Cahangir Məmmədli: “75 yaşımla bağlı təbriklər
mənə qürur verdi”
Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsini dekanı, professor Cahangir Məmmədlinin müsahibəsi
- Cahangir müəllim,
adətən müsahibin yaşı 70-i keçirsə, ilk
sualımız belə olur: yaş, həyat, sağlamlıq
adamı incitmir ki? Siz 75 ili arxada qoydunuz,
amma eyni sualı sizə ünvanlamaq yəqin ki, artıq
olar...
- 75 az yaş
deyil. Bizim rektorumuz Abel Məhərrəmov həmişə
deyir ki, yubiley həm də hesabatdır. Həqiqətən
belədir. Adam bu suallarla üz-üzə qalır:
görəsən, mən bu həyatı yaxşı
yaşamışam? Nə qoyub gedəcəyəm?
Bu suallar adamı duyğulandırır. Bir tərəfdən də narahat edir. Bu mənada arxaya baxanda görürəm ki, ürəyimdən
çox şey etmək keçib, amma tələsməmişəm.
Çox şey etmək olardı, deyəsən,
tənbəllik etmişəm.
- Nədir sizi narahat edənlər?
- Məsələn,
jurnalistika nəzəriyyəsi ilə bağlı çox
kitablar yaza, çox problemlər qaldıra bilərdim. Onlardan bəzilərini etmişəm. Tutalım, yeni dönəm jurnalistikası ilə
bağlı əsərlərim var. Amma görürəm,
jurnalistikanın Qərb standartlarını yenidən işləmək
olardı. 90-cı illərdə Qərb
standartlarına çox söykəndik. Elə
bildik, dünyada bundan sonra heç nə yoxdur. Məlum oldu ki, əsrlərlə formalaşan dəqiqlik,
qərəzsizlik, vicdanlılıq prinsiplərini pozuruq.
- Jurnalistikanın problemləri
haqqında söhbətimizin gedişində
danışarıq. İstəyirik, yenidən
yubiley yaşınıza qayıdaq. Ad
gününüzü necə keçirdiniz? Ətrafınız, doğmalar sizi necə təbrik
etdilər?
-
Bütün səmimiyyətimlə deyirəm ki, mən 60, 65,
70 illiyimin geniş keçirilməsinə qəti imkan verməmişəm.
- Keçirmək
istəyiblər, razı olmamısınız?
- Əlbəttə, istəyiblər. Məsələn, Abel müəllim 65 illiyimi gəlib
fakültədə təbrik edib. 70 illiyimdə
fakültəmizin kollektivi ilə birgə qəbul edib, xoş
sözlər deyib. Bakı Dövlət
Universiteti mənim üçün müqəddəs yerdir.
İş elə gətirdi ki, 75 yaşım
tamam olanda bunu gizləyə bilmədik.
- Bəlkə
özünüzün də ürəyinizdən keçib
ki, geniş qeyd olunsun?
- Etiraf edim ki, çox düz tapmısınız. Şirməmməd Hüseynov heç vaxt qoymur onun
yubileylərini qeyd etsinlər. 75
yaşı olanda məndən əvvəlki dekanı
Yalçın Əlizadə Şirməmməd müəllimə
zəng vurdu ki, siz istəmirsiniz, amma cəmiyyət var, elə
bilərlər biz də istəmirik. Onda
Şirməmməd müəllim yumşaldı. Allah ömür versin, hamımızın müəllimidir.
Biz ondan çox dərs götürürük.
O, yubileylərini keçirməyə qoymayıb, mən ondan
sonra necə razı olum ki, doğum günüm qeyd olunsun? Amma 75-i istədim qeyd etsinlər. Dedim,
görüm cəmiyyətin mənə münasibəti necədir?
Desəm ki, birmənalı yaxşıdır,
elə deyil. Hətta məni tənqid edən
saytlar oldu. Onların hamısını qəbul
edirəm. Çünki tənqid edirlərsə,
deməli, tənqid olunan obyektin özünün də
günahı var.
- Təxminən bu cür
başlıqlara rast gəldik: “Azərbaycan jurnalistlərinin
müəllimi 75 yaşını qeyd edir”.
-
Çox sağ olsunlar. Amma məni bəyənməyən
xeyli sayt var. Bir müsahibəmdə demişəm: Bəyənənləri
də, bəyənməyənləri də bağrıma
basıram. Çünki hamısı mənimkilərdir.
- Sizi sevməyənlərin
yazılarını oxuyanda hansı hissləri
keçirirsiniz?
- Düzünü deyim, yalnız qərəzli olanda məni
narahat edir. Ümumiyyətlə, baxmıram o
yazılara. Daha çox rəsmi mətbuat
orqanlarına diqqət edirəm. Qərəzsizlik
çox ciddi prinsiplərdən biridir. Bəzən
mənimlə də bağlı bu prinsipə əməl
olunmayanda, narahat oluram. İndi hər
cür sayt, jurnalist var. Hərə bir söz deyir, nə olar,
qoy desinlər.
- Sevməyənlərlə məsələ
aydın oldu, sevənlərdən danışın. Kimlərdən təbriklər aldınız?
- Bütün kollektivimiz, dostlarım, tələbələrim
məni təbrik elədi. Yanvarın 26-da saat
11-də Abel Məhərrəmov Moskvadan gəlib, saat 12-də
məni qəbul etdi. Böyük gül dəstəsi verdi, o qədər böyük məhəbbətlə
təbrik elədi ki... Bunu heç vaxt unutmaram.
Əziz “Kaspi” qəzetim tərəfindən
böyük məhəbbətlə təbrik edildim. “Mədəniyyət”
kanalı haqqımda film çəkmişdi, efirə verdi. İnanın, filmlə
bağlı o qədər zənglər gəldi, telefonum
axırda işləmədi. Bir qisminə
səhəri gün cavab verdim. Film
adamları duyğulandırmışdı. Rejissoru,
ssenari müəllifi, kameramanı o qədər gözəl
işləmişdilər ki, hər şeydə bəyənməzlik
prinsipi göstərən adamlardan biri dedi Cahangir müəllim,
o filmi yaradanlara deyin, nə qədər axtardım, onlarda
nöqsan tutum, olmadı. Mənim əziz “525-ci
qəzet”im böyük məhəbbətlə təbrik elədi.
Və Azərbaycan media sistemində
informasiyalarının dəqiqliyinə, qərəzsizliyinə
ən çox güvəndiyim, dövlətçiliyə
xidmətinə inandığım "APA Holdinq"in rəhbəri
Vüsalə Mahirqızı məni təbrik elədi.
Bütün bunlar mənə qürur verdi.
- İstərdik,
bir az geri qayıdaq: sizin
uşaqlığınız, kəndiniz, sonra tələbə
həyatı. Nələri xatırlayırsınızsa,
bizimlə bölüşün...
-
Çox çətin yaşayan kasıb ailədə
böyümüşəm. Həyatımın
indiki vəziyyətə gəlib çıxmağına
görə Tanrıma çox borcluyam. Yetim
böyümüşəm. Bacılarım,
qardaşlarım saxlayıb məni. Anadan
olandan on gün qabaq atam müharibəyə gedib,
qayıtmayıb. Ondan altı ay sonra anam bu
dərdə dözməyib, rəhmətə gedib. Bir kasıb dünya yaşamışıq. Amma o kasıb dünyanın içində olan hadisələri,
kəndimizin insanlarını heç vaxt unutmaram. Kənd
Sovetinin katibi vardı, Əyyub kişi,
harada görürdüsə, cibimə 3-5 manat qoyurdu.
Kitabxanaçı Hümbət kişi
vardı, zarafatla deyirdi Cahangir kitabxananı dağıtdı,
kitab qalmadı, apardıb oxudu. Kəndimizdə
hamı deyirdi bu uşağın böyük gələcəyi
var. Bax, kəndimiz məni tərifləyə-tərifləyə
bu yerə gətirib çıxardı. Adamı
həmişə tənqid edə-edə tərbiyə etmək
olmur. Bəzən tərifləmək, təqdir
etmək lazımdır. Ailəmdə
uşaqların hər zaman yaxşı cəhətlərini
önə çəkmişəm. Beş qızım
var. Mənə xoş odur ki, doğum günümdə
hamı övladlarım haqqında xoş sözlər dedi. Onları elə böyütmüşəm, Azərbaycanı,
vətəni ataları qədər sevməyi bacarırlar.
- Kənddən gələn
uşaq jurnalistika fakültəsinə necə qəbul oldu?
- 60-cı ildə orta məktəbi bitirdim. Demək olar, qiymətlərimin hamısı beş idi. Qəbulda yazıdan dörd aldım. Ona görə ki, kənd yerində qızıl medal vermirdilər. Mənə də açıq dedilər sənə dördü ona görə yazırıq ki, qızıl medal almayasan. Həmin attestatla gəldim filologiya fakültəsinin jurnalistika şöbəsinə. Rus dilini məktəbdə yaxşı öyrənmişdim, amma diktantdan yazıma aşağı bal verdilər, kəsildim. Əsgərliyimi Kamçatkada çəkdim. O vaxt qayda belə idi ki, jurnalistikaya ərizə vermək üçün gərək yazıların olardı. Mənim də bəxtim onda gətirdi ki, Kamçatkada yazdığım yazılar qəzetdə çap olunurdu. Həmin yazılarla sənədlərimi göndərdim jurnalistikaya. İki beş aldım, tarixdən erməni müəllimi ilə qarşılaşdım. Suala cavab verə bilmədim, məsul katib gəldi ki, Cahangir ədəbiyyatı, yazılı-şifahi imtahanı yaxşı bilir. Erməni mənə güclə 3 yazdı. Amma buna baxmayaraq, fakültəyə yuxarı balla qəbul oldum. Həmin gündən taleyim bağlandı Bakı Dövlət Universitetinə. Başqa heç bir yerə getməmişəm. Bura mənim taleyimdir. Jurnalistika fakültəsi, bu universitet qutsal torpaqlar kimi mənə əzizdir. Buranı öz evimdən də əziz bilirəm. Bunu mübaliğəsiz deyirəm. Çünki mənim evimi də bu universitet verib. Ailəmin, balalarımın xoşbəxt olmağını mənə universitet həyatı bağışlayıb.
-
Fakültə çağdaş Azərbaycan jurnalistikasına
hansı töhfələri verir? Narahatlıqlarınız,
uğurlarınız, sıxıntılarınız nədən
ibarətdir?
- Bizim jurnalistika fakültəsi ölkədə jurnalist hazırlayan yeganə mərkəzdir. Əvvəllər Slavyan Universitetində, Qafqaz və digər özəl universitetlərində var idi. Sonra bunlar yığışdırıldı və biz müsabiqə əsasında tələbə qəbul etməyə başladıq. Müsabiqə tətbiq ediləndən sonra başqa universitetlərə gedən olmadı. Ona görə universitetlərdə həmin fakültələr bağlandı. Yeganə mərkəz Bakı Dövlət Universitetidir. Bu, qədimdən belə olub. Fakültənin əsasını Şirməmməd Hüseynov və Nəsir İmanquliyev qoyub. Şirməmməd Hüseynov və Nəsir İmanquliyev tandemini təsəvvür edin. Allah Nəsir müəllimə rəhmət eləsin, “Baku” və “Bakı” qəzetlərinin redaktoru idi. Uşaqlara deyirdi ki, yazı yazın, qonorar verəcəyəm. Balaca xəbərə yaxşı qonorar verirdi ki, uşaqlar dolansınlar. Bəzən hətta görəndə ki, tələbə yazmadı, inan, cibindən çıxarıb o tələbəyə pul verirdi. Laborant işləyirdim, bir dəfə Şirməmməd müəllim gördü ki, paltom bir az köhnəlib, özünün paltosunu mənə gətirdi. Bu fakültə belə nəfəs alıb, belə ənənələri qoyub. Bu gün də nəyi qorumasa da, o təmizliyini qoruyur. Bəzən qərəzlə nə isə deyirlər, amma bütün səmimiyyətimlə deyirəm: bizim fakültədə tələbə-müəllim münasibətləri çox şəffafdır.
- Jurnalistika fakültəsinin səviyyəsi ilə
bağlı tənqidi fikirlər səslənir...
- Bu, məni narahat edir. Jurnalistikaya elə ciddi axın var ki, bəzən seçmək olmur kim haradan gəlib. Bəzən zəif tələbələr də olur. Deyək, 60 tələbədən 8-10 nəfər peşəkar jurnalist kimi burdan gedirsə, bu, bizi qane edir. Amma qıraqdan axın edənlərin içində jurnalistikanın prinsiplərini bilməyənlər, bilib qəsdən pozan adamlar var. Elə qurumlar var ki, orda qəti şəkildə jurnalistika fakültəsinin tələbələri yoxdur. Məsələn, “525-ci qəzet”ə diqqət edin. Bu qəzetin jurnalistlərinin doxsan faizi jurnalistika fakültəsini bitirib. Heç kim deyə bilməz ki, “525-ci qəzet” qeyri-peşəkardır, orda rüşvət halları var, kimdənsə nə isə ummaq məsələsi və s. hallar var. “525-ci qəzet” Azərbaycan jurnalistikası üçün brenddir. Bu qəbildən bir neçə qəzetlər var. Məsələn, “Kaspi”. “Azərbaycan”, “Xalq”, “Respublika” qəzetlərinin əməkdaşlarının əksəriyyəti jurnalistika fakültəsini bitirib.
Diqqət edin, Azərbaycanda hansısa hərəkətinə görə çox ciddi tənqid olunan jurnalistlər olur. Onların içində jurnalistika fakültəsini bitirənlər yoxdur. Biz brend jurnalistləri, məsələn, Əflatun Amaşovu, Rəşad Məcidi, Akif Aşırlını, Aqil Abbası, Vüqar Rəhimzadəni dəvət edirik, tələbələrlə az qala həftədə bir dəfə görüşürlər. Yəni Azərbaycan, vətən sevgisi, millət sevgisi olan adamları dəvət edirik. Jurnalistikada elə adamlar var, belə şeylər onları narahat etmir. Biz bu cür adamlarla tələbələri o qədər də təmasda saxlamırıq. Aqil Abbas, Vüqar Səfərli, Əflatun Amaşov, Akif Aşırlı bu fakültəyə gələndə elə-belə gəlmirlər. Bizim tələbə qəzeti var, onlar gələndə həmin qəzetin hazırlanmasında iştirak edən tələbələrə qonorar verirlər. Bəzən hətta öz ciblərindən verirlər. Hər halda, bu ənənə yaranıb. Qəzet çıxan kimi tələbələr üzümə baxırlar: qonorar nə yerdədir? Deyirəm, gələcəklər. Qəzetin məsələsini rəsmiləşdirəcəyik. Rektorumuz hiss elədi ki, ayrı-ayrı adamlar qəzeti maliyyələşdirir, mənə dedi Cahangir müəllim, qəzeti rəsmi şəkildə, universitetin büdcəsindən özümüz maliyyələşdirəcəyik.
- Cahangir müəllim, Azərbaycanda saytların sayı gün-gündən çoxalır. Sizə elə gəlmir ki,
saytların “sayəsində” sarı mətbuata doğru hər
gün daha iri addımlarla gedirik?
-
Tamamilə doğrudur. Mən də o fikirdəyəm
ki, elektron media sistemində, xüsusən saytlarda azadlıqdan
çox pis mənada, sui-istifadə etmək halları var. Amma
bu dəqiqə deyəsən ki, bununla bağlı qanun qəbul
olunsun, mən bunun tərəfdarı deyiləm. İnanıram ki, bu sistem də getdikcə düzələcək.
- Elektron mediaya
dövlət dəstəyi lazımdır?
-
Mütləq şəkildə. Amma
hamısına yox, seçilmək şərtilə. O
qurumlar ki, dövlət, millət, vətəndaşlıq
qeyrəti ilə işləyir, onlara dəstək
lazımdır. Mətbuat Şurasının sədri,
millət vəkili Əflatun Amaşov bu məsələni
qaldırıb. Mənə elə gəlir,
dövlətimiz bu məsələyə baxacaq.
525-ci qəzet.- 2017.- 28 yanvar.- S. 6.