daxilində dünyanın
siyasi xəritəsində
yer tutması mümkün sayılırdı. Bu barədə nisbətən
dar dairədə də olsa, müzakirələr
aparılırdı. Siyasi analitiklər
fikirlərini açıqlayırdılar.
Müxtəlif istiqamətli Avropa
qəzet və jurnallarında Azərbaycanla
bağlı məqalələr
çıxırdı. Belə yazılardan biri də Ali Şuranın tarixi qərarının qəbulundan bir neçə gün sonra İsveçrənin
“Journal de Geneve” dərgisində
çap edilmişdi.
P.D.B. inisialı ilə
yazan müəllif müstəqillik yolu tutan Azərbaycanda və digər iki Cənubi Qafqaz respublikasında yaranmış
vəziyyəti əsasən
düzgün təhlil
etmiş və obyektiv dəyərləndirə
bilmişdi.
Mətni
aşağıda “525-ci qəzet”in
oxucularına təqdim
olunan “Qafqaz respublikaları” adlı məqaləni mənə
ölkəmizin İsveçrə
Konfederasiyasındakı səfiri,
Cümhuriyyət tarixi
ilə yaxından maraqlandığımı bilən həmkarım
Əkrəm Zeynallı
göndərib. Fransız dilindən
tərcümə Səfirliyin
əməkdaşı Hamlet Əskərova məxsusdur.
Öz növbəmdə
İsveçrə mətbuatından
götürülən yazını
diplomat korpusumuzun fəaliyyətinin
yeni istiqaməti, daha doğrusu, belə bir fəaliyyətin
ilk nümunələrindən biri kimi ictimailəşdirməyi qərara
aldım.
Növbəti 2018-ci ildə Azərbaycan Cümhuriyyətinin 100 yaşı
tamam olur. Yəqin ki,
səfirliklərimiz də
bu mühüm tarixi ildönümünə
öz töhfələrini
verə bilərlər.
Təbii
ki, diplomatik nümayəndəliklər elmi-tədqiqat
qurumları deyil.
Amma onlar ən azı
Cümhuriyyətimizin tarixi
ilə bağlı akkreditə olunduqları ölkələrin arxiv və kitabxanalarındakı
materialları aşkara
çıxarmaq, ana dilimizə çevirib yaymaq, mütəxəssislərin
diqqətinə təqdim
etmək və bununla da yeni
tədqiqatlara stimul vermək istiqamətində
müəyyən işlər
görə bilərlər.
Budapeşt, 10 yanvar 2017-ci il
Ali Şura üç
yeni Qafqaz respublikasının - Gürcüstan,
Ermənistan və Azərbaycanın müstəqilliyini
de-fakto tanımışdır. Bu isə öz növbəsində Ali Şuranın
milli suverenlik və hüquq məsələsinə ehtiyatla
yanaşdığını göstərməkdədir. Lakin nümayiş etdirilən bütün ehtiyatlı davranış
tərzinə baxmayaraq
qərarın uzun müddətli mübarizə,
səy və tərəddüdlərdən sonra
qəbul olunması özünəməxsus məna
kəsb etməkdədir.
Bu qərar Asiya
sərhədlərindəki hadisələrin axarına
gec də olsa, əhəmiyyətli təsir göstərəcəkdir.
Antantanın yeni Baltikyanı ölkələrə göstərdiyi
dəstəkdən və
Polşanın Şərqə
doğru genişlənməsinə
verilən razılıqdan
sonra belə bir tanınma aktı London və Parisin xoş məramla qarşıladığı
Böyük Rusiyanın
bərpasına endirilən
birbaşa zərbədir. Qafqaz respublikalarının
tanınması Rusiyanın
istəklərinin əksinə
olaraq Moskva ilə Berlin arasında Baltik dənizindən Xəzər dənizinə
qədər tədrici
şəkildə uzanacaq
və bir növ ayrı-ayrı hissələrdən ibarət
əcnəbi ölkələrin
konfederasiyasının yaradılması
yolunda mərhələdir.
Zəncirin ucları artıq pərçimlənmişdir. Yalnız mərkəzdə
bir neçə halqa çatışmır.
Lakin belə bir
istiqamət seçən
Antanta tez və ya gec
Litva ilə Ukraynanı da tanıyacaqdır. Hələlik
Antanta yalnız bu iki yeni
respublikaya münasibətdə ciddi
ehtiyatlılıq nümayiş
etdirməkdədir. Bolşeviklərin uğurlu irəliləyişi
hər şeyi təhlükə altında
qoymasa, atılacaq addım ən azı Polşa və gələcək Rusiya dövlətinə zəmanət layihəsi kimi qiymətləndirilə
bilər.
Nə baş verirsə versin, Ali Şuranın son qərarı
rus millətçilərinin
kəskin narazılığına
səbəb olmuşdur. Onlar Kolçak
və Denikinin məğlubiyyətindən sonra
xəyallarının gerçəkləşməsi
üçün yalnız
Almaniyanın dəstəyinə
və çar Rusiyasının uğursuz
varisi olan bolşeviklərin qələbəsinə
güvənirlər. Lakin vəziyyətin
bu yerə gəlib çıxmasının
əsas məsuliyyəti
Müttəfiqlərdən daha çox Denikinin üzərinə düşür. Çünki o, milli muxtariyyətlər məsələsində hələ
də hədsiz inadkarlıq və barışmazlıq nümayiş
etdirir. Qəddarlığı
və seçdiyi xəttin təhlükəliliyi
ilə o, separatçı
rolunda çıxış
etməyi bir an da olsun
dayandırmamışdı. Nəticədə, hamı tərəfindən
tərk edilmiş vəziyyətə düşdü.
Buna müvazi olaraq
Baltikyanı bölgədə
İngiltərə bütün
təşəbbüsləri ələ keçirmək
fürsətini qaçırmadı. Razılaşmaq
lazımdır ki, Böyük Britaniya sonradan
təhlükəli blok
təşkil edən Cənub-Şərq respublikalarının
konfederasiyasının formalaşdırılması
əleyhinə çıxdı.
Lakin təcrid edilmiş və biri-birindən asılı vəziyyətə
salınmış kiçik
dövlətlərin yaranması
onun - yəni Britaniya imperiyasının
maraqlarına xidmət
edirdi. Ona görə də
səylərini əsasən
bu istiqamətə yönəltmişdi. Gürcüstan, Ermənistan və Azərbaycan bundan sonra Qara dəniz
və Xəzər dənizi arasında Hindistan yolunun ön cəbhəsini təşkil edəcəkdir.
Onların ilk döyüşləri gecikməyəcək. Belə ki,
artıq bir neçə həftədir
ki, bolşevik təhlükəsi getdikcə
artmaqdadır. Ön sırada
gedən təşviqatçılarının
ardınca qırmızı
ordu iki fərqli istiqamətdən
irəliləməkdədir. Onlardan biri, daha dəqiq
desək, Denikini məğlubiyyətə uğradanı
Kuban bölgəsinə keçməyə
və oradan da Qafqaza girməyə
çalışır. Digəri isə tatarları və qonşu bölgələrin rusyönlü
qruplarını öz
ətrafında birləşdirməyə
çalışaraq Türküstana
yayılır. Bu ordu
nüfuz dairəsini hətta Fars və Mesopatomiyaya qədər genişləndirməyə çalışır
və seçdiyi
yolda niyyətlərini
həyata keçirmək
üçün türk
millətçilərinin və
Berlindən gələn
tapşırıqlara itaət
edən silahlı qruplaşmaların dəstəyinə
ümid edir. Bu yeni respublikalar
dəhşətli hücumlara
məruz qalacaqlar.
Çoxu az müddət öncə təşkil olunmuş dövlətlərin hökumətləri
eyni anda bütün istiqamətlərdən
gələn hədələrə
qarşı duruş gətirməyi bacarmalıdırlar.
Gözlənilən təhlükə
əslində hərbi mahiyyətli
olmaqdan daha çox siyasi, sosial və dini xarakterlidir. Əldə silah ümumi cəbhəni təşkil
etmək milli və mənəvi məkanda birləşməkdən
daha asandır.
Bolşeviklərin məlumatları onların
artıq Gürcüstan
və Azərbaycana soxulmalarından xəbər
verməkdədir. Başqa sözlə desək,
bu iki dövlət
arasında mehriban qonşuluq əlaqələri
qurulsa da, onların hər ikisi ilə digər Qafqaz dövləti -Ermənistan
arasında belə münasibətlərin mövcudluğu
barəsində eyni sözləri söyləmək
mümkün deyil.
Üstəlik, bir sıra başqa problemlər də var: Gürcüstanın Britaniya hakimiyyəti tərəfindən boşaldılması
tələb olunan
Batumi məsələsi, taleyi
Gürcüstana yaxın
mövqedə duran və hazırda Antantanın himayə etdiyi Denikinlə müharibə vəziyyətində
olan Şimali Qafqaz Respublikası problemi, Türkiyədə
baş verən hadisələr nəticəsində
əhali arasında getdikcə daha ciddi narazılıqlar doğuran Ermənistanın
cənub sərhədləri
məsələsi... Əgər
bütün bunlara iqtisadi və texniki çətinlikləri,
siyasi qeyri-sabitliyi, düşüncələrə daha artıq dərəcədə
hakim olan həyəcanı,
rus, türk, bolşevik və alman agentlərinin gizli təbliğat fəaliyyətlərini və
müttəfiqlərin emissarlarının
bitib-tükənmək bilməyən
tərəddüdlərini də əlavə etdiyimiz təqdirdə də xarici təhlükənin yaxınlaşdığı
məqamda bu üç kiçik ölkənin üzləşdiyi vəziyyəti
tam təsəvvür etmək
imkanı hasil olmur. Bir sözlə,
onların yenicə əldə etdikləri və hələ
kifayət qədər zəif təsir bağışlayan azad gələcəyi bütün
bu çətin sınaqlardan necə
keçəcəklərindən asılıdır.
Vilayət QULİYEV
525-ci qəzet.- 2017.- 14 yanvar.- S.10.