Azərbaycan siyasi liderlərindən
Əlimərdan Topçubaşının arxivi
Azərbaycanlı dostum Ramiz Abutalıbov irəliləyən yaşına rəğmən önəmli əsərlərə imza atmağa davam edir.
Parisdə fərqli illərdəki iki vəzifə
müddətində
Azərbaycan siyasi mühacirlərinin yaxınlarıyla qurduğu səmimi münasibət nəticəsində əldə
etdiyi sənədləri
ölkəsinə
gətirib,
Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi ilə Dövlət Arxivinə verib. Azərbaycana gətirdikləri və Parisdə müxtəlif araşdırma mərkəzlərində
mühafizə edilən
sənədləri Salavat
İsaqov və Georgi Mamulia ilə birlikdə dəyərləndirib Azərbaycanın
siyasi tarixi baxımından son dərəcə
önəmli əsərlər
ortaya qoyublar. Arxivlərə verdikləri sənədlərə
istinad edərək dostlarıyla müştərək
və Cəmil Həsənli də müstəqil monoqrafiyalar,
Azərbaycan siyasi mühacirətinin tarixini,
qarşılıqlı məktublaşmaları
ehtiva edən əsərlər yazıb,
sənəd nəşrləri
həyata keçiriblər.
Bu əsərlərin hamısı araşdırma
mövzusu, dəyərli
işlərdir.
Abutalıbovun məmləkətinə gətirdiyi
sənədlərin ən
dəyərlilərini Paris Sülh Konfransında Azərbaycanı təmsil
edən heyətin Əlimərdan Topçubaşıya
aid olanlar təşkil
etməkdədir. Ramiz bəy gürcü
dostu Georgi Mamulia ilə birlikdə "Ə.Topçubaşı,
Parijskiy Arxiv, 1919-1940.
VÇetıryex Kniqax.
Kniqa pervaya 1919-1921 ("Ə.Topçubaşı,
Paris Arxivi 1919-1940. Dörd kitabda.
Birinci Kitab 1919-1921)" adlı yeni əsər nəşr etdirib. Əsər Moskvada "Xudojestvennaya Literatura" Nəşriyyatında
2016-cı ildə Heydər
Əliyev Fondunun dəstəyi ilə çap olunub.
Yüksək hüquq
təhsili alan
Topçubaşı 1900-cü illərin əvvəlindən
etibarən Azərbaycanda
milli hərəkatın
öndərlərindən biri
olub. Çarlıq dönəmində Dumada millət vəkili Rusiya Müsəlmanlarının keçirdikləri
konqreslərin təşkilatçısı
kimi önəmli vəzifələri yerinə
yetirib, onların siyasət meydanında təşkilatlanmalarına yardım
göstərib, profil yaratmalarına təşviq
edib. Rusiyada I Dövlət Dumasında
Müsəlman Fraksiyasının
rəhbəri olub.
Müsəlman qrupun qanun layihələrinin mətnlərini
yazıb. Əlimərdan bəy Topçubaşı
ölkəsinin 1918-ci ildə
müstəqilliyini elan
etməsindən sonra millət vəkili olaraq siyasi fəaliyyət
göstərib. Haqqında akademik
səviyyədə ilk araşdırma
azərbaycanlı Vüqar
İmanov tərəfindən
Boğaziçi Universitetində
yazılan elmi tezisdir. Araşdırmaçı Topçubaşının Parisdə olan şəxsi arxivinə yol tapa bilmədiyi
üçün sadəcə
Azərbaycandakı sənədlər
dəyərləndirilib, hətta
Türkiyədəki sənədlər
də diqqətdən
kənarda qalıb.
Topçubaşı Avropada olduğu
illərin əvvəllərində
bilxassə ölkəsinin
Sovetlər Birliyinə
qatılmasından sonra
əlaqələrini genişləndirmək,
mücadiləsini daha
çox adama çatdırmaq üçün
köklü diplomatik fəaliyyət göstərib.
Sülh danışıqlarında iştirak
üçün Lozannada
olan İsmət İnönünü ziyarət
edib, heyət üzvləriylə təkbətək
görüşlər keçirib.
Görüş qeydlərində bu adlar yazılıb.
Lozannadakı türk heyəti
üzlərinin qeydlərində,
xatirə parçalarında,
bununla bağlı hər hansı ipucu yoxdur. Bu, böyük bir
əskiklikdir.
Azərbaycanın yenidən
müstəqil olmasından
sonra 1918-ci ilin avqustunda Parisə getmək üçün
İstanbula yola düşən Topçubaşının
öz hökuməti ilə apardığı yazışmalar Həsən
Həsənov, Ataxan Paşayev və V.Ağayev tərəfindən
"İstanbulda diplomatik
söhbətlər" adıyla
rusca nəşr edilib (Bakı, 1994). Azərbaycanda dövlət idarəsinin
qurulmasından sonra keçmişin öyrənilməsi
mərhələsində Paris Sülh Konfransından mərkəzə göndərdiyi
raportların orijinalları
və rusca tərcümələri "Paris məktubları" başlığı
ilə 1998-ci ildə nəşr edilib.
Paris və Bakı arxivlərindəki sənədlərə
istinad edərək tanınmış tarixçi
Cəmil Həsənli
mükəmməl bir
monoqrafiya nəşr etdirib: "Tarixi şəxsiyyətin tarixi
Əlimərdan bəy
Topçubaşov", Bakı,
2013. Əlimərdan Topçubaşının
bütün yazıları,
raportları və işləri Həsən Həsənovun səyi nəticəsində bu il dörd cild
halında "Əlimərdan
bəy Topçubaşov"
adı altında nəşr edilib. Bu dörd cild
xronoloji olaraq onun "Kaspi" qəzetində baş yazarlıq etdiyi vaxtlardakı jurnalistik, ictimai-siyasi, dövlətçilik,
siyasi mühacirət illərindəki fəaliyyəti
ilə bağlı əsərlər toplanıb.
Vətənindən uzaqda
siyasi mühacir kimi yaşadığı
ömrünün son 16 ili yaxın dostu və iş
yoldaşı Ceyhun Hacıbəyli və Azərbaycan müstəqilliyinin
lideri Məhəmməd
Əmin Rəsulzadəyə
yazdığı məktublar
bu cildlərdə yer alıb. Bu
araşdırmanın da
rusca çapı böyük talehsizlikdir.
Ümid edilir ki, önümüzdəki
günlərdə azərbaycancaya
tərcümə olunar.
Topçubaşı haqqında araşdırmaların
sonuncusunda Abutalıbov
və Mamulia onun Paris arxivində olan bütün sənədlərinin 4 cild
halında rusca nəşrini planlayırlar. Topçubaşının
Parisdəki arxivinin
çox böyük olduğu, 10 adamın 10-15
ilə ancaq dəyərləndirə biləcəyi
qeyd olunub. Çox müntəzəm işləyən,
sənədləri mühafizə
edən şəxs olduğundan xeyli sayda material toplayıb.
Rusiya müsəlmanları ilə
bağlı kifayət
qədər sənəd
yığıb. Arxivlərdə müsəlman qurultaylarına,
onların hazırlıq
dövrünə aid yetərincə
sənəd var. Bu qurultaylardan
öncə Rusiyada etdiyi səfərlərə
dair tutduğu yol qeydləri Bakıdakı arxivdədir.
Paris Sülh Konfransı
və Azərbaycan heyəti ilə bağlı məlumatlar da arxivləşdirilib.
Arxivdə 40 dəftərdən ibarət gündəlikləri
də mühafizə olunur. Gələcəkdə gündəliklərin nəşri çox yararlı olacaq.
Bu səbəblə
araşdırmaçılar işlərinin arealını
daraltmağa məcbur
olaraq, sadəcə diplomatik fəaliyyəti ilə bağlı sənədlərə diqqət
ayırıblar. Bu sənədlər;
onun verdiyi notalar, memorandumlar və görüşləri
ehtiva edir. Topçubaşı arxivinin toplu
nəşrinin 1919-1921-ci illəri
əhatə edən
1-ci cildinin giriş, tərcümə və qeydlər bölməsini G.Mamulia hazırlayıb.
Gürcü araşdırmaçı öz ölkəsindən
Avropaya siyasi mühacir kimi gedənlərlə bağlı
geniş araşdırma
apardığından mövzuya
kifayət qədər
hakim olub, sənədlərin
dəyərləndirilməsi və müqayisəsində
xeyli təcrübəlidir.
5-168-ci səhifələri əhatə edən bu bölmədə verilən ətraflı açıqlamalar çoxlu
izahlarla zənginləşdirilib.
Birinci cilddə 120 sənəd nəşr olunub. Bu sənədlərin bir qismi Topçubaşının
şəxsi, bəziləri
isə Fransa Xarici İşlər Nazirliyinin arxivindən əldə edilib. Topçubaşı diplomatik yazışmalarını
fransızca apardığı
üçün bu sənədlər ruscaya tərcümə edilib.
Azərbaycandakı elmi nəşriyyatların
əksərində rast
gəlinən çatışmazlıq
bu məsələdə
də qarşımıza
çıxıb. Əsərin kataloqu yoxdur. Şəxs adları baxımından önəmi inkar edilə bilməyəcək
kataloqa ən azından sonuncu cilddə yer verilməsi təmənnamızdır.
Bu seriyanın 1921-1923-cü illəri əhatə edən ikinci cildində 140 sənəd yer alacaq və artıq nəşrə göndərilib. Digər iki cild, 1924-1934-lə 1934-1940- cı illər sənədlərini özündə birləşdirəcək. Bu dəyərli əsərin ikinci cildində yer alacaq sənədlər Milli Mücadiləni sürdürməkdə olan Ankara Hökumətinin xarici işlər naziri Bəkir Sami Kunduhun London və Parisdə apardığı danışıqlar və görüşlər prizmasından bizi də yaxından maraqlandırmaqdadır. Bu araşdırmalarından dolayı müəllifləri təbrik edirik.
Ömər ÖZCAN
Türkiyə
(Çevirən: Cavid
QƏDİR)
525-ci qəzet.-
2017.- 25 yanvar.- S.4.