Dördqanadlı yonca - dördqanadlı qız əfsanəsi

 

 

 

 

Qəribə, möcüzələrlə, təzadlarla dolu bir dünyada yaşayırıq. Kor bildiyimiz kor deyilmiş, hamıdan yaxşı görürmüş. Lal bildiyimiz lal deyilmiş, hamıdan yaxşı danışırmış...

 

...Mənim Tərtərdən olan bir dostum vardı. Mən onun necə mərd olduğunu, əsl kişi olduğunu bilirdim. Amma daha bir kişi hərəkətindən yasına gedəndə xəbər tutdum. Heç kimin etmədiyi bir kişilik edibmiş-lal bir qızla evlənibmiş, oğul-qız sahibi olubmuş!

 

...Bir dəfə yuxumda bir ziyarətgaha getmişdim. Mənə dedilər ki, ziyarət olunan kəs laldır, kordur. Odur ki, yanına heç kimi buraxmırlar. Bir qayda olaraq ziyarətçilər  o oturduğu səmtdən ona doğru boylanaraq, onu bu şəkildə ziyarət edib, ötüb keçirlər.

 

Mən ötüb keçmək istəyirdim ki, həmin səmtdən bir səs gəldi:

 

-Bu bizim Barat deyilmi?!

 

Yerimdə dondum: "Bəs deyirdilər laldı, kordu bu?"

 

...Qazaxda Daşsalahlı kəndində bir qız  yaşayırdı.7-ci sinifdən etibarən ayaqları tutulmuşdu. Şeirlər yazırdı. Bayatılarından biri beləydi:

 

Əzizim, ovulmuşam,

Bulağam, sovulmuşam.

Yar ürəyi cənnətdi,

Mən ordan qovulmuşam!

 

Bu mükəmməl bayatı müəllifinin bir dəfə şair dostlarımla ziyarətinə getmişdik. Birisinin dediyi sözlərdən onun halına acıdığını hiss edəndə acığı tutdu, dedi:

 

-Şükürlər olsun Allaha! Mənə olub ki! O, bir yandan alanda, o biri yandan daha yaxşısını verir. Qardaşım, səndən inciyərəm, bir mənə belə sözlər demə!..

 

Həmin qızın-bu qürurlu söz sahibinin şeirlərini çap etdirdik, Mirvarid Dilbazi kimi böyük xalq şairimiz şeirlərini bəyəndi, kitabları çıxdı.

 

...Şəmkirdə yaşayıb-yaradan Mətanət Qüdsinin əl arabasında ağayana oturduğunu görəndə, qürurlu baxışlarını hiss edəndə, dediyi şeirləri eşidəndə onun halından çox öz halımıza acıdım.

 

Aramızda "Quran"da deyildiyi kimi, qədər özünü sap-sağlam hesab edənlər var, amma gözü var, kordur, qulağı var-kardır,dili var-laldır!

 

Allahın işlərinə qarışmaq olmaz. O, nəyi məsləhət bilibsə o olur olacaq! Bizə qalan "şükür kərəminə, məsləhətinə!" deməkdir.

 

Mətanət  kimi mətin insanlar bizi hər dəfə şükür oxumaqda qabaqlayan insanlardır. Onlar heç kimə "gör məni", "duy məni" , "sev məni" demirlər.

 

Hamıya görməyi, duymağı, sevməyi öyrədirlər!

 

Mən bu qızı hələ ki, üzbəsurət iki dəfə görmüşəm. İlk dəfə  onunla Qazaxda keçən il "Ədəbiyyat muzeyi"ndə növbəti, ənənəvi "Vaqif poeziya günləri"ndə rastlaşmışam. İkinci görüşümüz bu il yanvarın sonunda Şəmkirdə "Heydər Əliyev Mərkəzi"ndə oldu. Sən demə, Mətanət yalnız şeirlər yazan adi bir qız deyilmiş. "Kəpənəyin saldığı yol" adlı ilk şeirlər kitabının da müəllifiymiş.

 

ona ilk dəfə yazdığı şeirləri bir kəpənək pıçıldayıbmış.

 

O, həm çox gözəl təşkilatçıymış. Poeziya məclisi təşkil etmişdi. Həmin məclisə Mingəçevirdən, Kəlbəcərdən (Şəmkirdə yuvalanmış soydaşlarımızdan), Gəncədən, Tovuzdan, Ağstafadan, Qazaxdan Şəmkirin özündən şairlər, aşıqlar dəvət etmişdi.

 

Aparıcısı da özüydü bu məclisin. Şəmkirli gənc, istedadlı şair Məhəmməd Turanla birgə! Bu vaxt oxucularına ünvanladığı bir şeirində yazmışdı:"Mən gizli bir sirrəm, məni çözə bilsən".

 

İndi məclis əhli həm həmin gizli sirri çözürdü, həm məclisə dəvətlilərin dediyi sözünü, çaldığı sazı dinləyirdi.

 

Mətanət "o qədər kiçiyəm, məni görən yox" desə bu məclisdə hamıdan  (hamımızdan!) böyük görünürdü.

 

Balaca, (amma mənən böyük!) dördqanadlı yoncaya oxşayırdı. Biz bir şeirində arzuladığı kimi, gör harda dayanmışdıq? Solunda-sol tərəfində! Ürəyi tək vururduq, çırpınırdıq, çarpırdıq?

 

Dördqanadlı yonca dedim...Yadıma bir el sınağı düşdü.

 

Yoncaların əksəriyyəti üç qanadlı olur.

 

Deyirlər ki, kim dördqanadlı yonca tapsa istədiyi arzuya çatır. Mənə elə gəlir ki, ağına-bozuna baxmadan ağlına deyil, ağzına gələni yazanların hamısı üçqanadlı yoncadır.

 

Dördqanadlı yonca nadir olur.

 

Şair dörqanadlı yoncadı. Az tapılır. Bunu bilmək gərək! Gərəkdir ki, sadəcə şeir yazanlardan-"üçqanadlı yoncalar" dan uzaqlaşaq, axtaraq, dördqanadlı yonca tapaq!

 

Özü mütləq!

 

Onda istədiyimiz arzulara çatacağıq?! Dördqanadlı yoncanı tapanda yaxşı-yaxşı fikir verin. Az qala yerə yapışıqlı haldadır. Qalxmaq, dikəlmək istəyir. Demək istəyir: "Mənimi gəzirsiniz, mən burdayam!"

 

...Bu qız da neçə vaxtdı ki, ayaq üstə dura bilmir.

 

Sözləri ayaq üstədi bu qızın!

Sizə söyləyirəm, xəstə deyiləm,

Yatağa sığınmış yasdayam ancaq.

Deməyin, dəliyəm, ruhu-xəstəyəm,

Sonunda siz bilən yaşdayam ancaq!

İnsanam, sinəmdə çırpınır ürək,

İnsanam, könlümdə arzularım var.

Əlim dost əlini tutmaq istəyir,

İnsanam, sevgim var, əbədi, yaşar!

...Hərfdən düzəlib söz olaram mən,

Cümlədən yığılıb olaram dastan.

Elə istərəm ki, şeirlərimdə,

Qafiyə olsunlar Günəş Çəmən!

 

İnanıram ki, Mətanət Qüdsilin bu arzuları ( arzusu varsa!) çin olacaq.

 

...Əlində  (Əlimizdə!) dördqanadlı yonca var!

 

Barat VÜSAL

 

525-ci qəzet.- 2017.- 31 yanvar.- S.7.