Kövrək duyğular

 

Bu ilin 19 yanvarından 20-nə keçən gecə Bakıda baş vermiş faciənin ildönümünə nə qalır ki? Deyək 1 ay, 5 gün, 1 saat, bir an... Onsuz da həmin gecənin dəhşəti heç vaxt bizi tərk etmir. Ömrümüz durduqca bu dərd bizim özümüzdə getməlidir, əgər onu arxaya qoyub özümüz ondan irəli keçsək, başı gülləçaxanların yenə də hədəfinə çevriləcəyik. Qanlı Yanvar günlərini xatırlayanda yadıma bir bayatımız düşür.

 

Əzizim, oyan yeri...

Dur sallan, o yan yeri.

Yüz gün sel gəlsə, dolmaz

Bir gün qəm oyan yeri.

 

Elə bil Qanlı Yanvar hadisələrini öz gözləri ilə görəndən, namərd güllələrin oğul və qızlarımızın sinəsini şadaraya döndərəndən sonra babalarımız bu bayatını deyiblər. Yüz il ömür çatsa bəlkə də çox-çox yüzilliklər ağlasaq belə, təkcə 1990-cı ilin yanvar ayının 20-nə keçən gecənin sinəmizdə əmələ gətirdiyi qəm şırımını doldura bilməz. Həmin gün Azərbaycan torpağı yaşı qədər qoca, dumanlı dağları kimi qəmgin, buludları kimi ağlağan idi. Kimlər getdi o günlərə. Adlarını sadalamağa vaxtmı çatar? Hamısının müqəddəs ruhu qarşısında baş əyirəm.

... Adamlara tanıdıqları adamın ölümü daha çox təsir edir desəm, yəqin ki, məni qınayan az olar. Torpağımız uğrunda şəhid olanlardan Ülvi Bünyadzadəni tanıyırdım. 40 yaşım var. İndiyə kimi 3 dəfə hıçqıra-hıçqıra ağlamışam (kaş bir də qismətim olmasın). Qardaşım Mehmanın, atam Həbibin və Ülvinin ölümündə.

Qardaşımdan yadigar qalmadı. Atamın yadigarları övladları, Ülvinin yadigarı ''Ülvi duyğularım kitabıdır.

Ülvi! Onunla qardaşımgildə Bakıda tanış olmuşdum. Adi bir ad günündə. Qardaşımla Ülvinin əmisi Hüseyn həkimlə qonşu idi. Ad günündə, xudmani məclisimizdə hərə öz sözünü deyirdi. Ülvi, əmisi, əmisinin ailəsi bizimlə birlikdə ad günündə iştirak edirdilər. Kimsə dedi ki, Ülvi pianoda bir xalq havası çalsın.

O, utancaq-utancaq qalxıb piano arxasına keçdi. Ülvi həmin andan yaddaşımda yaşamağa başladı. 18 yaşı var idi. Qonur gözləri, çatılmamış, qartal qanadları kimi gərilmiş qara qaşları ağbəniz çöhrəsinə bir qədər kölgə salanda sifəti qəribə, ciddi görkəm alırdı. Məclis boyu ağzını açıb bir kəlmə kəsməyən bu gəncin sinəsi altında necə sirli xəzinə varmış, ilahi. Bizim aşıq musiqisi, əl havacatları pianoda necə səslənirmiş, Allah.

Bayaqdan dillənməyən susub duran bu Ülvi balanın ürəyi nə imiş, tanrı? Barmaqları nə oyun eləyirdi, ilahi.

Göyçə gölündən başladı, Divanıdan adladı, İrəvan çüxurunda ayaq saxlamadı. Sarıtelləri bir-bir saydı, ayırdı: Ayaq sarıtel, Orta sarıtel, Baş sarıtel, Naxçıvani, Yanıq Kərəmi... Allah-təala ürəyinə qədər sözü-sovu olarmış. Aşıq havaları dəyişdikcə ovqatımız da dəyişirdi. O vaxt dəfələrlə kövrəldim.

Dağlarımızın, lilparlı, baldırğanlı gözlərimizin, dodaqlarımıza həsrət qalan bulaqlarımızın xiffəti doldu qəlbimə.

Onlarla qovuşmağa cığır aradım, yol axtardım. Aşıq Alının, Aşıq Ələsgərin sazları Ülvinin əli ilə köynəkləndi.

Sarı simə toxunma dedi: xalqımızın qara bəxtinə düşüb, eləcə pianoda çaldı. Ağlı-qaralı şirmayı dillər çox-çox uzaq mətləbləri gecə-gündüz kimi bir-birinə qovuşdurdu. Çalırdı, yorulmaq bilmirdi, qəlbinin həyəcanı tükənmirdi. Ülvi yadımda beləcə qalıb... 18 yaşında, bığ yeri yenicə tərləyən bir cavan, yeniyetmə kimi, bir də xalqımızın istedad sahibi kimi. Bir də sadə görkəmi ilə heç bir azərbaycanlı balasından fərqlənməyən oğul kimi yaşayır qəlbimdə Ülvi Bünyadzadə.

O vaxt məclisdə iştirak edənlərin heç biri bilmədi ki, Ülvi həm də Şairdir. Şair sözünü böyük hərflərlə yazıram. Ülvinin köçündən sonra işıq üzü görən kitabını bu günlərdə oxumuşam və heyrətlənmişəm. Kitabı oxuyandan sonra ilk sözüm bu oldu: Ülvi xalqımızın mənəvi xəzinəsindən itən incidir. Hayıf, hayıf Ülvidən.

İlk kitab, Ülvi duyğularım. Ülvinin bibisi Almaz Binnətovanın bu kitaba qədər respublika mətbuatında yazdığı ürək ağrıları və bu kitaba yazdığı ön sözü oxuyanda belə özümü ağlamaqdan saxlaya bilməmişdim. Bir vaxt Ülvinin çaldığı saz havaları daimi yol yoldaşım olacaq. Bu tərəfdən də şeirləri: birincidən sonuncuya kimi təsirli, tale şeirləri.

Bilirəm ki, Ülvinin ilk və son (bəlkə də son olmayacaq; axı onun tərcümələri, dərc olunmamış yazıları var) şeir kitabı haqqında çox yazılacaq. Mən də ürəyimdən gələnləri deyirəm.

Nəşriyyatlara iradım var. Yox, iradımdan əvvəl Gənclik nəşriyyatına dərin minnətdarlığımı bildirirəm. Sağ olsunlar, qayğı göstəriblər. Ülvinin kitabını ili çıxmamış çap ediblər. Ancaq bir Allah bilir ki, Ülvi yaşasaydı onun kitabını 30-35 yaşında çap edən tapılacaqdı, ya yox? Kaş yaşayaydı, kitabı gec çıxaydı. Bizim millətin aqibətidir. Məmməd Araz demişkən:

 

Birindən soruşdum şairəmmi mənə

Özümü ki, özümü öyə bilmərəm.

Cavabı astaca qopdu dilindən, -

- Hələ ölməmisən, deyə bilmərəm.

 

Elə bil Ülvi üçün yazılıb bu misralar. Ülvi Vətən şəhididir. Ülvi canı ilə, qanı ilə şairdir, musiqiçidir. Kitabdakı şeirləri elə bil əvvəlcədən başına gələcək hadisələri bilərəkdən yazıb. Deyirlər, şairlər öz talelərini yazırlar. Ülvi də eləcə yazıb. Şeirlərini də, poemasını da. Xalqına, torpağına bağlılıq, mənəvi saflığa çağırış, adamların qaranlıq tərəfləri ilə barışmazlıq, dövrün, zamanın xarakterlərində əmələ gətirdiyi dəyişikliklərə qarşı mübarizə Ülvinin poeziyasının ana xəttidir. Nə yazıbsa ürəyinin qanı ilə yazılıb. Sevindiyi anlarda yaxşılara arxalandığını bildirib. Kədərini özü çəkib, heç kim ilə bölüşməyib. Ölümün üzünə dik baxmağı bacarıb. Ülvinin şeirlərində qorxaq, bic misra yoxdur. Şeirləri cəsarətli, misraları misri qılınc kimi zağlıdır, taleyi kimi.

Ülvi hansı mövzuya tuş gəlibsə onu özününkü eləyə bilib. Qəlbinin odunda bişməyən misranı ürək kürəsindən çıxarmayıb. 20 yaşlı bir gəncin mövzu rəngarəngliyi adamı heyrətləndirir. İstədim bu kiçik yazımda Ülvinin şeirlərindən bəzi bəndləri misal gətirim. Hansını yazım, bilmirəm. Gərək kitabı bütövlükdə köçürüm onda. Ülvi əsgər şeirlərini bu misra ilə bitirir: Vətənə borcumu verməyə gəldim. Ülviyə desəydilər ki, bir gün Sovet əsgərləri Bakıya girib dinc adamları güllələyəcəklər, inanmazdı. Yox, qətiyyən inanmazdı. Ülvi deyir:

 

Verirlər yadlara az nemətimi.

Payız nemətimi, yaz nemətimi,

Yaltaqlar yurdumun naz-nemətini,

Uduzub, istəyir çura, ağlaya.

 

Xalqımızın səxavətli başçılarının başımıza gətirdiyi müsibətləri bu bircəbənddə ürək ağrısı ilə ağlaya-ağlaya deyən şair balamız da bu səxavətin qurbanı olub. Xalq ruhundan, el poeziyasından, saz köynəyindən çıxan büllur duyğular Ülvi şeirini cilalayıb. Olur adlı qoşmasında Ülvi yazır:

Doğmaca qardaşdır çaqqal qurd ilə,

Qəsdən el içində gəzirlər elə,

Yalandan quyruğu düşübdür dilə,

Hiylələr tülkünün izində olur.

 

Şair burada el arasında özünü yaxın göstərən, əslində isə mənəviyyatca çürük, öz mənafeyinin xatirinə doğma qardaşının belə başını arxadan kəsməyə hazır olan, ürəyində ilanlar, əqrəblər qaynaşanların son nöqtədə əməlcə birləşməsinin obrazını yaratmışdır. Yanvar hadisələrində qanı batan şəhidlərin qəsdini təşkil edənlərin izləri bu nöqtədə birləşən kimi. Birləşdilər, kimisi ad-san sahibi oldu, kimisi rütbə. Şəhid olanlar isə xalqımızın sıravi adamları, qeyrətli oğul və qızları oldu. Qəbirləri nurla dolsun.

Əfqanıstanda həlak olan azərbaycanlıların xatirəsinə həsr edilmiş Ömür yolu poemasını oxuyanda kövrəlməyən tapılmaz, tapılsa həmin oxucudan torpağımızın gələcəyi üçün şəhid olmaz desəm, inanın. Elə bil Ülvi bu poemanı Əfqanıstanda həlak olanlara deyil, Bakıda şəhid olanlara həsr edib. Elə özü haqda yazıb. Poema bu misralarla tamamlanır.

Zəifdir qüdrətim, kütdür qələmim,

Ürək dolub daşır yaza bilmirəm.

Mən də sizin kimi həyat yolunda

Azmaq istəyirəm, aza bilmirəm.

 

Elə bil, öz ölümündən qabaq nəğmə ötən qu quşları kimi Ülvi də son şərqisini bu dördcə misrada deyib. Qəribədir, Ülvi deyir ki, ölüm insanların son heyrətidir.

Ülvinin kitabını oxuyandan sonra və tanış duyğularımla təkbətək qalandan sonra fikirləşirəm və heyrətlənirəm ki, bizim sabahımız hayana gedir. Min dəfə təəssüf edirəm ki, tale deyilən bu oyun niyə başqa millətlərin deyil, məhz Ülvi kimi istedadlı oğul və qızları olan bir millətin başına gətirilir. Bircə təskinliyi onda tapıram ki, gələcəkdə sinəmizə tuşlanan gülləyə sinə gərən oğullarımız indi daha çoxdur. Çünki yanvar hadisələrinin qanlı dərsləri, bir də Ülvi kimi pak və müqəddəs bir şairin Ülvi duyğularım kitabı onların yoluna həqiqətin nurunu çiləyir. Ülvinin ölümünə inanmayan oxucularsa ölümün insanların son heyrəti olduğunu bir daha təsdiqləyir. Heyrətlənirsən ki, ölüm Ülviyə necə qıyıb. İndi onun ölümünə kimlər ağlayır. Bakıda şəhidlər məzarına gələnlər, babası Qasım müəllim, bibisi Almaz, əmisi Hüseyn həkim, Daşkəsəndə atası Yusif, anası Kifayət, Naxçıvanda dayısı Mikayıl həkim, bir də mən...

 

Elman HƏBİB

1990, Naxçıvan

 

525-ci qəzet.- 2017.- 20 yanvar.- S.8, 9.