Ölülərin dirilərə məktubu

 

(II yazı)

 

 (Əvvəli 17 yanvar sayımızda)

 

Yüzlərlə adam mollanın səsinə səs verdi və məhrumu təntənə ilə dəfn etdilər.

Bildirmək istəyirik ki, bizim məkanda dələduz, ara qarışdıran dindarlara, yalançı, savadsız mollalara, əməli düz olmayan hacılara, kəlbəlayilərə, məşədilərə yer yoxdur. Onları burada dini mərasimlərə, məclislərə yaxın buraxmırlar.

 Burada əksər millətlərin nümayəndələri bəzi məsələlərdə bizə çox hörmətlə yanaşırlar. Deyirlər ki” Sizdə milli, irqi, dini ayrı-seçkilik yoxdur. Bütün millətlər qardaş kimi bir yerdə mehriban yaşayırsınız. Bir-birinizə hörmət edir, əl tutursunuz. Xeyriniz,-şəriniz birdir”.

 Biz də onlara izah edirik ki, əslində belə olmalıdır. Axı bütün insanları Allah yaradıb və hər bir kəsin irqindən, dinindən, millətindən asılı olmayaraq yaşamaq haqqı vardır.

 Millətlərə səmimi münasibətimiz ermənilərdən başqa hamının xoşuna gəlir.”Sizin ölkədə yaşamaq, işləmək gözəldir, insanlarınız çox qonaqpərvər, mehribandır”-deyirlər.

Ancaq bizi tənqid etməkdən də çəkinmirlər. Xüsusilə xeyir-şər məclislərimiz, qənaətçil olmamağımız, bir-birimizlə bəhsə girməyimiz, özümüzdən bədgüman olmağımız haqqında yaxşı fikirdə deyillər. Bəzən qulaqlarımız eşidə-eşidə bir-birləri ilə pıçıldaşırlar: “Bu azərbaycanlıların yası toy, yeyib-içmək məclisinə oxşayır. Toy məclisləri isə tamam əndazədən çıxıb. Şadlıq evlərində masanın biri 150-200 manata qalxıb. Belə də qiymət, israfçılıq, oyunbazlıq olar?”

Özümüzü sındırmırıq, səxavətli, ölülərimizə etiramlı, qonaqpərvər olduğumuzu sübut etmək üçün müxtəlif bəhanələr gətirsək də, onları öz fikirlərindən döndərə bilmirik. Əslində bu adamların iradları düzgündür və bunu işıqlı dünyadan gələn sakinlərimiz də təsdiqləyirlər.

Ölülərdən biri deyirdi ki,” Oğlum böyük vəzifədə olmasına baxmayaraq uzun müddət məni qocalar evində saxlatdırdı. İldə üzünü bir dəfə görməsəm də, öləndə üstümdə hönkür-hönkür ağlayıb saçlarını yoldu, ah-aman elədi. Məni  şəhərdən rayona aparıb, əməlli başlı yas mərasimi qurdu, üçümü, yeddimi, qırxımı verdi. Yas yerindən əməli-başlı pul yığıb özünə bahalı bir maşın da aldı. Halal xoşu olsun, amma heç vaxt oğlumu, gəlnimi bağışlamayacağam. Çünki onlar sağlığımda mənə zülm etdilər. Öləndən sonra mənə qoyduqları hörmət qəpiyə dəyməz”.

Digər bir ana da övladlarının namərdliyindən gileyləndi: “Sağlığımda məni qapılara saldılar, ona-buna möhtac qoydular. Dərd-sərimi bilmədilər, üzümü güldürmədilər, dava-dərmanımı almadılar. Öləndən sonra yamanca qiymətə minmişəm. Mənə dəbdəbəli yas qururlar, ehsan verirlər, üstümə qara mərmərdən bahalı başdaşı qoyurlar. Heç nəyinizi istəmirəm, qəbrimin başına yığışıb məni narahat etməyin, çıxıb gedin!”

Başqa bir ölü isə toyda başına gələnlərdən danışdı: “Allaha and olsun toylar başlayanda qaçıb gizlənməyə yer axtarırdım. Gündə 2-3 toy olar? Gedirdim cibim boş, uşaqlar ac qalırdı, getmirdim üz utanırdı. Birdə ki, toya gedənlər verdiyi 200-300 manatı çıxarmaq üçün möhkəm yeyib-içmək istəyir. Mən də bir neçə dəfə bu qarınqululuğun bəlasını çəkdim. Toylarda az yeməyə söz vermişdim, axı iyirmi cür yeməyi qarın götürməz. Amma axırıncı toyda arvad məni yoldan çıxardı:” A kişi, bu qədər pul verirsən bir doyunca yeyib-içsənə. Qarnını qucaqlayıb nə oturmusan, görmürsən camaat yeməyə necə girişib?”

Arvadın sözünə inanıb qarşıma nə qoydularsa yedim və evə çatmamış halım pisləşdi. Həkimlər də köməyimə çata bilmədilər. Ağlıma yox, qarnıma güvənib bu günə düşdüm...

Şirin söhbətləri, səmimi etirafları ilə seçilən yoldaşlarımızdan biri isə başına gələnləri belə söylədi:-Mən də anladıqlarıma yox, eşitdiklərimə inanıb ömrümə qəsd etdim. Xırda da olsa vəzifəm var idi, dolanırdım. Oğluma babat bir yerdən qız da nişanlamışdım. Toy gününü təyin edəndə qız evi bildirdi ki, məclis bahalı şadlıq evində keçirilməli, çalıb-oxuyanlar xarici ölkələrdən dəvət edilməli, toy dəbdəbəli olmalıdır. Qiymətlərlə tanış olanda etiraz etmək istədim. Arvadım, qohum-qardaş məni qınadı, “Ayıbdır, adın-sanın var, kimdən əksiksən, yerindən duran xaricdən oxuyan gətirir sənə nə olub axı. Babat adamlar çağırıb pulunu yığacaqsan, oğlunu pərt eləmə”.

Uşaqlar Türkiyədən, Rusiyadan oxuyanlar dəvət etdilər, bahalı şadlıq evi sifariş verdilər.Allah elə bil ki, mənə qarğıdı. Min nəfərlik dəvətnaməni yazıb payladığım günün səhəri işdən çıxarıldım. Toyuma nəinki vəzifəli tanışlarım, dostlarım, heç yaxın qohum-əqrabamın çoxu gəlmədi. Əlimdə olan pul nədi, oğlum üçün tikdirdiyim villanı satıb toy xərclərini güclə ödədim. Əlim almağa öyrəşdiyindən verdiklərimin dərdi ürəyimi üzdü, günümü qara elədi və canımı aldı”.

Bu söhbətləri eşitdikcə fikirləşirik: “Biz nədən bir-birimizlə bu qədər bəhsə giririk, sağlığında əzizlərimizin gününü qara edib canını alır, öləndə onları qiymətə mindirir, dəbdəbəli yas mərasimləri qurur, məzarının üstünə qara mərmərdən başdaşı ucaldır, hətta mükafat da veririk? Nə üçün toy, yas mərasimlərini şouya çevirib bu qədər israfçılığa yol verir, canımıza, pulumuza qəsd edirik? Kimlərinsə bəhsinə xarici ölkələrə müalicəyə, istirahətə gedir, uşaqları xaricə oxumağa göndərir, bahalı maşınlar alır, dəbdəbəli villalar tikdirir, elmli olmaq yox, diplomlu olmaq xatirinə oxuyuruq? Alimlərimizin, həkimlərimizin, müəllimlərimizin elminə, savadına, gənclərimizin gələcəyinə şübhə edirik, öz gücümüzə, qüdrətimizə çox vaxt inanmırıq, başqalarını isə özümüzdən üstün tuturuq? Nədən başqalarının elminə, mədəniyyətinə, səhiyyəsinə həsəd aparıb özümüzü aşağılamalıyıq?”

Xətrinizə dəysə də bunları sizə deməliyik. Bir-birinin bəhsinə vəzifə qazanmağa çalışan, dilini, dinini, adət-ənənəsini unudan, xalqa xidmət etmək əvəzinə var-dövlət toplayan, villalar ucaldan, bahalı maşınlar alan, xaricdə oxumağa, müalicə olunmağa, istirahət etməyə üstünlük verən, əyri yollar tutan və nəticədə canını, var-dövlətini, ismətini də itirib gör evinə ürcah olan insanların söhbətləri bunu deməyə əsas verir.

Bu günlərdə qoca bir alman məndən soruşdu ki, “sizin ölkədə ali məktəb, yaxşı həkim, xəstəxana, istirahət mərkəzləri yoxdur?”

Dedim ki,” yaxşı məktəblərimiz, universitetlərimiz, müasir xəstəxanalarımız, savadlı, bacarıqlı həkimlərimiz, istirahət etməli gözəl yerlərimiz çoxdur”.

Sual etdi ki,” onda bəs nədən sizin vəzifə sahiblərinin balalarının əksəriyyəti təhsil almağa, insanlar müalicə olunmağa, istirahət etməyə bizim ölkəyə, xaricə üz tuturlar?”

Cavab verdim ki, “məgər bu pisdir?”

Gülüb dedi:--Əlbəttə pisdir. Siz birincisi öz təhsilinizə, elminizə, həkimlərinizə inanıb arxalanmalısınız. Milyonlarla vəsait sərf edib xaricdə təhsil almaq, müalicə olunmaq, istirahət etmək kütləvi olmamalıdır. Xaricdə təhsil almağa pulu olanlar deyil, ağıl, savad sahibləri gəlməlidirlər. Siz pullarınızı havaya sovurursunuz”.

Bu sözlər məni bərk tutdu, həmyerlilərimiz də pərt oldular. Fikirləşəndə gördük ki, alman düz deyir. Nəyə görə hər yerindən duran vəzifəlinin balası savadı olmadığı halda  xarici ölkədə təhsil almalıdır?  Minlərlə insan müayinə, müalicə olunmaq, istirahət etmək üçün başqa ölkələrə getməlidir? Axı bu külli miqdarda vəsait deməkdir, imkan, şərait olduğu halda bu pullar nə üçün ölkəmizdə xərclənməməli, xaricə aparılmalıdır?

Araşdıranda görürük ki, bu halların çoxu bəhsə girməkdən, lovğalıqdan, harınlıqdan irəli gəlir. Bəziləri əlli min verib müayinə olunmasından, yüz minə oğluna bahalı mənzil kirayə etməsindən, külli miqdarda xərc çəkib sanatoriyada dincəlməsindən, bahalı təyyarədə xaricə uçmasından, tısbağa, qurbağa, ilan, at əti yeməyindən, pljaşda lüt-üryan çimməyindən, əcnəbi qızlarla tanışlığından və onlara bahalı hədiyyələr aldığından, daha nələrdən, nələrdən elə şit-şit danışırlar ki, lap adamın əti tökülür. Sonra da qayıdırlar ki,” kimdən əksiyik axı, pulu biz qazanmamışıq məgər.  Beşgünlük dünyanın kefini çıxarmaq lazımdır”.

Həmyerlilərimizdən biri peşmançılığını gizlədə bilmirdi, ağılsızlığından gileylənirdi: “Jek müdiri idim, pis dolanmırdım. Uşaq orta məktəbdə yaxşı oxumasa da fikirləşirdim bir peşə öyrənər, gələcəkdə özü öz başını saxlayar. Amma işçilərdən biri qılığıma girdi, “sən kimdən əksiksən-dedi- filankəsin oğlu adını yaza bilmirdi, indi xaricdə oxuyur, filankəsin qızı filan yerdə təhsil alır, sənin uşağına nə olub axı? Ali məktəbə qoysan ağıllanacaq, oxuyacaq, dil öyrənəcək”.

 Deyilənlərə əvvəl məhəl qoymasam da sonradan ağlımı uduzdum. “Kimin balası mənim oğlumdan artıqdır”-deyib uşağı xarici ölkə  məktəblərindən birinə düzəltdim. Təhsil haqqı, yeyib-içmək, mənzil xərcləri çox olsa da birtəhər dözürdüm. Uşağın kəmsavadlılığı da məni narahat etmirdi, ayda birtəhər 4-5 min dollar tapıb göndərirdim. Amma sonra bu rəqəm bir azda artdı və bir gün eşitdim ki, oğlum oxumağı buraxıb bir erməni qızına vurulub. Yanına getdim, öyüd-nəsihət verdim, eşitmədi-Sən mənim işimə qarışma, sevgi azaddır, mən kimlə istəsəm onunla da evlənə bilərəm-dedi.

Kor-peşman  geri qayıdıb, əhvalatı anasına danışdım. Onu da eşitmədi, sonra heç zənglərinə də cavab vermədi.Bir ay keçməmiş öyrəndik ki, iki uşağı olan erməni qadınla evlənib. Bunu eşidən arvadımın ürəyi dözmədi. Oğlum isə heç yas yerinə də gəlmədi. Dərd məni də öldürdü”.

Digər bir həmyerlimizin oğlu da oxumaq adı ilə xaricə gedib və orada özündən otuz yaş böyük olan bir əcnəbi qadının toruna düşüb. Atası bir vaxt ayılıb ki, oğlu oxumaq nədir, sərxoşluğa qurşanıb, səhər-axşam qoca sevgilisi ilə restoranlardadır, onun pullarını kefi istədiyi kimi xərcləyir. Bu hal kişinin bağrını çatladıb bizimlə yoldaş etdi.

Bax, başqası ilə bəhs etməyin, öz ali məktəbini, həkimini, dilini, dinini, adət-ənənəsini bəyənməyənin, böyük-kiçiyini qiymətləndirməyənin aqibəti budur. Əgər ucalmaq, tanınmaq, sevilmək istəyiriksə, birincisi özümüzü sevməli, özümüzü tanımalıyıq. Oğlumuzu, qızımızı yaxşı tərbiyə etməli, oxutmalı, elm verməliyik. Bilikli, ağıllı, vətənpərvər insanlara yol açmalı, meydan verməli, vəzifə tapşırmalıyıq.Insanlara var-dövlətinə, kiməsə qohumluğuna görə yox, ağlına, qabiliyyətinə görə qiymət verib yer göstərməliyik.

Belə hallar bizi gor evində rahat qoymadığı üçün sizə üz tutduq. Çünki bir-birimizi bəyənməməyin, ağıllımızı vaxtında qiymətləndirməməyin, özümüzə quyu qazmağın, balta çalmağın bəlalarını çox görmüşük və bu gün də onların ağrılarını yaşayırıq. Çətin günlərdə həmrəy olmamaq, ağıllı adamları eşitməmək, küyə getməyimiz, mala-dövlətə, vəzifəyə aldanmağımız millətimizə, dövlətimizə başağrısı olub.

Uzaq keçmişi demirik-1918-ci ildə bunu görmüşdük. Əgər o vaxt ki hadisələrdən nəticə çıxara bilsəydik 1990-cı ilin 20 Yanvar faciəsini, 1991-93-cü illərin hərc-mərclik  günlərini, Xocalı, Qaradağlı soyqırımlarını, vətəndaş qarşıdurmaları anlarını yaşamazdıq. Çox təəssüflər olsun ki, o əzablı günləri yaşadıq. Sizi və bizi  dəhşətli illəri yaşamaqdan xilas edən o müdrik kişiyə, böyük insana gündə min dəfə rəhmət söyləmək azdır, onun ruhu qarşısında dönə-dönə baş əymək və əmin-amanlığa, sakitliyə görə milyon dəfə minnətdarlıq etmək lazımdır.

Yoxsa sizin kimi bizim də dünyamız dağılardı, qəbirlərimiz düşmənlərin ayaqları altında itərdi, başdaşılarımız murdarlanardı, məzarımız odlanardı.

Bu günə şükr edin, keçmişi unutmayın, tez-tez qanrılıb geriyə baxın və yolunuzu azmayın. Şirin dillərə, yalanlara, kiminsə puluna uymayın. Göydə Allahınıza, yerdə sizi özünə əziz bilən bəndənizə baxın, sədaqətli olun.

İnsanlığı uca tutun, verilən vəzifəni, göstərilən etimadı qiymətləndirin. Həqiqəti söyləməkdən, haqq-ədaləti qorumaqdan çəkinməyin. Xalq, Vətən naminə birləşin, sıralarınızı möhkəmləndirin.

Şəhid məzarlarına baş əyin, igid oğul-qız böyüdən ata-analara ehtiram göstərin. Namuslu, vətənpərvər övladlara dayaq durun, onları sınmağa, nadanların qarşısında əyilməyə qoymayın.

Yaxşını yamana satmayın, varın-dövlətin əsirinə çevrilməyin, ləyaqətinizi, adınızı, sözünüzü uca tutun.

Bilin ki, ruhumuz, fikrimiz sizinlədir. Belə olmasaydı bu məktubu yazmağı qərara almazdıq və buna görə peşman deyilik. Bildiyimiz bəzi məsələlərə aydınlıq gətirmədik, bu sətirləri yazmaqla kifayətlənməyi lazım bildik.

Vətənimizi, Xalqımızı  xoşbəxt, firavan,  hər birinizi azad, bəxtiyar, qeyrətli, ləyaqətli insan, vətəndaş görmək arzusu ilə Sizdən ayrılırıq. Yolunuz uğurlu, əməlləriniz saf,  ömrünüz uzun olsun. Özünüzü qoruyun.

 

Tahir RZAYEV

Milli Məclisin deputatı, fəlsəfə doktoru

 

525-ci qəzet.- 2017.- 20 yanvar.- S.10.