Unudulmaz alim

 

Deyirlər ki, ömür olumla ölüm arasındakı məsafədir. İnsan dünyaya gəldiyi gündən əcəlin onu hansısa bir məqamda haqlayacağını bilə-bilə həyatın dolanbac yollarından keçərək ölümə doğru yol gedir. Taleyin qədərindən xəbərsiz...

8 dekabr 2016-cı il.... Bu, Azərbaycan Memarlıq İnşaat Universitetinin Nəzəri mexanika kafedrasının müdiri, texnika elmləri doktoru, professor Knyaz Əliyevin ömür kitabının son səhifəsinə yazılmış sonuncu tarix idi. Ömrünün 76-cı dönəmində haqq dünyasına qovuşan bu nurlu insan bütün şüurlu həyatını elmə, təhsilə, xeyirxah işlərə həsr edib.

Knyaz Ələsgər oğlu Əliyev 1940-cı il martın 21-də Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub. Hələ uşaqlıq illərindən öz savadı, səriştəsi ilə digərlərindən fərqlənib, 1957-ci ildə Amasiyanın Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirib, elə həmin il Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Mexanika fakültəsinə daxil olub. 1962-ci ildə AzPİ-ni Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar alətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək, mühəndis-mexanik sənətinə yiyələnib. Savadı yüksək mədəniyyəti ilə müəllimlərinin rəğbətini qazanan K.Əliyev ali təhsilini başa vurduqdan sonra Nəzəri mexanika kafedrasında müəllim-assistent vəzifəsində saxlanılıb. İllər sonra o, dəfələrlə bu etimadı doğruldub, çoxsaylı gənclərin elm sahəsində inkişafına təkan verib. 1969-cu ildə professor İ.Bəxtiyarovun rəhbərliyi altında namizədlik, 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Politexnik İnstitutunda "Çoxrabitəli bircins qarışıq mühitlər üçün  elastiklik" mövzusunda doktorluq dissertasiyasını müdafiə edən K.Əliyevin elmi işi keçmiş SSRİ-nin görkəmli alimləri, professorlar D.İ.Şerman, G.R.Çerepanov, V.A.Palmov digərləri tərəfindən yüksək qiymətləndirilib. XX əsrin 70-80-ci illərində mexanika elminə verdiyi əsaslı töhfələr Knyaz müəllimin adını elmin bu sahədə qabaqcıl nümayəndələri siyahısına daxil edib.

O, Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Mexanika" bölməsinin sədri, namizədlik (fəlsəfə doktoru) doktorluq (elmlər doktoru) dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuranın üzvü, Elmi Şuranın nəzdindəki elmi seminarın sədri olduğu dövrdə həmişə öz nümunəvi fəaliyyəti ilə fərqlənib.

Professor Knyaz Əliyev ölkəmizin hüdudlarından kənarda, beynəlxalq konfrans simpoziumlardakı çıxışları ilə elmimizi yüksək səviyyədə təmsil edib. Amerika Bioqrafiya İnstitutu tərəfindən 1997-ci ildə dərc olunmuş dünyanın 2000 ən görkəmli elm ictimai xadimini əhatə edən beynəlxalq sorğu kitabında-ensiklopediyada ona xüsusi yer ayrılıb, elmi-pedaqoji fəaliyyətinə yüksək qiymət verilib. O, 2009-cu ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən "İlin adamı" diplomu ilə təltif edilib. Alimin Azərbaycan elminin təhsilinin  inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. Belə ki, Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncamla o, "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 100-dən artıq elmi məqalənin, dərs vəsaitinin müəllifi olan professor K.Əliyev 40 ilə yaxın AMİU-nun Nəzəri mexanika kafedrasına rəhbərlik edib.

Professor Knyaz Əliyev Azərbaycan təhsili üçün hələ çox işlər görəcəkdi... Azərbaycan Memarlıq İnşaat Universitetində keçirilən vida mərasiminə toplaşan respublikamızın tanınmış ziyalıları, mərhumun doğmaları, həmkarları, yetirmələri onun yüksək ziyalılıq əsl insani keyfiyyətlərindən söz açdılar. Dəfn mərasimində çıxış edənlər onun alim, pedaqoq, yüksək mənəviyyata malik bir şəxsiyyət olduğunu dilə gətirdilər. Universitet yaranan gündən Nəzəri mexanika kafedrasında çalışan professor K.Əliyevin 40 illik fəaliyyəti dövründə universitetin istər ictimai, istərsə elmi-pedaqoji həyatında həmişə ön cəbhədə olduğunu deyən həmkarları, işlədiyi kollektivin böyük məhəbbətini qazanmış alimin özünü hər zaman müdrik bir rəhbər kimi göstərdiyini diqqətə çatdırdılar. Çıxışçılar onun həm alim kimi məhsuldar fəaliyyətindən, həm Yeni Azərbaycan Partiyasının üzvü kimi respublika səviyyəli işlərdə ictimai fəallığından bəhs etdilər. Alimin qoyub getdiyi zəngin elmi irsin hələ uzun illər xalqımıza, elmimizə xidmət edəcəyini, onun ölümünün təkcə  yaxınları, doğmaları üçün deyil, Azərbaycan elm təhsili, həmçinin çiyin-çiyinə çalışdığı həmkarları yetirmələri üçün böyük itki olduğunu vurğuladılar.

Vida mərasimində Knyaz müəllimin ailəsi adından çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov alimi son mənzilə yola salmağa gələn hər bir kəsə təşəkkür etdi. Professor K.Əliyevin təkcə elmi mühitdə deyil, ailədə, qohumları, doğmaları arasında da nümunəvi insan, gözəl ailə başçısı, müdrik ağsaqqal olduğunu söylədi.

El arasında belə bir ifadə var: yaxşı insan! Bu ifadəni mübaliğəsiz Knyaz müəllimə şamil etmək olar. O, bu  fani dünyaya necə saf gəlmişdisə, eləcə saf getdi. Cəmiyyətdə, şəxsi həyatında baş verən deformasiyalar onu dəyişdirə bilmədi. O, ömrü boyu deformasiya olan metalları öyrəndi, öyrətdi, ancaq özü deformasiyaya uğramadı ...

Yaxşılığa meyar üçün çəki var, ölçü var, Yaxşı adam edərsə, insanların nəzərində yaxşı olar...

Yuxarıda söylənilənlər ləyaqətlə yaşanmış, artıq tarixə çevrilmiş mənalı bir ömrün xoş xatirələridir. Bu xatirələrin işığından unudulmaz bir obraz boylanır. Bu obraz insanlığı, şəxsiyyət bütövlüyünü özündə cəmləşdirir.

Ömür çox tez ötüb keçir, yerində acılı-şirinli xatirələr qalır:

 

Ömrümüz-günümüz durna qatarı,

Dağıtma bu qərib qatarı, dünya.

Gəlimli-gedimli dedilər sənə,

Vəfan ötəridir, ötəri dünya!

 

Knyaz müəllim haqqında daha çox söz demək, daha geniş  fikirlər  söyləmək olardı. Tanıdığım ən təmiz müəllimlərdən biri olan professor Knyaz Əliyev haqq dünyasına qovuşandan bəri mənə ağırlıq edən kədəri dilə gətirməyi, bu dəyərli insan haqqında ürək sözlərimi qələmə almağı onun ruhu qarşısında özümə mənəvi borc bildim. İnanıram ki, onun kimi təmənnasız, həyatını xeyirxah əməllərə həsr etmiş alimlər heç zaman unudulmurlar, çünki onlar sağ ikən öz  adlarını əbədi olaraq yaddaşlara həkk edirlər. Belə insanlar cismən dünyamızı tərk etsələr də, ruhən həmişə bizimlədirlər.

Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!

 

Anzulə CƏFƏROVA

Bakı Dövlət Universiteti,

"Bakı Universiteti" qəzetinin redaktoru

 

525-ci qəzet.-  2017.- 18 yanvar.- S.4.