"Mirnazim Əsədullayev - Sənətə sədaqət" təqdim olundu

 

Səbail MKS-in 1 saylı filialında (M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasında) Əməkdar artist, tanınmış kamança ifaçısı Mirnazim Əsədullayevin 65 illik yubileyi qeyd edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Əhsən Rəhmanlının "Mirnazim Əsədullayev - Sənətə sədaqət" adlı kitabının təqdimatı keçirilib.

Tədbirdə "Vahid" Ədəbi Məclisinin sədri Hacı Rafiq Şirvanlı, şərqşünas alim, şair Şahin Fazil, Xalq artisti, tarzən Firuz Əliyev kaman ustasının musiqi aləminə bəxş etdiyi töhfələrdən bəhs ediblər.

Kitabı yüksək dəyərləndirən natiqlər bildirib ki, nəşrdə tanınmış musiqiçinin həyat yolu və yaradıcılığı haqqında yazılar, müsahibələr, onun haqqında sənət adamlarının fikirləri, həmçinin xatirələr, iştirak etdiyi verilişlərlə bağlı məlumatlar yer alıb.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin, Azərbaycan Televiziya Muğam müsabiqəsinin iştirakçılarının ifasında xalq, bəstəkar mahnıları və muğamlarımız səslənib.

Sonda Mirnazim Əsədullayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək deyib: "Neçə illərdir mənə yoldaş, sirdaş, doğma olan bir alət var - kamança. Həyatda yaxşı nəyə nail olmuşamsa, hamısında onun payı var. Kamança Allahın mənə yazdığı xoşbəxt bir qismətdir".

 

525-ci qəzet.- 2017.- 24 yanvar.- S.7.