"Bu gün Cocuq Mərcanlı,
sabah Şuşa..."
Prezidentin
"Qarabağa qayıdış" strategiyası erməniləri
qorxuya saldı
Azərbaycan Ordusunun Ermənistan
silahlı qüvvələrinə verdiyi aprel dərsləri
düşmən ölkədə hələ də
böyük rezonans doğurmaqda, ermənilərin
rahatlığını pozmaqdadır.
Bu barədə “Azərbaycan” qəzetində
yerləşdirilən məqalədə yazılıb ki, cəbhədə
baş verən məlum hadisələrdən sonra
işğalçı ölkə üçün indi ən
böyük qorxu analoji hadisələrin yenidən təkrarlana
biləcəyidir. Elə bu səbəbdəndir ki, xarici himayədarlarına
əvvəlkindən daha
çox sığınan
ermənilərin əsas
istəyi Azərbaycanla
yeni mümkün hərbi toqquşmaların
qarşısının alınmasıdır. Amma bu da çətin ki düşmənə uzun müddət kömək etsin. Çünki Azərbaycan işğal
altındakı ərazilərini,
lazım gələrsə,
güc yolu ilə azad edilməsi
hüququndan istənilən
vaxt istifadə edə biləcəyini ən yüksək səviyyədə bəyan
edib.
Ermənistanı qorxuya salan növbəti
məqam isə Prezident İlham Əliyevin “İşğaldan
azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında”
sərəncamı olub. İşğalçı ölkədə bu, çox geniş səs-küy yaradıb.
Açıq və qəzəbli
şəkildə qeyd
olunur ki, Serj Sarkisyan cəfəngləri, rəsmi
Yerevanın uydurduğu
yalanlar daha erməni xalqı tərəfindən qəbul
olunmur.
Məqalədə bildirilir ki, prezident İlham Əliyevin imzaladığı
sərəncamdan sonra
sosial şəbəkələrdə
paylaşılan statuslardan
və verilən şərhlərdən qənaətə
gəlmək olar ki, Ermənistanda ümumi əhvali-ruhiyyə
kifayət qədər
pessimistdir. Belə görünür ki, cəmiyyət Dağlıq Qarabağ münaqişəsinin həllinin
uzanmasından, bununla bağlı Ermənistanın
üzləşdiyi çoxsaylı
problemlərdən daha
çox narazılıq
bildirir. Artıq ermənilər
həm hərbi, həm də diplomatiya cəbhəsində
Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkliyini
anlamağa başlayıblar.
Sosial mediada paylaşılan statuslardan və yazılan şərhlərdən
bir neçəsini diqqətinizə çatdırırıq.
Karen Mkrtçyan
adlı “Facebook” istifadəçisi “Nə
vaxta qədər belə davam edəcək? Bu gün
Cocuq Mərcanlıya,
sabah isə Şuşaya” başlıqlı
status paylaşıb.
Digər istifadəçi
Arut Xaçatryan adlı bir nəfər
“Twitter”də belə bir paylaşım edib: “Biz hələ də anlaya bilmirik ki, İlham
Əliyevin fəaliyyətindən
niyə Serj Sarkisyan nəticələr
çıxara bilmir? Azərbaycan torpaqları geri qaytarır, bizdə isə geri dönən
yalnız əsgərlərimizin
cənazəsidir. S.Sarkisyan Ermənistanı
məhvə aparır”.
Henrix Aşotyan
adlı biri isə “Facebook”da prezident İlham Əliyevin imzaladığı
sərəncamla bağlı
paylaşılan statusa
belə bir şərh yazıb: “Açıq reallıq budur. Aprel döyüşlərində İlham Əliyev Serj Sarkisyana yüksək peşəkarlığın
necə olduğunu göstərdi. Bizim prezident
bəs nə etdi? Seyrçi mövqeyində qaldı.
Azərbaycan Prezidenti bu gün Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam
imzalayır. Belə
davam etsə, Stepanakert (Xankəndi -
red.), Şuşa, Kəlbəcər üçün
də belə sərəncamlar gözləniləndir”.
Robert Şaqinyan adlı biri isə “Twitter”də yazıb: “Ötən il azərbaycanlıların
aprel hücumundan sonra qorxu hələ
də canımızdadır.
İlham
Əliyev Azərbaycan
üçün lazımi
addımlar atır, ərazilərin qaytarılması
ilə bağlı işlər görür.
Cocuq Mərcanlı kəndi buna nümunədir. Bəs Serj nə edir?”
Karine Baqratyan
adlı biri isə “VKontakte” sosial şəbəkəsində
erməni iqtidarına
qarşı etirazını
bildirib: “İlham Əliyevin Azərbaycan üçün nələr
etdiyi göz qabağındadır. Ermənistan rəhbərliyi
isə yalnız öz maraqlarını güdür, onlar üçün dövlətin
və xalqın mənafeləri yoxdur.
Aprel məğlubiyyətindən sonra
Sarkisyan hansı üzlə xalqın qarşısına çıxır?
Hələ İlham Əliyevin
imzaladığı məlum
sərəncamı demirəm.
Bəs sabah Azərbaycan əsgəri Yerevana girsə, nə edəcəyik?”
Ovik Karapetyan adlı birinin “Twitter”dəki paylaşımı
isə daha çox bəyənmə
toplayıb: “Azərbaycan
Prezidenti Cocuq Mərcanlını geri qaytarıb, sabah Şuşanı da götürəcək. Biz müharibədən sonra təlaş içərisində
yaşayırıq. Sarkisyan iqtidarından
təngə gəlmişik”.
Serj Abramyan isə “Facebook”dakı paylaşımların birinə belə bir şərhlə münasibət bildirib: “İlham Əliyev təkcə bir kəndin bərpası üçün 1 milyard dramdan çox pul ayırıb. S.Sarkisyan isə ancaq ciblərini doldurmaqla məşğuldur. Çünki onu biz vətəndaşlar maraqlandırmırıq”.
Edvard Şahnazaryan “Facebook”da paylaşdığı statusda bildirib ki, xalqın hakimiyyətə inamı artıq tamam tükənib və atdığı bütün addımlar vətəndaşlar tərəfindən birmənalı şəkildə rədd edilir: “İlham Əliyev bir kəndin bərpası üçün xüsusi sərəncam imzalayır, cəbhə bölgəsinə səfərlər edərək Ali Baş Komandan olduğunu nümayiş etdirir. Serj Sarkisyan, Ermənistan üçün nə etmisən? Xalqın yoxsullaşmasında və gənclərin cəbhədə səbəbsiz ölümündə birbaşa təqsirkarsan. Buradan əsgər valideynlərindən xahiş edirəm. Hakimiyyətin yeritdiyi yarıtmaz siyasətə qarşı çıxın, övladlarınızın boş yerə, Serj Sarkisyan rejiminin maraqları naminə qurban getməsinə mane olun, etiraz edin”.
Hazırda Ermənistan xalqı prezident, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsinə səfərləri zamanı verdiyi mesajlar nəticəsində növbəti dəfə aprel dərsləri ilə üzləşə biləcəyindən qorxuya düşüb. Azərbaycan tərəfi ərazi bütövlüyünün bərpasına qədər mübarizə aparacağını dəfələrlə bəyan edib. Ermənistanda çox yaxşı bilirlər ki, lazımi nəticələr çıxarılmasa, vəziyyət onlar üçün daha çox ağır olacaq.
Və onların dediyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti sərəncamı Şuşanın bərpası ilə bağlı olacaq...
Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu da bildirib ki, prezidentin Cocuq Mərcanlı kəndinin məskunlaşdırılması qərarı müsbət qiymətləndirilməlidir: “Kənd sakinlərinin doğma yerlərinə qayıtmaq istəklərini bildirmələri də vacibdir. Cocuq Mərcanlı kəndinin sakinləri qayıdış qərarlarıyla illərdir dillərdə dolaşan “şəhərlərdə məskunlaşan qaçqınlar geri qayıtmayacaqlar” fikrinin doğru olmadığını göstərdilər”.
E.Şahinoğlunun sözlərinə görə, indi hakimiyyətdən iki məsələnin həlli tələb olunur: “Prezidentin kəndin yenidən qurulması üçün ayırdığı 4 milyon manatdan faydalı şəkildə yararlanmaq lazımdır. Kənd lazımi infrastrukturla yenidən elə yüksək səviyyədə qurulmalıdır ki, erməni separatçılarının nəzarətindəki yerlərlə fərq açıq görünsün və Ermənistandakı, o cümlədən, Dağlıq Qarabağ kəndlərində yaşayan ermənilərin beynində “bizim niyə belə şəraitimiz yoxdur” sualı dolaşsın. Kəndlilərin əkin sahələrindən qazanc əldə etmələri üçün də bütün imkanlar səfərbər olunmalıdır. İkinci məsələ Cocuq Mərcanlı kəndinin təhlükəsizliyin gücləndirilməsidir. Doğrudur, Lələtəpə nəzarətimizdədir, ancaq qarşı tərəf başqa təxribata əl ata bilər. Ona görə də Cocuq Mərcanlıya hər hansı mərminin düşməsi halında qarşı tərəf bundan beşqat çox itki verməlidir ki, bir də kəndimizə qarşı təxribat etmək ağlına gəlməsin. Bir sözlə Cocuq Mərcanlı Dağlıq Qarabağa qayıdışımızın nümunəsi olmalıdır”.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov isə qeyd edib ki, prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamından sonra bir daha əmin olduq ki, işğal edilmiş bütün torpaqlarımızın azad olunacağı və o torpaqlara qayıdacağımız gün uzaqda deyil. O, AZƏRTAC-a bildirib ki, dövlətimizin başçısının bu qərarı aprel döyüşlərinin uğurlu nəticəsidir: “Azərbaycan prezidentinin bu sərəncamı ilə məcburi köçkünlərin doğma torpaqlarına böyük qayıdışının əsası qoyuldu”.
İctimai Birliyin sədri vurğulayıb ki, Ermənistan öz aqibətini çox gec də olsa, düşünməlidir: “Bu ölkənin cinayətkar rəhbərliyi son dövrlərdə cərəyan edən siyasi, hərbi, iqtisadi proseslərdən nəticə çıxarmalıdır. Azərbaycan işğal altında olan bütün torpaqlarını azad edəcək. Azərbaycan Ordusu buna qadirdir və buna heç bir qüvvə mane ola bilməz. Prezident İlham Əliyev də bütün çıxışlarında qətiyyətlə bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaqlar”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev isə deyib ki, prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam sübut etdi ki, ölkə başçısının söylədikləri əməldə də özünü doğruldur. O, SİA-ya bildirib ki, bu, həm daxili, həm də xarici auditoriyanın böyük marağına səbəb olub: “Daxili auditoriya bir daha əmin oldu ki, Azərbaycan prezidentinin söylədikləri artıq əməldə təsdiqini tapır. Azərbaycan prezidenti dəfələrlə qeyd edib ki, əgər beynəlxalq güclər Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməsələr, biz digər vasitələrlə torpağımızı azad edəcək, vətəndaşlarımız da öz yurd-yuvalarına qayıdacaqlar. İndi də artıq bir kəndin bərpa edilməsi onu göstərir ki, bu istiqamətdə ilkin addım atıldı”.
Deputat qeyd edib ki, aprel döyüşü zamanı ermənilərin Azərbaycan ordusunun qarşısında dayana bilməməsi faktı bir daha göstərdi ki, ölkəmiz öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır: “Biz bir addım da geri çəkilməyək, əksinə hər zaman irəli gedəcəyik. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası da burada irəli atılan addım kimi qiymətləndirilə bilər”.
F. Quliyev vurğulayıb ki, sərəncama əsasən orada yaşayan insanların tarixi torpaqlarına qayıtması dünyaya bir mesajdır: “Ölkə başçısı hərbi şəhərciyin açılışında da qeyd etdi ki, kimsə Dağlıq Qarabağın müstəqil olması haqqında düşünürsə, bunu unutsun. Əhalimiz öz evlərinə qayıdacaq. Erməni tərəfi də görür ki, Azərbaycan həm iqtisadi, həm də hərbi imkanlarını artırmaqdadır. Dünyada qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycanın öz ərazilərini işğaldan azad edib, onları bərpa etmək əzmindədir. Düşmən bizim torpaqlarımızdan nə qədər tez çıxsa, bir o qədər ona yaxşıdır. Çünki gələcəkdə bizim qaldıracağımız 144 milyard dollarlıq təzminat var. Əks halda, Ermənistan məğlubolma aktını imzaladıqdan sonra dağıtdıqları Azərbaycan ərazilərini özləri bərpa etmək məcburiyyətində qalacaq. Bu yaxın gələcəyin işidir və buna heç kimin şübhəsi yoxdur. Həm də Ermənistanın arxasında dayanan ağalara da məlum oldu ki, Azərbaycan geri çəkilmək fikrində deyil, söylənilənləri sözdə deyil, əməldə də edir. Bu baxımdan Azərbaycan prezidentinin sərəncamı zamanında verilən addımdır”.
Ceyhun ABASOV
525-ci qəzet.-
2017.- 28 yanvar.- S. 7.