Ədəbi mövzunun qara traktovkası

 

Akademik Milli dram teatının yeni tamaşası haqqında düşüncələr

 

Xislətin radiusu və ədəbiyyat

 

İnsan yaradılışın ali varlığı olmaqla bərabər həm də mürəkkəb xisləti, gizli və görünən cizgiləri ilə anlaşılmaz və qəlizdir. Bu qəlizlik, heç şübhəsiz bitib-tükənməyən mövzulara zəngin çalar qatır.

Dünya ədəbiyyatının, dramaturgiyasının, habelə  Azərbaycan əsərlərinin mayasını insan xarakterinin rəngarəngliyi, xislət çeşidi konteksində Xeyir və Şər mövzusu təşkil edib. Mövzunun önəmli bəndi, ilk abzasda, qara kursivdə verilən komponenti insan və pul xəttidir.

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun indiyədək oxuduğum bütün əsərlərində, habelə səhnə versiyasına baxdığım pyeslərində bir səmimiyyət hakimdir, vətənpərvərlik xətti qabarıqdır. Qarabağ mövzusu, yurd dərdi yazıçıdan ötrü önəmlidir.

“Vəsiyyət” qara komediyası “Axirətdən gələn zəng” pyesinin rejissor versiyasıdır. İnsanlığa utanc gətirən bir hadisənin ipucunda, insan və pul araşdırmasında “insan çiy süd əmib”, “qarın qardaşdan irəlidir” teoremi aksiom qələbəsinin təntənəsini yaşayır. Mövzu ümumbəşəri yük daşıyır. El arasında məsəl var: bir kəsi sınaqdan çıxarmaq istəyirsənsə, ona ya vəzifə ver, ya da pul. Az keçməz, iç üzü özünü göstərər, “mən buyam” deyib diş ağardar. Hüseynbala Mirələmov sanki bu məsəli sloqan seçərək pyesinin ekspozisiyasında sınaq laboratoriyası qurur və bir milyarderin qəfil təklifi ilə onun qohumlarını imtahana çəkir. Təəssüf ki, yoxlamanın nəticələri biabırçı koordinatda yer alır, Dövran Əminbəylinin ümidlərini, qohum-qardaş sevgisini fiaskoya uğradır.

Yeri gəlmişkən, elə baş qəhrəmanın adı və soyadı ictimai-siyasi, fəlsəfi yükün rəmzidir. Pula pul deməyən, milyardlar sahibi, istədiyi hər şeyi əldə edən - bu qadın ürəyi olsa belə-zamanın, gərdişin analoqudur. Habelə, yeddi arxa dönəminə, ata-babasına bütünlüklə arxayındır, əmindir - Əminbəyli. Və elə Dövran özünün zaman sinonimi anlayışında ətrafdakıları bir-bir xəlbirindən keçirir.

Lirik-psixoloji komediyada hər obrazın daxili strukturu, dil xüsusiyyəti, davranış manerası, həyata baxışı mükəmməl işlənib.

 

Rejissorun “tələ”si

 

Əməkdar artist, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovun Akademik Milli Dram Teatrında ilk quruluşu deyil, hər dəfə də müxtəlif dövrlərin mədəni-ictimai mühitinə, müxtəlif mövzulara müraciət etsə də, nəticə yalnız bir kateqoriyanı təmsil edir: mükəmməl traktovka.

Firudin mövzu ilə tanış olan kimi çox götür-qoy etməyib, baxıb görüb ki, bu cür pulgir, qansız insanlar sallaşır əsərin səhifələrindən. Yığıb-yığışdırıb onları, mən sizin başınıza bir oyun açım ki, adam arasına çıxa bilməyəsiniz, - deyib - daha doğrusu, Akademik Teatrın səhnəsinə çıxar-çıxmaz tamaşaçı sizi bir hoydu-hoyduya götürsün, siz də baxın. Beləliklə, rejissor qollarını çırmaladıqdan sonra komediya dönüb olub qara kamediya. Oyun nə oyun?! İllah da ki, Firudinə məxsus daxili rejissor plastikası, musiqi duyumu ola.

Rejissor Akdemik Milli Dram Teatrının hər cür texniki imkanlara malik səhnəsinin fırlanmasına, dekorasiyaların bölünməsinə, filana ehtiyac duymayıb. Xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyevin istedadı və təcrübəsi birbaşa rejissor traktovkasına xidmət edib. Bütün hadisələr göz önündə, bir məkanda baş verir. Tamaşaya sonacan baxdıqdan sonra quruluş yetkilişinin texniki parametrlərdən istifadədən imtina səbəbi bəlli olur. Dövranın evində, dövranın zamanın gərdişində vaxtın tələsini qurub. Bütün obrazlar qaçaraq gəlirlər, ali dəyərlərdən danışırlar, qardaş, bacı məhəbbətindən dəm vururlar, Quran kəlamlarını əldə dəstəvüz edirlər, Dövranı olmazın tərif və alqış tüpürcəyində isladırlar, amma sən demə, tələnin qurulduğu tamah şumuna düşürlər. Şuma da ki, düşdün, işin bitdi, ayaqların dalınca gəlməz. Çabala ki, çabala, tamaşaçı doyunca gülsün, çəpik çalsın.

Dramaturqun təqdim etdiyi hər bir obrazın rəngini-ruhunu, zövqünü, manerasını, ədasını, yerişini-duruşunu, kütbeyinliyini, fəndgirliyini rejissor elə üsulluca hazırlayıb ortaya çıxarıb ki, ətrafına boylanırsan, ya da yaddaşını zora salırsan: əcəba, bu gün, yarım saat əvvəl gördüyüm Filankəs, Bəhmənkəs deyil ki?!

 

Abbasın triumfu

 

Əməkdar artist Abbas Qəhrəmanov intellekti olan, kifayət qədər mütaliəli, səhnə sistemini mükəmməl bilən, psixoloji duyğularla portretin iç cizgilərini təqdim etməyə qadir istedadlı və geniş amplualı aktyorlardandır. Abbası ilk dəfə Akademik Milli Dram Teatrının səhnəsində Bəxtiyar Vahabzadənin “Fəryad” əsərində görmüşdüm. Rol sözsüz idi. Elə Abbas Qəhrəmanov da sözünü deyə bildi. Təxminən 30 ildən sonra yenidən eyni səhnədə oyununu izlədim: mükəmməl ifada.

Milyonlar sahibi, sevgini də pul gücünə qazanmağı normal sayan Dövran Əminbəyli necə danışır, necə gülür, necə zarafatlaşır, sevgisini necə bəyan edir, xəyanəti necə qarşılayır, şübhələrini necə biruzə verir? Bax, bunu Abbas Qəhrəmanovdan soruşmaq lazımdır. Daha doğrusu, gəlib tamaşaya baxmaq və heyrətlənmək lazımdır. Əməkdar artist Abbas Qəhrəmanov rejissorun tapşırığını ustalıqla yerinə yetirərək milyonçunun çağdaş zəmanəyə müvafiq tam yeni çalarlarla təqdim edir. Danışıq tərzi, zarafatları, cavabsız sevgiyə qarşı ehtirası, özündən müştəbehliyi, fəqət, bununla bərabər qəlbinin dərinliyində qalmış insanlıq sevgisi - müasir əsərlərdə, tamaşa, bədii film və seriallarda rast gəlmədiyimiz yepyeni bir rəng. Və finalda Dövranın doğmalarından gördüyü xəyanətə reaksiyası, qəbirdə elektrik gərginliyindən xilas olub evinə gəldiyi məqamı, nifrət dolu baxışlarını möhtəşəm şəkildə çatdırır Abbas Qəhrəmanov.

... Bir sözlə, Əməkdar artist Abbas Qəhrəmanov teatr səhnəsində triumffunu göstərə bildi.

 

Röyanın kabus kimi yuxusu

 

Mən Röya rolunu dublyor Ləman İmanovanın ifasında izlədim.

Xoşbəxt ailə həyatı qısa sürmüş, sevgisinin naləsi ərşə bülənd olmuş, zor hesabına Dövranla evlənmiş, maddi cəhətdən heç vaxt heç nəyin korluğunu çəkməyən, fəqət, mənəvi kasadlığın nəm divarlarının sıxıntısında çürüyən, içi özünü, çölü özgəni yandıran, bəxtəvərliklə talesizlik arasındakı neytral zonada laübalü gərdiş edən, bəzən heç özü-özünü anlamayan Röya - Ləmanın ifasında xarakterik rol kimi maraq doğurur. Ləman İmanova Röyanın xarakterindəki təzadları da real rənglərlə çatdıra bilir. Dövranın qəddarlığını, duyğusuzluğunu dar ağacından asarkən, əslində özü də ətəyində namaz qılınası bəla deyil.

Və sonda cəzasını alır; kabus onu da öz qara kölgəsində giriftar edir: sevmədiyi ərinin filippinli qulluqçudan oğlu varmış, sən demə. Bu azmış kimi axirətdən qayıdıb gəlmiş ərinin nifrət dolu baxışı artıq onun kabusuna çevrilir. Bəlkə də Röya elə doğulandan yuxu görürmüş, Dövranın qəbirdən qayıtmasından sonra ayıldı?!?

 

Bayramın görə bilmədiyi bayram

 

Əməkdar artist Mirzə Ağabəylinin Bayramı “qarın qardaşdan irəlidir” zərbül məsəlinin səhnə sloqanını təqdimata çıxarır. Dövranın sayəsində milyonlara sahib olsa da, artıq özünü oliqarx zənn edir və axirətdən gələn zəngə qarşı çıxanlar sırasında birincilərdən olur. Forsa bax: “Sonra deyərlər ki, Bayram Əminbəylinin qardaşı xortlayıb”.

Təbii ki, öncə dramaturq, sonra da rejissor imkan vermir ki, Bayram öz bayramını görsün.

 

Zəhranın yağış buraxan çətiri

 

Əməkdar artist Almaz Amanovanın bəzəyib-düzəyib, ətə-qana gətirdiyi Zəhraya heç rast gəlməmisiniz? İnanmıram. Addımbaşı doludur belələri. Təsbeh əlindən, Allah sözü dilindən düşməz. Danışanda ədası Everest zirvəsini küləkləyər, əməli isə yer axtarar başını gizlətsin. Almaz bu qəbildən olan saxta dindarların həyat tərzini mükəmməl təqdim edir. İş həqiqətə gələndə, ortaya real milyonlar söhbəti çıxanda, özgə vat onu-bunu qınayan “mömin qadın”pul üçün onlardan daha çox canfəşanlıq edir. Altında gizləndiyi çətir yağış buraxırmış, demə...

 

Ceyranın gözünü qan örtəndə

 

Qardaşının hesabına yaşasa da, onun və arvadının kölgəsini qılınclamağı peşəyə çevirmiş Ceyran bütün davranışı, etiket, daha doğrusu, etiketsizlik qaydaları ilə anti-mədəniyyət etalonu təqdim edir. Fəqət, rejissorun “tələsi”nə düşdükdə Ceyranın gözlərindən qan damır, məntiqin, haqqın, ədalətin də üzünə tüpürür, hələ meyiti soyumamış qardaşına da. Saxta ahu-zarını reklam saniyələri kimi xəsisliklə xərcləyir, sonra da aman vermədən niyə Filankəsə ondan çox pul düşüb hikkəsi ilə səhnəni toza-dumana bürüyür.

Əməkdar artist Sevinc Əliyevanın oyununda bu ştrixlər o qədər yerində, zərrə-zərrə, dürüst verilib ki, artıq bir hal tapmaq qeyri-mümkündür. Aktrisanın istedadı strukturu dolğun, duzlu, koloritli bir obrazla tanış olmaq imkanı yaradır.

 

Quşu ürəyindən vuran Pirim

 

Rüstəm Rüstəmov Sumqayıt teatrında, habelə, Musiqili Komediya Teatrının səhnəsində yetərincə maraqlı obrazlara can verib. Pirim obrazı Rüstəmin xarakterik rollar qalereyasına daha yeni rənglər qatır.

Parça çeşidlərində “özündənnaxış” olur. Rüstəmin yumor duyğusu, komik səpgisi, oyun tərzi də özündə bir “özündənnaxışlıq! əks etdirir.

Və Allahı vermiş, ortada yeyib qıraqda gəzən, qaynının hesabına meydan sulayan, imkan düşdükcə ondan maksimum yağlı tikə qoparmağı ali məqsəd sayan, yenə də gözü doymayan, yenə də deyinən bivec, harın, şorgöz yeznə obrazının dolğun, inandırıcı ştrixlərini Rüstəm Rüstəmov ustalıqla verə bilir.

 

Çoxbilmişin novellası

 

Emin Əfəndinin canlandırdığı Samir xəyanətlə tamahı, sevgi ilə şəhvəti, hərisliklə hiyləni elə birləşdirib ki, heç şeytan da baş aça bilməz. Amma fələk ona ardıcıl zərbələr vurur. Və çoxbilmiş dimdiyindən tələyə düşür.

 

Hamıdan çox insaf yiyəsi

 

Əməkdar artist Kazım Həsənquliyevin yaratdığı Elman müəllim Dövran Əminbəyliyə qanıbir, canıbir qohumlarından daha çox can yandırır. İnsaf naminə, elə Dövran da ona çox inanır.

Hərçənd, vəsiyyətnamədəki bölgünü oxuyub adına ayrılmış 10 milyonu görərkən özünü itirir, həyəcandan boğulur. Baxma, nə qədər olmaya,insandır axı?! Amma finalda şefini xilas etməyə can atan yeganə adam da odur. Hətta İsgəndərsayağı ittihamnamə də söyləyir, saxta sevgilərin üzünə tüpürür.

İstənilən halda Elman xeyirxahlığı anlayan, ona qiymət verməyi bacaran, fəqət, pulun hökmranlıq etdiyi bir zəmanədə bu zəhrimarın qarşısında ikiqat əyilməsə də, laqeyd də qala bilməyən orta statistik insandır.

Kazım Həsənquliyev də insani duyğuları, sədaqəti, vicdanı, onlarla bərabər yüngül sapmaları da çox ştrixlərlə və ustalıqla çatdıra bilir.

 

Pərdəni açıb-bağlayan qız

 

Filippinli xidmətçi Delisay obrazı ilk baxışdan əyləncəyə xidmət edir, tamaşanın fəlsəfi yükünü yüngülləşdirməkdən ötrü atılmış nəfəslikdir. Amma Dövranın yeganə varisinin anası olması hər kəsdə şok yaşadır. Həm də yalnız tamaşanın sonunda anlayırsan ki, Delisoy yalnız texniki-fiziki parametrlərdən pərdəni açıb-bağlayan qız deyil, dövranın da, bu Dövranın da səhnə taleyi onun “tıq-tıqlı” ayaqqabılarının, işvəsinin kodundadır. Aktrisa Fəridə Şahbazova xidmətçinin gizlinlərini ustalıqla canlandırır.

 

Öz dünyası olan Timur

 

Oliqarx arvadının stilistinin nə problemi ola bilər ki? İllah da ki, Röya xanım bütün sirlərini, intim gizlinlərini belə ona danışır, hətta dərdləşir də. Timurçikin nə var-dövlətdə gözü var, nə paylanan milyonlarda, nə baş verən hadisələrdə şəxsi marağı. Sadəcə peşəsinin vurğunudur, yaradıcılığının bəhrəsini görməkdən böyük arzusu yoxdur, hətta anormallığı, kişi kimi sayılmamağı belə özünə dərd eləyən deyil.

İstedadlı aktyor, parodiyaları ilə teleekranlardan tanınan Ramin Şıxəliyev Timurun xarakterik, səciyyəvi cəhətlərini ustalıqla çatdıra bilir.

 

Möhtəşəm final və ruhun qiyamı

 

Zənnimcə, tamaşanın janr qrafasında qara komediya ilə bərabər sosial-mistik qroteks də yazmaq olar. Bu təsnifata finaldan sonra daha çox haqq qazandırmaq istəyirsən.

Dövran qəbirdən qalxıb gəlir, səhnədə, rejissorun tələsində xislət yarasının üstü açılmış doğmalarını nifrət atəşinə tutur.Vəsiyyətnaməni dolabın gözündən tapıb cırır, birinci pərdənin birinci gəlişində daxil olduğu qapıya tərəf gedir. Məchulluğa doğru. Onsuz da Allahdan gəlib Allaha getmirikmi?!

 

Allahım, bəlkə heç Dövran xortlamayıb?

 

Bəlkə heç bu biabırçı hadisə baş verməyib?! Nə dəxli var? Firudin Məhərrəmov obrazın həllini belə düşünüb. Öz aramızdır, əla da düşünüb. “Sahibinə qarşı xəyanət etdiyiniz pul boğazınızdan keçəcəkmi?!” ittihamıdır bu, rejissor halqaya çevirib bir-bir keçirir boğazlarına. Ruhun qiyamı möhtəşəm musiqi ilə vəhdətdə qeyri-adi effekt verir.

 

Və mükəmməl mistik final alınır.

... Bu, həm də pritça-tamaşadır.

 

Hafiz İMAMNƏZƏRLİ

“Mədəniyyət” kanalının əməkdaşı, Zərdabi  mükafatı laureatı

525-ci qəzet.- 2017.- 28 yanvar .- S.18 -19.