“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

I cild (noyabr 1918 - aprel 1920)

 

 

(Əvvəli ötən cümə sayımızda)

 

Azərbaycan Məclisi-Məbusanında 12-ci məclis

 

(keçən nömrədən mabəd)

 

Sədr - Növbədəki məsələ hərbiyyə nəzarətinin müvafiq məmurlarına verilən isimlər barəsindəki qanun layihəsidir.

Söz Qara bəy Qarabəyovundur. Bir də ərz etməliyəm ki, hərbiyyə nazirimiz həyatının qismi-əzəmini Rusiya daxilində keçirdigindən və məruzədə bir çox xüsusi islahlar olduğundan onları türkcə deməgə qadir degildir. Ona görə özü rica ediyor, bən də öz tərəfimdən təvəqqe ediyorum bu günlügə istisna olaraq izin verəsiniz mətləbini rusca söyləsin. Çünki mətləb əhəmiyyətlidir və türk dilində mühüm mətləbləri izah edəmiyəcəkdir.

Səslər - Qəbuldur, qəbuldur!

Qarabəyov - (İttihad) Bir neçə gündən bəri hərbiyyə nəzarətinin büdcəsinə müdafieyi-milliyyə komissiyasında hər bir təfsilat ilə baxılmışdır. Lakin burada hər bir məsələ söylənilməz. Çünki əskərə dair məsələlər açıq məclisdə müzakirə edilməz. Yalnız nümunə olaraq dəvairdəki qulluqçuların miqdarı ilə alacaqları maaş söylənilir (oxuyur).

Azərbaycan Cümhuriyyəti hərbiyyə müdiriyyəti dairələr və əskəri kütlələr təşkilatı layihəsinə

Cədvəl

1) Hərbiyyə nəzarəti və ordu dairəsi rəisi (general kvartirmeyster) dairəsi heyəti

2) Ordu dairəsində təhri və təhqiqat şöbəsi

3) Ərkani-hərbiyyəyi-ümumiyyə rəisi dairəsi heyəti

4) Ərkani-hərbiyyəyi-ümumiyyədə müxbirat şöbəsi

5) Hərbiyyə nəzarətində idarə və ləvazim müdiriyyəti

6) Hərbiyyə nəzarətində mühimmat və cəbbəxanə dairəsi

7) Ərkani-hərbiyyədə istehkam şöbəsi

8) Ərkani-hərbiyyədə topoqrafiya şöbəsi

9) Hərbiyyə nəzarətində divani-hərb heyəti

10)  Azərbaycan divani-hərbi heyəti və onun müddəiyi-ümumi nəzarəti

11) Azərbaycan Cümhuriyyətinin səhiyyəyi-hərbiyyə şöbəsi

12) Gəncədə hərbiyyə xəstəxanəsi heyəti

13) Hərbiyyə batareya şöbəsi

14) Dəmiryollar və sular üzərində əskərlər sövqedici müdiriyyət heyəti

15) Gəncədə məktəbi-hərbiyyə heyəti

16) Mərkəzi komandanlığı heyəti (məhəlli briqada)

17) Zirehli qatar heyəti

18) Gəncədə mərkəz komandanlığı heyəti

19) Süvari firqə qərargahı heyəti (süvari diviziya)

20) Azərbaycan dörd yüzlü süvari alayının heyəti

21) Mühimmati-nariyə və carihə emalatxanəsi heyəti

22) Mühimmati-nariyə və carihə deposu heyəti

23) Topçu briqada müdiriyyəti heyəti (qol ordu)

24) Xəfif üç batareyalı vobyus (qalubıç) iki batareyası topçu firqəsi heyəti

25) Üç batareyalı cəbəl firqəsi heyəti

26) İki batareyalı süvari topçu firqəsi heyəti

27) Dörd topçu xəfif batareya heyəti

28) Dörd toplu obus batareya heyəti

29) Dörd toplu cəbəl batareyası heyəti

30) Dörd toplu süvari batareyası heyəti

31) Topçu firqəsi parkı heyəti

32) Xəfif topçu parkı heyəti

33) Dörd topçu cəbəl batareyası parkı heyəti

34) Piyada firqə ərkanının heyəti

35) Azərbaycanda üçüncü qismdən iaşə deposu heyəti

36) Azərbaycanda üçüncü qismdən iaşə mağazini heyəti

37) “Foto” qism şöbəsi

38) Üç toplu piyada alayı heyəti

İmzalar: Komisyon sədri: general leytenant Şıxlinski

Üzvlər: General mayor Qacar

General mayor  Telexas

Miralay  Ağalarov

Miralay Qacar

Minbaşı Vəkilov

Komisyonda iştirak edənlər: miralay Səlimov, miralay Serebrennikov

Ərkani-hərb rəisi: Səlimov

(Məmurların miqdarı və maaşları dəxi oxunmuşdur). Bunların həpsini nümunə üçün söylədim. Çünki qədərini söyləmək lazım degildir. Ancaq idarələri zikr edim. Bizim komissiya təklif ediyor ki, hərbiyyə nəzarətinin büdcəsi böyləcə qəbul edilsin. (Çünki nəzarətin büdcəsinə hökumət və komissiya əlavə olaraq bir çox məmurların maaşını daha artıq təyin etməgi lazım bilmişdir). Bu idarələr gözəlcəsinə tərtib verilmişdir. Artıq adam və artıq xərc yoxdur. Əskəri iş mühüm bir işdir. Bu xüsusda biz fədakarlıq edib, xərcdən qaçmamalıyız. İnşaallah işimiz getdikcə yaxşı olar. Komissiyamız bu layihənin qəbulunu təklif ediyor.

Sədr - Söz hərbiyyə naziri Səməd bəy Mehmandarovundur.

Mehmandarov - (Ümumi, şiddətli və sürəkli alqışlar ilə istiqblal olunaraq kürsiyi-xitabətə gəliyor və rus dilində şu nitqi irad ediyor. Nitqi gələcək nömrədə veriləcəkdir)

Sədr - Söz Musa bəy Rəfiyevindir.

Rəfiyev - (Müsavat) Möhtərəm məbuslar! Bən müdafieyi-milliyyə komissiyası sədri olmaq həsbilə bu barədə bir neçə söz demək istiyoram. Sizə məlumdur ki, biz Azərbaycan türkləri əskəri vəzifədən kənarda qalmışıq. İmdi ovza bizi əskəri işə qarışmağa və əskər düzəltməgə məcbur etdi. Və məlumdur ki, bu işə nə qədər pis bir zamanda başladıq. Hər tərəfdə vuruşma, pozğunluq, hərcü-mərc. Əlbəttə böylə zamanda çox nöqsanlar olar. Əskər işini biz əvvəlcə türk qardaşlarımıza həvalə etmişdik ki, bizim üçün əskəri qüvvə təşkil etsinlər. Biz heç vəqt türklərin xidmətini unutmarız və təşəkkür edəriz. Hərgah asudə bir zaman olsaydı, bu işləri müntəzəm bir surətdə əmələ gətirmək mümkün idi. Diyorlar ki, türklər gedərkən hər bir şeyi başına buraxıb getdilər. Məlumdur ki, 10-15 il müddətində evindən ayrı düşmün əskər yerindən tərpəndigi zaman böylə şeylər gözləmək olar. Türklərin bu nöqsanları bizim onlara olan təşəkküratımızı azalda bilməz. (Mərkəzdən alqış). Bir də onu diyoram ki, müfəttinlər ara qarışdırıb xələl qatmaq qəsdilə hərbiyyə işlərimiz barəsində danışıyorlar ki, guya komanda türk dilində degil, rus dilindədir. Əskərlərə pis baxıyorlar və sairə bunların hamısı iftiradır.

Komanda türk dilindədir. Əskəri işlər öz yolu ilə gediyor. Bu iş, bizdə tazə olduğuna görə təcrübəmizin azlığından əlbəttə nöqsan olacaqdır. Amma yenə təkrar ediyorum ki, əskəri işlərimiz düz yolla gediyor və gedəcəkdir. Əminiz ki, az bir zamanda özümüzü daxildə və xaricdə müdafiə və mühafizə etmək üçün lazımi qədər əskəri qüvvəmiz olacaqdır. (Alqış).

Sədr - Söz Aslan bəy Səfikürdlünündür.

Səfikürdlü - (Sosialist) Həzərat! Biliyorsunuz ki, hər bir yerdə hər bir əhali arasında yeni ordu təşkil edildikdə qüsurlar olubdur. Köhnə hökumət dövründə əskəri işlərimizdə nöqsanımız olduğu doğrudur. Fəqət hərbiyə naziri iş başına gələndən sonra o qüsurları rədd etmişdir. Gündən-günə əskərlərimizin eyni açıldı, əskəri işlərimizin fəna bir halda olduğunu nazirimiz əhalidən gizlətmiyor. Heç bir millətdə görünməmişdir ki, əskərlikdən qaçanlar öz başları ilə geri qayıdaraq orduya daxil olsunlar. Amma bizdə əskərlikdən qaçanların ədədi az olmaqla bərabər, qaçanlar da qayıtmaqdadırlar. Bu, öz hüququnu anlamaq məsələsidir. Doğrudur, iləri əskər arasında aclıq var idi. İmdi isə çörək, çay və qənd veriliyor. Hətta nazir həzrətləri buyurdular ki, xəstəlik olmamaq üçün qızdırmalı yerlərdə qənd payları artırılmışdır. Cəmaət bunları görüb anlıyor. Əhali anlamışdır ki, öz hüququnu ancaq silah ilə saxlaya bilər. Odur ki, əskərlikdən qaçanı döyüb əziyorlar. Bir millət öz cümhuriyyət və istiqlaliyyətini müdafiə üçün cidasi (süngüsi) cavan əskərləri, inqilabçıları olmalıdır. Nəinki

bir tək əskərlər, bəlkə istiqlalını müdafiə etmək istəyən bütün millət silaha sarılmalıdır. Ələlxüsus indiki zamanda ki, nəinki xaricdən, nəinki denikinlər, hətta içimizdə də qara qüvvələr var ki, bizi hər zaman yıxıb puç etmək istiyorlar. (Soldan və mərkəzdən alqış. Səslər: doğrudur, qəhr olsunlar, rədd olsun xainlər). Əskəri işlərimiz həqqində təqdim olunan layihədə komissiya dedigi kibi artıq bir şey yoxdur. Əskəri məmurlara lazımi miqdarda məvacib verməlidir; artıq da vermək lazım gəlsə verməlidir, veriləcəkdir də. Bunların həpsinə razıyız. Amma bir təvəqqemiz var. Bu pullar millət xəzinəsində millətdən məşəqqət ilə qəpik-qəpik yığılmış pullardır. Bu pulları da millətin öz oğlanlarına sərf etməlidirlər. Kəndçilərdən qəpik, qəpik yığılmış pulları sərf etdikdə qənaət etməlidir.

Sosialistlər fraksiyası tərəfindən diyoram ki, namuslu, qeyrətli və şücaətli zabit və əskərlərimizdən ötrü hər nə lazım olsa verəcəgiz. (Şiddətli alqışlar).

Səslər - (Mərkəzdən) Yaşasın sosialistlərimiz!

Layihə səsə qoyularaq müttəhidülara qəbul olunur və hərbiyyə naziri həzrətləri salondan getdikdə gurultulu alqış ilə təşyih olunur.

Bitdi.

“Azərbaycan”

28 fevral 1919, ¹125

Müddəiyi-ümumi - prokuror, ictimai ittihamçı

Davair - dairələr

Müfəttin - fitnə törədən

Yeni böhran

“İttihad” firqəsinin Fətəli Xan kabinəsinə qarşı çıxışına rəğmən parlaman məzkur kabinəyə etimad göstərməklə bu kabinənin fəaliyyətindən məmnun qaldığrnı bildirirdi. Lakin Azərbaycan hökuməti təşkili günündən bəri bir bu qədər ağır zəhmətlərə qatlaşmamış olan Fətəli Xan həzrətləri bunun üstündən bir də cürbəcür dedi-qodular arasında qalmaqla canının bilkülliyyə istirahətdən düşüb də əsəbi bir hal peyda etməsilə bədəninin yorunuq almağa böyük bir ehtiyacı olduğunu hiss edib, zimam hökuməti özgə bir ələ ötürməgə qərar verdi.

Yeni vücudə gəlmiş olan Azərbaycan hökumətinin birinci Rəisi-Vüzərası olmaqla, Azərbaycan tarixində mühim bir mövqe tutmuş olan Fətəli Xan həzrətləri, bu yeni dövlətin vəziyyətini taxta  parələrdən əmələ gəlmiş bir gəmiyə təşbih edirdi ki, bu gəmi fırtınalı bir gündə dərya üzərində hər saat və hər an dağa, daşa çırpılıb dağıla bilmək təhlükəsi qarşısında qalmış, bütün ümidini gəmiçinin ustadlıq və məharətinə bağlamışdı.

Pəs bu zəif gəmini fırtınalı gündə bu dağın, bu daşın arasından səlamət keçirmək və sahili-nicata çıxartmaq gəmiçiligini Fətəli Xan həzrətləri öz boynuna götürməgi qəbul etdi və qəbul edib də gəmisini kəmali-ehtiyat və ehtimam ilə aparıb hələ sahili-nicata çıxartmadısa da, firtına sakit olana qədər dağa və daşa vurmayıb bunların arasından keçirtdi və bu ustadlığında böyük bir məharət göstərdi.

 

Bu gün gəmimiz hələ dənizdədir. Lakin dənizin firtınası sakit  olubdur. Və qorxulu dağlar və daşlar da dəxi salamatlıq ilə keçirilibdir. Doğrudur, fırtına genə tazədən qalxa bilər və sualtı və suüstü  dağlara və daşlara təkrar toxunmaq təhlükəsi də gələcəkdə genə meydan ala bilər. Fəqət təkrar edirik ki, bu halda dəniz əvvəlki halına nisbətən - sakitdir. Ondan əlavə gəmimizin taxta parələri, yəni daxili rabitələrimiz - bir-birinə möhkəmləşibdir və əlavə dağa-daşa çırpılmağa qarşı da gəmimizi qurtaracaq xüsusi bir sipərimiz vardır. Deməli, əvvəlki iztirab və təşvişə məhəl yoxdur.

Pəs gəmimizi bu hala qədər səlamət gətirmiş olan gəmiçimiz bir bu qədər çəkmiş olduğu zəhmət və əziyyətlərindən dolayı canının istirahətə möhtac olduğunu hiss edərək sükanı özgəsinə tapşırmaq istədi.

Yorulmuş bir can üçün istirahət lüzumi o qədər vazeh bir əmrdir ki, bu lüzuməti nəzərə almaq istirahətə möhtac olan canın bədxahı olmaq deməkdir. Halbuki Fətəli Xan həzrətlərinin bədxahı olmağa heç bir həqq və səlahiyyətimiz yoxdur və olsaq da naşükürlük töhməti üzərimizdə layiq görünər.

Xan həzrətlərinə istirahət üçün fürsət verib də istirahət bədəndə bir keyimiş və rahatlanmış qüvvələr ilə təkrar vətən və millət yolunda mühüm işlər görəcək ümid və təsəllisi ilə, idareyi-ümuri-dövləti başqa bir ələ tapşırmaqlığımız lazım gələcəkdir.

“Başqa bir əl” seçmək vəzifəsi parlaman sədrinin üzərindədir. Onu təsdiq etmək isə parlamanın səvabdidinə yenə bağlıdır.

Hər halda Fətəli Xanın yerinə oturacaq bir şəxsi seçərkən iki mühüm şərt var ki, onları daima nəzərdə tutmalıdır.

Əvvəla budur ki, seçilən zat müqtədir olsun və bunun bu iqtidarından heç olmasa parlaman əksəriyyətinin - peşin olaraq - vüqufi və ittilatı olsun. Vəilla hərçe badabad bir adam seçmək və “görək bu necə işləyəcək” - deyə bir ay imtahan məqami-rəyasətə mindirmək və səhlkarlıqla millət və vətən başında “imtahan meydanı” açmaq amalını hal və övzaya yaraşan hərəkətlərdən ədd etmək olmaz. Seçilən adam, təkrar edirik bacarıq və cani-dil ilə iş görmək ləyaqətincə parlaman əksəriyyəti tərəfindən şayani-etibar və etimad olmalıdır.

İkinci şərt olaraq bunu nəzərə tutmalıdır ki, seçilən adam bacarıq və işgörənlikdən əlavə bir də sahibi-təcrübə olmalıdır. Böylə ki, iş başına keçən kibi, işin nərədə, nə məqamda dayandırılmış olduğunu dərk edib də toxdalmış işin davamına şüru etsin. Nəinki əhvalatdan bixəbər olub da, bir də tazədən başlamaq məcburiyyətində qalsın. Tazədən ancaq o iş başlanarkən, hələ indiyə qədər başlanmayıbdır. Başlanmış işlər isə - nöqsanatı rəf edilmək şərtilə davam etdirilməlidir.

Bu iki şərt üzrə seçilmış olacaq zat isə burasını nəzərdə tutmalıdır ki; fırtına içindən və daşlar arasından Fətəli Xan həzrətləri tərəfindən səlamətlik ilə keçirilmiş olan gəmimiz bu gün - nisbət etibarilə - sükun bir dəniz içində üzməkdə olmaqla, bu gün-sabah təkrar qopmaq ehtimalı meydanda olan firtına qorxusundan tamamilə təmin edilmiş degildir. Ona görə bu sakitlikdən əcələ ilə layiqincə istifadə edib də gəmimizi bir hala salmalıdır ki, dedikcə möhkəm və mətin olub, fırtına dalğalarının hücumlarından və suiçi daşlarına toxunmaq təhlükəsindən əsla qorxmasın. Böylə ki gəmi əhlinin - ki vətən övladından muraddır - idarəni sahibi-iqtidar və təcrübəkar bir əldə görüb də Sədi əleyhirrəhmənin ağzı ilə:

“Çe bak əz möuce bəhr anra

Ke darəd noh kəştiban!”

- diyəcək qədər etimad və əmniyyəti olsun.

 

(Ardı var)

 

Hacıbəyli Üzeyir

“Azərbaycan”, 28 fevral 1919, ¹125

 

Şirməmməd HÜSEYNOV

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

525-ci qəzet.- 2017.- 28 yanvar.- S.21.